Şahmuradov Aqil Şövkət oğlu

847
Aqil Şahmuradov

    1965-ci il oktyabrın 3-də Quba rayonunun Alpan kəndində  anadan olub. 1972-1982-ci illərdə  Alpan kənd  orta məktəbində  orta təhsil almışdır. 1983-1985-ci illərdə  Rusiya Federasiyası Arxangelsk vilayəti Severodvinsk şəhərində hərbi xidmətdə olmuş, 1986-1988-ci illərdə isə Quba rayonu Sabir adına sovxozda fəhlə işləmişdir. 1988-1993-cü illərdə T.Q.Şevçenko adına Kiyev Milli Universitetinin Tarix fakültəsində ali təhsil almış,  tarixçi və tarix müəllimi ixtisaslarına, əlavə olaraq  ispan dili üzrə  tərcüməçi-referent ixtisasına yiyələnmişdir. 1994-1997-ci illərdə  Bakı Dövlət Universitetinin aspiranturasında təhsil almış, 2000-ci ildə “XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Azərbaycanda rusların sahibkarlıq fəaliyyəti”  mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi adı almışdır.

    1995-ci ildə Bakı şəhəri Xətai rayonu 245 saylı orta məktəbdə  pedaqoji fəaliyyətə başlamış, fəaliyyətini 1996-2008-ci illərdə  Bakı Avrasiya Universitetində (əvvəllər Ali Diplomatiya Kolleci, Bakı Diplomatiya Universiteti) davam etdirmiş, burada Xarici əlaqələr şöbəsinin müdiri, kafedra müdiri, dekan müavini, dekan, prorektor vəzifələrində çalışmışdır.  2008-ci ildən Azərbaycan Dillər Universitetində çalışır. Paralel olaraq, 2008-2014-cü illərdə Bakı Dövlət Universiteti Slavyan Ölkələri Tarixi Kafedrasında elmi-pedaqoji fəaliyyət göstərmişdir. Hal-hazırda Azərbaycan Dillər Universiteti   Regionşünaslıq Kafedrasının dosentidir.

     Yetmişdən çox elmi məqalə, tezis, metodik vəsait və fənn proqramının  müəllifidir. Bundan başqa, 2004-2010-cu illərdə Bakı Avrasiya Universitetinin  nəşri olan  “Dünyaya baxış” elmi, nəzəri, praktik jurnalın redaksiya heyətinin üzvü və məsul katibi, 2012-ci ildə Bakı Avrasiya Universitetinin  nəşri olan  “Sivilizasiya” elmi, nəzəri, praktik jurnalın məsul katibi, 2015-ci ildə nəşr edilən “Şamaxı ensiklopediyası”nın hazırlanmasında elmi məsləhətçi olmuş, Azərbaycan Dillər Universitetinin nəşri olan “Beynəlxalq münasibətlərin aktual problemləri” jurnalının redaksiya heyətinin üzvüdür.

    2008-2015-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın eksperti olmuşdur.

    “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxananın və  “1905.az” saytının ispan dili tərcüməçisi və ekspertidir.

 

Müəllifi və ya həmmüəllifi olduğu kitablar:

– T.T.  Vəliyev, A.Ş. Şahmuradov. Slavyan ölkələri tarixi (XIX əsrin ikinci yarısı – XX əsrin əvvəlləri). Dərslik, Bakı, “Vətən” nəşriyyatı, 2012, 565 s.

– Diplomatiya: ensiklopedik lüğət. Bakı, “Diplomat”,  2005, 580 s. (məsul katib və həmmüəllif)

– A.Ş. Şahmuradov. Ermənilər Cənubi Qafqazda (məskunlaşma tarixindən). Bakı,CBS Polygraphic Production, 2015, 136 s.

– А.Ш. Шахмурадов. Армяне на Южном Кавказе (из истории заселения). Баку, CBS Polygraphic Production, 2015, 136 с.

– A. Sh. Shahmuradov. Armenians in the Southern Caucasus (history of settlement). Baku, CBS Polygraphic Production, 2015, 128 p.

– A.Ş. Şahmuradov. Azərbaycan Respublikasının Şərqi və Mərkəzi Avropa ölkələri ilə əlaqələri. Dərs vəsaiti, Bakı, Sahhafçı çap & poliqrafiya, 2017, 230 s.

– A.Ş. Şahmuradov. Argentina tarixi. Dərs vəsaiti, Bakı, 2020, 257 s.

 

Tərcümə etdiyi materiallar

-Al encuentro del día futuro. Bakı, CBC, 2004, 81 s. (Azərbaycan dilindən ispan dilinə tərcümə)

– La bandera de Azerbaiyan a las orillas del East River // Azərbaycan bayrağı İst-River sahillərində. Bakı, “Apostrof” Çap Evi, 2009, s. 375-394 (Azərbaycan dilindən ispan dilinə tərcümə)

Hazırladı:İlkin R. Balayev

Yenilənib:15.06.2020