Seyrələn sıra…

513

Adı ömür kitabımın bütün səhifələrində
ehtiramla anılan müəllimim
Abdulməcid Mustafayevin
əziz xatirəsinə ithaf edirəm.

Seyrələn sıra…

Abdulməcid müəllim Mustafayev

    Ömürlərinin heç bir zaman bitməyəcəyinə inandığımız ata-analarımız kimi müəllimlərimiz də bizləri yetim qoyanda bu dünyanın faniliyinə inanmalı oluruq. Ürəyimizin giziltiləri kipriklərimizdə şehlənir…

Bir qismətəm – yazılmışam,
O dünyadan bu dünyaya.
Yarpaq lələ asılmışam,
Bu dünyadan o dünyaya.

Yetim dağam, qərib düzəm,
Bərələrdə dolan izəm,
Həsrət baxan bir ulduzam,
Bu dünyadan o dünyaya.

Dərdə, qəmə bələnirəm,
Sovruluram, ələnirəm,
Dua-dua dilənirəm,
Bu dünyadan o dünyaya.

Çəkib cillə, cəfamızı,
Sürüb zövqü-səfamızı,
Körpü salaq vəfamızı,
Bu dünyadan o dünyaya…

    Rəhimə, Cövhərət, Ənvər, Məhəbbət, Sadiq, Nadir və daha neçələri müəllim doğulan nəhəng müəllimlər idilər. Sıraları seyrəldikcə dəyərəlri də artan müəllimlər ordumuzun generalları idi onlar.

Abdulməcid müəllim Mustafayev

    Bu yaxınlarda daha bir müəllimimizi itirdik. Dolu bir ömür yaşasa da, ölüm hər yaşda acıdır. Mən bütün müəllimlərimi çox sevmişəm, lakin Abdulməcid müəllimi daha çox sevdiyimi gizlədə bilmərəm. Yeri bom-boş görünən nəhəng bir palıd ağacı kimi bizlərə uzun müddət həsrət yaşadacaq onun yoxluğu. Rayonda bəlkə də ən məhsuldar müəllim idi Abdulməcid müəllim.

    Bizə dərs dedikləri 60-70- ci illərdə məktəbimizdə eyni adda iki nəfər müəllimimiz vardı. Biri riyaziyyat dərsini deyirdi, o birisi də ingilis dilini. Qarışdırmamaq üçün bu günlərdə dünyasını dəyişən Abdulməcid müəllimə “ingilis” deyirdilər. Rəhmətlik Abdulməcid müəllim də bütün hal və davranışları ilə boyuna biçilmiş “centlmən”liyini doğrultmağa çalışırdı. Son dərəcə obyektiv müəllim idi. Ondan yüksək qiymət almaq hər oğulun, qızın hünəri deyildi. Dərs dediyi insanların çoxu bu gün də ingiliscə müəyyən bilik səviyyəsinə malikdir və bugünkü uşaqları heyrətləndirəcək səviyyədə söz ehtiyatı, oxu bacarıqları vardır. İndi dəbdə olmayan “tərcümə” metodu ilə dərs deyərək onlarla ardıcılını yetişdirmiş, ali təhsilli neçə-neçə insanımızın uğur qazanmasına səbəb olmuşdur. Nə idi Abdulməcid müəllimə bu

Abdulməcid müəllim Mustafayev və ailəsi

uğurları gətirən? İlk növbədə şəxsiyyətinin bütövlüyü. Məktəb direktorunun kim olmasından asılı olmayaraq saf vicdanın səsinə köklənmək Abdulməcid müəllimin həyat şüarı idi. O, bunu şəksiz-şübhəsiz yaşaya, ləyaqətlə təmsil edə bilirdi. Hər bir müəllim üçün vacib olan bu xüsusiyyəti belə bir pedaqoji düsturla ifadə edirlər ki, müəllimin nə olmağı onun nə öyrətdiyindən daha əhəmiyyətlidir.

    Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün savad səviyyəsi mənim müəllimlərimdən qat-qat çox olmasına baxmayaraq, daşıdığı adın şərəfini layiqincə qoruya bilməyən gənc müəllimlər də az deyil. Gənc nəsli təkcə bilik ilə deyil, şəxsiyyətinin təsir gücü ilə tərbiyə edib yetişdirə bilən müəllimlər müstəqil Azərbaycanımızın bu günü və sabahı üçün daha çox lazımdır.

 

Abdulməcid müəllim Mustafayev

    Mənim həyatımda Abdulməcid müəllimin xüsusi yeri vardır. İkinci sinifdə oxuyurdum. Bir gün gördüm ki, məndən üç yaş böyük qardaşım qəribə bir əlifba əzbərləməyə çalışır. Mən də qoşuldum, onunla birlikdə ingilis dilinin iyirmi altı hərfdən ibarət əlifbasını böyük şövqlə əzbərlədim. Qısa müddətdə saymağı, günlərin, ayların adlarını, ən çox işlənən sözləri öyrəndim. Sözlər cümlələrə çevrildikcə kitab oxumağa başladım. Beşinci sinifdə ingilis dilini öyrənməyə başlayanda ilk dərsdən Abdulməcid müəllim məni “kəşf etdi” və dedi: – Oğlum, səndən yaxşı ingilis dili müəllimi olar. Müəllimim bu sözləri sanki daşın üstünə ovaraq yazırmış kimi ürəyimin dərinliklərinə həkk etdi. O zamanlar yuxarı siniflərin tənbəl şagirdlərini utandırmaq üçün tez-tez məni dərslərinə çağırtıdırır, sulları mənə ünvanlayıb onları utandırardı Abdulməcid müəllim. Bütün məktəb məni gələcək ingilis dili müəllimi kimi görürdü. Onuncu sinfi əla qiymətlərlə bitirib müəllimimin etimadını doğrultdum. Şagirdinin gələcəyini görmək, onun imkanlarını səfərbər etməyi bacramaq hər müəllimə nəsib olan səriştə deyil. Şagirdini öyrənməyə ruhlandırmadan öyrətməyə çalışan müəllim soyuq dəmiri döyür – aforizmi əsl müəllim olmaq istəyən hər kəsin pedaqoji fəaliyyətinin sükanı olmalıdır.

 

Abdulməcid müəllim Mustafayev

    Müəllimlər bizlərə təkcə yazmağı və oxumağı deyil, öz həyat kitabımızı yazmağı, öyrətdikləri elmlərin fəziləti ilə onu nurlandırmağı, qismətimizə yazılan ömür payımızı şərəflə bitirməyi də öyrədir. Naməlum bir müəllifin sözləri ilə desək, yaxşı müəllim şam kimidir – başqalrının yoluna işıq saçmaq üçün özünü tükətir. Nə qədər gözəl deyilsə də, əlavə etməyə bilmərəm ki, müəllim ömrü şam kimi yanıb-yanıb sönmür. O, əbədiyyətə uzanan nəsillər karvanının yollarını aydıntamağa davam edir.

Abdulməcid müəllim Mustafayev

Abdulməcid müəllim Mustafayev qızı ilə
Abdulməcid müəllim Mustafayev

    Həyatda olan müəllimlərimə hörmət əlaməti olaraq, dünyalarını dəyişənlərin də ruhları şad olsun deyə yazımı bir neçə misra ilə bitirmək istərdim.

Ucalsam da göylərə,
Dursam dağlar tənində,
Zirvələrin qarıdı
Mənim müəllimlərim.

Şanlı ömür yolları
Günəş kimi nur saçar,
Ay tək təmiz, arıdı
Mənim müəllimlərim.

Toxum nəsihətləri
Boylanar sünbüllənib.
Ağlın laləzarıdı,
Mənim müəllimlərim…

10–15. 01. 2012

Müəllif: Rahib Sədullayev