ŞƏRAFƏDDIN MÜƏLLIM: “TƏƏSSÜF EDİRƏM Kİ…”

706

    O bizə silah tutmağı, onunla necə rəftar etməyi öyrədib. Onun hərbi hazırlıq dərsləri bir qayda olaraq sıra düzülüşü ilə başlardı. Az sonra sıra önünə gələn Şərafəddin müəllimə rus dilində raport verilərdi. O da qalın səs tonu ilə hamını özünüməxsus şəkildə salamlardı. Biz də xorla ona cavab verərdik. O, dərsi rus dilində elə mükəmməl formada tədris edərdi ki… Bəzən qızlar şikayətlənərdilər. Belə hallarda o deyərdi: “Yəqin, Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi sayılan “Kitabi-Dədə Qorqud”u oxumusunuz, dastandakı qadın qəhrəmanlar da at minməyi, ox atmağı, qılınc qurşanmağı, güləşməyi bacarır, lazım gəldikdə döyüşlərdə düşmənə qarşı mərdliklə vuruşublar. Sizlər də onların nəslindənsiniz. Bu mənada qızlarımız oğlanlarımız kimi qorxmaz, mərd olmalıdırlar. Əbəs yerə deyilmir ki, aslanın erkəyi, dişisi olmaz”.

Şərafəddin Dadaşov
Şərafəddin Dadaşov

    2021-ci ilin avqust ayında Şərafəddin Dadaşovla görüşərkən o illəri bir daha xatırladıq. O həmçinin kəndimizin tarixi ilə bağlı məlumatları da bizimlə bölüşdü: “Məndə olan məlumata görə, qədim Albaniyanın yadigarı olan Alpanla bağlı əsas faktların üzə çıxmasında həmkəndlimiz, şərqşünas Müzafəddin Sultanməcid oğlu Əzizovun (Allah rəhmət eləsin) xidmətləri çox olub. Bu istiqamətdə o, kəndimizin tarix müəllimlərindən daha çox iş görüb. Bunu danmaq olmaz. Belə ki, o, kəndimizlə bağlı rus dilində yazılmış bir neçə arxiv materialı əldə edib. Onlar da kəndimizlə bağlı kameral təsvirlərdən ibarət sənədlər olub. Eşitdiyimə görə, o, həmin sənədləri kəndimizin tarixini araşdıranlara təqdim edib. Şübhəsiz, bu da kəndimizin həqiqi tarixinin yazılmasında mühüm rol oynayıb. Yeri gəlmişkən onu da deyim ki, rəhmətlik Müzafəddin kəndimizlə bağlı ərəb məxəzlərindən heç bir məlumata rast gəlmədiyini təəssüflə vurğulayardı.”
Sonra Şərafəddin müəllim babasına istinadən bir neçə məlumat da verdi: “Bizim evin yaxınlığında su dəyirmanı olub. Bu barədə babam Müseyibdən eşitmişəm. Sözün düzü, mən həmin dəyirmanı görməmişəm. Amma o dəyirmanın istifadəsiz qalmış iri daşlarını xatırlayıram. Belə ki, uzun müddət sahibsiz bir əşya kimi qalmış o daşlar sonradan Qələdüzdən olan Əyyub adlı şəxsə satılıb.
Tarixi faktlara görə, Atlıxan irsinin nümayəndələrindən olan və “Alpanbəy” təxəllüsü ilə tanınan podpolkovnik Nəcəfqulu bəy 1806-cı ildə Dərbəndin naibi, 1812-ci ildə Dərbənddə məhkəmə (divan) idarəsi yarandıqdan sonra həmin idarənin iki bəy üzvündən biri olub. O, Dərbənd divanında uzun müddət yüksək vəzifələrdə çalışıb. Babam deyərdi ki, o, “Subaba” qəbirisitanlığında dəfn edilib. Özü də onun cənazəsini əsgərlər müşaiyət ediblər və dəfndən sonra yaylım atəşləri açıblar. Babam deyərdi ki, o zaman onun 10 yaşı olubmuş”.

    Museyib kişi və Əbil
    Şərafəddin müəllimin “Kürkün” icmasından olan babası Müseyib (1860-1948) Dadaş oğlunun əvvəllər bir bağı olub. O, 22 il Bakıda – Musa Nağıyevin neft mədənlərində çalışarkən qazandığı zəhmət haqqı ilə yeni ərazilər alaraq bağ və əkin sahələrini 40 hektara çatdırıb. Sovet hakimiyyəti illərində kəndimizdə ədalətli adam kimi tanınan Fəzayıl kişinin briqdasında çalışan və bir müddət “Xarmannar”da qarovulçu kimi fəaliyyət göstərən Müseyib kişi 1948-ci ildə vəfat edib.
Şərafəddin müəllimin atası Əbil kişi isə ömrünün son illərində Samur-Dəvəçi kanalının inşasında işləyib. (Qeyd edək ki, bu tikintidə 30 min yerli əhali çalışıb). İş başında qızılca xəstələyinə tutulan Əbil kişi bir müddət Quba xəstəxanasında müalicə olunsa da, həkimlər onu sağalda bilməyiblər. Müseyib kişi və həyat yoldaşı Məzimkə Əbili araba ilə rayon mərkəzindən kəndə gətirərkən o, Şimi tərəfdəki Çaydolanan adlı ərazidə 30 yaşında ikən canını tapşırıb. Həmin tarix Şərafəddin müəllimin yaddaşına belə həkk olunub: “5 fevral 1940-ci il… Bülbülə səs verilən gün”.
    Yeri gəlmişkən qeyd edək ki, Əbil-Afiyət izdivacından 4 oğul dünyaya gəlsə də, yalnız onlardan biri, yəni Şərafəddin müəllim həyatda qalıb. O biriləri elə kiçik yaşlarından dünyalarını dəyişiblər. Əbil kişinin ikinci həyat yoldaşıdan bir övladı da (adı Əfil olub) dünyaya gəlib ki, o, günvurmadan vəfat edib.
    Tərcümeyi-halından sətirlər
    Şərafəddin Əbil oğlu Dadaşov 12 yanvar 1934-cü ildə anadan olub. O, 6 yaşından (1940) birinci sinfə gedib. Şərafəddin müəllimin yaddaşından: “Mən birinci sinifdə oxuyanda məktəbimizin direktoru əslən İniqdən olan Rüstəm Rüstəmov idi. Onu da deyim ki, Həbib müəllimlə, Hacıbəy müəllimin qardaşı Vahidlə, Orucun oğu Eyvazla bir sinifdə təhsil almışam. İbtidai sinif müəllimim digahlı Hacıverdi müəllim olub. O mənə bir və ikinci siniflərdə dərs deyib. 3-cü sinifdə Ləgərdən olan İbrahimxəlil müəllimdən dərs almışam. (O, İdris Qəribovun evində məskunlaşmışdı). Ondan sonra Mövlud müəllim bizim müəllim olub. Tarix müəllimimiz isə Rüstəm Zadayev olub. Onu da deyim ki, o illərdə kəndimizdə müəllim çatışmazlığı vardı”.
O, doqquzillik təhsilini Alpan kənd orta məktəbində başa vurduqdan sonra Quba şəhər 1 saylı tam orta məktəbində son sinfi oxuyub. 1950-ci ildə ikiillik Quba Dövlət Müəllimlər İnstitutunun tarix fakültəsinə qəbul olunub.
    Haşiyə
    Qubada onuncu sinifdə oxuyarkən Dadaşov Xalid, Ziyaddin, Əzətulla ilə bir sinifdə, ikiillik Müəllimlər İnstututunda isə Ağadadaş, Ənvər müəllimlə eyni vaxtda təhsil alıb. O illərdə rayon mərkəzindən kəndə Şimi yolu ilə gedib-gələrdilər.
    …Bu təhsil ocağını bitirəndən sonra o, təyinatla Ağsu rayonunun Qaraqoyunlu kənd orta məktəbində tarix-coğrafiya fənləri üzrə müəllim işləməyə göndərilib. Orada 4 ay çalışıb. Buna səbəb onun hərbi xidmətə çağırılması olub. 2 il yarımdan çox hərbi xidmətdə olan Şərafəddin müəllim Belarusun mərkəzi Minsk şəhərinin yaxınlığında olan hərbi hissədəki tank diviziyasında qulluq edib. Hərbi xidmətdən sonra Quba rayonunun Vələmmədoba kəndində ibtidai siniflərə rus dilini tədris edib. Möhücdə isə o, ibtidai sinif müəllimi kimi fəaliyyət göstərib. 1958-60-cı illərdə Qəçrəşdə çalışan Şərafəddin müəllim daha sonra Qələdüzdə ibtidai məktəb müdiri vəzifəsində çalışıb. Elə o illərdə Azərbaycan Pedaqoji İnstitutunda təhsilini qiyabi davam etdirib. Bundan sonra o, Pirvahiddə 3 il həm tarix müəllimi, həm də direktor müavini kimi çalışıb. 1965-ci ildən Alpan kənd orta məktəbində günüuzadlımış qrup müəllimi işləməyə başlayıb. Sonra o, 1973-cü ildə Alpan kənd məktəbinə hərbi rəhbər təyin olunub. 1994-cü ildə sosiologiya, insan və cəmiyyət ixtisası üzrə təkmilləşmə kursu keçdikdən sonra həm də məktəbin psixoloqu olub. O, 2009-cu ildə təqaüdə çıxanadək bu məktəbdə ibtidai hərbi hazırlıq, tarix-ictimaiyyət fənləri üzrə dərs deyib. Qeyd edək ki, o, Xucbalada iki il işlədikdən sonra 3 il rayon təhsil şöbəsində metodist də işləyib. Ağsaqqallar Şurasının sədri olmuş tarix müəllimi, baş leytenant Şərafəddin Əbil oğlu 1957-ci ildə ailə həyatı qurub və 5 oğul, 2 qız böyüdüb.
Şərafəddin müəllimin yaddaşından: “1918-ci ilin may ayında Quba qəzasının ən varlı kəndlərindən biri sayılan Alpan kəndində daşnakların törətdiyi vəhşiliklərin nişanələri indi də qalmaqdadır. Subaba qəbiristanlığı soyqırımı hadisələrini əks etdirən tarixi yerlərdən biridir. Dinc sakinləri qətlə yetirməklə ürəkləri soyumayan erməni vandalları buradakı baş daşlarını gülləbaran edib, hətta XVI əsrə aid Subaba türbəsini yandırıblar. Güllələrin izləri baş daşlarının üzərində indi də qalmaqdadır”.
Rus dilinə maraq və…

Şərafəddin Dadaşov
Şərafəddin Dadaşov

    Şərafəddin müəllimin sözlərinə görə, rus dilinin tədrisinin ona tapşırılması bu dili yaxşı bilməsindən irəli gəlib. Pirvahiddə çalışanda isə Ermənistanda keçirilən hərbi təlimlərə cəlb olunub ki, bu da onun sonrakı fəaliyyətində mühüm rol oynayıb. Belə ki, 3 ay davam edən təlimlərdən sonra leytenant rütbəsi alan Şərafəddin müəllimə daha sonra baş leytenant rütbəsi verilib. Bütün bunlar da sonradan onun hərbi rəhbər kimi fəaliyyətinə rəvac verib. Orta məktəbi bitirəndən sonra tarix fakültəsini seçməsinə gəldikdə isə o, belə dedi: “O illərdə tarixçi olmağı hər kəs arzulayardı. Bu da səbəbsiz deyildi. Belə ki, o illərdə tarixçilər bir qayda olaraq, yüksək vəzifələrə təyin olunardılar. Sözün düzü, elə mən də bu niyyətlə tarixi seçmişdim”.
    Şərafəddin müəllimin yaddaşından: “1946-cı ilin may ayında kənd sovetinin sədri vəzifəsində çalışan Pirhəsən (Qədirov) qətlə yetirilmişdi. Onu da deyim ki, o, Kamil Qədirovun əmisi olub. Bu xəbəri mən səhər tezdən Tacının doqqazında sürüyə heyvanlarımızı qatarkən eşitdim. Elə eşidən kimi də Pirhəsən kişinin evinə tərəfə qaçdım və onun cəsədini evinin qarşısında gördüm. Bu cinayətlə bağlı ilk məhkəmə prosesi “Punt” deyilən məkanda keçirilib. Tərcüməçi də bizim Zaman müəllim idi. Sonradan məhkəmə Yuxarı məktəbin siniflərinin birində təşkil olunub. Məhkəmənin hökmü ilə cinayəti törətmiş Qara adlı şəxsə 15 il iş verildi. Qiyasəddin adlı şəxsə isə ölüm hökmü elan edildi. Prosesin digər iki iştirakçısına isə 3 il iş verildi. Yeri gəlmişkən, o zaman Qiyasəddin adlı şəxs kənd sovetində maliyyə işlərinə baxırmış. Daha doğrusu, vergi toplayan idi. Günlərin bir günü Pirhəsən kişi dəqiqləşdirir ki, Böyük Vətən müharibəsi iştirakçılarının ünvanlarına göndərilmiş vəsaitləri Qiyasəddin mənimsəyib. Odur ki, Pirhəsən həmin pulların qaytarılmasını ondan tələb edib. Nəticədə aralarında münaqişə yaranıb. Qiyasəddin bu məsələni ört-basdır etmək məqsədilə adı bir cinayətdə hallanan Qara adlı şəxslə əlbir olaraq Pirhəsəni aradan götürmək qərarına gəlir. Deyilənlərə görə, Pirhəsənin ölümündə üçüncü bir şəxsin də əli olub. Amma indiyədək onun kim olduğu bilinmədi”.
    Hətta deyərdim ki…
Şərafəddin müəllimin fikrincə, ötən əsrin 70-ci illərindən məktəblərdə tədris olunan hərbi hazırlıq fənni gənclərimizin hərbinin sirlərinə yiyələnmələrində, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında olduqca mühüm rol oynayıb: “Hətta mən deyərdim ki, 2020-ci ilin 44 günlük zəfər yürüşündə də bu addımın izləri vardır. Bir məsələni də vurğulamaq istərdim. Mən bildiyiniz kimi, tarix fənnini də tədris etmişəm. Amma hərbi hazırlıq fənninin tədrisindən aldığım zövqü tarix fənninin tədrisindən heç zaman ala bilməmişəm. Şübhəsiz, bu da zəmanənin müəyyən qadağanlarından irəli gəlib”.
    Gücün çatan qədər götür
    Sovxoza rəhbərlik edən şəxslərdən söz açan Şərafəddin müəllim belə hekayət də söylədi: “Kəndimizin camaatı yaxşı bilir ki, bir zamanlar Qiyasəddin Babayev kəndimizdə kolxoz sədri vəzifəsində çalışıb. Rəhmətliklə yaxşı münasibətim olub. Onun xeyirxah əməlləri ilə bağlı çox işlərin şahidi olmuşam, həm də eşitmişəm. Onlardan biri isə belədir. Deməli, belə… Bir gecə Qiyasəddin kişi sahələrdə reyd keçirərkən görür ki, bir nəfər alma ilə doldurduğu kisəni çiyninə almaq istəyir. Amma bütün cəhdlərinə baxmayaraq onu qaldırmağa gücü çatmır. Qiyasəddin kişi ona yaxınlaşır və kisəni qaldırmağa həmin şəxsə kömək edə-edə deyir:
-Zalım balası, yazıqsan ki, heç olmasa gücün çatan qədər yükünü tut da…”
    Son
    Söhbətinin sonunda Şərafəddin müəllim belə bir etiraf da etdi: “Kəndimizlə bağlı bir sıra olayların şahidi olmuşam. Təəssüf ki, son illər yaddaşımda yaranmış problemlərlə əlaqədar onları yada salmaqda çətinlik çəkirəm. Bu mənada deyərdim ki, bu söylədiklərim əgər belə demək mümkünsə, dəryadan bir damladır… Təəssüf edirəm ki, onları vaxtında yazıya almadım. Nə isə… Buna da şükür”

Müəllif:Qvami Məhəbbətoğlu

PS: Şərafəddin Dadaşov bugün, 02.01.2023-cü il tarixdə 89 yaşında vəfat edib.