Mobil Əhmədov

2647

 

Mobil Əhmədov alpan.az
Mobil Əhmədov alpan.az

     Bu günlərdə şəhid Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta məktəbində bir qələbəlik yaşanırdı. Məktəbdə şagird və müəllim kollektivi ilə yanaşı, Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş və sağlamlığını itirmiş keçmiş döyüşçülər də toplaşmışdılar. Bu da əbəs deyildi… Qarabağ müharibəsi veteranı, ehtiyatda olan baş leytenant, məktəbin hərbi rəhbəri Mobil Əhmədova, Qarabağ Müharibəsi Əlilləri ,Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi medal təqdim olunurdu.

Mobil Əhmədov alpan.az
Mobil Əhmədov alpan.az

     Mobil Əhmədov 1960-cı ildə Quba rayonun Alpan kəndində, kənd təsərrüfatı elmləri doktoru Mirab müəllimin ailəsində dünyaya göz açmışdır. Beş bacının iki qardaşından biri olan Mobil orta təhsilini başa vurduqdan sonra 2 il də ordu sıralarında xidmət edir. Həmişə hərbçi olmağı arzulayan Mobil Vətənə qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ibtidai hərbi hazırlıq və fiziki tərbiyə fakültəsinə daxil olur. İnstitutu müvəffəqiyyətlə başa vuraraq bir müddət Qırmızı Qəsəbənin 2 nömrəli orta məktəbində, 1987-ci ildən Zərdabi qəsəbə orta məktəbində hərbi hazırlıq müəllimi işləyir. Vətənimizin başı üzərini qara buludlar alanda bir çox həmyaşıdları kimi, Mobil də cəbhəyə yola düşüb. 1992-ci ilin iyun ayından Qarabağ cəbhəsinin müxtəlif istiqamətlərində bölük komandiri kimi döyüşlərdə iştirak edib. Sonradan 23 nömrəli Quba-Qusar batalyonunun qərargah rəisi olan Mobil Əhmədov Xocavənd rayonunun Əmrahlılar, Muğanlı, Kropatkin kəndləri uğrunda gedən əməliyyatlarda igid və bacarıqlı komandir kimi döyüşçülərə nümunə olub.

     Azərbaycanın Dövlət himni ilə başlanan tədbiri açan məktəbin direktoru Aygün İbrahimova orduda aparılan islahatlardan, o cümlədən dövlətimizin təhsilə göstərdiyi qayğı və diqqətdən danışıb, gənclərimizdə vətənpərvərlik ruhunun qaldırılması məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib. O, vurğulayıb ki, sevindirici haldır ki, bu günlərdə məktəbimizin hərbi hazırlıq müəllimi Mobil Əhmədov torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi fədakarlığa görə medalla təltif edilib.

Mobil Əhmədov alpan.az
Mobil Əhmədov alpan.az

     Tədbirdə Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Quba rayon təşkilatının sədri Yisif Nöhbalayev çıxış edərək Mobil Əhmədovun həyat yolunun bir çoxlarına örnək ola biləcəyini vurğuladı və “Hərbi vətənpərvərlik işində xidmətlərinə görə” medalını alqış sədaları altında cəbhə dostu Mobil Əhmədova təqdim etdi.

Mobil Əhmədov alpan.az
Mobil Əhmədov alpan.az

     Tədbirdə AYB üzvü, yazıçı-tədqiqatçı, Qarababağ müharibəsi veteranı Kərim Dünyamalı, Regional Təlim və Resurs Mərkəzinin direktoru, keçmiş döyüşçü Eynulla Xeyrullayev, Zərdabi qəsəbə bələdiyyəsinin sədri Vüqar Şirinov və başqaları çıxış edərək, bu təqdimatın əhəmiyyətindən və gənclərdə hərbi vətənpərvərlik ruhunun gücləndirilməsinə verdiyi töhfədən danışdılar. Sonda məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

Müəllif:Məzahir Məmmədov (“Şəfəq” qəzetinin baş redaktor müavini)