Mənim müəllimim.

20076
Lətifə müəllim-alpan.az
Lətifə müəllim-alpan.az

     Həyatımız boyu borcundan çıxa bilməyəcəyimiz insanlar var bu dünyada. Ömrümüz boyu valideynlərimizə və müəllimlərimizə borcluyuq. Bu elə borcdur ki, onun nə maddi qarşılığı var, nə də mənəvi qarşılığı. Biz bu borcu bir dəfəyə götürməmişik. Yetkinlik yaşımıza çatanadək hissə-hissə, qram-qram borclanmışıq. Nədir bu borc? Bu sualın cavabına hər şey daxildir. Bizim həyatımız,varlığımız, təlim-tərbiyəmiz. Mən bunlardan kiçiklərini sadalamağa ehtiyac duymuram, baxmayaraq ki, bu borcda kiçik anlayışı yoxdur. Biz yetkin insan olmaq üçün ömrümüz boyu öyrənirik, valideynlərimizdən və müəllimlərimizdən təlim-tərbiyə alırıq.Müəllimlərimiz bizə elm, savad,tərbiyə verib.

     Müəllim adı böyük addır, ölçülə bilməyəcək dərəcədə böyükdür. Bu adın qarşısında baş əymək böyük fəxarətdir. Bu gün cəmiyyətimizdə bu adın məsuliyyətini dərk edənlər azdır, bu adın böyüklüyünün fərqində olmayanlar çoxalıb. Mən çox şanslı insanam ki, mənim həqiqi müəllimlərim çox olub və hazırda da onlarla əlaqə saxlayıram və imkan düşdükcə görüşürəm. Hər görüşümüzdə yeni bir şey öyrənirəm onlardan.

Lətifə müəllim-alpan.az
Lətifə müəllim-alpan.az

     Gözəllik məfhumu geniş anlamda işlədilir. Xarici gözəllik və daxili gözəllik deyərək onu bölürlər. Nitqimiz müsahibimizdə xoş əhval yaradırsa demək ki, nitqimiz də gözəldir. Söhbətimiz zamanı cümlələrimizə poetiklik, bədiilik qata biliriksə demək ki, bu gözəldir. Bu gözəlliyi bizə verən Allahdır. Onu hamarlayan, onu rəndəliyib qəlibləyən bizim müəllimimizdir. Ən əsas da Azərbaycan dili və ədəbiyyat müəllimimiz.

     Bu gün fikrimi rahat ifadə edə bilirəmsə, fikirləşdiyimi, danışdığımı sərbəst şəkildə qələmə ala bilirəmsə borclu olduğum insanlardan biri mənim sevimli müəllimim Lətifə müəllimdir. O, dilimizin gözəlliyini bizə öz danışığı ilə öyrədib. O, özü bir nümunə olub bizə. Onun hərəkətləri, onun baxışı, səsinin avazı belə bizə bir nümunə idi. O, bu üstün cəhətləri ilə hamıdan seçilməyi bacarırdı və hazırda da bacarır. O, xanım-xatın, təvazökar, səmimi bir insandır.Baxmayaraq ki, bu gün cəmiyyətimizdə müəllimə qiymət verənlərin sayı azalıb, həqiqi müəllim adını daşıyanların sayı azalıb, amma o, yorulmadan bu peşəsini davam etdirir.Onun sözü ilə desək məktəblərimizdə ali təhsilli adamlar çoxdur, amma müəllimlər, azdır. Demək ki, bu azlıq çoxluğun içində nümunə olmalıdır. O, hazırda da bir nümunədir.

Lətifə müəllim-alpan.az
Lətifə müəllim-alpan.az

     Lətifə müəllim 19 noyabr 1953-cü ildə füsunkar təbiəti olan Alpan kəndində anadan olub. Alpan kənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olan Lətifə müəllim 1974-cü ildə oranı Fərqlənmə Diplomu ilə bitirib və Dil Ədəbiyyat müəllimi peşəsinə sahib olub. Lətifə müəllim ali məktəbi Fərqlənmə Diplomu ilə bitirdiyi üçün onu Aspiranturaya da qəbul edirlər. Amma o, kəndimizə qayıdır və həmkəndlilərimizin təhsili ilə məşqul olmağa qərar verir. Beləliklə, 1975-ci ildən bu günədək yorulmadan, usanmadan Kəndimizin bir neçə nəslinin elmli, tərbiyəli olmasında əlindən gələni və deyərdim ki, daha artığını etmişdir Lətifə müəllim. Dəfələrlə ona Quba rayonunun digər məktəblərindən iş təklifi gəlsə də o, kəndimizdə işləməyə üstünlük vermiş, yalnız onlardan birinin təklifini uzun illərdən sonra qəbul etmiş və 2008-2013-cü illər aralığında Alpan kənd məktəbində dərs deməklə yanaşı Quba Özəl Türk Liseyində də dərs demişdir. O, müəllimlərin sonuncu attestasiyasında Quba rayonu üzrə ən yüksək nəticə əldə etmişdir.

Lətifə müəllim-alpan.az
Lətifə müəllim-alpan.az

     Lətifə müəllimin özəl metodikası var. O, dərsi özünəməxsus qaydada uşaqlara aşılayır. Onun üçün hansısa bir standart, bir qayda yoxdur. O, çox maraqsız olan mövzunu elə formada təqdim edir ki, bir dərs həmin mövzunun qavranılması üçün yetərli olur. Onun şagirdləri olmuş və ali məktəbə qəbul imtahanlarında Azərbaycan dili və Ədəbiyyat fənnindən yüksək nəticələr əldə etmiş həmkəndlilərim, mən də daxil olmaqla Azərbaycan dili və Ədəbiyyat fənnindən xüsusi hazırlıq keçməmişik. Lətifə müəllimin məktəbdə dərs zamanı öyrətdikləri bizə yetərli olub.

     Lətifə müəllimin dərsləri hazırda da gözlərim önündədir. O, bizə kitab oxumaq mədəniyyətini, maraqlı mövzularda inşalar yazmağı öyrədib. Onun çox gözəl diksiyası var. Şeirləri elə gözəl məharətlə deyir ki, təkrar-təkrar onu dinləmək istəyirsən. Onun ifasında şeirlər, qəzəllər çox gözəl alınır. Ona qulaq asan zaman bir sehrli aləmə düşürsən. Onun bu bacarığı bizdə bədii ədəbiyyta maraq yaradıb. Elə bunun səbəbi idi ki, mən orta məktəbdə oxuduğum vaxtlarda Məktəb Kitabxanasındakı kitabların əksəriyyətini oxumuşdum.

Lətifə müəllim-alpan.az
Lətifə müəllim-alpan.az

     İndiki kimi yadımdadır, onun Cəfər Cabbarlının “Ana” şeirini deməsi. Şeiri onun ifasında eşidib dərsdə əzbərləmişdik. O,bizə romanlardan parçalar oxuyurdu. Çingiz Aytmatovun “Dəniz kənarı ilə qaçan alabaş” əsərindən bir parçanı dərsdə oxuyan zaman biz beynimizdə əsərdə gedən səhnəni canlandıra bilirdik. Elə bir vəziyyət yaranırdı ki, mən dənizin səsini eşidir, dalğaların sahilə çırpılmasını görürdüm elə bil.

     Lətifə müəllimin şeir yazmaq məharətinin olmasından bəlkə də çoxları xəbərsizdir. Həmişə fikirləşirdim ki, bu mümkünsüzdür ki, o şeir yazmasın. Alpan təbiətinin gözəlliyi, yaşıl meşələrin sərin mehi, bulaqlarının diş göynədən soyuq suyu, Şahdağın əsrarəngiz gözəlliyi onda bu xüsusiyyəti formalaşdırmamış olmazdı. Onun danışığında bir poetiklik, bir bədiilik var. O, söz sərrafıdır. Sözləri elə ustaqlıqla işlədir ki, cümləsində dərin məna, bir mesaj çatdırır dinləyicisinə.

Lətifə müəllim-alpan.az
Lətifə müəllim-alpan.az

     Lətifə müəllimlə son görüşümdə ona şeir yazdığını bildiyimi dedim. Məndən sən haradan bilirsən deyərək soruşanda dedim ki, bunu bilmək üçün sənin şagirdin olmaq yetər. Dedi:”Yaxşı, bilirsən şeir yazıram onda danışaq bu barədə. Birincisi şeir yazmaq hansısa hiss və həyacanla bağlı bir bacarıqdır. Təbiətin gözəlliyi, sənin yaşadıqların, sənə təsir edən müəyyən hadisələr səni şeir yazmağa vadar edə bilir. Sözün açığı şeirlərimin geniş oxucu kütləsi tərəfindən oxunmasını istəməmişəm, elə bu səbəbdəndir ki, onların əksəriyyətini yazıldıqdan sonra saxlamamışam, Amma sənə bir neçə qaralamamı verə bilərəm(gülür).” Bu sözlərindən sonra söhbət etdiyimiz məkandan ayrılıb mənə bir neçə şeirinin yazıldığı vərəqləri gətirdi. İsrar etdikdən sonra bir-iki şeirini öz ifasında dinlədim.

     Düşünürəm ki, Lətifə müəllimlə görüşüm mənə mənəvi istirahət verdi. Onunla çox şeylərdən danışdıq. Öyüd-nəsihətlərini verdi mənə. Böyük müəllimimin qarşısında bir şagird kimi oturmuşdum sanki. Öz evində yaratdığı sinif otağı, oradakı kitablar, kitab şkafı və təbaşirlə yazılan lövhə yenidən bir anlıq uşaqlıq illərimə qaytardı məni. Sənə təşəkkür edirəm, böyük müəllim. Yaşa, yaşa ki, sənin kimi müəllimlərə bizim çox ehtiyacımız var.
Sonda onun öz sözü ilə demək istərdim:

Bir lövhəydim
Ayna kimi tərtəmiz
Pislər imzasını yaza bilərdi,
Bir ürəkdim,
Sevgi dolu, ləkəsiz
Şeytan mizanımı poza bilərdi.
Oyaq oldun, sən qorudun
Xeyirxahım,mələyim
Müəllimim!!!

Müəllif: İlkin R.Balayev