Bugün qocaman təhsil ocağımızda növbəti son zəng çalındı. Xəyallarım məni 15 il öncəyə 1999-cu ilə apardı. O il bu ilki onbirincilər körpə idilər. Həmin il mənim həyatımda yeni bir dövrün başlanğıcı idi. Mənim son zəngimdən,qayğısız uşaqlıq və məktəb illərimdən on beş il keçdi bu gün. O anları bugün bir daha yaşadım. Yeni həyata qədəm qoyan onbirincilərin üzündəki təbəssümü,kədəri gördükcə o günlər bir daha vərəqləndi gözlərim önündə. Yeni həyata qədəm qoyan bu uşaqlardan məktəbimizin,onların valideynlərinin gözləntiləri çoxdur. Bəlkə də, builki məzunların çoxu bir neçə ildən sonra ali məktəblərin məzunu olacaq məktəbimizin və kəndimizin adını yüksək səviyyədə təmsil edəcəklər.
Günü gündən inkişaf edən cəmiyyətimizdə savadlı,bacarıqlı məzunlarımızın olması önəmlidir. Gələcəyimizin normal olması isə birbaşa məktəbdən və orada verilən təhsildən asılıdır. Bugün bayram kimi bir gün olduğundan təhsilimizin bugünkü səviyyəsindən danışmaq fikrim yoxdur. Amma, həmişə fəxr edirəm və ağız dolusu danışıram ki, mən ALPAN KƏND MƏKTƏBinin məzunuyam və bu vəziyyətimə çatmağımda valideynlərimlə yanaşı məktəbimizin və müəllimlərimin çox böyük rolu olub. İbtidai sinif müəllimim Sayaxanım müəllimə(Allah ona rəhmət eləsin),riyaziyyat müəllimim Abdulməcid müəllim(Allah ona rəhmət eləsin) və Məkanət müəllimə,fizika müəllimim Ənvər müəllim, dil-ədəbiyyat müəllimim Lətifə müəllimə və digər müəllimlərimə həyatım boyu borcluyam. Bugün adını çəkdiyim gözəl insanlarla bir daha görüşdüm.
Məktəbimizin builki məzunları üçün son zəng tədbiri təşkil edilmişdi bugün. Tədbiri açıq elan edən məktəbin direktoru Rahib müəllim Dövlət Himnin səsləndirilməsindən və Bayrağımızın qaldırılmasından sonra hər kəsə ürək sözlərini demək üçün şərait yaratdı. Məktəbin riyaziyyat müəllimi Vəliqulu müəllim,Rayon Təhsil Şöbəsinin nümayəndəsi Mehparə xanım ,builki məzunların sinif rəhbəri və dil-ədəbiyyat müəllimi Lətifə müəllimə və digər müəllimlər çıxış edərək öz ürək sözlərini və arzularını çatdırdılar. Valideynlərə və məzunlara bir-bir söz verildi. Gözləmədiyim halda məktəbin keçmiş məzunu kimi məni də tribunaya dəvət etdilər. On beş ildən sonra məktəmizin son zəngində iştirak etmək və onbirinciləri təbrik etmək mənim üçün həyəcanverici bir an idi.
Tədbir musiqi proqramı ilə davam etdi. Bu ilki məzunlar və bu ilki birincilər qarşılıqlı bir-birlərini təbrik edib hədiyyələrini dəyişdirdilər. Və sonda ən təsirli an Son Zəng səsləndirildi. Bütün məzunlara yeni atıldıqları həyatda uğurlar və kəndimizin adını daha yüksək səviyyədə təmsil etmələrini arzulayıram.
31.05.2014