Suqovuşanda şəhadətə qovuşan şəhidimiz

2135

    Vətən müharibəsi çox insanları tanıtdı bizə. Kəndimizin igid, vətənpərvər oğulları çoxdur. Gizli qəhrəmanlarımız da var. Zaman keçdikcə onları tanıdıq, onlarla fəxr etdik. Dünən  sadə bir əsgər olan igidlərimiz bugün qəhrəman döyüşçüdürlər. Onlar haqqında döyüş yoldaşlarından xoş sözlər eşidəndə fəxarət hissi keçirməyə bilmirsən. Belə igid oğullarımızdan biri də Şəhid Gizir Balayev Orxan Vidadi oğludur.

    Həyatı haqqında: Balayev Orxan Vidadi oğlu 18.09.1998-ci ildə Quba rayonun Alpan kəndində anadan olub. 2004-cü ildə Alpan kənd orta məktəbinə, 1-ci sinifə qəbul edilib. Məktəbi 2015-ci ildə bitrib. 2016-cı ildə hərbi xidmətə çağırılıb. 2018-ci ildə hərbi xidməti bitirdikdən sonra 3 aylıq gizirlik kursunu  keçərək Yevlax-Aran korpusundakı N-saylı hərbi hissədə həmlə qrupunda  xidmətə başlayıb.

    Vətən müharibəsi başlayan gün, 27 sentyabr 2020-ci ildə ağır döyüş əməliyyatlarında iştirak edib. Döyüş zamanı qəhrəmanlıq göstərən Orxan düşmənin bir neçə tankının hərbi qənimət kimi ələ keçirilməsində də iştirak etmişdir. Onun sonuncu döyüşü Suqovuşan uğrunda gedən ağır əməliyyatlar olmuşdur.

    Sonuncu dəfə 6 oktyabrda ailəsilə danışan Orxandan bir daha xəbər çıxmır. Əvvəlcə onun şəhid olması barədə ailəsinə məlumat verirlər. Hətta onun nəşinin kəndimizə gətiriləcəyi deyilirdi. Sonra onun itkin düşməsi haqqında məlumat gəldi. Ailə biraz ümüdlənmişdi ki, Orxan sağ-salamatdı. Amma 55 gün sonra Orxanın Şəhid olması xəbəri ailəsinə verilir. 30 noyabr 2020-ci ildə Orxan Alpanda Xarman qəbiristanlığında dəfn edilib.

Balayev Orxan Vidadi
Balayev Orxan Vidadi

    Atası Vidadi Balayevin xatirələri: “Orxan haqqında keçmiş zamanda danışmaq çox ağırdır. Anasının gözünün yaşı quruyub. Ürəyimizdə bir boşluq var sanki… Çox heyifsilənirəm ki, Orxan bu dünyadan tez köçdü..İndi ancaq onunla bağlı xatirələrimizi yada salmaqla yaşayırıq…

    Orxan igid oğul idi. Bunu mən onun atası olub demirəm. Bunu döyüş yoldaşları da deyir. Onun itkin düşməsi xəbəri çıxandan sonra 55 gün ərzində demək olar ki, hər gün onun əsgər yoldaşları ilə danışırdım. Hamı deyirdi ki, Orxan mərd oğlandır, o qorxmazdır.

    Orxanın uşaqlıq arzusu idi hərbçi olmaq. Orta məktəbdə, 9-cu sinifi bitirdikdikdən sonra hərbi məktəbə sənədlərini verdi, amma komisiyadan keçə bilmədi. O, qətiyyətli idi ki, hərbçi olsun. Məktəbi bitirdikdən sonra əsgərliyə getdi. Xidmət etdiyi vaxtda komandirlərinin rəğbətini qazanmışdı. Hərbiyə olan marağını görən komandiri əsgərlik müddəti bitdikdən sonra ona təklif edir ki, orduda qalsın və MAXE kimi xidmət etsin. Orxan deyir ki, mən bura gizir kimi dönmək istəyirəm. Komandirinin “sənin kimi əsgərləri çox görmüşəm” sözündən sonra Orxan cavab verir: “mənim də necə oğul olduğumu görəcəksiniz”.Orxan belə oğul idi… Sözünü deyib ona əməl edirdi həmişə. İndi bizim ailə, onun anası və bacıları fəxr edir onunla.

Balayev Orxan Vidadi
Balayev Orxan Vidadi

    Sonuncu dəfə Orxanı bacısının toyunda bir il əvvəl görmüşdük. O gündən ancaq telefonla danışırdıq. Döyüşlər başlayandan demək olar ki, hər gün onunla telefonla danışırdıq. Nigaran qalmağımızı istəmirdi. Bilirdik ki, döyüş gedir, ona zəng çatmaya bilər. Narahat olurduq onun üçün. Sonuncu dəfə onunla oktyabrın 6-da danışdıq. Dedi ki, Suqovuşandayıq və qabağa gedəcəyik, zəng edə bilməsəm narahat olmayın, çünki telefonları təhvil verib gedirik. Və o gedən oldu Orxan. Həmin gündən sonra ondan bir xəbər ala bilmədik. Əvvəl dedilər ki, itkin düşüb. Bir az ürəyimizə toxtaqlıq verirdik ki, sağ-salamat tapılar. Hətta onun şəhid olması xəbərini də verdilər bizə, amma sonra bu məlumatın da düzgün olmadığı bilindi. Beləcə düz 55 gün gözlədik və 30 noyabrda Orxan evimizə şəhid kimi döndü…”

    Döyüş yoldaşı, həmkəndlimiz gizir Səxavət Əhmədovun dedikləri:” Ən əvvəl onu deyim ki, Orxan çox mərd oğlan idi. Dəfələrlə şahidi olmuşam ki, o heç nədən qorxmur, sinəsini qabağa verib əsgərlərin önündə gedirdi. Mən Orxanın itkin düşməsi xəbərini eşidəndə onunla çiyin-çyinə döyüşmüş əsgərləri aradım. Onlar Orxan haqqında elə gözəl sözlər dedilər ki, onun həmkəndlisi olmağımla fəxr etdim.

    Mən onun yaxınlığında döyüşən əsgərlərdən bir neçəsi ilə danışmışam. Onların dediklərindən belə qənaətə gəldim ki, Orxanın Şəhid olması 7-8 oktyabr tarixlərinə təsadüf edir. Həmin günlərdə çox gərgin döyüşlər gedirdi. Biz geri aldığımız torpaqları qorumağa çalışır və mövqelərimizi gücləndirirdik. Düşmən isə məğlubiyyətlə barışmaq istəmir, kor-koranə hücuma keçir və mərmiləri başımıza yağdırırdılar.

    Orxanı Tərtərin Talış və Suqovuşan kəndləri istiqamətində gedən ağır döyüşlər zamanı, oktyabrın 2-dən 5-dək olan zaman aralığında görmüşəm. Sonuncu görüşümüzdə o, düşməndən qənimət kimi ələ keçirdikləri tankı döyüş ərazisindən çıxarırdı. Həmin gün AZTV-dən müxbirlər də orada idi və o səhnəni lentə alıb tankın üstündə oturmuş Orxandan müsahibə də götürdülər.

    Ona təcrübəli bir hərbçi olaraq deyirdim ki, özünü qoru. Sən dəliqanlı, qorxmaz oğlansan. Amma bil ki, düşmən gülləsi gəlirəm deyib gəlməyəcək. Orxan isə özünəməxsus təmkinlə deyirdi ki, biz ermənilərdən çox güclüyük. Onlar qorxub qaçırlar. Bu işin sonu Şəhid olmaqdır, o da əlçatmaz zirvədir.

    Orxan belə igid oğul idi. O, əsgərliyə başlayanda da seçilmiş əsgərlərin cəmləndiyi Əlahiddə xüsusi əməliyyat taborunda, başqa sözlə desək həmlə taborunda xidmət edib. Daha sonra o gizirlər üçün nəzərdə tutulmuş kursu keçdikdən sonra öz taboruna gizir kimi döndü. Manqa komandiri kimi işinin öhdəsindən gözəl gəlirdi. Təəssüflər olsun ki, belə igid oğullarımızı itirdik…”

Balayev Orxan Vidadi
Balayev Orxan Vidadi

Döyüş yoldaşı Əsgərov Rəhmanın xatirələri: “Orxan mənim manqa  komandirim idi. Son 8 ayı biz çox yaxın dost olmuşuq. Baxmayaraq ki, mən onun əsgəri idim. Belə qoçaq insanla dostluğum mənim əlavə şansım idi.

    Orxan yeganə hərbçi idi ki, ad günü olan əsgərlər üçün mütləq hədiyyə alardı. Balaca tortla çay süfrəsi ətrafında qeyd edərdik həmin əsgərin ad gününü. İlk dəfə olaraq o yeni ili təmtəraqlı keçirməyə nail oldu keçən il. Deyilənə görə onadək bunu edən olmamışdı. Bu bizdə çox xoş təəssüratlar yaratmışdı.

    Döyüşlərdə onunla çiyin-çiyinə vuruşmaq məni ruhlandırırdı. Orxan qorxunun nə olduğunu bilmirdi. Yaralı əsgərləri döyüş zonasından təkbaşına çıxarırdı. Oktyabrın 2-dən etibarən biz ayrı-ayrı mövqelərdə döyüşürdük. Sonuncu dəfə bütün gecəni bir yerdə Talış kəndində olmuşuq. Talışdan Suqovuşana doğru 6 saatlıq çətin relyefli yolu meşə ilə qalxıb “951” adlı zirvədə mövqe qurduq. Biz kəndi düşmənlərdən alıb etibarlı mövqe yaratmışdıq. Ərazinin dağlıq və meşəlik olması bir qədər işimizi çətinləşdirsə də gördüyümüz işin nəticəsindən doğan xoşbəxtlik hissi bizə əlavə güc verirdi.

Balayev Orxan Vidadi
Balayev Orxan Vidadi

    Burada biz qruplara bölünməli idik. Elə alındı ki, Orxan mənimlə eyni qrupa düşmədi. Biz müxtəlif istiqamətlərə getdik. Sonrakı günlərdə də Orxandan xəbərim olurdu. Onun yanından gələn əsgərlər sağ-salamat olduğunu deyirdilər. Orxangilin qrupu bizim sağ tərəfimizdəki təpəlikdə mövqelənmişdilər və nisbətən bizdən geridə idilər. Amma onların olduğu yeri düşmən kor-koranə mərmi atəşinə tuturdu. Yanımızda şəhid olan əsgər yoldaşlarımıza görə çox üzülürdük. Sonra eşitdim ki, Orxanı da vurublar, şəhid olub və döyüş bölgəsində qalıb çox pis oldum. Çox mərd oğlan idi,təəssüf onu tez itirdik…”

Son

Balayev Orxan Vidadi
Balayev Orxan Vidadi

    Döyüşlər itkisiz olmur. Ailə üçün oğul itirmək çox ağırdır. Orxanın ailəsi onu cismən itirsə də onu bütün Azərbaycan qazandı. Şəhidlik zirvəsinə yüksəlməklə Orxan könüllərdə əbədi yuva qurdu. Onun qəhrəmanlığını heç kəs unutmadı. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Şəhid Gizir Orxan Balayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Allah şəhidimizə rəhmət eləsin.

Müəllif: İlkin R.Balayev.