“Mən bir insan ömrünü, şərəfli zabit ömrünə dəyişdim”-Aqil Məlikov.
…Hər insan həyatı bir hekayədir…kimisi xoş ,kimisi isə faciəvi sonluqla bitər…
Ömrünü Vətənə həsr edən insanların həyatının sonunda qəhramanlıqlarla dolu bir hekayə başlayır, bəli bitməyir başlayır…
…Aqil əyninə ilk dəfə hərbi formanı 2005-ci ildə hərbi ali məktəbdə geyinəndə içindən qürur dolu qəribə hisslər keçirib köks ötürdü, çünki arzusu hüquqşünas olmaq idi. Amma indi əyninə hərbçi geyimi geyinmişdi, bilirdi ki qarşısında çətin, şərəfli, enişli-yoxuşlu və uzun bir yol başlayır. Hətta seçimi də var idi. Ən rahat kresloda oturub illərini başa vurub təqaüdə çıxmaq. Lakin uzaqlara baxan kədərli gözləri həsrətlə nəyə isə dikilib qalmışdı. Onu çəkən, çağıran Qarabağ idi…
Gənc hərbçinin sinəsində yetkin bir kişi ürəyi qisas hissi ilə döyünürdü…
…Qanı qanla yuyarlar deyib sakitcə əlini çamadanına uzatdı. Üst geyimlərini səliqə ilə çamadana yığmağa başladı. Qərarı qəti idi. Ön cəbhəyə getmək və düşmənlə mübarizə aparmaq.
Körpə qızının və oğlunun üzündən öpüb qapıya doğru addımladı.
-Hara gedirsən, ata?!
Sual verən körpə oğlu idi.
…geri qayıdıb oğlunun saçını sığallayıb üzündən öpdü.
-İşə gedirəm oğlum, darıxma az qalıb sən ən azad ölkənin vətəndaşı olacaqsan, mənim balam.
Oğlu atasını bərk-bərk qucaqlayıb dolmuş gözlərini onun çiyninə sıxdı.
………
“-Salam,şair!
-Oooo salam, cənab mayor.
-Qəribədir, sən mənim mayor rütbəsi aldığımı hardan bilirsən? Heç anama, atama deməmişəm.
-Narahat olma mənim öncə görücülüyüm var-deyib gülümsədim.
-Mənə kitablarından saxla mütləq alacam.
-Baş üstə-dedim.”
Aramızda səmimi bir ünsiyyət yaranmışdı, dost olmuşduq.
……….
27 sentyabr 2020 ci il, isti bir payız səhəri idi.
Sınıq, sökük daxma kimi sığınacaqda termosundan isti çayını təzəcə süzmüşdü, iri çaplı silahlardan atılan atəş səslərinə dik atıldı və cəld çölə qaçdı.
Yenə ermənilər çirkin əməllərini həyata keçirib güllə yağışı yağdırırdılar.
Telefonu götürüb tələsik atasına yığdı. “Ata, döyüş başlayıb, anama heçnə demə. Özünüzə yaxşı baxın” deyib telefonu söndürdü.
Hücum əmrini özü özünə verdi.
-HÜCUMMM…
Qoşunun önündə özü qaçmağa başladı və ilk düşmən səngərini uğurla ələ keçirib “biz qalib gəldik!!!” deyərək nərə çəkdi.
İlk qalibiyyət, ilk zəfər bayrağı sancılacaq zirvə fəth olunmuşdu. Əskərlər komandirlərinə sevinclə, fəxrlə baxırdılar.
Qarşıda daha təhlükəli düşmən səngərləri var idi. Ona görə də bir az dincəlmək qərarına gəldi.
Füzuli rayonunun 4 kəndini düşməndən bir neçə saatın içində azad edib, Füzulinin Qaraxanbəyli kəndinə daxil olub düşmən səngərinə hücüm etməyi ilə erməni zabitini elə səngərdəcə boğması bir neçə dəqiqə çəkdi. Elə həmin an səngərə qəfil atılan naməlum mərmi səngərin altını üstünə çevirdi…
…Hələ azca nəfəsi gedib-gəlirdi, zorla dodaqlarını tərpədib pıçıldadı: “Mən bir insan ömrünü, şərəfli zabit ömrünə dəyişdim” və gözlərini əbədi bu dünyaya qapadı. İkinci mərmi partlayışı yerdə uzanan əsgərləri tanınmaz hala salmışdı…
“-Bu nədir belə, cənab mayor, boynundan asmısan? Dolu gülləni boyundan asmaq təhlükəli deyil?
-Dolu deyil, şair, boşdu içində adım var. Döyüşdə tanınmaz hala düşsəm güllənin içindəki adla kimliyimizi tanımaq üçündür …”
…Gülləni açıb içindən “Məlikov Aqil Niyaz oğlu” yazılmış kiçik kağız tikəsini çıxardılar…
…..
Birinci Qarabağ müharibəsindən bəri Quba rayonu Alpan kəndində belə bir izdiham yaşanmamışdı. Kənd ikinci Qarabağ müharibəsinin ilk şəhidini qarşılayırdı…
Hər kəsin üzündə ağrı, kədər sürünürdü.
Bir şəhidin hekayəsi başlayırdı …
-Neçə yaşın var, cənab mayor?
-1986-cı ilin 6 apreldə doğulmuşam.
-Hələ çox gəncsən…
-Hə,amma özümü çox qoca hiss edirəm,bəlkə bir gün çay içək, şair?
-Sənin kimi qəhraman bir zabitlə çay içmək mənə şərəf olar.
Müəllif: Firəngiz SabirQızı