Mübarək məscidimiz və “Subaba”mız haqqında bir neçə kəlmə

372
Məşədixanım kitab

    Bu dəfə sizi tanınmış tarixçi alim Məşədixanım Nemətovanın “Korpus epiqrafiçeskix pamyatnikov Azerbaydjana” kitabının dördüncü cildində kəndimizin Mübarək məscidi və Subabamızla bağlı yer alan bəzi məlumatlarla tanış etmək istəyirəm. Güman edirəm ki, həmin məlumatlardan kəndimizin hər bir sakini xəbərdar olmalıdır. Bəri başdan qeyd edim ki, bu kitabda, yəni dördüncü cilddə Quba-Xaçmaz, Cənubi Dağıstanın ərəb-fars-türkdilli kitabələri (VIII-XX əsrlərin əvvəlləri) haqqında dəyərli məxəzlər yer alıb.

    Mübarək məscidimiz

Məscid-daş kitabə 1

    Əvvəlcə, həmin kitaba istinadən Mübarək məscidimizlə bağlı bəzi faktlara diqqət yetirək. Kitabda müəllif yazır ki, məscidin girişinin sağında yerləşdirilmiş daş lövhənin, başqa sözlə desək, daş kitabənin üzərində ərəb xətt növu – nəsx xətti ilə bu sözlər yazılıb: “Rəhimli və mərhəmətli Allahın adıyla. Allah!

Məscid-daş kitabə 1 (tərcümə)

    Öz rəhmət qapını mənim üçün aç! Bu mübarək məscidi Alpan icması və İbrahim bəy /ibn Məhəmməd/ Allahın onlara xeyir-duası olsun – Uğurlu ustad Pirqulunun əlilə tikilmişdir. 1223-cü ildə”. Miladi təqvimlə isə belə göstərilib: 1808/1809. Yeri gəlmişkən qeyd edək ki, kəndimizlə bağlı əksər mənbələrdə məscidin inşa olunma tarixi 1806-cı ilə aid olunur. Doğrudur, bu elə də ciddi nöqsan deyil. Yəni tarix üçün qısa zaman kəsiyi bəzən o qədər də rol oynamır. Amma bir halda ki dəqiq tarix var, ona istinad etmək daha yaxşı olardı.

    Məşədixanım Nemətovanın araşdırmalarına görə, məscidin ustası Qusar rayonunun Uğurlu kənd sakini olub. Xatırladaq ki, məscid İbrahim bəyin və Alpan kənd icmasının vəsaiti ilə tikilib. Elə bu səbəbdən də məscid “İbrahim bəy məscidi” adlandırılıb.

Məscid-daş kitabə 2

    Bu məsciddə ikinci belə bir lövhə də var. Onun üzərində isə bu sözlər yazılıb: “Məscid 1284-cü ildə tikilib. Mübarək məscidi. Alpan camaatı və Kəraim (camaatı) ilə birgə usta Hacı Lütfəlinin əli ilə tikilib”. Qeyd edək ki, 1284-cü il miladi təqvimlə 1867-68-ci illər kimi qəbul olunur.

    Məscidin imamı və Dini İcmanın sədri Bədəlov Bədəl Tərlan oğlundan aldığımız məlumata görə, kənd camaatı birinci daş kitabədə nələr yazıldığından qismən xəbərdar olsa da, ikinci kitabənin üzərində nələr yazıldığından xəbərsizdir: “Bu mənada bu, daha doğrusu, onun üzərində yazılanlar bizim üçün də yeni bir məlumatdır”.

Məscid-daş kitabə 2(tərcümə)

    1808/1809 – 1867/1868… Bəli, məhz bu zaman kəsiyində məscidin çöl hisssəsi yenidən qurulub və əlavələr edilib. Çox güman ki, məscid 1859-cu ildə baş vermiş güclü Şamaxı zəlzələsindən və yaxud digər səbəblərdən müəyyən dağıntılara məruz qalıb. Və sonradan bərpa olunub. Hər halda, bu, mənim versiyamdır.

    Əgər fikir verdinizsə, burada 2 ustanın adı hallanır: Uğurlu ustad Pirqulu və usta Hacı Lütfəli. Burada bu məsələyə də aydınlıq gətirmək yerinə düşərdi. Fikrimizcə, məscidin tikilməsindən təxminən 60 il sonra ona əgər belə demək mümkünsə, əl gəzdirilmiş, üstəlik, müəyyən əlavələr də olunmuşdur. Əlavələr ikinci ustaya, yəni Hacı Lütfəliyə məxsus olub. Molla Bədəl bizimlə söhbətində son təmir zamanı belə bir əlavənin aşkar olunduğunu, lakin buna şübhə ilə yanaşdığı üçün qəti fikir söyləməkdə çətinlik çəkdiyini bildirdi. Üstəlik, əlavə etdi ki, göstərilən mənbə bu barədə qəti fikrə gəlmək üçün əsasdır.

    Yeri gəlmişkən, ikinci daş kitabədə məscidimiz mübarək məscid kimi təqdim olunub. Şübhəsiz, burada “mübarək” sözü müqəddəs mənasında işlədilib.

    Təklif

    Fikrimcə, həmin daş kitabələrin yanlarında Məşədixanım Nemətovanın tərcümələri də yer alsa, yaxşı olar. Güman edirəm ki, din xadimlərimiz mənim bu təklifimə müsbət yanaşacaq və bu problem öz həllini tapacaq.

Subaba türbəsi XVI əsr abidəsi

    Və Subabamız

Subaba-alpan.az
Subaba-alpan.az

    Həmin kitaba istinadən Subaba türbəsi ilə bağlı bəzi məlumatları da qeyd edirəm. Kitabın girişində müəllif yazır: “Quba rayonunun Alpan kəndində qırmızı dördkünc nazik kərpicdən tikilmiş ikiotaqlı Subaba mavzoleyi var. 58 il bu sahə ilə məşğul olan şəxs kimi deyə bilərik

Subaba türbəsi, tarix, Alpan kəndi, alpan.az Quba rayonu
Subaba türbəsi, tarix, Alpan kəndi, alpan.az

ki, belə bir tikinti materialı ilə inşa edilmiş abidə ilə Azərbaycanda ilk dəfə qarşılaşdıq”. Müəllif daha sonra bildirir: “Bu bənzərsiz abidənin qorunub saxlanılmasından dəhşətə gəldik”.

    Bəli, XVI əsrə aid olan bu abidə baxımsızlıq ucbatından həqiqətən də tamamilə yox olmaq təhlükəsi qarşısındadır. Lakin nədənsə müvafiq orqanlar hələ də Subabanın taleyi ilə maraqlanmırlar. Buna isə tariximizə, dünənimizə xəyanətdən başqa bir ad vermək olmaz. Fikrimizcə,abidənin üzərindəki Hökümət tərəfindən 299 inventar nömrə ilə qeydiyyata alındığını və mədəniyyət abidəsi kimi qorunduğunu bildirən lövhə isə gözə kül üfürməkdən başqa bir şey deyil.

Subaba baş daşı 1 (tərcümə)

    Qayıdaq Məşədixanım Nemətovanın kitabına… Kitabın 108-ci

Subaba baş daşı 2 (tərcümə)

səhifəsində qeyd olunur ki, mavzoleyin, yəni Subabanın qarşısında iki qəbir var. Onlardan biri 1807-ci ildə rəhmətə getmiş Bədirxanın qızı Tubu xanımındır. Onun başdaşının üzərində bu sözlər yazılıb: “Onun (yer) üzündə nə olacaqsa, puç olacaqdır. /Bu qəbir, uca Allahın rəhmətinə möhtac, rəhmətlik, bağışlanmış Bədir xanın qızı Tubu xanımındır. Tarix 1221” (Yəni 1807-1808-ci illər). Daha sonra isə bu kəlmələr əlavə olunub: “İlahi xoş xasiyyətli cavan idi. Sən ey əzəmət sahibi! Onu bağışla əmanət götürün, cənnətə çatdırın Məhəmməd və onun əzəməti (xatirinə)”.

    İkinci qəbir isə Soltanın qızı Ənurə xanımındır. Bu qəbirin üzərində isə bu sözlər həkk olunub: “Onun (yer) üzündə nə olacaqsa, puç olacaqdır./ Bu qəbir rəhmətlik, bağışlanmış//Ya təmizləyən Soltanın qızı Ənurə xanımındır. /Tarix 1225 (yəni 1810-1811-ci illər). Bu kəlmələr də əlavə olunub: “İlahi xoş xasiyyətli cavan idi. Sən ey əzəmət sahibi! Onu bağışla əmanət götürün, cənnətə çatdırın Məhəmməd və onun əzəməti (xatirinə).” Güman etmək olar ki, həmin qəbirstanlıqdakı digər məzar daşlarının üzərində də bu cür kəlamlar yazılıb.

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)