Tərlan Nəzir yaradıcılığı

143

    Türkiyədə yaşayan həmkəndlimiz Tərlan Nəzir bəyin bu il ərzində dörd kitabı işıq üzü görüb. Tərlan bəyə uğurlar və oxucularının bol olması arzusu ilə kitablarının qısa məzmununu təqdim edirəm.
    “Patron” povestini Tərlan bəy illər uzunu tərcüməçi,müştəri təmsilçisi,xarici ticarət əlaqələndiricisi və idxal-ixrac şöbəsinin müdürü vəzifəsində çalışdığı “Eser Tekstil İthalat İxracat Dış. Tic. Ltd.”şirkətinin rəhmətlik sahibi Hacı Vahap Fidanerin xatirəsinə ithaf edib. Əsərdə Vahapın insanlarla nümunəvi davranışından,işçilərə etdiyi xəbərsiz köməklərdən və şirkətdə cərəyan etmiş hadisələrdən bəhs olunur.
    “Soy Bağı” romanında bir axıska türkünün sürgündən yeddi ay öncə Azərbaycana köç etməsi və oradakı həyatından bəhs olunur. Kitabın cildi üçün Quru çayın fonunda Şahdağın fotosu istifadə edilib. Fotodakı Şahdağ və Quru çaydan aydın olur ki, kitabda Alpandan bəhs olunur. Kəndin adı isə Alpan yox, Quruçay kimi yazılıb.Kitabda romandan başqa “Söz merasimi” (Azərbaycan dilində -Elçilik) adlı bir pərdəli səhnəcik də var. Burada Azərbaycandan Türkiyəyə qız elçiliyinə gedən bir ailə ilə Türkiyəli ailənin çox komik bir vəziyyəti yumoristik gülüşlə təqib olunur.
    “Ninemin rüyası” (Nənəmin yuxusu) kitabı hekayələrdən ibarətdir. “Kitab yeddi ayrı hekayədən ibarətdir. Müəllifin hekayələri elə səlis və rəvan yazılıb ki, bir hekayəni oxuyub qurtarıb digərinə nə zaman keçdiyinin fərqində olmursan. Hekayələrin əsas məqsədi oxucuya mesaj verməkdir. Müəllifə verdiyi bütün xoş mesajlar üçün təşəkkür edirəm və yazmağa davam etməsini diləyirəm.” Aleyna Uluç-ədəbiyyat tənqidçisi.
    “Hayat, Estetik ve Sanat” kitabı müəllifin uzun illər, hətta Azərbaycanda Akademiyada elmi tədqiqatla məşğul olduğu vaxtlardan bu günlərə qədər əldə etdiyi elmi nəticələrinin nəzəri detallarını, türk filmləri və seriallarını tədqiq edərək yazdığı monoqrafik əsərdir. Burada həyat həqiqətləri, estetik reallıq və bədii həqiqətin əlaqələrindən bəhs olunur.
    Hazırda “Şansın cilvesi” romanı üzərində işləyən müəllif kitabını ilin sonunadək nəçr etdirmək fikrindədir.

Müəllif: İlkin R.Balayev