Bir kəndin ki, çobanı ingilis dilində danışır …

696


    Onunla planlaşdırdığımız kimi məktəbin foyesində görüşdük. Əlində “Zaman” qəzetinin sonuncu sayı  və yeni çapdan çıxmış kitabı var idi. Görüşdük. Hal-əhvaldan sonra kitabını və qəzeti təqdim etdi,qəzetdə sonuncu məqaləsinin olduğunu bildirdi.

    Rayonumuzun və kəndimizin sayılıb- seçilən, qabaqcıl müəllimlərindən olan insanla söhbətimiz istədiyim məcrada gedirdi. Hər kəlməmi diqqətlə dinləyir və məsləhətlərini verirdi. Onunla söhbətimiz yarım saat zaman kəsiyində olmasına baxmayaraq çox məsələnin müzakirəsinə toxuna bildik. Onun kəndimizə,əqidəmizə, adət-ənnələrimizə necə bağlı insan olduğuna bir daha əmin oldum.

    Müəllim adının qiymətdən düşdüyü bir zamanda bu adın müqəddəsliyini qoruyub saxlamağı bacaran bu insanın şairlik qabiliyyətindən az adam xəbərsiz olar. Onun şeirləri ilə tanışlığım məktəb illərinə təsadüf edir. Doxsanıncı illərdə “Kirpi” jurnalında onun Sabiranə şeirləri tez-tez dərc olunurdu. Hal-hazırda dövrü mətbuatda davamlı olaraq məqalələri,yazıları çap edilir. “Zaman” qəzetində əxlaqi-tərbiyəvi məzmunlu yazılarını mütamadi olaraq izləmək olar. Sadə dilli,eşidib gördüyü,yaşadığı və uzun illərin axtarışları olan araşdırmalarla, hadisələrlə,kəndimizlə və camaatı ilə bağlı əhvalatlarla dolu  olan yazılarına diqqət göstərməmək mümkün deyil. “…Xəcalət çəkə-çəkə yazıram” deyən təvazökar ziyalımızın bu günədək “Nələr Olmur Dünya Səndə”(2008), ”Oğurlanmış Həqiqət”(2011), ”Evin Şüşədəndirsə”(2013) kitabları çap edilib. Qubada fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisinin üzvüdür. Bundan əlavə “A Book of Antonyms and Synonyms”(2007), ”A handbook on the Use of Articles”(2009) kitabları çap olunub.

    Haqqında məlumat vermək istədiyim insan rayonumuzun və kəndimizin sayılıb seçilən ziyalılarından olan Rahib müəllimdir. Şeirlərini və yazılarını “Rahib Alpanlı” təxəllüsü ilə yazan Sədullayev Rahib Əlimurad oğlu 1956-cı ildə füsunkar təbiəti olan Alpan kəndində anadan olub. Atası çoban olsa da uşaqlıqdan arzusu müəllim olan bu cavan oğlan kənd məktəbini 1973-cü ildə fərqlənmə ilə bitirdikdən sonra Xarici  Dillər İnstitutuna qəbul olunur və oranı 1978-ci ildə fərqlənmə ilə bitirir. İngilis dili müəllimi ixtisasına yiyələnən müəllim əmək fəaliyyətinə rayonun Digah kəndindən başlayır. On yeddi il orada işləyir.1994-cü ildə kəndimizə təyinat alır və bir il kənd orta məktəbində ingilis dili müəllimi işlədikdən sonra 1995-ci ildən bu günədək Quba rayonunda fəaliyyət göstərən Quba Özəl Türk Liseyində gələcək nəslin nümayəndələrinə ingilis dilini tədris edir.

    Ali kateqoriyalı müəllim,25 may 2007-ci ildən isə Qabaqcıl Təhsil İşçisi kimi çalışan Rahib müəllim SELT,ZAMBAK,OXFORD TEACHERS’ACADEMY-nin təkmilləşmə kurslarını bitirib, TOEFL,İELTS imtahanlarından lazımi bal toplayıb. Bunları yazmaqda məqsədim odur ki, Rahib müəllim həmişə oxumuş , öyrənmiş və öyrətmişdir. Hal-hazırda müəllimin onlarla yetirmələri var. Onlar ölkəmizdə və ölkəmizdən kənarda fəaliyyət göstərirlər.

    Rahib müəllim deyir ki, çobanın oğlu müəllim olursa müəllimin oğlu alim olmalıdı. Bu onun həyat amalına çevrilmişdir.

    Rahib müəllimlə bağlı bir əhvalatla fikrimi yekunlaşdırmaq istərdim. Bir dəfə Rahib müəllim, qoyun nobatında olanda yolun kənarında bir xarici turist ona yaxınlaşır və əl-qolla ona nəyisə başa salmaq istəyir. Rahib müəllim onunla ingilis dilində danışmağın lazım olduğunu bilir və nə istədiyini soruşur. Sonralar həmən o xarici qonaq öz xatirələrində yazırdı: “…bir kəndin ki,çobanı ingiliscə danışır…”.

Müəllif: İlkin R. Balayev