Neçə gündür ki, xatirələrdən qopub ayrıla bilmirəm. Bizim təsadüfi görüşümüz əlimdən-ətəyimdən tutub çəkib apardı məni Ağdama, Füzuliyə – topların, mərmilərin, qradların susmadığı yerə. Və mən bir də onda ayılıb gördüm ki, 1992-ci ildi, Ağdamdayam. Hər tərəfdə insanlar qaynaşır. Həyat bu mərmi yağışının altında hər gün alovlanan müharibənin içərisində davam edir. Gərginlik, narahatlıq açıq-aşkar duyulsa da, amma insanların içərisində ümid şamı yanır. Onlar inanırlar, elə mən də inanıram. Bilirəm ki, biz haqlıyıq, biz torpağımızı qoruyuruq və məqsədimiz düşmənin yandırdığı evlərin, güllələrin tuş gətirdiyi övladlarımızın qisasını almaq, haqqımızı bərpa etməkdir. Axı biz öz evimizdə, öz torpağımızda, öz vətənimizdə düşmən nişangahına çevrilmişik. Ona görə də bizim səsimiz də, haqqımız da, tələbimiz də, hətta silaha sarılmağımız da Tanrının bizə verdiyi haqdı. Özü də halal haqq!
Bəli, onda 1992-ci il idi. Ağdam da yerində idi, Füzuli də, elə Dağlıq Qarabağın ətrafındakı digər rayonlarımız da. Və belə bir məqamda şəhərə xəbər yayıldı: daxili qoşunların xüsusi batalyonu artıq Qarabağdadı – Ağdamdadı. Mən həm qarabağlı, həm də bir jurnalist və cəbhə müxbiri olaraq dərhal daxili qoşunların adı səslənən dəstəsinin yerləşdiyi əraziyə gəldim, özümü təqdim etdim. Cavan bir oğlanla, gözlərindən od tökülən, hərəkətlərindən cəsarət yağan, səsindən isə qətiyyət duyulan bir zabitlə həmsöhbət oldum. Və…
Beləcə, başladı bizim tanışlığımız. Səngərdə, topun-tüfəngin altında barıt qoxulu bu tanışlıq yavaş-yavaş canımıza, qanımıza hopdu, bizi doğmalaşdırdı, dostlaşdırdı. Həmin tarixdən bu günə kimi biz bir yerdəyik- bir-birimizin ürəyində ruhunda, yaddaşında və təbii ki, həm də söz-söhbətimizdə…
Haşiyə: Barəsində danışdığım polkovnik Məmməd Teymurşah oğlu Hacıyev Quba rayonunun Alpan kəndində doğulub. 1965-ci ildə dünyaya gələn Məmməd 3 bacının və bir qardaşın təmsil olunduğu ailədə say baxımından ikinci oğul olsa da, o, özünün həyat yolu ilə sadə bir ailəni bütün Azərbaycana tanıtdı. Atanın, ananın ən böyük istəyi böyütdüyü övladın fərli-fərasətli olması, sağlamlığı və bir də nəsilə aid olduğu məkana şərəf-şöhrət gətirməsidi. Ailəni hər yerdə üzüağ, alnıaçıq, ləyaqətlə təmsil edən övlad olmasıdı. Bax, bu mənada Hacıyevlərin duaları, istəkləri Allah tərəfindən eşidildi, qəbul olundu. Çünki Azərbaycanın ən ağır günlərində səngərdə olan bir zabit, bir sərkərdə kimi sözünü deməyi bacaran oğulların sırasında Məmməd Hacıyev də var idi. O Məmməd Hacıyev ki…
Bəli, Ağdamda Qarabağ hadisələrinin hər gün kəskinləşən, hər gün rəngi tündləşən gərginlik yaşanırdı. Açıq-aşkar görünürdü ki, havadarları olan ermənilər getdikcə azğınlaşırlar və onlar sərhəd boyu kəndləri güllə yağışına qərq etməkdən çəkinmirlər. Bax, həmin gün Ağdamın Papravənd kəndi istiqamətində ağır döyüşlər gedirdi. Məmməd Hacıyevin dəstəsi kəndin qorunması üçün səngərə tələsmişdi. Bu çevik, bu hazırlıqlı uşaqların düşmənə ilk əks həmləsi artıq öz sözünü dedi. Qarşı tərəf başa düşdü ki, daxili qoşunların əsgərlərilə, döyüşçülərilə “zarafat” etmək olmaz. Çünki onların atdığı hər güllə hədəfə dəyir. Həmin gün bir neçə saat davam edən döyüşdə düşmən öz yerində oturdulsa da, daxili qoşunlar da itki verdi. Və mən…
Baş leytenant, bölük komandiri Robert Səfərəliyevin nəşini qolları üstünə götürüb sinəsinə sıxaraq hönkür-hönkür ağlayan və onun qanını yerdə qoymayacağına and içən Məmməd Hacıyevin, eləcə də digər döyüş dostlarının yaşadığı bu məqamı bu günə qədər unutmamışam. Həmin günün baş verdiyi tarixdən hardasa 27 ilə yaxın vaxt keçib. Amma nə o döyüş, nə də orda yaşananlar və eləcə də baş leytenant Robert Səfərəliyevi unutmuram və unutmağa da haqqım yoxdur…
Qarabağ müharibəsinin tarixində elə bir məqam var ki, onu heç kim unuda bilməyəcəkdi. Hətta unutmaq istəsə də bacarmayacaq. Çünki həmin tarix Azərbaycanın müharibə tarixinin, müharibə səlnaməsinin ilk Zəfər səhifəsidir. Özü də bu Zəfər səhifəsinin adı Horadiz döyüşüdü. Məhz həmin döyüşlə Azərbaycan ordusu düşməni məhv etməyə qadir olduğunu öncə düşmənin özünə, sonra da dünyaya göstərdi. Hamı bildi və gördü ki, Azərbaycan əsgərilə ermənilər heç vaxt qarşılaşa bilməzlər. Amma nə yazıqlar ki, Azərbaycan əsgəri təkcə ermənilərlə yox, həm də onların arxasındakı böyük-böyük güclərlə döyüşürdü və bu gün də belədir. Amma tarix tarixliyində qalır. O Zəfər döyüşünün tarixi də yaddaşlardan silinməyib. Həmin döyüşün şahidi kimi gedirəm səngərə tərəf…
Bəli, 1992-ci ildən Horadiz döyüşləri ərəfəsinə qədər Ağdam istiqamətində mövqe tutan daxili qoşunların batalyonu Məmməd Hacıyevin komandanlığı altında Füzuli bölgəsinə göndərildi. Bu istiqamətdə daxili qoşunların komandanı, mərhum generalımız, həyatda şəxsən tanıdığım və təbii ki, səngərdə tanış olduğum Ramiz Xosrov oğlu Məmmədovun rəhbərliyi altında əks hücum planı işləndi. Ona görə də bu istiqamətə əlavə qüvvələr cəlb olunmuşdu. Həmin vaxt daxili qoşunların Ağdam polku kimi tanınan hissəyə komandanlıq edən Məmməd Hacıyevin tabeliyinə qaçqın rayonların polis şöbələrinin şəxsi heyəti də verilmişdi. Ərazini yaxşı tanıyan Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın polis şöbələrinin bütün heyəti hər an döyüş əmrini gözləyirdi. İndiki kimi xatırlayıram, o şöbələrin rəislərini də, döyüşən oğullarını da. Yaddaşıma yazılıb adları: Binnət Məmmədovun, Sahib Həsənovun, Vaqif Məhərrəmovun, Səhiyyəddin Səfərovun, Faiq Kərimovun, Akif Səlimovun, Sadiq Mədətovun… Onların komandiri isə Məmməd Hacıyev idi. Bütövlükdə daxili qoşunların bu döyüşən oğullara komandanlığı da məhz general Ramiz Məmmədov edirdi…
Haşiyə: 1992-ci il idi. Zəngilanda, hadisələrin qızğın məqamında qarşılaşdım onunla. Daxili qoşunların bir bölüyünə rəhbərlik edirdi. Və bu cavan oğlanın adı da o vaxtdan yaddaşıma yazılmışdı. Çox maraqlı və cəlbedici adı var idi – Şövqi! Bu günə qədər də o ad mənə doğma olubdu. Və təsəvvürünüzə gətirin ki, son 15-16 ildə onunla qarşılaşmamışdım. Ötən həftəki təsadüfi görüşümüzün bir iştirakçısı da o oldu – Şövqi Ağamir oğlu Seyidov! Məhz həmin tarixdə Ermənistanla həmsərhəd olan, daha çox Qafandan hücumlara məruz qalan kəndlərimizin qorunmasında, onun uşaqlarının da haqqı, əməyi böyük oldu. Bu da bir tarix səhifəsinə çevrildi və…
1994-cü ilin yanvar ayının 4-ü. Füzuli bölgəsində bir gərginlik, bir narahatlıq yaşanır. Yerli sakinlər hərbçilərin davranışından nələrsə baş verəcəyini hiss edirlər, amma heç kim heç nə demir. Necə deyərlər, hərbçilər öz işlərilə məşğuldular. Yalnız ertəsi gün məlum olur ki, bu narahatçılıq əks hücümün ilk qığılcımları, ilk işartılarıymış. Çünki Azərbaycan ordusu həmin əks hücumla Horadiz şəhərini, eləcə də Füzuli rayonunun 22 yaşayış məntəqəsini düşmənin işğalından azad etdi. Bu döyüşün təkcə xatirəsini danışmaq, baş verənləri, cərəyan edən hadisələri dilə gətirmək özü qürurverici olduğu qədər də kədərlidi. Çünki…
Düşmənin necə qaçdığını izləmək adama həqiqətən qürur verir. Özündən asılı olmadan sən də onun ardınca qaçıb cəzalandırmaq istəyirsən. Bu döyüşdə düşmənin kimliyini görə-görə düşünürsən ki, bu qədər qorxaq olanların arxasında dayananlar nə qədər rəzildilər. Axı başqasının torpağına göz dikmək, evinə, ocağına od vurmaq, haram qatmaq insanlığa yaraşmayan, ümumiyyətlə, bəşəriyyətə ləkə olan bir hərəkətdir. Təəssüf ki, düşmənlərimiz və onların havadarları bu şərəfsizliyi boyunlarına götürüblər…
Horadiz istiqamətində gedən döyüş zamanı daxili qoşunların göstərdiyi rəşadət sözün həqiqi mənasında bir əfsanədi, bir dastandı. Mən özüm bu döyüşçülərin hər birinin qələbədə haqqı olduğuna şahidəm və mən özüm gördüm ki, daxili qoşunların əsgər və zabitləri özlərini vətənə qurban deyiblər. Bu qurbanlar şəhidlik zirvəsini özlərinə məram, məqsəd seçməklə yanaşı, qisas almağı əminliklə qərarlaşdırıblar. Həmin döyüş vaxtı Məmməd Hacıyevin əsgərləri öz qəhrəmanlıqlarının davamlı olacağına bir ümid işığı da yandırdılar. Yeri gəlmişkən, qeyd edim ki, məhz ikinci Zəfər döyüşü də Füzuli istiqamətində, Lələtəpə yüksəkliyində oldu. Sanki Horadiz zəfərinin ikinci səhifəsi yazıldı.
Döyüş gündəliyimi vərəqlədikcə yadıma həmin günlərdə yazdığım misralar düşür.
Yadında saxlama…
Mənim ölçülərimi
Yadında saxlamağın –
Lüzumu yoxdu vallah…
Şəhidlik haqq dərgahı,
Haqqa uca olanlara
Kəfən yox, mələk donu –
Göydə biçibdi Allah!
Haşiyə: Mənim döyüş dostum Məmməd Hacıyev orta məktəbi bitirəndən sonra Kazan Tank Qoşunları Hərbi Ali Komandanlıq məktəbində 1983-1987-ci illərdə təhsil alıb. Sonra göndərişlə Polşadakı Sovet ordusunda davam etdiribdi. 1992-ci ilin məzuniyyəti zamanı vətənin dar gününü canında, qanında hiss edən Məmməd Hacıyev xidməti yerinə qayıtmayıb, sovet ordusunda xidmətdən imtina edib. Və onun müraciətini nəzərə alan Daxili İşlər Nazirliyi bu qeyrətli vətən oğlunu, bu həqiqi hərbi təhsilli zabiti daxili qoşunlarda xidmətə qəbul edib. Həmin tarixdən də Məmməd Hacıyevin döyüş yolu başlayıb. Çox qürurvericidir ki, polkovnik Məmməd Hacıyevin oğlanları Zaur və Ramil də hüquq-mühafizə orqanlarında xidmət edir. Polis mayoru Zaur və polis kapitanı Ramil Hacıyevlər bu torpağın layiqli döyüşçüsünün, sərkərdəsini övladları kimi öz üzərlərinə düşən vəzifəni şərəflə yerinə yetirirlər.
Xatirələrin diliylə
Məmməd Hacıyevi xidmət etdiyi Qarabağ bölgəsində hər kəs yaxşı tanıyır. Bu istiqanlı, şən, bir az da adamlara qaynayıb qarışmaq bacarığı olan polis polkovniki sanki elə Qarabağda doğulub. Ona görə ki, o bir zabit kimi, bir döyüşçü kimi bu coğrafiyanın hər bir dağına, daşına, dərəsinə, düzünə bələddir. Ölkənin sayılıb-seçilən ağsaqqallarını, cavanlarını yaxşı tanıyır. Bu səbəbdən də onu həmin bölgənin adamlarının xeyir-şər məclislərində görəndə heç kim təəccüblənmir, əksinə, səmimi şəkildə yaxınlaşıb hal-əhval tuturlar, qonaq dəvət edirlər. Çünki Məmmədi burda hər kəs öz ailəsinin üzvü, öz doğması sayır. İstər Ağdamda Fred Asifin doğmaları, xüsusilə Ədalət, o cümlədən Milli Qəhrəman Allahverdi Bağırovun əzizləri, eləcə də Füzulidə Nəbi Muxtarovdan tutmuş Süleyman İsmayılovdan, Faiq Qismətoğludan, rəhmətlik Söhbət Səfərlidən belə Xocavənddə Zeynal Şükürov, Eyvaz Hüseynov və digərləri də daxil olmaqla hər kəs Məmməd Hacıyevi öz doğması bilir. Və bu doğmalıq, bu səmimiyyət də illərin sınağından çıxdığına görə, bu gün də davam edir. Elə bu məqamda onu da əlavə edim ki, millət vəkili, yazıçı-publisist Aqil Abbasın ssenarisi əsasında çəkilmiş “Dolu” filminin hərbi məsləhətçilərindən biri də məhz Məmməd Hacıyevdir.
Bəli, ötən həftənin istirahət günü zəngləşdik, görüşdük və əl-ələ tutub Məmmədlə, Şövqüylə birlikdə Qarabağa getdik. Getdik ki, keçdiyimiz döyüş yolunu, izimiz qalan səngərləri birlikdə gəzib dolaşaq… Getdik ki, bu xidmətlərə görə Ulu Öndərimizin Azərbaycanın ən böyük mükafatlarından biri olan “Azərbaycan bayrağı” ordeninə, “Hərbi xidmətə görə” medalına, Ali Baş Komandanımız cənab İlham Əliyevin “Vətən uğrunda” medalına layiq gördüyü, Daxili Qoşunlarda Hərbi Şuranın katibi olan polkovnik Məmməd Hacıyevin şəhid silahdaşlarının ruhlarını yad edək, xatirələrini yaddaşımızda təzələyək və onlara deyək ki, Ali Baş Komandanın əmri və daxili qoşunlar komandanın tapşırığı ilə hər an silaha sarılmağa hazırıq.
P.S. Mən bu yazımla əslində təzə heç nə demədim və yeni bir tarix də açmadım. Sadəcə, bir döyüş dostumun, eləcə də bu döyüş dostumun döyüş yolunu yaddaşımda təzələdim. Üst-üstə 8 il Ağdam-Füzuli cəbhəsində xidmət edən polkovnik Məmməd Hacıyevin kimliyini diqqətə çatdırdım. İstədim ki, onu tanımayanlar tanısınlar, tanıyanlar da yenidən həmsöhbət olsunlar. Axı biz unutmağa meylliyik. Unuda-unuda da özümüzdən uzaqlaşırıq. Qarabağımızın işğal səbəblərindən biri də özümüzdən uzaqlaşmağımızdı. Gəlin, bir-birizmizə diqqətli və sayğılı olaq, bir-birimizin haqqına dəyər verək. Yəni dəyər verək ki, gələcək də bizi dəyərləndirsin. Qarabağda görüşmək ümidilə bütün döyüş və səngər dostlarımın qarşısında baş əyirəm.
Müəllif: Əbülfət MƏDƏTOĞLU
PS: Yazının originalını buradan oxuya bilərsiniz.