“Mirabın alma bağı” və “Mirabın armudluğu”: Kəşməkeşli həyat yolunun bəhrələri

476

    Kəndimizdə iki bağ sahəsi də var ki, onlardan biri “Mirabın alma bağı”, digəri isə “Mirabın armudluğu” adlanır. Torpaq bölgüsündə həmin ərazilərin kimlərin qismətinə düşdüyünü deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, həmin bağlar kəndimizdəki digər meyvə bağlarından bir qədər fərqlənirdi.

Mirab Əhmədov

    Elə bilməyin ki, Mirab bəylərdən olub. Yox, özünün də dəfələrlə vurğuladığı kimi, o, sadəcə kəndçi balası olub. Yəni valideynləri imkanlı adamlardan deyildilər. Fikrimcə, heç onun şəcərəsində elə imkanlı şəxslər də olmayıblar. Buna baxmayaraq, o, adını kəndimizin tarixinə (təkcə kəndimizinmi?) yazdıra bilib. Özü də sovet dönəmində…O zamanlar isə belə ad qazanmaq, necə deyərlər, hər oğula nəsib olmurdu. Bununla da Mirab nəyə qadir olduğunu nümayiş etdirib. Eşitdiyimə görə, kəndimizin yuxarı hissəsindəki sonradan “Mirabın armudluğu” adlandırılan armudluğun salınmasıda bir zamanlar Azərbaycan Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunda (hazırda Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu adlanır) texnik kimi fəaliyyət göstərən Yaşar Həmidovun (Molla Yaşar) da müəyyən əməyi olub.
    Quru çayın o biri tərəfində, daha doğrusu, Təzə pir istiqamətində isə “Mirabın alma bağı” (ora “Mirabın qələmluğu” da deyərdilər) olub ki, həmin bağı da namizədlik dissertasiyasını müdafiə edərkən salıbmış. Sözün düzü, həmin bağla o qədər də yaxşı tanışlığım olmayıb. Amma armudluqla olub. Bəli, bir zamanlar mən də o qədər hündürboy olmayan ağaclardan ibarət o bağın azarkeşi idim. Nədənsə o cavan bağ diqqətimi daha çox çəkərdi. Bağda elə yerli sortlardan olan armudlar yetişirdi ki… Həmin bağın ilk nübarını dadanlardan biri də mən olmuşam. Bəzən də yaxşı qorunmasına baxmayaraq, o bağdan meyvə oğurluğu da etmişəm.
    O zamanlar həmin meyvələri dadanlar bağı salanın ölənlərinə min dəfə rəhmət oxuyardılar. Mən isə sadəcə o zaman o kişiyə kiçik bir şeir həsr etmişdim. Həmin şeirdən xatirəmdə qalan bir bəndi sizə də təqdim etmək istəyirəm.
Bu bağ yeri adlanır
Armudluğu Mirabın.
Yoxdur sayı-hesabı
Qazandığı savabın.
Nə isə…bu yadda qalana da min şükür!!! Bəs Mirab kim olub? Bəri başdan sizi intizarda qoymamaq üçün bildirim ki, o, Azərbaycanda meyvəçilik sahələrini özündə ethiva edən iki ixtisas üzrə (aqrokimya və meyvəçilik üzrə) elmlər doktoru adına layiq görülən ilk və yeganə alim olub. Yeri gəlmişkən, indiyədək bu iki ixtisas üzrə belə alimimiz yoxdur.

    Mirabın müharibə dəhşətləri

Mirab Əhmədov

    Əhmədov Mirab Şahpələng oğlu, 1 aprel 1928-ci ildə Quba rayonunun Alpan kəndində yoxsul kəndli ailəsində anadan olub. Anası Hürzad Musa qızı evdar qadın olub. 1936-cı ildə Alpan kənd orta məktəbinə qəbul olunub. 1942-ci ildə 7-ci sinfi bitirəndən sonra kəndimizdəki 1 May kolxozunda (Sabir adına meyvəçilik sovxozu əvvəllər belə adlanardı) işləməyə başlayıb. Bu da səbəbsiz olmayıb. Belə ki, o illərdə aclıq, səfalət Şahpələng kişinin ailəsindən (5 oğul, 2 qız) də yan keçməyib. Hətta bu aclıq 3 il ərzində (1942-1945) Şahpələng kişinin, eləcə də onun 3 oğlunun və bir qızının həyatlarına son qoyub. Belə bir vəziyyətdə kiçik Mirab anasına dayaq olub.
Müharibə başa çatandan sonra, Mirab 8-ci sinif şagirdi kimi təhsilini (1945-46-çı il tədris ilində) davam etdirib. Bu dəfə də ailə qayğıları onu təhsildən ayırıb. O, yenə də kolxoza yazılıb və burada bağban, maldar, sıravi kolxozçu kimi çalışıb. Amma o, həvəsdən düşməyib. 1948-ci ildə Bakıya birtəhər gələrək Meşə Təsərrüfatı Texnikumuna daxil olub. İkinci kursu bitirən kimi (1950) sovet ordusu sıralarında xidmətə yollanıb. Kursant kimi təlim keçdikdən sonra Kiyev Hərbi Dairəsinə göndərilib və 266 saylı tank qoşunları hissəsində hərbi xidmətini davam etdirib. 1953-də starşina rütbəsində rota komandiri vəzifəsində çalışıb. Elə həmin ildə də ordu sıralarından tərxis olunub.

    Haşiyə
    Mirab ordu sıralarında öz bacarığı ilə fərqlənib. Hətta batareyada atəşaçma yarışında birinci yeri tutub. Buna görə komandirlik ona silah (İj-49 N 32284) da hədiyyə edib. (O vaxtlar orduda belə hallar da varmış) Bununla bağlı ona verilən sənəd indi də Mirab müəllimin arxivində qorunub saxlanılır. Lakin həmin silahın özü qorunub saxlanılmayıb. Belə ki, maddi cəhətdən korluq çəkən Hürzad xanım onu kəndimizin sakinlərindən birinə satıb. Sonradan Mirab müəllimin oğlu onu pul müqabilində geri almaq istəsə də buna nail olmayıb. Daha doğrusu, həmin silahın kimdə olduğunu müəyyənləşdirə bilməyib. Hətta o, bununla bağlı rayon polis idarəsinə də müraciət edib.
    …1953-cü ilin noyabr ayında ordudan tərxis olunan Mirab Meşə Təsərrüfatı Texnikumunda təhsilini davam etdirib. O, təhsil almaqla yanaşı, Keşlədəki mebel fabrikində fəhlə kimi çalışaraq, gündəlik tələbatını da ödəyib. İstehsalat təcrübəsini isə kəndimizdə keçirib. Lakin Mirabın qəlbində baş qaldıran arzular onu yenə oxumağa səsləyib. O, 1954-cü ilin sentyabrında Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meşə təsərrrüfatı fakültəsinə daxil olsa da, sonradan aqronomluq fakültəsində təhsilini davam etdirib. Bu illərdə də çətinliklərlə qarşılaşan Mirab Kirovabad Pendir zavodunda gecə növbəsində laborant kimi çalışıb. 1959-cu ildə Kənd Təsərrüfatı İnstitutunu başa vurandan sonra rayon partiya komitəsində təlimatçı, daha sonra Quba Bağçılıq Təcrübə Stansiyasında kiçik elmi işçi kimi fəaliyyət göstərib. 1962-ci ilin may ayında indiki Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun aspiranturasına daxil olub və 1965-ci ildə aspiranturanı başa vurub. Elə bu institutda kicik elmi işçi, daha sonra baş elmi işçi işləyə-işləyə “Azərbaycan SSRİ-nin Quba-Xaçmaz bölgəsinin dəmyə şəraitində alma bitkisinin inkişafına əkindən qabaq və sonrakı dövrdə gübrələrin təsiri” mövzusunda dissertasiya müdafə edərək kənd təsərrüfatı elmlər namizədi alimlik dərəcəsini alıb.

    Haşiyə
    Bu illərdə Mirab müəllim kəndimizdə özünə ev də tikib. Bəli, bəli tikib. Sən demə, onun bənnalığı da olubmuş. Bu mənada həmin evi Mirab müəllimin əl işi də adlandırmaq olar. Mirab müəllim kəndimizdə, həmçinin Digahda da bir neçə ev inşa etməklə öz ustalığını nümayiş etdirib. Oğlu Mobilin sözlərinə görə, bu ustalığı ona həyatın çətinlikləri öyrədibmiş.

    Qadağalara məhəl qoymazdı
    Mirab müəllim 1977-79-cu illərdə bir zamanlar fəhlə kimi çalışdğı Sabir adına meyvəçilik sovxozunun direktoru olub. O illərdə Mirab müəllimlə bağlı eşitdiyim bəzi məqamlara da toxunmaq istəyirəm. O illərdə kənddə meyvə istehsalı artıb. Hətta 5500 ton meyvə dövlətə təhvil verilib. Belə yüksək nailiyyətin əsasında isə Mirab müəllimin bağlara tətbiq etdiyi aqrotexniki qulluq dayanıb. Digər tərəfdən, kasıbçılığın nə olduğunu yaxşı dərk edən Mirab müəllim işdən sonra evlərinə bir çanta meyvə aparan fəhlələrə qənim kəsilməyib. Halbuki o illərdə belə şeylərə imkan verilməzdi. O, sadəcə belə məqamlara göz yumardı. Hətta görəndə ki, kimsə evinə meyvə aparır, sürücüsü Vaqifdən, ya da Salamdan yolu dəyişməyi xahiş edərdi ki, həmin şəxs onu görüb təşviş keçirməsin. Eşitdiyimə görə, o hətta sovxoz bağlarından ton yarım meyvə oğurlamış bir şəxsi də polislərin cəngindən xilas edib.
Amma Mirab müəllim sovxoza iki il rəhbərlik edib. Bəziləri onun bu vəzifədən ayrılmasını başqa səbəblərlə əlaqələndirirdilər. Amma əsl həqiqət başqa cür olub. Belə ki, o zamanlar təsərrüfat rəhbərlərinin elmi işlə fəaliyyətinə məhdud qoyulmuşdu. Mirab müəlllim də elə bu səbəbdən elmi işlərini davam etdriməkdə çətinlik çəkirdi. Odur ki, o, ədəb-ərkanla vəzifəsindən ayrılıb. Yeri gəlmişkən, elə mənim sovxozda çalışdığım illər də Mirab müəllimin direktor olduğu illərə təsadüf edib.

    Qısqanclıq
… Mirab müəllim 1989-cu ilin dekabrın 12-də Leninqrad Kənd Təsərrüfatı Akademiyasında Azərbaycanın dağətəyi şəraitində bağlarda gübrələnmə və cərgələrarası torpağın saxlanılması sisteminin elmi-praktik əsasları mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Amma bu heç də ona asan başa gəlməyib. Belə ki, iş yerində ona qısqanclıqla yanaşıblar. Üstəlik, müdafiə məqsədi ilə Leninqrada getmək üçün ona iş yerindən xidməti ezamiyyət də verilməyib. Amma Mirab müəllim bülleten açdırmaqla yaranmış vəziyyətdən çıxış yolu tapıb və doktorluq dissertsiyasını uğurla müdafiə edib. Üstəlik, onun elmi işinin dərslik kimi nəşr olunması haqqında qərar qəbul olunub. Bununla da o özünü nəinki çalışdığı institutun, eləcə də ölkəmizdə iki ixtsas üzrə ilk elmlər doktoru adına layiq görülmüş şəxs kimi tarixə yazdırıb. Çalışdığı institutun rəhbərliyi isə onun bu müvəffəqiyyətindən 3 gün sonra xəbər tutub… Amma bütün bunlara rəğmən, doktorluq dissertasiyası diplomunu görmək Mirab müəllimə nəsib olmayıb.

Mirab Əhmədov-doktorluq diplomu

    Xoş xatirə
    60-a yaxın elmi əsərin, o cümlədən “Cavan meyvə bağlarında aqrokimyəvi tədbirlər” kitabının müəllifi olan Mirab müəllim çox təvazökar insan olub. Elə onunla birgə çalışan meyvəçi alim, “Əməkdar kənd təsərrüfatı işçisi”, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Tinglik şöbəsinin müdiri Babakişi Quliyev bizimlə söhbətində onun bir şəxsiyyət kimi digər məziyyətlərindən də söz açdı. Bildirdi ki, o öz bildiklərini həvəslə gənc nəslə aşılayardı: ”Sözü üzə deyən kişi idi Mirab müəllim. Kimsənin arxasınca danışmazdı. Boş-bekar gəzməyi əsla sevməzdi. Şəxsən mən özümü onun şagirdi hesab edirəm. Yeri gəlmişkən onu da deyim ki, bu günə kimi ölkəmizdə 2 ixtisas üzrə elmi ad alan ikinci şəxs yoxdur. O vaxtkı SSRİ-yə gəldikdə isə… Yalnız Luçkov adlı bir şəxs olub ki, o da doktorluq dissertasiyasında Mirab müəlliminə dayaq olub”.

    Son günləri
    1954-ü ilin iyun ayının 18-də kolxozçu qızı Bəyəhmədov Qızxanım İslam qızı ilə ailə quran və 7 övlad atası olan Mirab Əhmədov 1990-cı ilin fevral ayının 1-də qəflətən vəfat edib. Həkimlər onun birdən-birə dünyasını dəyişməsini gərgin iş rejimi ilə əlaqələndiriblər. (Bu da onun beyninə qan sızması ilə nəticələnib). Amma bu yalnız onun gərgin əməyi ilə bağlı olmayıb. Belə ki, Mirab müəllim keçmiş sovet dövlətinin hərb maşınının 20 Yanvarda Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzü heç cür həzm edə bilməyib. Bu mənada onu elə 20 Yanvar şəhidi də hesab etmək olar.
    …Ölümündən sonra doktorluq diplomu rayonun Zərdabi qəsəbəsində fəaliyyət göstərən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun rəhbərliyi tərəfindən Mirab müəllimin ailəsinə təqdim olunub.
Qeyd edək ki, Mirab Əhmədovun qardaşı Sabir sovxozda baş aqronom kimi fəaliyyət göstərib. 90-a yaxın yaşı olan bacısı isə hazırda Bakının Məhəmmədli kəndində yaşayır.

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)

P.S. Yazının hazırlanmasında göstərdiyi diqqətə görə Mirab müəllimin Qarabağ döyüşlərində Quba-Qusar batalyonunun qərargah rəisi olmuş oğlu Mobil Əhmədova təşəkkür edirəm.