Qubatov Ələkbər Beykəs oğlu

401

Alialkber
    Qubatov Ələkbər Beykəs oğlu 1938-ci ildə Quba rayonunun Alpan kəndində anadan olmuşdur.

    1956-cı ildə Alpan kənd orta məktəbini bitirərək Azərbaycan Dillər Universitetinə (keçmiş APXDİ) daxil olmuşdur. 1961-ci ildə həmin universitetin Qərbi Avropa dilləri fakültəsinin alman dili şöbəsini bitirmişdir.

    Universiteti bitirdikdən sonra Quba rayonuna təyinat alan Ələkbər müəllim rayonun bir sıra kəndlərində müəllim işləmişdir. 1963-cü ilədək dağ kəndi Güləzidə müəllimlik edir. 1963-cü ildə Qubanın Qəçrəş kənd orta məktəbinə direktor təyin olunur.

    Qəçrəş məktəbində Ələkbər müəllimin şagirdləri almaniyalı uşaqlarla məktublaşır,dostluq əlaqələri saxlayırdılar. Bu, sərhədləri polad divarlara çevrilmiş Sovet imperiyasına daxil olan bir türk respublikasında o qədər də sadə məsələ deyildi.

    1971-ci ildə Ələkbər Qubatov Alpan kənd orta məktəbinə direktor təyin edilir. Bir zamanlar şagirdi olduğu məktəbdə 1971-1977-ci illərdə  pedaqoji fəaliyyəti və idarəçiliyi  Alpan kənd orta məktəbinin nüfuzunu bir qədər də artırmışdır.

    Ömrünün 16 ilini Quba rayonunda işlərkən tələbkarlığı,obyektivliyi,təşkilatçılıq qabiliyyəti və səmimi rəftarı ilə iş yoldaşları və şagirdləri arasında xətir-hörmət qazandı. Hələ Qəçrəşdə işlərkən Ələkbər Qubatov qiyabi yolla aspiranturaya daxil olub elmi əsər üzərində işləyirdi. O,artıq 1973-cü ildə Alpan kənd orta məktəbində işləyərkən filologiya elmləri namizədi idi. Həmin dövrdə Quba rayonu üzrə məktəb direktorları arasında yeganə elmlər namizədi olan direktor olmuşdur.

    1977-ci ildə elmə olan hədsiz marağı onu yenidən doğma institutuna gətirib çıxardı. Müsabiqə yolu ilə müəllim seçildi,bir il sonra baş müəllim, çox keçməmiş dosent seçildi. 1980-1986-cı illərdə Ələkbər Qubatov dekan müavini vəzifəsində çalışır. 1992-ci ildə o,doktorluq dissertasiyası müdafiə edib filologiya elmləri doktoru olur.

    Ələkbər  Qubatov 1996-cı ildən Azərbaycan Dillər Universitetinin alman dili tərcümə kafedrasının müdiri vəzifəsində çalışır

    Y.V.Qöte , H.Hayne , F.Şiller, R.Rilke və başqa alman şairlərinin xeyli şeirini ana dilimizə çevirb, çap etdirib. 2007-ci ildə “Lirika” adlı tərcümə kitabı işıq üzü görüb. 1 monoqrafiyası, 4 dərs vəsaiti çap olunmuşdur. Təcümə problemi və dillərin qarşılıqlı əlaqələrinə  aid 80-dən çox elmi-metodiki məqalənin müəllifidir.

    Xarici dillərdə məqalələri çap olunmuşdur.

Müəllif: İlkin R. Balayev