Səməni, saxla məni
Hər il göyərdərəm səni.
Bizim Quba zonasında eləcə də kəndimiz Alpanda Novruz ərəfəsində səməni göyərdilir və ondan çox dadlı iki təam hazırlanır. Bunla
rdan biri Səməni Halvası, digəri isə Səməni Suyu (horrası) adlanır. Sizə bu iki təamın hazırlanma texnologiyasını əvvəldən sonadək izah edəcəm.
Səməni üçün xususi seçilmiş ,təmizlənmiş və yuyulmuş buğdanı bir gün suda saxladıqdan sonra onu aşsüzəndə dəsmal arasında üç gün saxlamalı və qulluq etmək lazımdır. Hər gün iki dəfə buğda sulanır. Bu proses buğdanın cücərməsinə kömək edir. Dördüncü gün şişkinləşmiş və partlamış buğdalar 3-4 sm qalınlığında olmaq şərtilə nimçələrə sərilir və üzəri dəsmalla örtülür ki, günəş şüasından uzaq olsun. Günəş şüasından uzaq saxlanılmasının səbəbi hazırlanacaq təamların acı dadması üçündür. Gündə iki dəfə , ilk üç gün çiləmə daha sonrakı günlər isə bol su ilə sulanır. Yeddi-səkkiz gündən sonra səməni cücərmiş olur. Təxminən üç-dörd sm hündürlükdə sarı rəngli bığcıqlar əmələ gəldikdən sonra aşağıdakı ardıcıllıqla səməni təamları hazırlanır. Nənələrimizin belə bir deyimi var: “Sarıköynək oldu, əz bişir”.
Deməli, bu səməni sarıköynək olan kimi nənələrimiz onu taxta üzərində doğrayıb daşla əzrlərmiş. Indiki zamanda biz bunu ətçəkən maşında edirik. Əzilmiş səməni qablara yığılır və suyu sıxılıb saxlanılır. Hazırlayacağımız hər iki təam üçün bu məhluldan istifadə edəcəyik.
Əvvəla Səməni Halvasının hazırlanmasını izah edim:
- 3 kq buğda unu səməni suyunda yoğrulur. Yoğrulmuş xəmir kütləsi hissə-hissə tavada yağla qızardılıb qaba yığılır.
- 1 kq şəkər tozu 3 stəkan suda qarışdırılıb şərbət hazırlanır.
- Təxminən 250 qr qızardılıb xırdalanmış qoz və ya fındıq hazırlanır.
- Ədviyyatlardan zövqə uyğun olaraq darçın, mixək,zəncəfil,sarıkök və çox az miqdarda duz lazım olacaq.
- Bişirilərək qızardılmış səməni çörəkləri şərbətin içində ədviyyatlar və qoz-fındıq əlavə edilməklə yenidən yoğrulur. Alınmış kütlə xırda alma böyüklükdə ovucun içində sıxılır.
Çox dadlı bir şirniyyat olduğunu dadına baxanlar bilir. Nuş olsun!
Digər təam, Səməni Horrasının (kəndimizdə buna sadəcə səməni deyilir) hazırlanması bir qədər sadədir:
- Hazırlamış olduğumuz səməni suyunun içinə buğda unu töküb biraz qatı məhlul əldə edirik.
- Sonra bu məhlulu od peçi üzərində bişənədək bulamaq lazımdır(dovğanı buladığımız kimi).
- Bu təamı bir qədər duru və ya qatı şəkildə hazırlamaq mümkündür.
Nənələrimiz bu yeməyin qatı formasına “oxlov atan”(?!) deyirlər. Kəndçilərimiz bu təamın dadını bilməmiş deyillər. Nuş olsun!
Sonda isə bu təamların insan orqanizminə xeyrindən bir-iki kəlmə yazım. Səməni ürək-damar və mədə-bağırsaq sistemlərinə çox yaxşı təsir edir. Ümumi zəifliyi aradan qaldırır. Sinir sistemini gücləndirir, görmə qabiliyyətini artrır.
Məqalə Balayeva Ərəbzəngi xanım və Balayeva Gülşən xanımın məlumatlarına istinadən yazılıb. Təşəkkür edirəm.
Müəllif: İlkin R. Balayev.