
Quba rayonunun Alpan kənd orta məktəbində 50 il dərs demiş və əksəriyətimizin müəllimi olmuş 90 yaşlı qocaman həmkəndlimiz Hümbətov Həbib Seyfəddin oğlu 1932-ci ilin 12 mayında Alpanda dünyaya gəlib. Atası 2-ci dünya müharibəsində alman faşistlərinə qarşı döyüşlərdə həlak olan Həbib də 1949-cu ildə kənd orta məktəbini bitirib 2 il sovet ordusu sıralarında hərbi xidmət keçmişdir. O, 1953-57-ci illərdə APİ-nin fizika-riyaziyyat fakultəsində ali təhsil alaraq 1958-ci ildən 2008-ci ilədək Alpan kənd orta məktəbində müəllim işləmişdir.
Kəndimizin Hümmətlər kimi köklü nəslinin nümayəndəsi olan Həbib müəllim 1958-ci ildə qonşu kənddən evlənərək ailə həyatı qurmuş və 48 illik evlilik həyatında 4 övlad böyüdüb uzaq diyarlara yola salmışdı…
O, 1992-ci ildə 60 yaşında təqaüdə çıxsa da, 1993-cü ildə Əmək veteranı medalı ilə təltif edilsə də daha 15 il müəllimlik fəaliyyətini davam etdirmişdir.

Sinifdə şagirdlər şuluq salanda, sakitliyi pozanda “aranızda yuxarı kəndlərdən gələn var?!”-deyə, məktəbimizin yuxarı siniflərində sakinləri təhsil alan Qalaxudatla birgə beş (Susay, Gərəy, Uzunmeşə, Kürkün) kəndə işarə etməklə səs-küyün səbəbini soruşar və sonrasında da “Atdan at olar, … qoduq” məsəlini çəkməklə “bilinməyən baiskarı” tənbeh edərdi .
İşlədiyi müddətdə xeyli savadlı şagirdlərin və gələcəyin peşəkar mütəxəssislərinin yetişməsində əməyi olan Həbib müəllim hal-hazırda Moskva şəhərində, oğlu Ceyhunun himayəsində ömür sürməkdədir. Allahdan ona can sağlığı və 90 yaşını Vətəndə də qeyd etmək qisməti arzulayırıq.
Hörmətlə, şagirdiniz C.A.Albantürk.






















