Tələt Qayıbov

282
alpan.az-Tələt Qayıbov

    Tələt Dənyar oğlu Qayıbov 1923-cü il may ayının 15-də Quba rayonunun Alpan kəndində anadan olmuşdur. Azərbaycan tarixinə düşmüş, Quba xanları ilə qohum olmuş Hacı Qaibin və Xanbaba bəyin nəvə-nəticələrindən biri və Bəybala bəyin qardaşı oğlu olan Tələt müəllim çətinliklərlə dolu marağlı həyat yolu və elmi mərhələlər keçmişdir. Qayıbovlar ailəsi bəy nəsli olduqları ücün onlar da 1927-ci ildə Qazaxa sürgün edilmişlər. 1930-cu ildə yenidən Qubaya qayıtsalar da, yaşayış binaları müsadirə edildiyinə görə və onlara ev tikmək üçün torpaq sahəsi verilmədiyindən 1932-ci ildə Bakıya köçməli olmuşdular. Tələt Qayıbov orada 132 saylı orta məktəbdə oxumuş və 1939-cu ildə məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsinə daxil olmuşdur. 1943-cü ildə hələ tələbə ikən o, Azərbaycan Elmlər Akademiyasının “Zoologiya” İnstitutunda baş laborant vəzifəsinə işə qəbul edilmişdir. 1944-cü ildə Universitetinin biologiya fakultəsini “fərqlənmə” diplomu ilə bitirən Tələt bəy 1 il sonra fiziologiya ixtisası üzrə aspiranturaya daxil olmuşdur.

Tələt Qayıbov

    1948-ci ildə akademik Abdulla Qarayevin rəhbərliyi ilə onun ilk aspirant – fizioloqu olan T.Qayıbov namizədlik disertasiyasını başa çatdırmış və müvəffəqiyyətlə müdafiə etmişdir. Dissertasiya azərbaycan dilində yazılmışdı, hansı ki, həmin dövrdə insan fiziologiyası üzrə azərbaycan dilində ixtisaslaşdırılmış ədəbiyat demək olar ki yox idi.
    Bu illərdə Qayıbov həmçinin Universitetin fəlsəfə fakültəsində “Ali sinir fəaliyyəti” fənnindən də dərs demişdi. T.Qayıbovun çoxşaxəli elmi fəaliyyəti əsasən aşagıdakı üç istiqamətdə inkişaf etmişdir. 1948/61-ci illəri əhatə edən elmi fəaliyətinin birinci dövründə gənc alim Elmi Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunda kicik elmi işçi, baş elmi işçi, ”Biokimya və kliniki fiziologiya” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Bu illərdə alim tərəfindən aparılan tədqiqatlara, baş-beyin yarımhüceyrələri qabığının təcrid edilməsi ilə radioaktiv amin turşularının tətbiqi və şokoterapiya sahəsində uyğun olmayan qan köcürmə ilə aparılan işləri aid etmək olar. Ümumiyyətlə Tələt müəllim “Hemostaz” problemlərinə həsr olunmuş çox sayda tədqiqatlar aparmışdır. Bu illərdə onun rəhbərliyi altında Qəşəm Məmmədzadə doktorluq və digər 8 əməkdaş namizədlik dissertasiyalarını müdafiə etmişdilər.
1951-ci ildə Elmi Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunda işləyən biologiya elmləri namizədi, dosent T.Qayıbov Azərbaycan Dövlət Pedaqoji İnstutunda “İnsan və heyvan fiziologiyası” kafedrasına müsabiqə yolu ilə müdür vəzifəsinə seçilmişdi. 1939-cu ilə qədər bu kafedraya professor Azad Əmirov rəhbərlik etmişdi. Onun vəfatından sonra kafedra bağlanmış və 12 il fəaliyyət göstərməmişdi. Fəaliyyətdə olmayan bu kafedranı Tələt müəllim bərpa etmiş və yenidən təşkil etmişdir. Yenilənmiş kafedrada fiziologiya fənnindən başqa morfologiya, insan anatomiyası, histologiya, sitologiya, məktəb gigiyenası fənnləri də tədris olunmağa başlanmış və fakultənin ən böyük kafedrasına çevrilmişdir.
    Professor T.Qayıbov bu vəzifə ilə yanaşı 1966-ci ilə qədər həmin institutun partiya təşkilatınin katibi, elmi işlər üzrə prorektor vəzifələrində çalışmış və bu dövr onun elmi-pedaqoji fəaliyyətinin ikinci dövrü hesab oluna bilər. ETHQİ-u ilə elmi əlaqələrini kəsməyən Tələt Qayıbov həmin institutun direktoru, Elmlər Akademiyasının müxbir üzvü, professor Fuad Əfəndiyevin dəstəyi ilə “Uyğun gələn və uyğun olmayan qanın köçürülməsindən sonra resipiyentin orqanizmində yaranan funksional dəyişikliklər” mövzusunda doktorluq dissertasiyasını başa çatdırmış və 1961-ci ildə Moskva şəhərində N.İ.Piroqov adına 2 saylı Tibb İnstitutunda “Tibbi biologiya” elmi şurasında müvəffəqiyyətlə müdafiə etmişdir.
    1962-ci ildə professor elmi adına layiq görülən T.Qayıbovun rəhbərliyi ilə 1963-cü ildə kafedranın nəznində ilk dəfə olaraq “İonlaşdırıcı şüalanmanın postnatal ontogenezdə orqanizmin rezistentliyinə təsiri” mövzusunda elmi-tədqiqat “Radiobiologiya” problemləri laboratoriyası yaradılmışdır. T.Qayıbovun burada işlədiyi müddətdə (1951/66-ci illər) onun rəhbərliyi ilə Roza Qafarova doktorluq və digər 14 əməkdaş namizədlik dissertasiyalarını müdafiə etmişdilər.
    Cəfakeş alim 1963-cü ildə “Şərəfli əməyə görə” medalı ilə təltif edilmişdir. 1954-cü ildən 1979-cu ilə qədər professor T.Qayıbovun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən, Zaqafqaziya Pedaqoji institutlarının və universitetlərinin fizioloğiya sahəsində birgə elmi konfransları onun elmi-ictimai fəalliyətinin mühüm ğöstəriciləri kimi qeyd oluna bilər. Bu illər ərzində ümumiyyətlə 11 elmi konfrans keçirilmiş, 1979-cu ildə keçirilən sonuncu konfrans isə 1966-cı ildən kafedra müdiri işlədiyi Azərbaycan Dövlət Universitetinin 60 illiyinə həsr edilmişdir.

(Şəkildə gördüyünüz bina Tələt Qayıbovun atası Dənyar bəyin qardaşı Bəybala bəyin malikanəsinin bir hissəsidir)

Quba rayonu, Elşad Bayramov adına Alpan kənd orta məktəbi, alpan.az

    T.Qayıbovun elmi-pedaqoji fəaliyyətinin ücüncü dövrü də bu illəri əhatə   edir.  Prof. T.Qayıbov ADU-da kafedra müdiri seçildikdən sonra nəinki fiziologiya kafedrasında, eyni zamanda biologiya və digər fakultələrdə (kimya, geologiya, fizika və s.) keçirilən fənnlərin tədrisində texniki vəsaitlərdən istifadə etmək, ixtisaslaşdırılmış auditoriyalar təşkil etməklə tədrisin keyfiyyətinin artırılması sahəsində böyük işlər görmüşdür. Onun fəaliyyəti nəticəsində “İnsan və heyvan fiziologiyası” kafedrası universitetin ən qabaqcıl kafedrasına çevrilmişdir. Bununla əlaqədar olaraq 1972-ci ildə SSRİ Ali Təhsil Nazirinin (A.Yelyutin) əmri ilə professor T.Qayıbova rəsmi “Təşəkkür” elan edilmişdir.
    1969-ci ildə kafedranın nəznində fəaliyyət ğöstərən ”Biostimulyatorlar” laboratoriyasında SSRİ Müdafiə Nazirliyinin tam məxfi və əsas problemlərindən biri olan “Ordu və əhalinin kütləvi qırğın silahlarından müdafiəsi” sahəsində aparılan tədqiqatlar (Dövlət Pedaqoji İnstututunda “İnsan və heyvan fiziologiyası” kafedrasınin problem laboratoriyasında aparılan işlər burada davam etdirilirdi) SSRİ Ali TN-nin Elmi-Texniki şurasında təsdiq olunmuş və MN tərəfindən yüksək qiymətləndirilmişdir.

Bəybala bəy Qayıbov

    Tələt Qayıbovun elmi axtarışlarının kulminasiyası– epifiziologiya sahəsində apardığı tətqiqatlar olmuşdur. 1960-cı illərin sonlarında epifizin hormonları kəşf olunduqdan sonra bu sahədə böyük elmi axtarışlar başlanmışdır. Bu mərhələyə “epifizioloğiyanın qızıl dövrü” deyilir. 1970-ci ildən sonra T.Qayıbovun rəhbərlik etdiyi kafedrada epifizioloğiya sahəsində yüzlərlə elmi tədqiqat işləri aparılmış, bir cox namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir. Epifiziologiya istiqamətində aparılan elmi axtarışlar, bu sahənin Azərbaycanda əsasını qoyan prof. Tələt Qayıbovun məktəbi kimi tanınır.
Elmi-pedaqoji fəaliyyəti dövründə T.Qayıbov bir çox elmi qurultay və konfranslarda iştirak etmişdir (Moskva, Leninqrad, Kiyev, Tbilisi, Yerevan, Daşkənd, Aşqabad və s.). Elmi axtarışlarının bir hissəsi tam məxfi olduğundan o, SSRİ-dən kənarda keçirilən tədbirlərdə iştirak edə bilmirdi. Elmi-pedoqoji fəaliyyəti dövründə professor T.Qayıbov tərəfindən 40-a qədər yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlanmışdır. Onların 11-i elmlər doktoru (3-ü əməkdar elm xadimi), 28-i elmlər namizədidir. Yetişdirdiyi elmi kadrlar arasında bir sıra xarici ölkələrin (Misir, Koreya, Vyetnam, Yəmən, Əfqanistan və s.) tələbə və aspirantları da var idi.

    Bunlarla yanaşı o, 350-dən çox elmi əsərin, 3 monoqrafiyanın, 2 dərslik, bir sıra metodiki göstərişlər və patentlərin müəllifidir. M.Rəsulzadə adına BDU-nun 80 illiyi münasibətilə 2000-ci ilin 11 fevral tarixində T.Qayıbova “Əməkdar müəllim” fəxri adı verilmışdir. Qayıbov “Azərbaycan Fizioloqlar Cəmiyyəti”-nin sədr müavini, “Bilik” cəmiyyətinin rəyasət heyətinin üzvü, uşaq və yeniyetmələrin fizioloji problemlərinin koordinasiya şurasının üzvü, BDU-nun, ATU-nun, APU-nun, MEA-nın “Fizioloqiya İnstitutu”nun elmi şuralarının üzvü olmuşdur
Professor T.Qayıbov 1993-cü ildə Heydər Əliyevə müraciət edən Azərbaycanın 91 ictimai-siyasi, elmi-ədəbi xadimindən biri olmuşdur. T.Qayıbov həm də “Yeni Azərbaycan Partiyası”-nın Bakı şəhər təşkilatının ilk yaradıcılları sırasında olmuş və “Yeni Azərbaycan Partiyası”nın siyası şurasının üzvü seçilmişdir.

Oturanlar. Soldan kepkalı Heybət bəy Qayıbov, papaqlı Dənyar bəy Qayıbov. Arxada soldan papaqsız Arif Dənyar oğlu, kepkalı kursant geyimli Ədhəm bəy

    Tələt müəllimin atası Dənyar bəy, Quba qəzasının komissarı və AXC Parlamentinin üzvü, polkovnik Əli bəy Zizikskinin kürəkəni (bacısı Səadətin yoldaşı) idi, həmin xanımdan doğulan böyük qardaşı, MN-nin Sığorta baş idarəsində baş inspektor işləyən Arif bəy Qayıbov olmuşdur. Tələt müəllimin qızı Mehparə xanım f.e.d., Xarici Dillər universitetinin professoru, kafedra müdiri olmuş, oğlu Namik Qayıbov Qanköçürmə Stansiyasının direktoru işləmiş, t.e.n. və Respublikanın Əməkdar həkimidir.


    2002-ci il yanvar ayının 26-da vəfat edən professor Tələt Qayıbov Bakı şəhərində dəfn olunmuşdur. 95 illiyi münasibətilə Unudulmazlar seriyasından haqqında sənədli film çəkilmişdir. Bəli, unudulmaz alim və pedoqoq olan həmyerlimizi gələcək nəsillərimizin qədirbilən yaddaşına həkk etmək üçün biz də əlimizdən gələni əsirgəməyərək həm də onların dəyərli irsinə, nümunəsinə layiq olmağa çalışmalıyıq…

Mətni işləyib təqdim etdi:C.Alpoğlu Albantürk