Sonuncu qonşu

500

    Bizdən əvvəlki nəsillər və bizlər kiçik kənd evlərində boya-başa çatıb həyata qədəm qoyanlarıq. Eyvanı küləşlə örtülmüş, yaz gələn kimi qaranquşların yuva qurduqları, damı torpaqlı, iki kiçik otağı axşamlar neft lampası ilə işıqlanan evimiz hərdən yuxuma girir, ev əhli və qonaqlar üçün həmişə yer tapılan o qaynar, səmimiyyət, hörmət və məhəbbət dolu illər içimdəki həsrət nəfəsli kövrək xatirələrimi üzü qışa əsən payız küləkləri kimi yelpikləyib közərdir. Zahirən nə qədər kasıb, miskin görünsələr də, içi xeyir-bərəkət, sevgi, xoşbəxtliklə dolub daşan bu evlərdə orta hesabla səkkiz-on uşaq dünyaya göz açar, öz gəlişləri ilə ailələrin, kəndin, ölkənin, dünyanın sevincinə sevinc qatardılar. Bu evlərin sakinləri gözütox, könlüaçıq, ömürlərinin hər gününü keçirmək deyil, yaşamağı və bundan zövq almağı bacaran insanlar idilər. Yamaqlı əyin-baş, əlin qabarı, alnın təri onların həyat eşqinə gölgə yox, nur saçırdı. Onlar sanki özləri üçün deyil, bir-biriləri üçün yaşayırdılar. Xeyirdə-şərdə bilmək olmurdu kim yaddı, kim yaxındı…
***

Sonaxanım xala
Sonaxanım xala

    Qonşuluq əlaqələri, əksəriyyətində ən adi mebel əşyaları – stol və stulun belə olmadığı köhnə kənd evlərinin əsas bəzəyi idi. İçdikləri su, yedikləri çörək kimi saf qonşular qapılarında kilidə, bağ-bağçalarını qoruyan hasara ehtiyac duymazdılar. Kəndimizin mərkəzində indi də divar-divara söykənib yaşayan evlər o günlərin şahidləridir. Qonşu xanımlar o qədər diqqətli idilər ki, samanlıq və ya hində yad toyuğun yumurtladığını görən kimi yumurtanı soyumamış qonşusuna çatdırardı. Qonşu uşaqlarının bir-birilərinin evlərində ərki bir başqa aləm idi. Əsgər gedən gənclər qonşuluqdakı böyüklərlə xudahafizləşər, onların xeyir-dualarını alar, əsgərlikdən gələndə də birinci onlarla görüşərdilər.
***
    Bizim də çox mehriban qonşularımız olub. Dünyalarını dəyişmiş, rəhmətlik qonşularımız haqqında ayrı-ayrılıqda danışmaq mümkün deyil, çünki onların hamısı eyni idilər; hər biri dürüst, halal, haqpərəst, kəsdiyi çörəyə hörmət bəsləyən, qədirşünas insanlar idilər. Yaxşı yadımdadır, o dövrdə dünyasını dəyişən insanların qırxı çıxmamış radio oxudulmazdı qonşu evlərdə.
Ağızları dualı, ayaqları bərəkətli, əlləri açıq qonşularımızdan biri də Beykəs dayı və onun həyat yoldaşı Sonaxanım xala idi. Hərdən ata-anam onları ziyarət edər, onlar da qonaq gələrdilər bizə. Yaxınılqda yaşamaqlarına və demək olar ki hər gün bir-birilərini gördüklərinə baxmayaraq, rəhmətliklər elə görüşərdilər ki, elə bil hərəsi uzun illər dünyanın ayrı-ayrı yerlərində yaşamışdılar. O illərdə biz uşaqlar sanki iki məktəbdə oxuyurduq. Biri elmlərin əsaslarını öyrədən dünyəvi məktəb, o birisi də valideynlərimizin yaşadıqları və yaşatdıqları həyat məktəbi. Ayağımız yer tutandan evimizin bərəkətinə öz töhfəmizi verməyə çalışardıq. Yaxşı yadımdadır, yay tətillərinin birində böyürtkən, cır alma satıb özümə dərsliklər, dəftər-qələm və çanta almışdım. Bu vərdiş müəllim fəaliyyətinə başlayanda da mənə çox kömək etdi. Qonşu kənddə birnövbəli məktəbdə çalışırdım. Kifayət qədər boş vaxtım olsa da, maaşım az idi. Həyat yoldaşımla meşələrimizdən zoğal yığıb satırdıq. Qazancımızdan yetmiş manata bir plaş da almışdım. Bir neçə il mənimlə yol yoldaşı olmuş o plaş mənə çox əziz idi və onunla özümü rahat hiss edirdim…
***
    Sonaxanım xala – Afət, Güllər, Sirat, Mina, Şamaybikə, Canpəri xalalar, Həvva, Mənsurə, Məsmə və Hürnisə nənələr, Bəcan, Murad, Balasultan, Xasməmməd, Oruc, Məstan, İsmayıl dayılar kimi onlarla mehriban qonşularımızdan sonuncusu idi. Həyat yoldaşı, müharibə veteranı Beykəs dayı ilə birlikdə yeddi övlad böyüdüb ev-eşik sahibi eləmişdilər. Onların böyük övladı rəhmətlik professor Ələkbər Qubatov müəllimim olub. O biri övladları polkovnik Ələsgər Qubatov, rəhmətlik Əhəd müəllim və hal-hazırda qonşum olan Tofiq müəllim, hərəsi bir evin xeyir-bərəkəti olan qızları Hədiqə, Zülfira və Nuriyyə xanım da hamının hörmət və ehtiramnı qazanıblar.
Rəhmətlik Sonaxanım xala anama “bacı” deyərək müraciət edirdi. Biri-birilərini çox sevirdilər. Yaşlı qonşuların son nümayəndələri olduqlarından te-tez görüşərdilər. Sonaxanım xala çox abır-həyalı qadın idi. Bir dəfə AMEA-nın əməkdaşalrından biri regionun folklor nümunələrini toplamaq üçün kəndin ən yaşlı sakini kimi anamın yanına gəlmişdi. Bu vaxt rəhmətlik Sonaxanım xala da gəldi və folklorşünası daha da sevindirdi. Qonşular başladılar yaddaşlarındakı bayatı boğçasından deyişməyə. Bir azdan sevənlərin bir-birilərinə dedkləri bayatılar başladı düzülməyə. Yaddaşlarımı tükəndi, yoxsa özləri yoruldular, araya sakitlik çökdü. Sonaxanım xala məni indicə görürmüş kimi həyəcanlanıb üzr istədi. Xəcalətimdən bilmədim nə deyim. Özü əlavə etdi ki, mənim yanımda (nəvəsi yaşında bir adam) guya ayıb sözlər gətirib dilinə…
***
Oğurluğun halallığı
    Günlərin birində, yay tətili zamanı Sonaxanım xalanın nəvəsi Fərhad və bizim Kərəm yolda oynayırmışlar. Qarpız-yemiş yüklü bir maşın gəlir kəndimizə. Satıcı oynayan uşaqlardan birini kiməsə oxşadıb yanına cağırır və ondan Tofiq müəllimin oğlu olduğunu soruşur. Müsbət cavab alan satıcı seçib ona bir yemiş verir və deyir ki, bunu nənənə verib deyərsən ki, filankəs göndərdi. Çox da böyük olmayan yemiş uşaqların tamahını azdırır, onu yeməyi qərara alırlar. Bu “əmanətə xəyanətdən” illər keçir, uşaqlar əsgər gedib gəlirlər. Bir gün Fərhad Kərəmi nənəsinin otağındakı şkafı çıxarmağa dəvət edir. Sonaxanım xalanın naxoş vaxtı imiş. Cavanlar işi bitirdikdən sonra Kərəm dostuna deyir ki, dünyanın işlərini bilmək olmaz, nə qədər ki gec deyil, gəl nənədən yemişin halallığını alaq. Razılaşırlar. Kərəm əhvalatı olduğu kimi danışır, xəstəsinə gələnlər və Sonaxanım xala o ki var gülürlər. Rəhmətlik Sonaxanım xala gülməyini güclə saxlayıb, Fərhad və Kərəmə uşaqlıq illərinin “oğurluğunun” halallığını verir.
***
Bir-birinə sirdaş idi qonşular,
Dar günündə qardaş idi qonşular.
Süfrəsində son tikəni bölərdi,
Sevincinə sevinərdi, gülərdi.
Hərəsi bir çeşmə – duru axardı,
Pəncərələr bir-birinə baxardı.
Bəsləyərdi payız xoruz-beçəni,
Şirin söhbət əridərdi gecəni.
Qar qucardı gəlib-gedən izləri,
Uyudardı qış küləyi bizləri.
Qonşuları əmi, dayı bilmişık,
İtirəndə gözümüzü silmişik.
Elçi gedib, söz alardı qonşular,
Qız verərdi, qız alardı qonşular.
Ad qoyardı qonşu oğul-uşağa,
Bu yaxınlıq nədən getdi uzağa?
İndi hasar kölgə salıb evlərə,
Qonaq səsi həsrət qalıb evlərə.
Yanır dünya, evlər yaman buzlaşıb,
İnsanlar çox, insanlıq ucuzlaşıb….
***
    Sonaxanım xala dünyanın qulpunu tutmağa, ancaq ondan almağa deyil, yaşadığı dünyanı gözəlləşdirmək, onu insanlığın şəninə şayan bir məkan olması üçün çalışan, insanlığın, insanpərvərliyin qədir-qiymətini daha da yüksəklərə qaldırmağa gələnlərdən idi. Bu ağzı dualı insan Sovetin atamın əlindən aldığı torpaq sahəsində ev tikdiyi üçün ondan halallıq almaqdan savayı, ömrü boyunca onun ruhuna quran oxuduğunu bildirirdi. Nə qədər zərif bir qədirşünaslıq!
Köhnə, kiçik evlərin yaşlı insanalrını həmişə gün-güzərandan razı, ömürlərindən şikayətsiz, üz tutduqları yolun bir gün bitəcəyini bilsələr də, axirətlərindən arxayın görmüşük. Bir ərəb məsəlində deyilir: – Mehriban, mərhəmətli, səbirli, məmnun və deyib-gülən yaşlı insanları gördünüzmü, onların gənclik illərində ədalətli, comərd və yolagedən olduqlarına əmin olun. Sonda onlar nə keçmişin qəmini çəkir, nə də gələcəkdən qorxurlar; onlar gözəl bir günün axşamı kimidirlər.
Bəli, Sonaxanım xala da “gözəl bir günün axşamı kimı” ayrıldı bizlərdən. Bu ayrılıqdan on ildən də çox zaman keçsə də, dünyalarını dəyişmiş digər qonşularımız kimi onu da tez-tez rəhmət, hörmət və ehtiramla yad edirik. O, köhnə nəsildən sonuncu qonşumuz idi. Gözəl axşamın səhəri də gözəl olur. Sonaxanım xala və Beykəs dayının hal- hazırda yaşayan övladları, nəvələri, nəticələri də öz nənə-babaları kimi gözəl rəftar və mehriban qonşuluq münasibətləri ilə fərqlənir.
Allah dünyasını dəyişənlərə rəhmət eləsin, yaşayan qonum-qonşularımıza da sağlıq-səhhət versin. Amin.

Müəllif:Rahib Alpanlı (Sədullayev),
ADPU Quba filialının baş müəllimi,
qabaqcıl təhsil işçisi