Uğura gedən yol

417

 

alpan.az-Renad
alpan.az-Renad

Uğur əldə etmək üçün çalışmalısan, yuxusuz gecələr, ağır iş və yaşıdlarının həyat tərzindən fərqli bir hayat yaşamalısan. Məhəllə uşaqları, sinif yoldaşların və yaşıdlarının keçirdiyi asudə vaxt və məşquliyyətlər səndən qismən uzaq olmalıdır ki, sən məqsədinə çatasan,uğur qazana biləsən. Asudə vaxt və sərbəst məşquliyyətlər hər zaman mümkündür, amma uğur qazanmaq üçün mütləq müəyyən şeylərin üstündən xətt çəkməlisən. Sən uğur qazananda hər şey sənə xoş olacaq.

Uğura gedən yolun sirrini bilən insanlar həmişə məqsədlərinə çatıblar. Sizi belə insanlardan biri ilə tanış edəcəm. Qəhrəmanımız həmyaşıdları arasında  sözünü demiş və uğura gedən yolun hansı çətinliklərdən keçdiyini gözəl bilir. Kəndimizin və məktəbimizin-Alpan kənd orta məktəbinin yetirməsi, hazırda 11-ci sinif şagirdi olan Hümbətov Rənad Müsayib oğlunu sizə tanıtmaq istərdim. Bu oğlan

öz biliyi,bacarığı və əzmkarlığı ilə artıq bəzi uğurlara imza atmışdır. Kənd məktəbinin savadlı və bacarıqlı şagirdlərindən biri olan Rənad son günlər daha bir uğuru ilə bizi sevindirdi. O, Respublika fənn olimpiadasının final turunda Coğrafiya fənnindən Azərbaycan üçüncüsü (buradan oxuyun) olmaqla ali məktəbə imtahansız qəbul ediləcək 274 şagirddən biri olmaq hüququnu əldə etdi. Bu uğurunadək o Alpan kənd məktəbini Quba rayon olimpiadasında uğurla təmsil etmiş və nəticələrinə görə Respublika fənn olimpiadasının yarım final mərhələsinə keçmişdir. Orada da yüksək nəticə əldə etdiyindən final mərhələsinin iştirakçısı olmuşdur.

alpan.az-Renad
alpan.az-Renad

Rənad haqqında qısa bir arayış vermək istərdim. Hümbətov Rənad Müsayib oğlu 10 iyul 2002-ci ildə Quba rayonun Alpan kəndində zəhmətkeş kəndli ailəsində anadan olmuşdur. 2008-ci ildən kənd məktəbinin birinci sinifinə qəbul edilən Rənad uşaq yaşlarından öz biliyi və bacarığı ilə fərqlənməyi bacarmışdır. Doqquzuncu sinifdən etibarən Dövlət İmtahan Mərkəzinin keçirdiyi sınaq imtahanlarında uğurlu nəticələr qazanmışdır. Bu ildən DİM ali məktəblərə qəbul qaydalarında dəyişiklik etmişdir və Rənad qəbul imtahalarının birinci mərhələsində mümkün 300 baldan 256 bal yığaraq özündən söz etdirməyi bacarmışdır. Rənadın savadı və bacarığına görə Quba rayon təhsil şöbəsi onu “Azərbaycanı tanıyaq” layihəsinə üzv qəbul etmiş və ölkəmizin gözəl məkanlarına ekskursiyaya aparmışdır. Rənad bu uğurlarına görə ailəsinə borclu olduğunu bildirməklə yanaşı məktəbimizin müəllimlərinə dərin hörmətinin olduğunu və onların köməyi olmadan bu uğurların qazanılmasının mümkünsüz olduğunu qeyd edir.

Rənada uğurlar arzu edirik. O, hələ uğurun başlanğıcındadır. Ona yorulmamağı, belə davam etməyi və kəndimizi olduğu hər bir yerdə layiqincə təmsil etməyi arzulayırıq.

 

Müəllif: İlkin R Balayev.