Onun buna haqqı var

481

     Məni uzun müddət düşündürən bir məsələdən söz açmaq istəyirəm. Bu da bizim kəndimizin çox hörmətli ziyalısı Rahib Sədullayevlə bağlıdır. O Rahib Sədullayevdən ki, kəndimizin ziyalılarından söz düşəndə onun adı həmişə birinci çəkilir. O Rahib müəllimdən ki, uzun illərdir pedaqoji fəaliyyətlə məşğuldur. Usanmadan-yorulmadan ingilis dilini tədris etmiş və etməkdədir. Qabaqcıl təhsil işçisidir. Bəli, Rahib müəllimin qəlbi nurla doludur. Bu mənada ondan söz düşəndə: “Rahib Sədullayev anadan müəllim doğulub”, – deyirlər. Mən onun şagirdlərinin bəzilərini də tanıyıram. Onlarla söhbət əsnasında bir daha əmin olmuşam ki, Rahib müəllim, həqiqətən, öz peşəsinin fanatıdır.

Rahib Sədullayev alpan.az
Rahib Sədullayev alpan.az

     O Rahib müəllimdən ki, o Rahib Alpanlı imzası ilə ilə də bədii yaradıcılıqla məşğuldur. Və bu sahədə də kifayət qədər uğurlara imza atıb. Səhv etmirəmsə, indiyədək onun yeddi  – “Nələr olmur dünya səndə” (2008), “Oğurlanmış həqiqət” (2011), “Evin şüşədəndirsə”(2013), “Yaxşılığın göz yaşları” (2015), “Məktəbin ürəyi” (2017), həmçinin “A Book of Antonyms and Synonyms”(2007), “A handbook on the Use of Articles”(2009) kitabları çap olunub və geniş oxucu kütləsinin marağına səbəb olub. Azərbaycan Pedaqoji Universitetinin Quba filialının müəllimi Yunis Əlihüseynovun sözləri ilə desək, Rahib müəllim qarşımızda olub hər gün təmas etdiklərimizi, lakin görə bilmədiklərimizi çox böyük ustalıqla, rəssam kimi bizə göstərir. Vətənimizi, üzərində yaşadığımız torpağın gözəlliklərini tanıdır, bütün bunların qədrini bilməyə çağırır.

     O Rahib müəllimdən ki, o, Qubada fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisinin ilk və ən fəal üzvlərindən biridir. O Rahib müəllimdən ki, ondan söz düşəndə Azərbaycanımızın tanınmış şairi, Qubada fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisinin rəhbəri Ramiz Qusarçaylı belə deyir: “Rahib Alpanlı bölgəmizin – ölkəmizin sayılıb-seçilən qələm sahiblərindən biridir. Onun müşahidə qabiliyyəti olduqca güclüdür. Onun çox səmimi, kimsəyə bənzəməyən bir poeziya aləmi var. O romantikadan uzaqdır, bu mənada onun hər yazısında insanı düşündürən həyatı detallar çoxdur. Rahib müəllimin istər poeziyasında, istərsə də publisistik yazılarında dərin məna, xalq fəlsəfəsi, Quran ruhu duyulur. Bunlar isə hər yazara nəsib olmur. Rahib müəllim həm də öz  tərcümələri ilə seçilən bir yazardır”. Ramiz müəllimin bu sözlərindən sonra Rahib müəllim haqqında: “O həm də bir şair kimi doğulub”, – demək olar. Amma Rahib müəllim bəzi yazarlar kimi heç vaxt özünü öymür. Öz müəllim şərəfini, yazıçı istedadını gözə soxmağa çalışmır.

     Səhv etmirəmsə, Rahib Sədullayevin kitablarının bir qismi də onun şagird və tələbələrinin təşəbbüsü ilə işıq üzü görüb. Hətta həmin kitabların təşəbbüskarlardan biri olmuş Amil Tağıyevin təbirincə desək, onların belə bir addımından Rahib müəllim son anda xəbər tutub.

Qvami Məhəbbətoğlu alpan.az
Qvami Məhəbbətoğlu alpan.az

     Nə isə…bütün bunlarla nə demək istəyirəm? Hə, indi gəlirəm mətləb üstünə… Amma  indiyədək Rahib Sədullayev hələ də Azərbaycan Yazıçılar Birliyinin üzvü deyil. Qəribədir, elə deyilmi? Halbuki kəndimizdən 3 nəfər bu qurumun üzvüdür. Bu kiçik yazıda onların adlarını sıralamaq və bölgü aparmaq istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, mənim aləmimdə kəndimizin Azərbaycan Yazıçılar Birliyinin, qeyri-rəsmi olsa da, ilk üzvü – Rahib Alpanlıdır. Biz Rahib müəllimin də bu birliyin rəsmi üzvü olmasına çalışsaq və yaxud səsləsək, şübhəsiz ki, onun pərəstişkarlarını da sevindirmiş olarıq.

Müəllif: Qvami Məhəbbətoğlu (AYB üzvü)