Nurəddin kişi: qara zurna aşiqi

130

    Nurəddin Rəsulov savadı olmayan bir kişi idi. Uzun müddət sovxozda fəhlə kimi çalışmış bu kişi hətta saymağı belə bacarmırdı. Şəxsən mən bunun şahidi olmuşam.

    Günlərin bir günü axşam çağlarında mən onlarda olanda Nurəddin kişini işdən əlində kiçik çöplərlə qayıdan və onları həyat yoldaşı Mənzər xanıma verdiyini gördüm. Mənzər xanım onları sayandan sonra: “Bu gün 16 ağacın dibini yumşaltmısan”, – dedi. Sən demə, o, bellədiyi hər ağacın dibinə bir çöp qoyar, işin sonunda isə həmin çöpləri yığıb manqabaşçısına hesabat verərmiş. Üstəlik, Nurəddin kişi heç maaşını almağa da özü getməzdi. Bu missiyanı da Mənzər xanım yerinə yetirərdi. Bir sözlə, hesab məsələlərində həyat yoldaşı ona həmişə yardımçı olardı.

    Amma Nurəddin kişi ev heyvanlarına bağlı bir adam idi. Hətta ömrünün sonuna kimi qapısından eşşək, it, qoyun-quzu əskik olmayıb. İş günündən sonra isə yorğun olmasına baxmayaraq, eşşəklə ot, yaxud odur gətirməyə yollanmaq onun şakəri idi. Demək olar ki, o, evinin odun, ot tələbatını elə həmin eşşəklə ödəyərdi.

 

Nurəddin kişi

    O da yadımdadır ki, başına həmişə qoyun dərisindən hazırlanmış papaq qoyan Nurəddin kişi həmişə çarıq geyinərdi. Çarıqları da özü bəzən aşılanmış, bəzən də xam göndən tikərdi. Tikmə işini ya üzərinə mum çəkilmiş eşmə iplik vasitəsilə, ya da göndən nazik çəkilmiş “köşə” vasitəsilə aparardı. Çarıqı ayağına geydikdən sonra “çarıqbağı” vasitəsilə bağlayardı. Çarığı, bir qayda olaraq, patava və dolaqlarlа geyirnərdi. Onun carıqbağları olan bir neçə cüt çarığı olardı. Amma çöldə geyindiyi çarıqları toy-bayramda geyinməzdi. Onun belə mərasimlər üçü ayrıca çarıqları vardı. Mənzər xanımın israrına baxmayaraq, o, yeni ayaqqabılara əsla önəm verməzdi.

    Nurəddin kişi xəstələnəndə türkəçarələrlə müalicə olunardı. Məsələn, başağrısı, soyuqdəyməsi olanda bir qayda olaraq qan aldırardı. Özü də bu əməliyyatı həyat yoldaşı həyata keçirərdi. Belə ki, Mənzər xanım onun belini çərtib yarımkiloluq bankanı belinə qoyardı. Hər belə qanalmadan sonra Nurəddin kişi bədənindən çıxarılan qapqara qanı göstərək deyərdi: “Gözlərimə işıq gəldi”.

    Nurəddin kişi həm də əsl məclis adamı idi. O, toy məclislərindən qalmamağa çalışardı. Özü də toyda oynamadan evə qayıtmazdı. İnsafən, çox yaxşı da rəqs edərdi. Toyxanaya çıxanda da mütləq qara zurna çalınmalı idi. Əks halda o, rəqs etməkdən imtina edərdi. Ona görə də kəndimizdə onu “zurna dəlisi” adlandırardılar. O, gənclərlə, xusisilə Niftulla Balayevlə rəqs edəndə bütün toyxana əhli elə əl vurardı ki, gəl görəsən… Yeyin havaları hər ikisi çox gözəl oynayardılar.

    Rəhmətlik Nurəddin kişi deyərdi ki, klarnetdə çalınan hava sümüyümə düşmür: “Mənə görə zurnada döyüşlərin harayı var. Zurna çalınanda hətta yer-göy də silkələnir, oynayır bu haraya-çaylar da, sular da gur axır. Dağlar yollara cərgələnir. Odur ki, zurnasız toy mənə cansıxıcı gəlir. Ancaq etiraf etmək lazımdır ki, son illərdə toylarda təsadüfən zurna səsinə rast gəlirsən”.

    Eşitdiyimə görə, toy məclislərinin çalğıçılarına rəhbərlik edən Şaban kişi yalnız ona görə özü ilə klarnetlə bərabər zurna da götürərmiş. Yeri gəlmişkən onu da qeyd edim ki, o zaman kəndimizdəki toy məclisləri bir qayda olaraq Şaban kişinin Zahid (nağara), Əlibaba (balaban) dəstəsinə həvalə olunardı. Çox heyif ki, musiqi xiridarı kimi tanınan, nəfəsli alətlərin mahir ifaçısı Şaban kişi respublika səviyyəsində özünü təsdiq edə bilmədi.

    Yeri gəlmişkən, o illərdə toylar bir qayda olaraq açıq səma altında keçirilərdi. Dördkünc formada quraşdırılmış toyxananın bir hissəsini qız və qadınlar təşkil edərdilər. Onlar ayaqüstə dayanaraq oynayanları seyr edərdilər. Yəni qız və qadınlar mərkəzdə qurulmuş oturacaqlarda oturmazdılar. Həmin oturacaqlarda bir qayda olaraq, kişilər oturardılar. Ümumiyyətlə, o illərdə qadınlar təkbaşına, yaxud da dəstə şəklində toyxanaya çıxıb oynamazdılar. Onları rəqsə yalnız yaxın adamları dəvət edərdilər.

    Toy mərasimlərində hər kəs öz işini yaxşı bilərdi. Yəni hər kəsin vəzifəsi olardı. Toydan bir gün əvvəl keçirilən məsləhətdə bu kimi işlər yoluna qoyulardı. Kənd camaatı hər işi yoluna qoyduğuna görə, ev sahibi toyda bir növ iştirakçıya çevrilərdi. Kənddə toy düz 3 gün davam edərdi. Hə, bir də… O vaxtlar bəy gəlini gətirmək üçün qız evinə getməzdi.

    …Ötən əsrin 70-ci illərinin sonunda Bakıda yaşayan qızı Nurəddin kişini Buzovnada məskunlaşdığı yataqxanaya dəvət edirmiş. Öz mühafizəkarlığı ilə həmişə seçilən Nurəddin kişi əvvəlcə buna razılıq vermirmiş. Nə isə…onu birtəhər dilə tuturlar. Elə gedən günü də Nurəddin kişini geri qaytarırlar. Buna səbəb isə yataqxana mühitində onu qane etməyən ortaq mətbəx, ortaq tualet kimi problemər olurmuş.

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)