Hörmətli professorumuzun fikirləri

758

    Quba rayonunda,zümrüd meşələrin baş-başa verdiyi cənnət misilli yerdə gözəl bir kənd yaşayır. Sinəsini  Şah dağın sərin və saf küləklərinə açmış bu kəndin adı Alpandır. Bəli, o, qədim Azərbaycan dövləti Albaniyanın canlı simvolu kimi bu gün də bizimlə nəfəs alır…

    Gündən-günə böyüyən,abadlaşan Alpanda hal-hazırda  üç mindən artıq əhali yaşayır. Xeyli soydaşımız  isə Bakı, Sumqayıt şəhərlərində, azərbaycanın bir sıra  rayon və qəsəbələrində yaşayır. Rusiya Federasiyasında ,habelə xarici ölkələrdə məskunlaşmış həmkəndlilərimizi də nəzərə alsaq, məlum olar ki,alpanlıların sayı on mindən artıq bir rəqəmi təşkil edir. Vaxtilə bəylər diyarı kimi tanınan bu kəndin  çoxlu sayda  ziyalısı vardır. Onların arasında müəllimlər, həkimlər,müxtəlif  sahələrdə çalışan elm adamları,alimlər və digər peşə sahibləri ölkəmizin  gündən-günə çiçəklənməsi naminə öz iş yerlərində əzmlə çalışırlar.

alpan.az
    Müasir  zəmanədə ayrı-ayrı bölgələrdə müxtəlif  adlarla cəmiyyətlər yaradılır.  Belə təşkilatlanma bölgə adamlarını, ehtiyac duyulduqda, bir yerə toplamaq, onlar arasında sıx əlaqə yaradaraq vahid cəbhə daxilində insanların problemlərini öyrənmək, müəyyən məsələlərin həllində bir-birinə köməklik göstərmək məqsədini daşıyır.

    Alpan əhalisinin də, o cümlədən, kənddən kənarda yaşayıb öz  zəhmətsevərliyi,işgüzarlığı, bilik və qabiliyyəti hesabına özünəməxsus  layiqili  yer tutan ziyalıların  və müxtəlif peşə adamlarının bu gün vahid cəbhədə birləşib fəaliyyət  göstərməsi  zəruriyyəti yaranmışdır. Bu boşluğu doldurmaq məqsədilə gənc nəslin nümayəndəsi  İlkin Balayevin təşəbbüsünü bəyənərək , “Alpan cəmiyyəti”nin yaradılmasına və ona gələcəkdə  şan-şöhrət gətirəcək uğurlarına   sevinməyə hər  birimizin haqqı vardır.

Müəllif:  Professor Ələkbər Qubatov