1850-ci ildə tərtib olunmuş kameral təsvirdə (“Kameralnoye opisaniye seleniy Kubinskiy uezda za 1850”) Alpan kəndində 249 ailə (825 sakin) qeyd olunub. İlk siyahıyaalma ilə tutuşduranda bu qənaətə gəlmək olar ki, ötən dövr ərzində ailələrin sayı 54, əhalinin sayı isə 145 nəfər artıb. Araşdırmalar zamanı məlum olur ki, sən demə, Seyidli və həmin kəndə yaxın yaşayış məntəqələrinin əhalisi (Bir zamanlar Alpan bəylərinin təsərrüfat məqsədilə istifadə etdikləri Xəzər dənizinin sahilində yerləşən Seyidli və digər yaşayış məntələri hazırda Xaçmaz rayonunun inzibati ərazi vahidi sayılır) bizim kəndin kameral təsvirində verilib. Şübhəsiz, bu da bir zamanlar həmin məkanın ərazilərinin Alpan bəylərinə məxsuslu-ğundan və orada alpanlıların məskunlaşmasından irəli gəlib.
Həmin kameral təsvirdə bir ailə diqqətimi cəlb etdi: 45 yaşlı Qalabəy İsmayıl oğlu…və onun 8 yaşlı oğlu Müseyib, bir də 4 yaşlı oğlu Qocabəy… Sonradan bu ailə və onun üzvləri Seyidli kəndinin 1886-cü ilə aid Aslanoba kəndinə aid kameral təsvirində belə təqdim edilib. Yəni bu formada: Qoca bəy Hacı Qalabəy oğlu. Burada onun təsərrüfatına daxil olan digər şəxslər də göstərilib: Balı, Hacıbaba, Mülküm, Əli İsmayıl, Şahbala, Şalbuz və Müseyib Müseyib oğlu.
1874-cü ilin kameral təsvirində isə ailə başçısı kimi Hacı Qalabəy İsmayıl oğlu qeyd olunub: 27 yaşlı Qocabəy, 19 yaşlı Bala, 14 yaşlı Mülküm, həmçinin onun nəvələri, yəni Müseyibin 12 yaşlı oğlu Şıxbala və 5 yaşlı Müseyib. 1863-cü ilin kameral təsvirindəki qeydlər isə belədir: Qalabəy İsmayıl oğlu, onun oğlanları: Museyib, Qocabəy, Balabəy, Mülküm.
Mən həmin şəxslərin üzərində ayrı-ayrılıqda dayanmaq fikrində deyiləm. Sadəcə, kəndimizdə indi də adı çəkilən Alpan bəylərindən olan Qalabəyin oğlu Qocabəydən söz açmaq istəyirəm. Yeri gəlmişkən qeyd edim ki, mənim “Alpan etüdləri” kitabımdakı “Bağban bağban bənzər” adlı yazıda belə cümlələr var: “Xalı kişinin (o, Alpan kənd orta məktəbinin direktoru, Vahid Qubatovun qızı Mehparə Rüstəmovanın babasıdır-Q.M.) Vəlibəylilər şəcərəsinə məxsus olan atası Pənah kişi zəhmli kişilərdən olub. O, ticarətlə ailəsini saxlayarmış. Hərdən Türkiyəyə də gedərmiş. Pənah bəy hər dəfə Türkiyədən qayıdanda təmtəraqla qarşılanarmış. Deyilənlərə görə, Qocabəy adlı bir bəy onu qarşılamağa Xudata faytonlar, arabalar göndərərmiş”. Deyilənlərə görə, sonradan Xalı kişi Qocabəyin faytonçularından biri olub. Yeri gəlmişkən qeyd edək ki, Qocabəy bu və ya digər mühüm iş dalınca gedərkən onu müşayiət edən atlılar kəndin içi ilə çox sürətlə hərəkət edərmiş. Odur ki, əvvəlcədən verilmiş təlimata görə, onun keçdiyi ərazidə kimsə görünməzmiş.
Bu günlərdə fürsətdən istifadə edib Qocabəyin Aslan obadakı mülkünü də ziyarət etdim. Elə bu yazını yazmaq ideyası hazırda xarabazara çevrilməkdə olan həmin mülklə tanışlıqdan sonra başladı. Əldə etdiyim məlumatlara görə, Qocabəyin həmin mülkündə 1938-cı ildən Seyidli yeddillik məktəbi fəaliyyətə başlayıb. Sonradan həmin məktəbin yuxarı sinifləri başqa binaya köçürülüb. Amma ibtidai siniflər 2004-cü ilədək o binada fəaliyyət göstərib. 1975-ci ildə Ş.Qurbanov adına sovxozun idarə heyəti, həmçinin Seyidli kənd Soveti və həkim məntəqəsi Qoca bəyin mülkünə köçürülüb. Sonradan sovxoz fəaliyyətini dayandırıb, Seyidli kənd Soveti və həkim məntəqəsi başqa məkanlarda fəaliyyətlərini davam etdiriblər. İndi isə orada heç bir qurum fəaliyyət göstərmir.
Guya Qocabəy sürgündən qaçıb gəldikdən və qardaşı Mülkümün qisasını aldıqdan sonrakı illərdə Müşkürdə məskunlaşıbmış. Amma bu “faktla” bağlı nə bir sənədə rast gəldik, nə də o illərdən danışanlar bunu təsdiqlədilər. O ki qaldı qardaşı Mülkümün qisasını almaq məsələsinə. Bu barədə sadəcə bildirdilər ki, ola bilsin ki, Qoca bəy qardaşı Mülkümün deyil, hansısa yaxının intiqamını alıb.
Məclislərin birində düşmənləri tərəfindən yeməyinə zəhər qatılan Qoca bəyi xilas etmək mümkün olmayıb. Belə ki, sən demə, rəqibləri onun həmişə faytonda özü ilə birgə gəzdirdiyi zəhər əleyhinə qatqını hadisədən əvvəl götürüblərmiş.
Qocabəy Seyidli qəbiristanlığında dəfn edilib. Bir neçə dəfə ailə quran Qocabəyin övladı olmayıb. Deyilənlərə görə, Qoca bəy XIX əsrdə qaçaq hərəkatının Azərbaycanın şimal bölgəsindəki lideri Qaçaq Mayılın dostu olubmuş.
Müəllif: Qvami Məhəbbətoğlu