Sadıq müəllim: Məndə isə nə o vardı, nə də bu…

488
Sadıq müəllim

    Bizə cəbr və həndəsə fənlərini sevə-sevə öyrədən müəllimin adı Sadıq, soyadı Qasımov idi. Artıq neçə ildir ki, o, haqq dünyasındadır. (Allah rəhmət eləsin). Bizim Sadıq müəllim digər müəllimlərə bənzəməzdi. Onun özünəməxsus tədris, tərbiyə metodları var idi… Özü də həmişə əlində dərslərində istifadə etdiyi transportir (bucaqları qurmaq və ölçmək üçün istifadə edilən alət) olardı.

    Sadıq müəllim mənim yaddaşımda təkcə riyaziyyat müəllmi kimi deyil, həm də şeir, poeziya həvəskarı kimi qalıb. Elə bu xüsusiyyətinə görə, o, digər riyaziyyat müəllimlərinə bənzəməzdi. Belə ki, o, Nizaminin, Ömər Xəyyamın, Sabirin, Səməd Vurğunun, Rüfət Zəbioğlunun şeirlərinin hamısını demək olar ki, əzbərdən bilirdi. (Özü də hərdən şeir yazırdı). Hətta bəzi ədəbiyyat müəllimləri onun yanında şeir deməkdən çəkinərdilər. Məclislərdə, digər tədbirlərdə də yeri gələndə onlardan nümunələr söyləyərdi. Yadıma düşmüşkən, Sadıq müəllim özünəməxsus deyimləri, kəlamları, duzlu-məzəli söhbətləri ilə yaddaşlara həkk olunan, kəndimizdə “kefcil Ömər”, “Ömər qağa” kimi tanınan Ömər Əhmədovdan (1906-?) da çox söhbət açardı. Məsələn, Ömər kişi ilə bağlı bu söhbəti ondan eşitmişdim: “Alpan kənd fermasındakı geriləməni aradan qaldırmaq məqsədi ilə ora yeni müdür təyin olunur. Bir neçə ay keçməmiş qoyunçuluq fermasının vəziyyəti daha da pisləşir. Bir gün Ömər kişinin yolu həmin fermaya düşür. Görür ki, fermanın həyətində çoxlu qoyun dərisi sərilib. Odur ki, üzünü müdirə tutub deyir:

A ərmisən, ərmisən,

Aslanmısan, nərmisən?

Üç ay deyil gəldiyin

Nə çox dəri sərmisən?

Sadıq müəllim

     “Məndə isə nə o vardı, nə də bu”

    Bir dəfə Sadıq müəllimgilə getmişdim. Adını xatırlamadığım bir uşaq əlindəki “Nağıllar” kitabını açıb oxumağa başlayanda Sadıq müəllim içəri girdi. Toy məclisindən qayıdırdı. O, mənimlə salamlaşandan sonra uşaqdan soruşdu: “Nağıllar necə başlayır?” Uşaq diqqətlə Sadıq müəllimə baxaraq dedi: “Bunu bilməyə nə var ki? Əlbəttə, biri vardı, biri yoxdu ilə”. Sadıq müəllim: “Məndə isə nə o vardı, nə də bu”, – deyərək üzünü mənə tutub:

Gör bir nələr gəldi tənha başıma,

Fələk də baxmadı heç göz yaşıma,

Top-tüfənglə çıxdı mənim qarşıma

Məndə isə nə o vardı, nə də bu… deyərək əlavə etdi: “Öz bağımın məhsuludur”.

    …İllər sonra öyrəndim ki, sən demə, Sadıq müəllim öz fikrində haqlı imiş.

Sadıq müəllim

    1927-ci ildə dünyaya gəlmiş Sadıq müəllimin uşaqlıq illəri çox kədərli kecıb. Belə ki, atası – Zal bəyin oğlu Əhməd kişi Böyük Vətən müharibəsindən xəstə qayıdıb, çox yaşamayıb. Elə müharibə illərində dünyasını dəyişib. Həyat yoldaşı Mələk xanımın səhhətinin ürəkaçan olmadığını nəzərə alaraq o, belə bir vəsiyyət də edir: anamı və kiçik qızım Saranı Müşkürdəki qohumlarıma tapşırarsınız. Bundan bir müddət sonra isə Sadıq müəllimin anası Mələk xanım da haqq dünyasına qovuşur.

    Beləcə, ailənin (4 bacı) bütün ağırlığı Sadıq müəllim və nənəsi Ağabacının (ona “Bəhərcan” deyərdilər) üzərində düşür.

Sadıq müəllim

    …Aclığın, səfalətin hökm sürdüyü o illərdə Sadıq müəllim bacısı Zibanı Qubadakı, o biri bacısını – südəmər Püstəni isə Bakıdakı uşaq evinə verməli olur. Dərziliklə məşğul olan Rəfiqə isə Qubdakı qohumlarıgilə – Sadıq müəllimin dayısı Zubayılgilə pənah aparır.

    Qeyd edək ki, Sadıq müəllimin Qasımbəylilər şəcərəsinə məxsus atası Əhməd kişi bəy olub. Amma o, kəndimizin digər bəylərindən pul-parasının olmaması ilə fərqlənib. Onların var-dövləti ancaq torpaq sahələri olub. Ona görə də onlara “quru bəylər” deyərdilər. Amma deyilənlərə görə, onlar kasıblara əl tutan kişilər kimi ad çıxarıblar. Sovet dövründə isə onların torpaq sahələri əllərindən alınıb. Rejimin tələblərinə uyğun hərəkət edərək soyadlarındakı “bəy” sözündən imtina ediblər.

   

Sadıq müəllim

  Uzunsaçlı Mələk, molla Ağabacı

    Sadıq müəllimin Qayıbovlar nəslindən olan anası Mələk xanımın uzun hörükləri olubmuş. Hətta o qədər uzun ki… Mələk xanım onu daha da gözəl və cazibədar göstərən hörüklərini stulun üstünə çıxıb darayarmış. Deyilənlərə görə, hərdən atasıgilə yolu düşəndə kəndin qadınları pəncərədən, darvazadan, çəpər arxasından onu oğrun-oğrun süzərlərmiş.

    Mələk xanımın tez dünyasını dəyişməsində pəhləvan cüssəli oğlu Talıbın da faciəsi müəyyən rol oynayıb. Belə ki, uşaqlarla oynayan Talıb kəndirbaz kimi ağacların üstündə gəzərkən yıxılır və evlərinin yaxınlığındakı (o zaman onların evi Rayub müəllimgilin ev yerində olub) dərin quyuya düşür. Haraya hövlanak yetişən Mələk xanım onu xilas etmək məqsədi ilə özünü həmin quyuya atır. Lakin oğlunu xilas edə bilmir. Mələk xanımın özünü isə uzun hörüklərindən birtəhər yapışaraq quyudan çıxarırlar.

    Sadıq müəllimin nənəsi Ağabacı (O, Molla Məhəmmədin bacısı olub) isə dindar qadın olub və məclislərdə Quran oxuyarmış. Onun o zamanlar istifadə etdiyi kitablardan biri indiyədək Sadıq müəllimin kiçik oğlu Sabitgildə qorunub saxlanılır.

    Haşiyə

Sadıq müəllim

    Bu çətinliklərə rəğmən, elə müharibə illərində Sadıq müəllim Qubadakı ikiillik Müəllimlər İnstituna qəbul olunur və riyaziyyat fənninin sirlərinə yiyələnir. O illərdən söz açan Sadıq müəllim deyərdi: “O zaman məktəbdə yeməkdən sonra stolların üzərlərini yığışdırmaq bir qayda olaraq tələbələrə həvalə olunardı. Hər tələbəyə də ayda bir dəfə növbə çatırdı. Tələbələr də stollarda qalmış çörəyi yığıb evlərinə aparardılar. Mənə isə ailə vəziyyətim nəzərə alınaraq bu işi ayda iki dəfə tapşırardılar, O günlər mənim ən sevimli günlərim olardı. Çünki sevinirdim ki, evdəkilər doyunca çörək yeyəcəklər”.

    Bacılarının həsrətinə son qoyur

Sadıq müəllim

    …Sadıq müəllimin, əgər belə demək mümkünsə, əli pul tutan kimi həm də bacılarına sahib çıxır. Belə ki, o, əvvəlcə Zibanı, daha sonra isə 10 yaşa dolmuş Püstəni evlərinə gətirir. O illəri xatırlayan rəhmətlik Püstə xanım bir dəfə mənimlə söhbətində demişdir: “Qardaşım Sadıq hər dəfə yanıma gələndə deyirdim ki, məni buradan apar. Doğrudur, olduğum yerdə bizə yaxşı qulluq edirdilər. Hətta mən violençel (musiqi aləti) sinfinə də gedirdim. Amma kənd, doğmalarım üçün darıxardım. Qardaşım isə hər dəfə imkansızlıqdan şikayətlənirdi. Günlərin bir günü qardaşıma nə desəm yaxşıdır? Dedim, vallah, mən bir qaşıq supla da keçinə bilərəm. Nəhayət, mən üçüncü sinfi bitirəndən sonra qardaşım məni kəndə gətirib. Amma onu deyim ki, o illərdə ailə vəziyyətləri araşdırılandan sonra uşaqları valideynlərinə verərdilər. Sonradan başa düşdüm ki, mənim uzun müddət məktəbdə qalmağımın, daha doğrusu, qardaşımın məni evimizə apara bilməməsinin əsas səbəblərindən biri də bu amil idi”.

    …O, çətin günlərdə Sadıq müəllim təhsilini də unutmur. Belə ki, o, ötən əsrin 50-ci illərində Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirir. Bu məqamda Sadıq müəllimin ali təhsil alarkən başına gələn bir əhvalatı da nəql etmək istəyirəm. Deməli belə. Gəncə tərəflərdən olan Qoşqar adlı bir müəllim Sadıq müəllimin hansısa fəndən kəsmək istəyibmiş. Sadıq müəllim də həmin müəllimi “hədələyərək” deyib:

-Bax, gör sənin başına nə oyun açacağam…

Müəllim təəccüblə soruşub ki, ay bala, sən mənim başıma nə oyun açacaqsan ki?

-Heç, sadəcə oğluma sənin adını qoyacağam, – deyərək Sadıq müəllim ona cavab verib.

Bu cavabdan uğunan müəllim onu kəsməkdən vaz keçibmiş.

    Yeri gəlmişkən, qeyd edək ki, Sadıq müəllimin oğlanlarından birinin adı Qoşqar olub. (O, 6 may 2009-cu ildə dünyasını dəyişib. Allah rəhmət eləsin..)

Sadıq müəllim
Sadıq müəllim
Sadıq müəllim
Sadıq müəllim

     Bir maraqlı tarixçə

    1949-cu ildə ailə qurmağına gəldikdə isə… Bunun maraqlı bir tarixçəsi var. Sadıq müəllim Mülayim adlı bir qızla ailə qurub. Özü də Mülayim kənd məktəbində onun şagirdlərindən biri olub. Hətta Mülayimi o qədər qısqanıb ki, qızcığazın təhsilini davam etdirməyə də imkan verməyib. Belə ki, Mülayim tibb bacısı olmaq istəyib. Məktəbi bitirəndən sonra direktor Daşdəmir (Hacıyev) müəllimdən sənədlərini istəyib. Lakin direktor onu hər dəfə bir bəhanə ilə yola salıb. Sonuncu dəfə isə direktor ona sənədlərinin itdiyini bildirib… Amma Sadıq müəllimlə ailə qurandan sonra Mülayim gəlin gəldiyi evdə öz sənədləri ilə qarşılaşanda hər şey ona bəlli olur. Sən demə, bu, Sadıq müəllimin oyunu imiş.

 

Sadıq müəllim

     Haşiyə

    Bacısı oğlu İskəndər Qayıbovun dediklərindən: “Dayım zarafatcıl bir kişi idi. Bir gün dayıma dedim ki, neçə ildir müəllim işləyirsən, müəllimin tərifini bilirsən? Dayım bu sualıma belə cavab verdi: “Məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs deməkdir”. Dedim, yox, dayı, cibi də vicdanı kimi təmiz olan ziyalı kütləsinə müəllim deyilir. Dayım mənim bu sözlərindən sonra o qədər güldü ki… Handan-hana dilləndi: “Öz aramızdır, şəhər müəllimlərinin hərdən çaxçuxu olur. Bəlkə, o tərifdəki “müəllim” sözünün qarşısına “kənd” sözünü də əlavə edəsən?” Bu dəfə mən o qədər güldüm ki… Dedim, məzən olsun, ay dayı.

Sadıq müəllim

    Oğlunu tənbeh edən müəllim

    Sadıq müəllimin Nəsib adlı oğlu bizim sinifdə oxuyurdu. O, digər fənlərlə müqayisədə atasının tədris etdiyi fənləri daha yaxşı bilirdi. Yeri gələndə sinif yoldaşlarına bu fənlərdə kömək edərdi. O vaxtlar həmin fənlərdən yoxlama yazı işlərində uşaqların əksəriyyəti ondan bəhrələnməyə, daha doğrusu, köçürməyə çalışardı. Nəsib də onlara hər cür şərait yaradırdı ki, yoldaşları aşağı qiymət almasınlar. Bəzən bu kimi səbəblərdən Nəsib səhvlərə yol verər, sonradan yazı dəftərində çoxlu düzəlişlər edərdi. Odur ki, Sadıq müəllim bu pintiliyə görə onu həmişə elə sinifdəcə o ki var tənbeh edərdi. Hətta bütün pedaqoji sədləri keçərək hərdən ona əl də qaldırardı. Təbii ki, belə məqamlarda pərt olan Nəsib göz yaşları tökməklə sakitlik tapardı. Məni isə elə o zamanlar bir sual maraqlandırırdı: axı niyə Sadıq müəllim oğlunu evində deyil, məhz sinifdə, özü də uşaqların gözü qarşısında tənbeh edir? Lakin nə gizlədim, Sadıq müəllimdən çəkindiyimdən ona bu sualla müraciət edə bilmirdim.

    Orta məktəbi qurtarandan sonra günlərin bir günü illərdən bəri məni narahat edən bu sualla çox hörmət bəslədiyim Sadıq müəllimə müraciət etdim. O dedi: “Doğrudur, oğlum Nəsibi evdə də tənbeh edə bilərdim. Lakin mən onu sinifdə – onunla birgə təhsil alan uşaqların yanında tənbeh etməyə üstünlük verirdim. Çünki təcrübəmə əsasən onu deyə bilərəm ki, sinifdə, əgər belə demək mümkünsə, ictimaiyyət arasında edilən tənbeh daha təsirli, daha effektli olur. Bununla mən həm də digər uşaqları tənbeh etmiş olurdum”.

    Qeyd edək ki, Sadıq müəllimin 7 övladı (3 oğlu dünyasını dəyişib) olub. Hamısını ailə sahibi edib. O, 4 aprel 1991-ci ildə dünyasını dəyişib.

 Müəllif: Qvami Məhəbbətoğlu (Rəsulov)

P.S. Yazının ərsəyə gəlməsində göstərdikləri yardıma görə, Sadıq müəllimin qızı Qənimət xanıma, eləcə də İskəndər Qayıbova təşəkkürümü bildirirəm.