Su Baba Şəhidləri

290

(Olmuş hadisə)

Keçən əsrin 70-ci illərinin axırında kimliyini unutduğum bir alpanlıdan eşitdiyim əhvəlatın maraqlı olacağını düşünərək onu sizinlə paylaşmaq qərarına gəldim.

    Yay tətili dövrü idi. Bir neçə gənc müəllim və kənd ziyalısı Alpan ibtidai məktəbinin arxasındakı tut ağacının kölgəsində oturub söhbətləşirdik. Söhbət gəlib mənfur qonşularımızın keçən əsrin əvvəlində Alpanda törətdiyi vəhşilikdən düşdü. Həmsöhbətlərimizdən biri belə bir əhvalat danışdı:

Quba rayonu, Elşad Bayramov adına Alpan kənd orta məktəbi, alpan.az

    Bir dəfə xidməti vəzifəmlə əlaqədar olaraq Türkiyəyə ezam olunmuşdum. Səfər etdiyim təyyarə İstanbul hava limanına enəndə günorta əzanı oxunurdu. Taksiyə əyləşdim. Qalacağım mehmanxananın ünvanını söylədim. Hərəkətlərindən çox cəld və dilavər olduğu bilinən orta yaşlı sürücü:

-Baş üstə əfəndim, yarım saata sizi dediyiniz yerə çatdıracağam, – dedi.

    Yerimi rahatlayıb ətrafa göz gəzdirməyə başladım. Taksi aeroportun ərazisindən çıxıb çox rahat, hamar asfalt yolla şütüməyə başladı. Sürücü gözünü yoldan çəkməyərək:

-Ağabəy, misafirə oxşayırsınız.

-Bəli, Azərbaycandan gəlmişəm. – dedim.

-Bilirəm, ağabəy. Paytaxtınız da Bakıdır. Bir arkadaşım olub orada. Çox tərifləyir şəhərinizi,- dedi.

-Bəli, Bakı gözəl şəhərdir, – dedim.

    Sürücü isə susmaq fikrində deyildi. Durmadan danışır, sanki mənə nə isə anlatmağa çalışırdı.

    Mənim isə diqqətim ətrafda gördüyüm gözəl mənzərələrdə idi. Nəzakət xatirinə ona hərdən bir hə, elədir desəm də danışdığına qulaq asmırdım. Bunu hiss edən sürücü nəhayət susdu və maşını idarə etməyə davam etdi.

    Sürücü dediyi kimi yarım saata məni mehmanxanaya çatdırdı.

    İçəri girdim, özümü təqdim etdim. Əvvəlcədən sirafiş olunmuş otağın açarını aldım və 5-ci mərtəbəyə qalxdım. Hər cür rahatlığı olan bir nəfərlik otaq idi. Əl-üzümü yudum. Bir qədər dincəldikdən sonra yemək sifariş etdim. Yeməkdən sonra pəncərəyə yaxınlaşıb bayıra baxmağa başladım. Ətrafdakı gözəl mənzərə və qədim, əsl memarlıq abidələri olan binaların arasından görünən Qara dəniz məni bayıra səsləyirdi sanki. Aşağı endim. Tələsmədən sahilə tərəf addımlamağa başladım. İrəlilədikcə tarixin sirdaşı olan bu qədim şəhərin özünə məxsus memarlıq üslubu sanki mənə Osmanlının keçmiş qüdrətini, əzəmətini xatırladırdı.

Tezliklə sahilə çatdım. İş günü olduğu üçün sahildə adam az idi. Dənizlə qurunun arasında çəkilmiş məhəccərə yaxınlaşdım. Dənizə baxmağa başladım. Diqqətimi ilk cəlb edən suyun təmizliyi oldu. Az qala suyun altındakı qumlar da görünürdü.

-Kaş bizim Xəzərimiz də belə təmiz olaydı,- deyə düşündüm.

    Sağ tərəfdən kiminsə nəzərlərinin mənə dikildiyini hiss etdim. O tərəfə boylandım. 70-75 yaşlı, nur üzlü bir kişinin gözaltı məni süzdüyünü gördüm. Baxışlarını yana çevirdi. Mən isə qaqqıldaşa-qaqqıldaşa uçuşan, suya baş vuran qağayıları seyr etməyə davam etdim. Ağsaqqalın nəzərlərini üzərimdə hiss etsəm də ona tərəf baxmamağa çalışdım. Fikrə daldım. Birdən, yanımda eşitdiyim hənirtidən sanki yuxudan ayıldım. Həmin ağsaqqal idi.

-Bağışlayın, sizi narahat etmədim ki? – deyə nəzakətlə soruşdu.

-Xeyr, xeyr,buyurun, -dedim.

    Üzündə xəfif təbəssüm vardı. Seyrək, bozarmış qaşlarının altında parıldayan, yanları qırışmış qonur gözlərində əzizini görən adama məxsus, çətinliklə sezilən sevinc vardı.

-Oğlum, azərbaycanlısınızmı?

-Bəli. Nədən bildiniz?

-Mən azərbaycanlıları yaxşı tanıyıram. – dedi.

Bir qədər susdu. Üzündəki xəfif təbəssüm çoxaldı.

-Azərbaycanın harasındansan?

-Əmi, siz Azərbaycanın harasını tanıyırsınız?

-Sən de, mən tanıyıram. – dedi müsahibim.

Çox təəccübləndim.

-Qubalıyam.

-Qubanın harasından?

Əməlli-başlı artan təəccübümü gizlətmədən:

-Ay əmi, siz Qubanın harasını tanıyırsınız?

Qoca yenə

-Sən de, mən tanıyıram.

-Alpanlıyam, – dedim.

    Ağsaqqal sanki acı bir xəbər eşitdi. Üzünə kədər çökdü. Qıyılan gözləri uzaqlara dikildi. Hiss etdim ki, nələri isə xatırlamağa çalışır. Kədər qarışıq təbəssümlə üzümə baxdı və:

Subaba türbəsi XVI əsr abidəsi

-Su Baba qəbristanlığında türbənin qabağındakı palıd ağacı qalıbmı? – deyə soruşdu.

    Təəccübüm heyrətə çevrildi. Kəkələdim.

-..siz, Su baba qəbristanlığı, Su Baba türbəsi, 400-500 yaşı olan qoca palıd… Bunları hardan bilirsiniz, əmi?

-Ağsaqqalın üzündəki kədər sanki qatılaşdı. Yaşaran gözlərini məndən gizlətməyə cəhd etdi. Dərindən köks ötürdü. Yenidən üzümə baxdı.

-Gülümsəməyə çalışdısa da bacarmadı.

-Bilirsənmi? – dedi. 1918-ci ildə erməni-müsəlman davasında Azərbaycana köməyə gələn İslam Ordusunun tərkibində mən də vardım. Kiçik zabit idim. Dəstəmlə alpanlılara kömək etməyə gəlmişdik. Vəhşilərlə döyüşdə bir neçə (sayını unutmuşam) əsgərimiz şəhid oldu. Su Baba qəbristanlığında palıdın altında düşərgə saldıq. Şəhidlərimizi orada dəfn edib alpanlılara əmanət etdik. Bir qədər dincəldikdən sonra oradan ayrıldıq.

    O hadisələri heç vaxt unutmadım. Səni gördüm, ürəyim qübar etdi. Şəhid dostlarımı xatırladım, – dedi və gözlərindən axan yaşları barmaqlarının ucuyla sildi, zorla gülümsəməyə çalışdı.

Araya çökən dərin sükutu həmsöhbətim pozdu:

-O qəbirləri tanıyırsanmı? Heç vəziyyətləri ilə maraqlanan varmı?

Nə deyəcəyimi, nə danışacağımı bilmirdim. Necə deyəydim ki, nə o qəbirləri görmüşəm, nə də onlardan xəbərim var?

Utandığımdan tərlədiyimi hiss etdim. Üzünə baxa bilmirdim. Dodaqaltı bir neçə rabitəsiz söz söylədim.

Qoca deyəsən hər şeyi anlamışdı. Təəssüflə köks ötürdü.

-Daha səni narahat etməyim. Allaha əmanət ol, oğlum, – deyib arıq, titrək əlini mənə uzatdı.

Əlini tutdum. Üzürxahlıq edirmiş kimi üzünə baxdım və:

-Allah sizdən razı olsun, əmi, – dedim.

Əlini çəkdi, başını aşağı dikərək yavaş-yavaş sahildən uzaqlaşmağa başladı. Mən isə onun ardınca baxa-baxa qaldım.

Həmsöhbətimiz hekayəsini bitirdi, dərindən nəfəs aldı, üzümüzə baxıb:

-O qəbirləri tanıyan var? – deyə soruşdu.

Hamının baxışları yerə dikilmişdi.

 

Müəllif:Neman Qədirov