Qış xatirələrimizdən bəzi fraqmentlər

1107
Qış fəsli Alpan kəndi
Qış fəsli Alpan kəndi

    Kim nə deyir desin, qış bütün xüsusiyyətləri ilə seçilən, həm də sevilən fəsildir. Bəri başdan qeyd edim ki, əsas məşğuliyyəti əkinçilik, bağçılıq və maldarlıq olan kəndimizin camaatı qışın qarlı keçməsini arzulayardı. Günlərin bir günü atamdan bunun səbəbini soruşdum. Dedi ki, qarın xeyri çoxdur, çünki qar bağlara, tarlalara ziyan verən həşəratları məhv edir, havanı təmizləyir, nəticədə bol məhsul yetişir. “Qar – bərəkət ruzidir, xoş niyyət, xoş arzudur” sözlərindən sonra isə belə deyərdi: “Ulularımız əbəs yerə qışın qarı – yayın barı deməyiblər ki…”

Mənə elə gələrdi ki…

    Bəli, yağan qar kəndimizdə gözəl bir mənzərə yaradardı. Yəni hər tərəf ağ örpəyə bürünərdi. O zamanlar mənə elə gələrdi ki, dərələr, düzlər, yollar, evlər, bir sözlə, torpaq bu örpəyi üstünə çəkməkdən alayı bir zövq alır. Bu örpəyi yorğana bənzədənlər də olurdu. Üstəlik, ərz edərdilər ki, torpaq qarla bürünməklə ayların yorğunluğunu alır.

    Qar göydən un ələnən kimi yerə düşəndə, onun üstündə yeriyərkən xışıltı yarananda, ağappaq qardan gözlər bəzən qamaşanda, qardan “adam” hazırlayanda, yanaqlar soyuqdan qızaranda, qartopu oynayanda, evlərin damından, navalçalarından buz parçaları sallananda, buz tutmuş yollarda yeriyəndə, kirşə ilə sürüşəndə, dən axtaran sərçələrin civiltilərini eşidəndə adam sanki elə bilirdi ki, nağıllar aləmindədir. Bəlkə elə bu səbəbdən qış nağıllarının sayı çoxdur.

    Şübhəsiz, qışı ən çox uşaqlar sevirlər. Çünki onlar bu fəsildə, sözün həqiqi mənasında, uşaqlıq şıltaqlıqlarının ən son həddini yaşayırlar. Elə mən də (təkcə mənmi?) o zamanlar bir uşaq kimi bu şıltaqlıqları yaşayanlardanam. Bu qeydlərimi də özümün, həm də kəndimizin bəzi sakinlərinin xatirələrinə istinadən yazıram.

Elə ki, qış gəldi..

    O zamanlar qış fəslində biz uşaqların ən sevimli əyləncələrindən biri kirşə ilə sürüşmək idi. Yeri gəlmişkən qeyd edim ki, kirşə altı hamar, ön tərəfi bir qədər sivri olan iki paralel möhkəm ağacı taxtalar vasiəsilə birləşdirməklə ərsəyə gətirilərdi. Bəziləri kirşənin üstünə nalça da örtərdi. Kirşənin ön hissəsinə bağlanmış ip isə onu yoxuşlarda daşımağa xidmət edərdi.

Kirşə-kirşə Alpan kəndi
Kirşə-kirşə Alpan kəndi

    Fərhad Babayevin xatirələrindən: “Kirşələrin daha sürətli şütüməsi üçün onun altında 10-12-15-lik dairəvi dəmirlər bərkidilərdi. Bəziləri bununla kifayətlənməzdi. Odur ki, kəndimizin dəmirçisi Bəcan kişinin (Zabit müəllimin atası) yanına gedib müəyyən üsullarla həmin dəmirlərin sürüşmə qabiliyyətini artırılmasını ondan xahiş edərdilər. Sonradan Bəcan kişi və Hətəm (Əlixanov) kişi dəmirdən kirşələr hazırlayardılar”.

    Maarif Əmkişiyevin xatirələrindən: “Elə ki, qış gəldi, hərə öz kirşəsini sazlayardı. Kirşəsi olmayanlar da özlərinə yeni kirşələr düzəldərdilər. Hər adam kirşə düzəldə bilməzdi. Bizim Aşağıbaş məhəlləsinin kirşə ustası Balayev Camad (Molla Seyfəddinin qardaşı) idi. Qardaşım Tələtin, Balayev Müzafəddinin, Əlixanov Fikrətin, Qubatov Sərracın, Güliyev Ənvərin və digərlərinin necə kirşə sürdüklərinin, mərcləşərək yarışdıqlarının şahidi olmuşam. Daha sonrakı nəslin nümayəndələri – Babayev Firdovsi, Ağarzayev Ələkbər, Yaqubov Fərrux , Babayev Kamran, Balayev Oqtay yaxşı kirşəsürən hesab olunardılar. (Oqtay həm də yaxşı konki sürməsi ilə seçilərdi). Mənim yaşıdlarımdan Rafiq Sultanov, Fərhad Yaqubov, Bəhram Şirinov, Tərzan Teymurov kirşə sürməyin bərk həvəskarları idilər. O zaman yalnız oğlanlarımız deyil, bəzi qızlarımız da “sükan” arxasına keçərdilər”.

Kirşələrimizin marşrutları

Məktəb yolu Alpan kəndi
Məktəb yolu Alpan kəndi

    Biz adətən, kəndin enişli yollarında kirşə sürərdik. Kəndimizdə isə, əgər belə demək mümkünsə, kirşələr üçün “marşrutlar” çox idi: Əhməd kişinin evinin yanından Xalı kişinin doqqazınadək (Yuxarıbaşdan Aşağıbaşadək) və yaxud Cırnaaltı ilə Qurucayadək, Yuxarı məktəbin yanından Poçt binasınadək, bizim, yaxud Zərifə müəllimgilin evinin yanından, həm də Xarmannardan-Hətəm kişinin evinin yanından Fərman kişinin doqqazınadək və sairə.

    Bir qayda olaraq yüksək sürət götürmək məqsədilə kirşəni bir neçə metr itələdikdən sonra sağ və ya sol yanımızı onun üstünə qoyub üzərində uzanar, kirşənin ön hissəsindən möhkəm yapışar və ayağımızı havada yelləlməklə onun sürətini artırmağa çalışardıq. Kirşələrin bir-birini ötməsi adi hal idi. Əsl kirşə yarışları isə qar əriyəndən, yəni yollar buz bağladıqdan, daha doğrusu axşamüstü başlayardı. Fərhad Babayevin sözlərinə görə, həmin vaxtlar elan edilməmiş kirşəsürmə yarışları keçirilərdi. Çox vaxt bu yarışların qalibləri Aşağıbaşdan Seyfəddin kişinin oğlu Mizakir (Rafiq), Yuxarı başdan da Xurmanın oğlu Adilin kirşələrini sürənlər olardılar.

    Hava qaralanda keçirilən kirşə yarışları daha maraqla izlənilərdi. Belə ki, buz bağlamış yollarda yüksək sürətlə şütüyən kirşələr xırda daş parçalarına toxunanda altlarından qığılcım, bizim təbirimizcə desək, cilğam çıxardı. Bu da çox maraqlı mənzərə yaradardı. Bəzən kirşəni “tormozlamaq” lazım gələrdi. Bu funksiya isə kirşənin ön hissəsini bir qədər qaldırmaqla yerinə yetirilərdi. Bu da atın şaha qalxmasına oxşayardı.

    Neman Qədirbəylinin xatirələrindən: “Biz bəzən öz hay-küyümüzlə camaatımızı da narahat edərdik. Odur ki, Qızılgül xala məhəlləmizin əsas marşrutunun (İbrahim kişigilin evinin arxasından Vahid əminin evinin qabağına qədər) bir hissəsinə kül səpməklə bizi cəzalandırardı ki, bu da kirşələrin hərəkətini demək olar ki, sıfıra endirərdi. Belə məqamlarda biz başqa məhəllələrə üz tutardıq. Mənim yaddaşıma Xosrov ən mahir kirşəsürən kimi həkk olunub. Hə, o da yadımdadır ki, bizim kəndin uşaqları rayon üzrə keçirilən kirşəsürmək yarışında qaliblərdən olmuşdular. Yarış televiziyada da işıqlandırılmışdı”..

    Onu da qeyd edək ki, o illərdə bəzi yaşlı şəxslər uşaqların, gənclərin əlindən kirşələri alıb minərdilər. Onlar bəzən qəza da törədərdilər.

    Fərhad Babayevin xatirələrindən: “Bir dəfə yaşlı kişilərin kirşəsürmə yarışında mənim böyük qardaşım Hamletin idarə etdiyi kirşə işıq dirəyinə dəyəndə onun başı sınmışdı. 45 yaşında olan qardaşım düz bir ay başısarıqlı gəzdi”.

    Onu da qeyd edim ki, bu sətirlərin müəllifi də müəyyən müddət kirşə qəzasının fəsadlarını yaşayıb.

Haşiyə

Məktəb yolu Alpan kəndi
Məktəb yolu Alpan kəndi

    Yeri gəlmişkən, həmin əl kirşələri ilə yük də daşımaq mümkün idi. Şəxsən mən qış günlərində atamın mağazadan aldığı 70 kiloqramlıq un kisələrini məhz kirşəmlə evə gətirərdim. Bidonlara su doldurub gətirməyin isə alayı ləzzəti olardı. Bəlkə də yeri deyil, amma bir məsələni də vurğulamaq istərdim. Bəzən yollar ağ örpəkdən bir qədər azad olanda meşələrə mal-qara üçün qəlçəmək (Elmlər doktoru İslam Bəyəhmədovun məlumatına görə, ləhcəmizdə işlədilən qəlçəmək sözünün elmi adı öksəotudur. Özü də o, müxtəlif ağacların gövdə və budaqları üzərində yarımparazit həyat sürən bu bitki bir növ özgəsinin həyatını yaşayır, lakin onun ömrü həmin ağaclardan heç birinə bənzəmir. Bu bitkidən həm də qankəsici və büzücü təsirli vasitə kimi, həmçinin epilepsiya, ateroskleroz, başgicəllənmə, başağrısı, qıcolma, mədə-bağırsaq və ağciyər xəstəliklərində istifadə edilir) toplamağa da gedərdik. Onu evə gətirmək üçün bəzən əl kirşələrimizdən istifadə edərdik.Onu da deyim ki, qəlçəmək toplamaq o qədər də asan deyildi. Çünki qəlçəməklər yuxarı budaqlarda daha çox olduğundan ağaclara dırmaşmalı olurduq.

    O zamanlar kəndimizdə yük daşımaq məqsədilə öküzə, ata, eşşəyə qoşulmuş irihəcmli kirşələrdən də istifadə olunardı.

Kolon şəklində sürüşərdilər

    Kəndimizdə uşaqlar sürüşmək üçün təkcə kirşələrdən istifadə etmirdilər. Belə ki, bəziləri taxtadan konki düzəldər, onu ayaqlarının altına bağlayar və sürüşərdilər. Bəzi uşaqlar dəmir konkilərdən də istifadə edər və öz məharətlərini göstərərdilər. Sonradan kəndimizdə bədən tərbiyəsi və idman fənnini tədris edən Oqtay Balayev konkisürməkdə sözün həqiqi mənasında ad çıxarmışdı. Şübhəsiz, bu, bir qədər cəsarət tələb edirdi. Bəziləri isə altları daha sürüşkən ayaqqabılardan istifadə etməklə qış kefini çıxarardı. Hərdən belə qış kefini çıxaran oğlanlar və qızlar ya ayaqüstü, ya da dizləri üstündə oturmaqla və bir-birindən tutmaqla kolon şəklində sürüşərdilər. Belə kollektiv sürüşmə elə səs-küylə müşahidə olunardı ki…

Kirşə-kirşə Alpan kəndi
Kirşə-kirşə Alpan kəndi

Gabarzunumuz…

    Qışda biz uşaqların, həmçinin gənclərin digər sevimli bir “məşğuliyyəti” də vardı. O da ağacdan hazırladığımız və bir qədər fırfıraya bənzəyən, qırmancla hərəkətə gətirilən gabarzun adlandırdığımız nəsnə idi. Diametri 2-3 santimetrdən 8 santimetrə qədər olan müxtəlif ağac növlərindən (əsasən yemişandan) 5-10 santimetr uzunluğunda hazırlanan gabarzunun bir qayda olaraq, bir ucu karandaş kimi, konusvari yonulardı. Onu küçənin mərkəzində, evlərin həyətlərində və digər buz tutumuş məkanlarda öz təbirimizcə desək, uladardıq. O, sürətlə fırlananda, yaxud yerində bitib duranda elə səs çıxarardı ki, elə bu səslə də həmin gabarzunun daha keyfiyyətli olduğunu müəyyən etmək olardı. Gabarzunun hərəkətə gətirilməsi mexanizmi isə belə idi. Onu hərəkətə gətirmək üçün bir qayda olaraq heyvanları vurmaq, yaxud hürkütmək üçün ucuna ip bağlanmış qırmancdan istifadə olunardı. Belə ki, qırmancın ipini gabarzuna dolayıb onu sürətlə fırladardıq. O hələ özünə gəlməmiş qırmancla onu vurmaqda davam edərdik. Qırmancın ipi hər dəfə gabarzuna dəyəndə elə səs çıxardı ki, sanki hansısa simfoniyaya qulaq asırsan. Onun son mərhələsi isə ulamaq idi. Hə, onu da deyim ki, bəzən özümüzü Rəşid kişinin bağının arxasındakı, ya da fermanın ərazindəki tut ağaclarının yaxınlığındakı buz bağlamış gölməçələrə verər, gabarzunları həmin məkanlarda uladardıq.

    Fərhad Babayevin xatirələrindən: “Bəzən qırmancda ipimiz tükənəndə anamızdan gizli evdəki pərdələrin birinin kənarından cıraraq qırmancımızı bərpa edərdik. Sonradan anamız tərəfindən cəzalandırılardıq. Gabarzunun fırlanmasının ən xoş təəssüratı onun ulaması və uzunmüddətli fırlanma ətalətini saxlaması idi”.

    Maarif Əmkişiyevin xatirələrindən: “Qışın ikinci sevimli oyunu gabarzon fırlatmaq idi. İndi Əzizov Nazirin ev tikdiyi yerdə kiçik bir göl var idi. Qış olanda həmin göl buz bağlayardı. Biz də orada gabarzon fırladardıq. Kimin gabarzunu gec yıxılırdısa, o udmuş hesab olunurdu. Bəzən cığallıq edər, dalaşardıq da”.

İlaxır çərşənbəmiz

    O zamanlar ilaxır çərşənbəmiz, yəni torpaq çərşənbəmiz qarlı günlərə təsadüf edərdi. Biz onda ailədəki şəxslərin sayı qədər hazırlanmış şamları həmin gün axşama yaxın adətən qəbiristanlıq və pirlərdə yandırardıq. (Belə məqamlarda vəfat edənlər də yaddan çıxmazdı. Ağsaqqallar dünyalarını dəyişənlər üçün yandırılan şamları onların ruhlarına işıq tutmaq kimi dəyərləndirərdilər). Axırda isə hələ də yanmaqda olan və sönmüş şamları bir yerə yığıb tonqal düzəldərdik və “ağırlığım-uğurluğum odda yansın” deyərək üstündən tullanardıq. İndi isə hər çərşənbədə yandırılır. Şübhəsiz, bu da tonqala və şama marağı bir qədər azaldıb. Tonqalın nə olduğunu məncə hər kəs bilir. Şama gəldikdə isə o, bir qayda olaraq, ağacın başına sarınmış köhnə əskilərdən ibarət olardı. Şamın əski olan hissəsinə nöyüt vurular və üstünə kül səpərdilər. Yəni şamlar indiki kimi mağazalardan alınmırdı. Qarlı havada pir üstündə yanan şamların ətrafına yüzlərlə insan toplaşar, deyib-gülər, bəziləri konfet, peçenye paylayardı. Yeniyetmələr tüfənglərdən də atəş açardılar. Biz uşaqlar isə özümüz hazırladığımız tapançalardan istifadə edərdik. Müasir tapançalara oxşayan bu tapançaya gəldikdə isə…bunu hazırlamaq üçün kirill əlifbasındakı Q şəkilli, ağac tələb olunardı. Onun alt, əgər belə demək mümkünsə, lülə hissəsinin altına müəyyən ölçülü mis boru yerləşdirilərdi. Bu borunun içərisinə başı müəyyən ölçüdə əyilmiş mismar salınardı. Mismar da nazik rezin parçası ilə əl tutan hissə ilə əlaqələndirilərdi. Mis borunun içərisini kibrit çöplərinin uclarındakı maddə ilə dolduralaraq mismar ilə qarışdırardıq. Onu işlək vəziyyətə gətirmək üçün rezin bərkidilmiş mismarı bir qədər yuxarı qaldırar və rezini çəkməklə atəş açardıq. (Bəzən ehtiyatsızlıq əlin zədələnməsi ilə nəticələnərdi). 5-6 nəfər eyni zamanda atəş açanda elə gözəl mənzərə alınardı ki… O zaman mənə elə gələrdi ki, atəşfəşanlığın köklərini də elə bu axır çərşənbədə axtarmaq lazımdır.

Qınama “uşağı…”

    Bu sətirləri yazarkən illər öncə dostum İlhama S. Vurğunun “Yadıma düşdü” qoşmasının təsiri ilə yazdığım bir şeirim yadıma düşdü. Elə həmin qoşma ilə yazıya nöqtə qoymaq məncə yerinə düşərdi.

Başına döndüyüm, ay əziz dostum,
Qışın o xoş çağı yadıma düşdü.
Kirşəm buz bağlamış yolla getdikcə,
Şimşək tək çaxmağı yadıma düşdü.

Getmir gözlərimdən qar işıltısı,
Çəkilmir qulaqdan qar xışıltısı,
O gələn qızların beş-altısının
Arxamca baxmağı yadıma düşdü.

Gündüzlər çox qısa, gecələr uzun
Düşərdik dalınca hər bir arzunun.
Hərdən fırlatdığım gabarzunumun
Qurd tək “ulamağı” yadıma düşdü.

Çıxsam da bahara – çıxsam da yaza
Hərdən xəyallarım düşür ayaza…
Ay İlham, sən söylə sevdiyim qıza
Qızarmış yanağı yadıma düşdü.

Gözümə dəyməyir qar lopa-lopa,
Tutulmuram indi qardan da topa.
Dözmək də çox çətin bu dərd, əzaba…
Qınama “uşağı”, yadıma düşdü.

 

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)