“Müəllim” sözü ərəb mənşəli olub, lüğəti mənası “məktəbdə hər hansı bir fəndən dərs deyən adam” deməkdir. Onun mənası ingilis dilində də eyni olmasına baxmayaraq, ingilislər ”müəllim” sözünü ancaq öz mənasında işlədirlər. Biz isə ondan müəyyən təhsili, əxlaqi, mədəni səviyyəsi ilə hörmətə layiq adamlardan tutmuş oğruyacan hər bir kəsə müraciət forması kimi istifadə edirik…
Bütün peşələrin anası hesab olunan müəllimlik peşəsi texnoloji inqilabın həm pozitiv, həm də neqativ nəticələrinin təsiri altındadır. Müəllim özünü zəngilləşdirmək, təcrübədən öyrənmək, texnoloji yeniliklərdən tədrisdə gen-bol istifadə etmək kimi geniş imkanlara malik olsa da, mənəviyyatı cilalayan kitabdan məhrum olunmuş, yaradıcı yazı mədəniyyətindən uzaq düşmüş, “ekran” aşiqi şagirdləri cəmiyyətin sifarişi səviyyəsində yetişdirməkdə bir sıra problemlərlə üzləşir. Ailə və ictimaiyyətin kifayət qədər diqqət ayıra bilmədiyi məktəbin təlim-tərbiyə işinin bütün ağırlığı müəllimin çiyinlərindədir. Üstəlik, yaranan hər bir problemin səbəbini də müəllimdə axtarırlar. Cəmiyyətin inkişafında əvəzolunmaz rolunu tarixin təsdiqlədiyi müəllim hər cür hörmət və ehtirama layiqdir:
Sən fəzilət bulağısan, müəllim,
Sönməz hikmət çırağısan, müəllim.
Bilik dərya – üzənlərin mayakı,
Dünyamızın güvənc yeri, dayağı.
Elin sərvətidi barın, bəhərin,
Parlaq ülkərisən aydın səhərin.
Bir ömürsən – cavanlaşar, qarımaz,
Zəhmətini itirənlər yarımaz.
Sən məktəbin ürəyisən, müəllim,
İnsanlığın gərəyisən, müəllim!
(Rahib Alpanlı “Məktəbin ürəyi” Bakı, Yek Production 2017, s.85)
“Diqqət! Hazır ol! Fransa gəlir!”
Napoleon Parisdən keçəndə izdihamı yarmağa çalışan yaşlı bir adam çox çətinliklə küçənin kənarına gələ bildi. Ancaq küçəni nəzarət altına alan əsgərlər ona keçməyə imkan vermədilər. Çox keçməmiş imperatorun hüzuruna çıxmağa çalışan bu yaşlı adam Napoleonun da diqqətini cəlb etdi. O, əsgərlərə: – Buraxın, gəlsin! – deyə əmr verdikdən sonra fəxri qarovulun qarşısında durub ona: – Diqqət! Hazır ol! Fransa gəlir! – deyə hərbi salam verdi. Bu yaşlı adam Napoleonun müəllimi idi.
Müəllimə hörmət və ehtiramın bu ibrətamiz nümunəsində, firkrimizcə, iki cəhət diqqətəlayiqdir. Birincisi, müəllimin öz yetirməsi ilə qürur duyması, onu belə yüksək mövqeyə yüksəlməsi münasibəti ilə təbrik etməyə can atması, ikincisi, tarixdə silinməz izlər buraxan Napoleonun müəlliminə minnətdarlığını, onun qarşısında öz “kiçikliyini” təntənəli şəkildə etiraf etməsi.
Adi bir polis nəfəri, icra nümayəndiliyi və ya bələdiyyə işçisi olan keçmiş şagirdlərin öz müəllimlərinə yuxarıdan aşağı baxmaları nə qədər təəssüf hissi yaratsa da, onların mənəvi cılızlıqlarını nümayiş etdirir. Belə yaşantılar əsasən keçmiş şagirdlərin məktəb illərində müəllimlərindən incik düşmələrindən yaranır. Ona görə də müəllim qarşısındakı şagirdi uşaq kimi deyil, şəxsiyyət kimi qəbul etməli, bütün münasibətlərini bu baxımdan nizamlamalıdır. Müəllim işi həmişə çətin olub və bu çətinlik yüksələn xətlə inkişaf etməkdədir. Bir zamanlar müəllim yeganə bilik mənbəyi, şəxsiyyətin memarı və xoşbəxt gələcəyin ümid yeri kimi qəbul olunurdu. İndi bəzi dar düçüncəli şagirdlər üçün istənilən qədər resurs mövcuddur. Lakin həmin resurslardan faydalanmağın səmərəli yollarını öyrənmədən internetdə çabalamaq taxıl təpəciyi üzərində eşələnən quşun işinə bənzər. Bir yapon atalar sözündə deyilir: Min gün ciddi şəkildə öyrənməkdənsə bir gün yaxşı müəllimlə çalışmaq yaxşıdır.
Bu gün müəllim ziddiyyətlər burulğanında fəaliyyət göstərir. Dünyanın bütün işləri ilə maraqlanmağa vaxt tapa bilən valideynlər öz uşaqlarına kifayət qədər vaxt ayıra bilmir, öz işini onlar üçün çörək qazanmaqla bitmiş hesab edir. Əksər uşaqlıq arzuları ürəyində solub gedən ata-analar bu gün öz uşaqlarının bütün arzularını dərhal yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırlar. Bu yaxınlarda bir valideynlə rastlaşdım. Əlindəki təzə telefon paketini görüb, mübarək elədim. Məlum oldu ki, o, həmin bahalı telefonu kreditlə məktəbli uşağı üçün alıb. Söhbət əsnasında xeyli ucuz çihazlar olduğu halda niyə bu qədər bahalı bir telefon aldığını soruşdum. Sən demə, ata böyük oğlu üçün telefon alıb, kiçiyi də atasını israrla özünə də belə bir telefon almağa məcbur edib. Ailədə iki uşağın öhdəsindən gələ bilməyən valideyn məktəbə hansı xarakterli şagird göndərə bilər?…
Çörək yeməyən müəllimlər…
İndiki yaşlı nəslin nümayəndələri məktəbdə oxuduqları zaman elə bilirdilər ki, müəllimlər çörək yemir, su içmir, yorulmur, yatmır və s. Cəmiyyətdə müəllimin rolu o qədər yüksək idi ki, müəllim haqqında hər cür mifə inanırdı şagirdlər. Bu inam isə ailədən başlanırdı. Uşaqlar müəllimə hörmət etməyi valideynlərindən öyrənirdi. Hər hansı problemlə üzləşən valideyn ən yaxşı məsləhət üçün ancaq müəllimə üz tutar, uzun müddət onu xatırlayardı. İndi hamı “savadlıdır”, hamı “bilir”, lakin sağlam düşüncəli, tənqidi təfəkkürlü insanları barmaqla saymaq olar. İnsanların əksəriyyəti biliklə informasiyanı bir-birindən ayıra bilmir. Xam, emal olunmamış, gərəksiz informasiya ilə dolu beyin sahibləri indi müəllimi “çaya susuz aparıb, suzuz gətirə” biləcəklərini zənn edir, öz abırına qısılan müəllimi dinləməyə, onunla məsləhətləşməyə ehtiyac duymurlar. Bunu da unutmaq olmaz ki, o dövrün müəllimləri o qədər də geniş imkanlara malik olmasalar da, işin içərisinə ürəklərini qoymağı bacarır və bunu müqəddəs borcları hesab edirdilər…
“Yelkəni dəyişmək” lazımdır
Aristotelin məşhur kəlamlarından birində deyilir: – Biz küləyin səmtini dəyişə bilmərik, ancaq yelkənlərin yönünü dəyişə bilərik.
Hər zaman özünə güvənərək yoluna davam etmək vəziyyətin düzələcəyini gözləməkdən faydalı olub. Bu gün müəllim daha çox oxumalı, öyrətməklə yanaşı öyrənməyi də öyrətməlidir. Müasir şagirdlər elm yolunda müəllimin arxasınca deyil, onunla əl-ələ, yanaşı getmək, əməkdaşlıqla öyrənmək istəyir. Hər şeyi bilməyin mümkün olmadığına həm müəllim özü inanmalı, həm də şagirdləri inandırmalıdır. Müəllim indi daha çox şagirdin dostu, yol yoldaşı, məsləhətçisi olsun gərək. Üstəlik, elə təvazökarlıq səviyyəsini əldə etməlidir ki, yeri gələndə, xüsusi peşakarlıqla, dərs dediyi şagirdindən də öyrənməyi bacarsın, ona etibar etsin. Amerikalı yazar Alice Vellington Rollins (1847-1897) yazırdı: – Yaxşı müəllimi yoxlamağin yolu şagirdlərinə onun verdiyi neçə sualı dərhal cavablandıra bilməsi deyil, şagirdlərini ona cavabını tapmaqda çətinlik çəkdiyi neçə sual verməyə ruhlandırmağı bacarmasıdır.
Yəqin ki, hamımız yeməyin vaxtı gecikəndə, ac olduğumuz zaman qarnımızın quruldayaraq “üsyan etdiyinin” şahidi olmuşuq. Dərsdə bir şey öyrənə bilməyən, bu imkandan məhrum şagird mütləq özünə uyğun bir məşğuliyyət axtarıb tapacaq. Müəllimin “dərs keçmək istəməsi” onu maraqlandıran deyil, o da diqqət mərkəzində olmağın özünəməxsus yolunu tətbiq etməyə çalışacaq. Deməli “əl işsiz, baş fikirsiz” qalmamalıdır. Görkəmli Amerika yazarı Villyam A. Varda (1921-1994) görə: – Orta səviyyəli müəllim dərs deyir. Yaxşı müəllim izah edir. Böyük müəllim isə ruhlandırır.
Müasir pedaqogika şagirdi öyrənmə prosesinin obyekti deyil, həm də fəal subyekti hesab etməyə çoxdan başlayıb. Şagirdlərin yaxın və uzaq məqsədlərini müəyyənləşdirib həmin məqsədlərə çatmaq üçün birlikdə çalışmaq anacq zövq verə bilər, dərsi “qarışdırmaq” heç kəsin yadına belə düşməz, dərsdə yalnız işgüzar səs-küy ola bilər…
Dərsliyin qulu
Müasir dərsdə şagirdləri yoran, onların marağını zəiflədən səbəblərdən biri də müəllimin dərsliyin qulu olmasındadır. Müəllimin yalnız dərsliklə kifayətləndiyini görən şagird, daha dərin və ətraflı, yaddaqalan bilik əldə etmək üçün başqa yollar axtarmağa məcbur olur. Ona görə də müəllim imkan dairəsində dərsliklə kifayətlənməyib, şagirdlər üçün əlavə mənbələr müəyyənəlşdirməli, dərsini daha fəal öyrənmək imkanları ilə zənginləşdirməyə çalışmalıdır. Bu imkanlar hətta sinifdən sinfə fərqli ola bilər.
Oxumaq, zamanla ayaqlaşmaq həmişə müəllimin həyat tərzi olmuşdur. Başqa sözlə desək, pərvanələr şam işığına aşiq olduqları kimi, ətrafdakılar da müəllim ziyasının cazibə qüvvəsi dairəsində olmaqdan zövq alıb. Ona görə də müəllim bir an da olsa özünütəhsilini unutmamalı, tədris etdiyi fənnin imkanlarından istifadə edərək şagirdlərini təkcə lokal deyil, qlobal vətəndaş olmağa hazırlamalıdır. O, öz nümunəsi ilə şagirdlərini də özünütəhsil kimi faydalı bir işə sövq etməlidir. Oxumaq ömrü uzatdığı kimi, həm də xoş bir narahatçılıq, özünə kənardan baxmaq imkanı yaradır. Hərdən bir an da olsa dayanıb, harada olduğumuza, zamanla ayaqlaşmaq üçün nələr nə etməli oduğumuza nəzər salmalıyıq.
Yaponların təzə balıq həvəskarı olduqları məlumdur, lakin onların təzə balıqla təmin olunmasında balıqçı şirkətlərinin üzləşdikləri çətinlyi necə həll etmələri daha maraqlıdır.
Yaxın sularda balığın qıtlaşması balıqçıları getdikcə daha uzaqlara getməyə məcbur etdiyindən ovun sahilə gəlməsinə günlərlə vaxt sərf olunur və balıq keyfiyyətini itirirdi. Balıqçılar problemi həll etmək üçün soyuduculardan istifadə etməyə başladılar. Ləzzəti azalan balıqlar ucuz qiymətə satıldığından şirkətlər başqa bir yol axtardılar. Bu dəfə ovlanmış balıqları böyük çənlərə yığdılar. Üst-üstə qalanmış balıqlar sağ qalsalar da, bir müddətdən sonra yorulub süstləşdiklərindən yenə təzə balıq ləzzətini itirirdilər. Balıqçılar axtarışlarını davam etdirdilər. Yenə balıqları böyük çənlərdə saxlamağı qərara aldılar. Bu dəfə çənlərə bir neçə kiçik köpəkbalığı da atdılar. Balaca yırtıcılar bir neçə balıq yesələr də, çənlərdəki balıqları həmişə hərəkətdə olmağa məcbur etdikləri üçün onların dadı dəyişmir, yüksək qiymət balıqçıların, təzə balıq ləzzəti də müştərilərin üzünü güldürür.
Narahat olmaq, yerində saymaqla yorğun düşməkdənsə həmişə aktiv və canlı qalmaq üçün hər birimizin də “köpək balığına” ehtiyacımız var.
Hər dərsin fəziləti olmalıdır. Öyrənci dərsdən sonra da düşünməyə, öz fikir və mülahizələrini ağıl süzgəcindən keçirməyə davam etməlidir.
Bugün cəmiyyətin özü də, bilərəkdən və ya bilməyərəkdən, müəllimi bir çox məsələlərdən kənarda qoyub. Bir də görürsən ki, dünən dərs dediyin, elmi, sosial səriştəsi kifayət səviyyədə olmayan, təcrübəsiz birisini təyin ediblər mühüm bir vəzifəyə. Özünə umac ova bilməyən bu zavallı cəmiyyət üçün əriştə kəsə bilər? Belə işlərdə ziyalılarla məsləhətləşmək, onların fikirləri ilə hesablaşmaq həm müəllimin hörmətini qaldırar, həm də vəzifəyə təyin olunanların məsuliyyətini artırar…
Bağ və bağban
Müəllimi, haqlı olaraq, çox vaxt bağbana bənzədirlər. Bu bənzətmədə müəllimin bütün xüsusiyyətləri – şagirdlərinə sevgisi, sənətinə bağlılığı, yetirmələrinin inkişafı üçün zəhmətsevərliyi, onların uğurlarına sevinməsi, ömrünün xeyir-bərəkətli olması və s. öz əksini tapır. Bağın bağ olması üçün bağban becərdiyi fidanlara nə qədər sevgi bəsləsə də, nə qədər qayğı və qulluq göstərsə də, onları istədikləri kimi şaxələnməyə, istədikləri səmtə boy atıb getmələrinə imkan vermir, boy-buxunlarının gözəl və barının mükəmməl olması üçün vaxtaşırı onları budamalı olur. Bu əməliyyatın özü də o qədər dərin sevgi ilə həyata keçirilir ki, ağaclar daha da fərəhlənir, həyat eşqi ilə coşub-daşır. Əbəs yerə deməyiblər ki, bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Məsəldəki “dağ” sözünün “dərd, ələm” mənasını daşıdığına inanmamaq mümkün deyil. Bu, eyni zamanda “düzgün tərbiyə xoşbəxt gələcəyimiz, yanlış tərbiyə isə gələcək göz yaşalarımızdır” pedaqoji aksioması ilə həmahəngdir.
Məsələnin digər tərəfinə nəzər salaq. “Cəza” və “tənbeh” sözləri müəyyən mənada sinonim olsalar da, həmişə eyni yükü daşımır. Tərəfindən haqsızlığa məruz qaldığımız birisinə “Allah cəzanı versin!” – desək də, “Allah səni tənbeh etsin!” – demirik. Deməli, cəza daha ağır və sərtdir. Müəllim davranış qaydalarını pozan şagirdi cəzalandıra bilməz, lakin tənbeh edə bilər və bunu da fiziki formada icra etmək olmaz. Müəllimin qeyri-adi baxışı, qaş-qabağını tökməsi, “heç səndən gözləməzdim”, “sənə belə hərəkət yaraşmır”, məcazi mənada, xüsisi tonla “çox sağ ol”, sənin bu hərəkətin şagird qaydalarının filanıncı bəndinə ziddir və s. kimi jest və verbal vasitələrdən istifadə etmək kifayət edər.
Heç bir tənbehə ehtiyacın olmamsı üçün məktəbdə sağlam öyrənmə mühiti yaradılmalı, müəllim və şagirdlərin hüquq və vəzifələrinə hörmət olunmalı, müəllimlər öz elmi, pedaqoji və etik səviyyələrinin yüksəlməsinin qayğısını yaşamalı, dərsdə bütün peşəkarılğını sərf etməyə çalışmalıdır…
Məktəb direktoru məktəbin, müəllim də dərs dediyi sinfin “drijoru”, özü də çox mahir drijoru olmalıdır. Dünya şöhrətli maestro Niyazi “xaricə səfərlərinin birində dünyanın məşhur musiqi kollektivlərindən olan Londonun Kral Teatrının orkestri ilə çıxış etməli olur. Əlbəttə ki, o, öz ustalığına güvənən sənətkar idi və bu orkestrlə çıxış etmək üçün heç bir narahatlıq keçirmirdi. Orkestrinsə demə, qəribə bir ənənəsi varmış. Onlarla təzəcə işləməyə başlayan drijorları “sınaq”dan keçirirmişlər. Niyazi orkestrlə məşq edərkən ifaçılardan biri çalınan əsərə yad olan notlar vurur. Niyazi həmin an məsələni başa düşür və orkestrin ifasını dayandırır. Sakitcə həmin musiqiçiyə yaxınlaşıb qulağına nə isə pıçıldayır… Bundan sonra orkestr qarşısında kimin dayandığını dərk edir və tam ciddiləşir”. “Azərbayjan” qəzeti, 20-08-2017
Dərsə ilk dəfə girən müəllimi də sinif özünə məxsus “notlarla” “sınaq”dan keçirir. Sinfi idarə etmək də böyük məharət tələb edir. Müəllim çox savadlı ola bilər, lakin sinfi idarə etmək bacarığı olmazsa, o, dərs deyə bilməz. Ona görə də pedaqoji ustalığını artırmaq müəllimin hava və suyu olmalıdır.
Yol xəritəsi
Bir-iki il dərs deyib özünü kamil müəllim hesab edən müəllimlərimiz də var. Müəllim işi dinamik prosesdir. O, heç bir reseptə, heç bir çərçivəyə sığmır. Su bir çalada qaldıqca iyləndiyi kimi, öz üzərində çalışmayan, hər dərsi əslində bir imtahan kimi görməyi bacarmayan müəllim yanacağı tükənən mühərrik kimi sönməyə məhkumdur. Müasir dövrün yaratdığı gözəl imkanlardan bəhrələnməmək, lap yumşaq formada desək, müəllimin acizliyidir. Əksər müəllimlərin gündəlik dərs planı, ən azından icmal formada, yazmaqla arası yoxdur. Halbuki gündəlik özü də bir yol xəritəsidir. Haraya gedəcəyini bilmədən yola çıxmaq nə dərəcədə doğrudur?
Gündəlik yazmaq müəllimin dərsə hazırlaşmağının birinci və ən mühüm hissəsidir. Sirr deyil ki, planlaşdırılmış işlərin heç də hamısı nəzərdə tutulduğu kimi rəvan getmir. Bu il bir sinifdə istifadə etdiyin metod növbəti ildə digər bir sinifdə iflasa uğraya bilər. Yaxud müəyyən bir mövzunun tədrisi bu il ürəyincə olmayıbsa, onu gələn il də olduğu kimi tətbiq etmək olmaz. Gündəlikdəki bəndlərdən biri də müəllimin şagirdləri qiymətləndirməsidir. Müasir pedaqogika kündəlik plana daha bir bənd əlavə edib: müəllimin özünü qiymətləndirməsi. Bu, dərsdən sonra müəllimin öz vicdanına hesabatıdır. Belə olduqda müəllim, növbəti dərsdə, necə deyərlər, öz günahını yumaq fürsəti qazanır, müəyyən məqamları yenidən işləyə bilir. Digər halda hər şey unudulur, müəllimin şagirdlərinə “borcu” getdikcə artır.
Əgər bir məktəbdə müəllimdən gündəlik dərs planı tələb olunmursa və müəllim də bu “fürsətdən” istifadə edirsə, tezliklə özünü hörmət şkalasının “0” nöqtəsində görəcəyindən əmin olmalıdır…
Vormerlər…
Müəllim öz pedaqoji ustaılğını, taktını təkmilləşdirərək dərsi daha maraqlı və nəticəyönlü edə bilər. Latın dilindən qaynaqlanan “tactus”, sözünün müasir mənası “bir şeyi deyərkən və edərkən başqalarını narahat etməmək, xətrinə dəyməməyə çalışmaq, düzgün məqamda düzgün söz demək, düzgün işi görmək” mənalarını daşıyır. Takt daha çox pedaqoji sahədə mühüm əhəmiyyət kəsb edir. Taktsız müəllim cibi pulla dolu, lakin onu xərcləməyin üsulunu bilməyən adam kimidir.
Dərsin əvvəlindən öyrəncilərin diqqətini cəlb etmək, birbaşa işə başlamaq, vaxtı itirməmək üçün istifadə olunan problem, müəyyən suallara cavab axtarmaq, şagirdlərin ev tapşırığında üzləşdikləri ən çətin məqamların, əvvəlki dərsdən təkrar olunmalı məsələlərin siyahısını tərtib etmək, yaxud əvvəlcədən hazırlanmış paylama mterialları ilə şagirdləri müzakirəyə hazırlamaq və s. müasir pedaqoji ədəbiyyatda “warmers” (vormerlər – isindiricilər, alışdırıcılar) adlanır.
Dərsin ortasında belə diqqəti toplamaq üçün müəyyən üsullardan istifadə etmək lazım gəlir. Yorğunluğu, diqqət yayğınlığını aradan qaldırmaq və ya öyrəncilərin diqqətini daha da artırmaq üçün icra olunan belə fəaliyyətlərə “fillers” (fillerlər – boşluğu dolduranlar) deyilir. Fillerlər dərsdə müsbət dəyişiklik fasiləsi yaradır, öyrənilməkdə olan material üçün hafizədə müəyyən qədər yer boşaldır.
Dərsin daha pozitiv notla bitməsi və ya mövzunun daha səmərəli, yaddaqalan formada yekunlaşdırılması üçün icra olunan vasitələrə isə “coolers” (kulerlər– sərinləşdiricilər, soyuducular) deyilir. Kulerlər müəllim tərəfindən təklif olunan müəyyən maraqlı sual və ya məlumatlar, həm də şagirdlərin suallarına cavab vermək formasında ola bilər. Öyrəncilərlə xudahafizləşib, dərhal sinfi tərk etməkdənsə soruşulan bir suala səbr və sevgi ilə cavab verərək, xoş təəssüratla ayrılmaq nə qədər gözəldir, elə deyilmi?
Yaş və səviyyəsindən asılı olaraq müxtəlif öyrədici oyunlar, krossvordlar, tapmaca və atalar sözləri, yanıltmaclar, söz oyunları, anoqramlar, gözəl şeir nümunələri, yığcam, yerinə düşən hekayətlər, görkəmli insanlardan sitatlar və s. vasitəsi ilə dərsin əvvəlini daha maraqlı edib, lazım gələrsə dərsin ortasında da öyrəncilərin marağını canlandırmaq, onları öyrənmə prosesinin fəal iştirakçılarına çevirmək və sonu da yaddaqalan etmək olar.
Bütün çətinliklərə baxmayaraq, zaman müəllimdən daha səylə çalışmaq, öyrənərək öyrətməyi tələb edir. İnsanlığın nicatı, kamil müəllim və mükəmməl təhsildədir. Çünki, Konfutsinin təbirincə desək: – Təhsil inam yaradır. İnam ümid yaradır. Ümid isə əmin-amanlıq yaradır.
Müəllif:Rahib Alpanlı (Sədullayev), ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi