Səltənət xanım bu dünyaya elə bil xüsusi missiya ilə gəlmişdi. Bacarıqlı akuşerka, gözəl bacı, yaxşı bibi, mehriban qonşu, yaxşı ana, xeyirxah insan olmalı idi. Üstəlik, ətrafındakılara böyüklük, ağbirçəklik etməli idi. Bütün bunlara nail olmaq, eyni zamanda bir ömrə sıxışdırmaq təbii ki çox çətindir. Lakin o, zəhmətdən ikiəlli yapışmaqla, çətinliklərə sinə gərməklə, bəzi nəsnələrdən özünü təcrid etməklə, günündən-saatından kəsməklə öz çalışqanlığı ilə bunlara nail oldu. Və bu səbəbdən kəndimizdə “Xanbibi” ləqəbi ilə tanınan Səltənət xanım könüllərdə yuva qurmaqla aliliyə yüksələ bildi.
Proloq
Səltənət xanım (oxu: Xanbibi) 1926-cı ilin avqust ayının 20-də Alpan kəndində bəy nəslindən olan Zaman Qayıbovun ailəsində dünyaya göz açıb. O, kiçik yaşlarında ikən anası Ayzənət xanım dünyasını dəyişib (1934). Səltənət xanımın anası kəndimizin tanınmış bəylərindən olan Bəybala bəyin qızı olub. Hətta deyilənlərə görə, Ayzənət xanım Zaman müəllimlə ailə qurarkən Bəybala bəy qızına Uzunmeşə kəndini cehiz kimi veribmiş.
Səltənət xanım 1942-43-cü illərdə Alpanda kənd məktəbini bitirdikdən sonra bir müddət kəndimizdəki SELPO deyilən kənd təsərrüfatı məhsulları üzrə satış idarəsində mühasib vəzifəsində çalışıb. Sonradan isə atasının məsləhəti ilə Qubada yeni açılan tibb texnikumuna qəbul olunub. 1951-ci ildə bu məktəbi əla qiymətlərlə bitiriərək akuşerka ixtisasına yiyələnib. Elə həmin ildən də o, Alpan kənd xəstəxanasında əmək fəaliyyətinə başlayıb. Bura Səltənət xanım üçün, necə deyərlər, ikinci məktəb olub. Xəstəxanada çalışdığı müddətdə o, yüzlərlə ailəyə övlad sevinci bəxş edib. Onların arasında Gərəy, Susay, Kürkün, Uzunmeşə sakinləri də olub.
Seçilən qadın
Səltənət xanım öz bacarığı, dünyagörüşü ilə öz nəslinin digər nümayəndələrindən fərqlənib.
Hətta deyilənlərə görə, bu və digər işi müşkülə düşəndə atası Zaman müəllim də ağır, sanballı davranışı ilə hamının hörmətini qazanmış Səltənət xanımın məsləhətlərinə ehtiyac duyarmış. Deyilənlərə görə, ona “Xanbibi” ləqəbini də elə Zaman müəllim veribmiş. O, kəndimizdə bu adla da tanınıb. Hətta övladları onun həqiqi adının “Xanbibi” olduğunu biliblər. Şəxsən mən bu yazı ilə bağlı əlaqə saxladığım şəxslər də Səltənət xanımı deyil, “Xanbibi”ni xatırladıqlarını dilə gətirdilər.
Haşiyə
Bir dəfə atamın “Şəfəq” qəzetində (16 sentyabr 1980-ci il) Səltənət xanımın faəliyyəti ilə bağlı yazdığı “Səltənət bacı” adlı yazını oxuyandan sonra dedim:
-Axı hamı ona “Xanbibi” deyir, amma sən onu Səltənət xanım kimi təqdim etmisən. Heç bir cümləndə də “Xanbibi” kəlməsini işlətməmisən?
Atam dedi:
-Mən hətta yazının adını elə “Xanbibi” qoymuşdum, amma redaksiyadan bildirdilər ki, belə olmaz… Əsaslandırdılar ki, guya bu, onların prinsiplərinə uyğun gəlmir. Odur ki, mən də onların dediklərinə əməl etdim. Dedim, təki bu xanım haqqında yazı dərc olunsun.
Dostluqdan qudalığa gedən yol
O ki qaldı Səltənət xanımın kəndimizin məktəbində kimya-biologiya fənnini tədris etmiş Kasbaba müəllimlə ailə qurmağına… Bu məsələdə Zaman müəllim, eləcə də Kasbaba müəllimin atası Şahbaba kişinin rolu olub. Belə ki, onlar bir-biri ilə möhkəm dost olublar. Hətta Şahbaba kişi dostu Zaman müəllimgilə gələndə hər dəfə Səltənət xanıma: ”Gəlinim” deyə müraciət edər, üstəlik: ”Səni oğluma alacağam”, – deyərmiş”. Elə bu dostluq, bu münasibət də sonradan qudalıqla, başqa sözlə desək, 1951-ci ildə Səltənət xanımın Şahbaba kişinin oğlu Kasbaba müəllimlə ailə qurması ilə nəticələnib. Onu da qeyd edək ki, onlar ailə quranda Kasbaba müəllimin adı ali savadlıların arasında olmayıb. Belə ki, o, məhz Səltənət xanımın xeyir-duası ilə özünü ali savadlıların sırasına yazdırıb. Belə ki, o, Gəncə Dövlət Pedaqoji İnstitutunda kimya-bioligiya ixtisası üzrə təhsil alıb.
Haşiyə
Şahbaba kişi bir müddət kəndimizdəki puntda müdir vəzifəsində çalışıb. Elə Zaman müəllimin (deyilənlərə görə, Zaman müəllim bir zamanlar buradakı anbarda çalışıb) ikinci dəfə ailə qurmasına da o, vəsilə olubmuş. Belə ki, günlərin bir günü kəndimizdəki punta müəyyən səbəblərdən Ukraynadan gəlmiş və puntda məskunlaşmış qadınlarından birini – Şuranı (Aleksandra Alekseyevna) Zaman müəllimə göstərən Şahbaba kişi bu qadının onun övladlarına yaxşı ana ola biləcəyini söyləyib. Məhz bu tanışlıqdan sonra, daha doğrusu, 1935-ci ildə Zaman müəllim Şura xanımla ailə qurub. Deyilənlərə görə, Şura xanım Zaman müəllimin qızlarına – Səltənət və Asiyəyə əsil analıq edib. Qeyd edək ki, Zaman müəllimin ikinci həyat yoldaşından iki övladı – Kənan (1936) və Aliyə (1940) olub.
Səltənət xanımın səltənətindən bəzi məqamlar
Qızı Veneranın xatirələrindən: “Biz övlad kimi anamızla çox ünsiyyətdə olmamışıq. Çünki o, demək olar ki, bütün günü iş başında olardı. Elə bu kimi səbəblərdən onunla heç doyunca söhbət də edə bilmirdik. Yaxud da şirin söhbət zamanı kimsə gəlib onu xəstə yanına çağırardı. Anam da cəld evi tərk edərdi. Bu mənada anam bütün günü, əgər belə demək mümkünsə, ora-bura qaçardı. Elə bu səbəbdən onunla başladığımız o qədər söhbətlərimiz yarımçıq qalıb ki…
Buna rəğmən, anam gününü elə bölməyə çalışardı ki, bir qadın kimi üzərinə düşənlərin öhdəsindən də gələ bilsin. Məsələn, o, adətən səhər tezdən çörək bişirərdi. İndi də onun bişirdiyi təndir çörəyinin ərtrini hiss etməkdəyəm. Belə vaxtlarda çağırış olanda isə qonşu qadınları – ya Badam xalanı, ya da Reyhan xanımı köməyə çağırardı. Onlar da xəstə yanına gedən anamın işini canla-başla davam etdirərdilər. Onu da deyim ki, anamın zinət əşyalarına marağı olmayıb. Hətta dəbdəbəli geyinməyi də xoşlamazdı”.
Haşiyə
Sözün düzü, Venera xanımın anası ilə bağlı dediyi digər fikirləri bu şəkildə davam etdirməkdə çətinlik çəkdim. Çünki onun digər fikirləri mənə bayatılar kimi göründü. Odur ki, onları bu formada, daha doğrusu, poetik əhval-ruhiyyədə nəzmə çəkməyə çalışdım.
Yazım boran, qar olub,
Gül-çiçəyim xar olub.
Sən gedəli, ay ana,
Dünya mənə dar olub.
Görünən o dağ imiş,
Dağ döşü yaylaq imiş.
Anadan ayrı qalan
Nə yaman ağlar imiş.
Hər an həyəcan gördüm,
İş üçün qaçan gördüm,
Mən biçarə doyunca
Üzünü haçan gördüm?
Ay ana, “amin” dedin,
Amini əmin dedin.
Hər dünyaya gələnə:
“Kəm olsun qəmin”, – dedin.
Deyirəm yana-yana,
Mən gedəndə bir yana.
Görənlər oxşadırlar
Məni sənə, ay ana!
Düşsən də çox çətinə,
Dayaq oldun kəndinə.
Amma həyatın boyu
Qalmadın öz qeydinə.
Bəzəyin ismət olub,
Gördüyün hörmət olub.
Şübhəm yoxdur, ay ana
Məkanın cənnət olub.
Ömür-gün sirdaşımla,
Bacımla, qardaşımla,
Bir “Xanbibi dastanı”,
Yazıram göz yaşımla.
İşdə də prinsipial olub
Venera xanımın sözlərindən bir neçə məsələ də aydın oldu. Belə ki, o illərdə Qubadakı xəstəxanada çalışan Sunitskaya, Zaidova kimi ginekoloqlar biləndə ki, Alpan kənd xəstəxanasında növbədə öz bacarığı ilə seçilən Səltənət xanımdır, onlar doğuş ərəfəsində olanı rayon mərkəzinə gətirməyə qoymazlarmış. Bu da onların Səltənət xanıma güvəncindən irəli gəlib.
Sən demə, Səltənət xanım həm də prinsipial bir qadın olub. Bir sözünün iki olmasını əsla xoşlamazmış. Odur ki, bir kimsə onun bir sözünü iki etməyə çalışmazmış. Hətta o, işdə də öz prinsipiallığı ilə seçilən tibb bacısı olub.
“Tərəqqi” medallı, Əməkdar həkim Cabir Məmmədovun yaddaşından: “Öz işinin
vurğunu olan Səltənət xanım, iş başında da prinsipial idi. Mən şəxsən bir neçə dəfə bunun şahidi olmuşam. Məsələn, mən heç bir əsas olmadan (sonradan mən öz işimə bərpa olundum) rayon xəstəxanasındakı işimdən uzaqlaşdırılandan sonra bir müddət kəndimizin xəstəxanasında fəaliyyət göstərməli oldum. Amma bəzi səbəblərdən ilk günlər işə çıxa bilmədim. Bu da baş həkimin xoşuna gəlmədi. Hətta məsələm kənd xəstəxanasının həmkarlar təşkilatında (Səhv etmirəmsə o zaman Səltənənət xanım həmkarlarda önəmli vəzifə tuturdu) müzakirəyə çıxarıldı. Amma həmin tədbirdə Səltənət xanım qəti mövqeyini ortaya qoyaraq bildirdi ki, biz Cabir Məmmədovun işə çıxmamasına başqa don geyindirə bilmərik. Təbii ki, onun bu sözləri baş həkimin xoşuna gəlmədi. Odur ki, baş həkim hirsli halda, özü də: “Düz etmirsiniz”, – deyərək otağı tərk etmək istəyəndə Səltənət xanım ona bu sözləri də dedi: “O, bizim qucağımızda böyüyüb. Biz öz uşağımıza qənim kəsilə bilmərik”.
strong> Səltənət xanımla birgə çalışmış Sara Zülfüqarovanın xatirələrindən: Səltənət
xanım heç vaxt kimsədən küsülü qalmazdı. Ümumiyyətlə, belə şeyləri xoşlamazdı. Həmişə çalışardı ki, öz işi ilə, davranışı ilə nümunə olsun. Hətta mən deyərdim ki, əgər belə demək mümkünsə, bəyliklərindən gələn qüruru saxlamağa çalışardı. Onu da deyim ki, səhv etmirəmsə, o, kəndimizin ilk təhsilli akuşerkası olub.
Maarif Əmikişiyevin yaddaşından:Qonşuluğumuzda yaşayan Səltənət xanım bir xəstə barədə məlumat alan kimi həmin anda özünü ona yetirərdi. Daha xüsusi dəvət-filan gözləməzdi. Hə, onu da deyim ki, Səltənət xanım, sözün həqiqi mənasında, kişi xarakterli qadın idi. Heç kəsdən heç nədən çəkinməzdi. Sözü düz üzə deyərdi. Bu mənada o, zabitəli bir xanım idi. Bir də onun haqqında bu sözü deyə bilərəm: “O bir evdən yox, bir eldən getdi”.
Neman Qədirbəylinin xatirələrindən: “Xanbibi” kimi tanıdığımız Səltənət xanım əsl bəy qızı idi, necə deyərlər, əsilzadə idi. Hamının köməyinə çatmağa çalışardı. Məsələn, günlərin bir günü anam möhkəm xəstələnmişdi. Anamın yanına gələn Xanbibi ona lazımı yardım göstərməklə yanaşı, öz dəyərli məsləhətlərini də verdi. Hətta mən deyərdim ki, Səltənət xanımın məsləhətləri də etdiyi müalicədən az rol oynamırdı”.
Yeri gəlmişkən, qeyd edək ki, Səltənət xanım yalnız bir tibb bacısı kimi tanınmayıb. Belə ki, o həm də kəndimizdə bir həkim funksiyasını da yerinə yetirib. Ağır xəstələrə belə şəfa verib. Məsələn, eşitdiyimə görə, Səltənət xanımın qonşuluğunda Nizaməddin kişinin Esmira adlı qızı (o, hazırda Rusiyada yaşayır) ağır vəziyyətdə olubmuş. Hətta iki gün əgər belə demək mümkünsə, ölümlə çarpışıbmış. Məhz Səltənət xanımın doğru diaqnozu və müalicəsi sayəsində o, əgər belə demək mümkündürsə, yenidən həyata qayıdıb.
Qızı Sürahi xanımın yaddaşından: Anamın bir sıra özünəməxsus xasiyyətləri vardı.
Belə ki, o, qeybət etməz, kimsənin dalınca danışmazdı. Danışanları da xoşlamazdı. Kimsəni özündən incitməzdi. İmkanı daxilində hamıya əl tutmağa çalışardı. Özü də çox ciddi, özünə hörmət qoyan qadın idi. Hə, o həm də vaxt tapan kimi təsərrüfatla məşğul olmağı, tərəvəz bitkiləri yetişdirməyi çox sevərdi. Hərdən bir çiyninə səhəng, əlinə vedrə alıb su gətirməyə gedərdi.
namın 6 övladı olub -4 qız, iki oğul. 1952-ci ildə dünyaya gəlmiş bacım 4 yaşında ikən qızılca xəstəliyindən vəfat edib. Biz, 3 bacı anamın sənətinin davam etdiririk. Belə ki, böyük bacım İradə, (o, 45 yaşında dünyasını dəyişib) Zuğulba sanatoriyasında tibb bacısı kimi fəaliyyət göstərib. Bacım Venera və mən də tibb sahəsi üzrə təhsil almışıq. Hazırda Venera Quba rayon Mərkəzi Xəstəxanasında, mən isə Xaçmaz Mərkəzi Xəstəxanasında çalışırıq. Elə bu səbəbdən də qızlarından söz düşəndə 1999-cu ildə rəhmətə getmiş atam zarafatla deyərdi: “Qızlarım analarına çəkiblər”.
Qızı Venera xanımın yaddaşından: “: Soyuq qış günlərində belə gecə yarısı çubuqla pəncərəmizi döyüb ”Ay Xanbibi, ay Xanbibi”, – deyərək anamı köməyə haraylayardılar. Bu söyləyəcəyimi isə anamdan eşitmişəm. Deməli, belə… Bir dəfə də, gecənin yarısı bir nəfər hamilə yoldaşı ilə bağlı anama müraciət edib. Təbii ki, anam onun sözünü yerə salmayıb və hamilə qadının imdadına yetişib. Amma kişi qız uşağının dünyaya gəlməsindən əsla sevinməyib. Üstəlik, anamı yola salarkən bu gileyini ona da bildirib. Anam da onu başa salmağa çalışıb ki, ay bala, bu Allahın nemətidir, buna görə belə yas tutmağa dəyməz, bu həm də qurbanı olduğuma xoş getməz. Amma həmin adam elə öz fikrində qalıb. Bundan hirslənən anam elə küçənin ortasında ona bir sillə vurur. Və gecənin yarısı evə tənha qayıdıb.
Vəsiyyəti
Bəzi şəxslər çox qəribə və təəccüblü vəsiyyətləri ilə öz adlarını tarixə həkk ediblər. Bu mənada Səltənət xanımın da vəsiyyəti olduqca orijinaldır. Belə ki, o, hələ sağlığında belə bir vəsiyyət edib: “Əgər bütün orqanlarım – gözlərim, qulaqlarım, əllərim, ayaqlarım işlək vəziyyətdə, bir də yataq xəstəsi olmadan bu dünyadan köçsəm, qurban kəsərsiniz”. Səltənət xanım vəfat (1992-cü il yanvarın 16-da) edəndən sonra ailəsi onun bu vəsiyyətinə əməl edib.
Epiloq
Səltənət xanımı mən də tanıyırdım. Mən onu həmişə hara isə tələsən, əgər belə demək mümkünsə, qaçan görmüşəm. Qaçırdı ki, ona ehtiyacı olan xəstəyə şəfa versin, qaçırdı ki, dünyaya uşaq gətirən bir qadının sevincinə şərik olsun. Qaçırdı ki, kimsədən öz mərhəmətini əsirgəməsin, qaçırdı ki, kimə isə ikinci həyat bəxş etsin… Bəli, o, hər gün qaçırdı… Qarlı, şaxtalı havada da, gün adamın başını deşən anlarda da, yağışlı günlərdə də… Səhər də, axşam da… Bu mənada şəxsən o, mənim yaddaşımda “Xanbibi” adlı “Təcili yardım maşını” kimi qalıb.
Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)
P.S. Yazının ərsəyə gəlməsində göstərdikləri mənəvi dəstəyə görə, Səltənət xanımın qızları – Venera xanıma, Sürahi xanıma, eləcə də nəvəsi Mahir bəyə təşəkkürümü bildirirəm.