“Səmaya qalxanda başqa Zaur oluram”

461
Zaur Balayev
Zaur Balayev

    Sözün düzü, göylərə vaqif olan bu şəxslə həmsöhbət olmaq mənə də maraqlı gəlirdi. Odur ki, bu göy adamını, quş kimi qanad çalıb, səmanın dərinliklərinə baş vuran həmkəndlimi çoxdan axtarırdım. Lakin müəyyən səbəblərdən onunla əlaqə saxlaya bilmirdim. Bu günlərdə, daha doğrusu, dekabrın 15-də (2020-ci il) Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif olunması barədə imzaladığı Sərəncamda onun, yəni söhbət açacağım şəxsin-polkovnik-leytenant Balayev Zaur Zakir oğlunun adını görəndə bu “iztiraba” son qoymaq qərarına gəldim. Lakin respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş bu səma şahini ilə məlum səbəblərdən, daha doğrusu, koronavirus pandemiyası ucbatından üzbəüz görüşə bilmədim. “Görüşümüz” telefon vasitəsilə baş tutdu. Ünvanladığım suallara verdiyi cavablardan hiss etdim ki, onun həm də fikrini yaxşı çatdırmaq qabiliyyəti də var.
Qısa arayış
    Balayev Zaur Zakir oglu 12 dekabr 1982-ci ildə Alpan kəndində dünyaya gəlib. Alpan kənd tam orta məktəbini bitirəndən sonra, daha doğrusu, 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəcilik Məktəbinə daxil olub. 2005-ci ildə həmin məktəbi bitirib və leytenant rütbəsində Dövlət Sərhəd Xidmətinin Aviasiya dəstəsində vertolyot pilotu kimi çalışmağa başlayıb. Bu müddətdə müxtəlif vəzifələrdə fəaliyyət göstərən polkovnik-leytenant Zaur Balayev hazırda hərbi hissə komandirinin müavinidir.
“Hər uçuşu ilk uçuş kimi qəbul edirəm”
– Hərbçi pilot olmaq qərarına gəlməyiniz necə olub?
– Orta məktəbin 9-cu sinifini bitirdikdən sonra hərbçi olmaq qərarına gəldim. Şübhəsiz, bu seçimimdə ərazilərimizi öz havadarları ilə birgə işğal etmiş erməni vəhşilərinə olan nifrətim önəmli rol oynayıb. Amma etiraf edim ki, arzumun gerçəkləşməsində hərbi hava qüvvələrində çalışan həmkəndlimiz, polkovnik-leytenant Arzum Muradovun məsləhətləri, sözün həqiqi mənasında, mənə stimul verib. Hətta deyərdim ki, onun sayəsində aviasiyanı sevdim. Onu da bildirim ki, ilk dəfə helikopteri məlum olmayan səbəblərdən kəndimizdəki stadiona eniş edərkən görmüşdüm.

Balayev Zaur
Balayev Zaur

– Deyirlər, aviasiya olduqca çətin sahədir…
– Elədir, ümumiyyətlə, hər bir peşənin öz gözəlliyi, məsuliyyəti və çətinlikləri var. Amma aviasiya elə bir sahədir ki, burada ən çox zərgər dəqiqliyi də tələb olunur. Aviasiya elə bir sahədir ki, bu yolda ilk başdan kimsə sənə istiqamət verir. Amma sonra hər şey sənin özündən asılı olur. Necə deyərlər, həyatın, taleyin öz əlində olur. Ona görə də bu sahənin ən incə detail ilə bağlı hər şeyi bilmək məqsədi ilə mütəmadi çalışmalısan.
– Uçuş zamanı yerdəki Zaurla göydəki Zaur arasında hansı fərqlər olur?
– Ümumiyyətlə, səmaya qalxanda sanki başqa bir Zaur oluram. Əgər belə demək mümkünsə, göydə şturval arxasında olanda yerdəki Zaurdan əsər-əlamət qalmır. Unutmayın ki, uçuş çətin, həyəcanlı, həm də olduqca məsuliyyətli prosesdir. Qərar vermə, diqqətin paylanması, uçuşun idarə edilməsi, heyətin və sərnişinlərin həyatının təhlükəsizliyi… Odur ki, bir helikopter pilotu kimi hər uçuşu ilk uçuş kimi qəbul edirəm.
“Ağlıma da belə gəlməzdi ki…”
-Səhv etmirəmsə, siz kəndimizin ilk hərbçi pilotusunuz…Yəqin kəndimizin üzərində dövrə vuran ilk həmkəndlim də siz olmusunuz.
-Sözün düzü, ağlıma da belə gəlməzdi ki, mən nə vaxtsa kəndimizə yaxşı mənada yuxarıdan, yəni göydən baxa biləcəyəm. Nə xoşbəxtəm ki, Allah bunu mənə nəsib etdi.
– Həmin anlardan keçirdiyiniz hisslərdən bir qədər ətraflı söz açasınız?
– Sözün düzü, mən sanki cənnəti görmüş kimi oldum. Dərəli, təpəli kəndimizin sıra ilə düzülən evlərini, kəndin mərkəzindəki məcidimizi və onunla paralel ilk qələm tutmağı öyrəndiyim ibtidai məktəbi göylərdən seyr etmək başqa bir aləmdir. Evimizin üzərindən ilk dəfə keçərkən anamın, eləcə də qonşuların qapıda dayanıb mənə əl yelləməsi yaddaşıma elə həkk olunub ki… Nə isə, bütün bunları vəsf etmək üçün isə şairlik istedadı olmalıdır.

Balayev Zaur Zakir oğlu
Balayev Zaur Zakir oğlu

– Anadan söz düşmüşkən…Bəlkə ailənizdən də bir qədər söz açasınız?
– Anam Təranə xanım mənim varlığımdır. Yəqin bilirsiniz, mən 10 yaşımda olanda Quba şəhərində mühasib kimi fəaliyyət göstərən atam Zakir dünyasını dəyişib. Bu bizə cox böyük bir zərbə olub. İllər boyu onun yoxluğuna inana bilməmişik. Bu gün onun qoxusunu anam Təranə xanımdan alıram. O anamdan ki, gecəsini gündüzünə qatıb 6 övladını saxlayıb. O anamdan ki, öz zəhməti ilə 5 bacımı ev-eşik sahibi edib. O anamdan ki, o, həyatımda gördüyüm ən güclü, ən qüvvətli bir insandır. Odur ki, onun qarşısında hər zaman baş əyməyi özümə şərəf bilirəm. Amma nə gizlədim. Anam mənim hərbçi pilot olmağımı istərmirdi. Deyirdi ki, ailənin tək oğul övladısan, başqa bir işin qulpundan yapış. Amma o, mənim bu sahəyə olan sevgimin qarşısında son anda təslim oldu və mənə öz xeyir-duasını verdi.
Göyün öz çətinlikləri var
– Yenə göylərdədir xəyalın. Yəqin ki, bu məşhur ifadədən xəbəriniz var. Bəs sizin xəyalınız nə vaxt göylərdə olur? Yoxsa bu ifadə sizin üçün adiləşib?
– Demək olar ki, həftənin 5-6 günü uçuşlarda oluram. Bu mənada mən heç zaman göylərin xəyalı ilə yaşamıram. Yəni dediyiniz kimi, bu ifadə mənim üçün artıq adiləşib…
-Elə isə göydə hansı çətinlikləriniz olur? Hansısa çətinliklərl qarşılaşmışsınızmı?
– Bəri başdan deyim ki, pilotun psixoloji vəziyyəti daim yüksək səviyyədə olmalıdır. O, həm də soyuqqanlı olmalıdır ki, uçuş zamanı yarana biləcək ekstremal vəziyyətlərdən çıxış yolunu tapmaqda çətinlik çəkməsin. Bunun üçün verilən gündəlik mövzuların, qarşıya qoyulan tapşırıqların mənimsənilməsi üçün öz üzərində çalışmalıdır. Uçuşlar isə hər zaman fərqli olur. Hər uçuşda nəsə yeni bir şeylə qarşılaşırsan. Belə anlarda pilotun situasiyaya uyğun qərar qəbul etməsi cox önəmlidir. Onu da deyim ki, pilot bir saniyə içində 2-3 qərar vermək qabiliyyətinə malik olmalıdır. Ona görə də pilot seçilərkən ən xırda detalları belə böyük önəm verilir. Məsələn, bizim hərbi məktəbə 800 nəfər daxil olmuşdu, bu sahə üzrə onlardan 25 nəfər secildi. Məktəbi bitirəndə növbəti secimlər oldu. Həmin 25 nəfərin arasından 6 nəfər pilot seçildi. Mən də seçilmişlərin arasında oldum. Qalanları isə texniki heyətə təyin olundu. Yəni bu sənətə təkcə sevgi kifayət etmir…
-Yəqin ki, bir uzman hərbçi pilot kimi təcrübənizdən bəhrələnənlər də var…
-Bəli, bir zamanlar uçuşları öyrənən hərbçi pilot Zaur Balayev bu gün pilotlar yetişdirir. Yəni pilotların sırasına yeni qatılan heyətə uçuş prosesində qarşılaşa biləcəkləri çətinlikləri necə aradan qaldırmağı öyrədirəm. Onlara xeyir-dualar verirəm.
-Bəs övladlarınızdan sizin yolunuzu davam etdirmək istəyən varmı?
-İki oğlum var. 11 yaşlı oğlum həkimlik həvəsindədir. 9 yaşlı oğlum isə mənim ardıcılım olmaq fikrindədir.

Pilot Zaur Balayev
Pilot Zaur Balayev

“44 günün zəfərində mənim də payım var”
-İşğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatlarında, daha doğrusu, Vətən müharibəsində iştirak etmisiniz. Bəlkə, bu barədə də bir neçə kəlmə danışasınız..
– Bəri başdan deyim ki, “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı şanlı qələbə müasir müstəqil dövlətimizin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin əyani təsdiqi idi. Bu münasibətlə keçirilən Zəfər paradı 44 günlük haqq savaşımızda Silahlı Qüvvələrimizin güc-qüdrətini, həmçinin xalq-Prezident-ordu birliyinin sarsılmazlığını bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. Seviniərm ki, bu zəfərdə helikopter pilotu kimi mənim də müəyyən payım var. Amma bununla bağlı konkret detallara varmaq istəməzdim. Sadəcə onu deyə bilərəm ki, Vətən müharibəsində keçdiyim yol “Vətən uğrunda” medalında özünü ehtiva edir.
    Yeri gəlmişkən, Vətən müharibəsində şəhid olmuş hər bir kəsə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm. Əldə edilən zəfər üçün biz onlara minnətdar olmalıyıq. Belə övlad yetişdirmiş hər bir ananın isə əllərindən öpürəm.

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)