Ulu Türk yurdunun sirdaşı – Alpan

679

    Orta məktəbin 7ci sinifində həftədə 1 saat Azərbaycan tarixi dərsi keçərdik. Yaxşı yadımdadır, 140-150 səhifədən ibarət bir kitab idi. Cümlələri uşaqların çətinliklə başa düşəcəyi qəliz bir dildə yazılmış bu kiçik kitaba bu boyda millətin tarixinin necə sığışdığını uşaq ağlımla heç cür anlaya bilmirdim. Əvəzində isə SSRİ tarixi adı altında qalın-qalın kitablarla rus tarixini (bəzən gözə toz atmaq üçün 1-2 səhifə digər sovet xalqlarının tarixindən də yazılardı), 300-400 səhifəlik Orta Əsrlər Tarixi kitabı ilə isə yunan, çin, misir və digər xalqların tarixini öyrədərdilər. Həmin kitablarda azərbaycanlıların və gürcülərin Zaqafqaziyaya 3000 il bundan əvvəl gəldikləri yazılır, hayların isə adı çəkilmirdi. Anlamazdıq ki, adlarını çəkməməklə onları yerli xalq kimi göstərirlər. Kitabda Azərbaycan ərazisində qurulmuş dövlətlərdən danışılarkən Qafqaz Albaniyası adlı dövlətdən söz edilər və Albaniya sözünün mənasının yunanca “dağlar ölkəsi” olduğu qeyd olunurdu. Sonra da göstərirdilər ki, Quba rayonundakı Alpan kəndi də Albaniyanın yadigarıdır.

bir kendden daha artiq
alpan.az logo

    İstər-istəməz ortaya belə bir sual çıxır: “Axı Azərbaycanda heç vaxt yunanlar yaşamayıb. Yaşamadıqları yerə onlar necə ad verə bilərdilər?” Təbii ki, o vaxt bu suala cavab tapmaq bir məktəbli üçün mümkün deyildi. İnstitut illəri başladı. İxtisasım olmasa da çox həvəsim olduğu üçün əlimə düşən tarix kitablarını, jurnal və qəzetlərdə çıxan məqalələri oxuyardım. İnstitutda bəzi vətənpərvər müəllimlərin sayəsində də müəyyən mətləbləri anlamağa başladıq. Anladıq ki, sovetlər dövründə Şimali Azərbaycanın tarixi total şəkildə təhrif edilmiş və yalan faktlarla bizim üçün yeni tarix yazılmış, Qafqaz Albaniyası tarixi isə saxtalaşdırılaraq türklərə yox, bölgənin digər xalqlarına aid edilmişdir. Türklər isə Avropa mənbələrinə istinadən bizim eradan 2000 il əvvəl Altaylardan gələn köçəri bir millət kimi qələmə verilmişdir. Şimali Azərbaycan ərazisində yüzillərlə varlığını sürdürmüş Hun dövlətinin adını belə çəkmək yasaq olmuşdur. Tarixçilərimizə vətənimizin obyektiv tarixini yazmaq qadağan edilmişdir.

     Haşiyəyə çıxaraq qeyd etmək istəyirəm ki, Albaniya haqqında ilk məlumat yunan tarixçisi Strabon (e.ə. I əsr)  tərəfindən verilir və məhz o, həmin dövləti Albaniya adlandırır. Bir sadə nüansı gözdən qaçırmayaq ki, hər hansı bir sözü hər xalq öz dilinə uyğun tələffüz edir. Məs: bizim Almaniya adlandırdığımız dövləti almanlar özləri Deutchland, ingilislər Germany, ruslar Germaniya və s adlandırırlar. Strabon da Albaniyanı yunan dilinə uyğun yazmış və tarixi mənbələrdə bu adla xatırlanmışdır.

    Aşağıda istinad edəcəyimiz faktlara əsasən deyə bilərik ki, ölkənin adı Alpaniya, xalqın adı isə alpanlar olmuşdur.

    Qeyd etmək lazımdır ki ,sozün kökü alpdır. Sonradan yer, məkan bildirən an şəkilçisini qəbul edərək alpan formasını almış və igidlər, ucalar məkanı mənasında işlənmişdir.

    Rus tarixşünaslığı da dərindən tədqiq etmədən (və ya tədqiq etmək istəmədən) yunan mənbələrinə istinad edərək dövlətin adını Albaniya, xalqı isə albanlar kimi təqdim etmişdir. Fikirlərinin doğru olduğunu sübut etmək üçün isə hay mənbələrində keçən “Ağvan” sözünüdən istifadə etmişdirlər. Qeyd etmək lazımdır ki, “alban” sözünün mənasını nə erməni, nə gürcü, nə də digər Qafqaz dillərinin lüğət bazası ilə izah etmək mümkün deyildir. Rus tarixşünaslığının istinad etdiyi “ağvan” sözü isə qədim türkcədə “ağ vəng”(ağ monastr) mənasındadır. Bu söz xristian dinini qəbul etmiş əcdadlarımızın təkallahlılığa inancını ifadə edirdi. Bndan aydın olur ki, “ağvəng” türkcə olub, azərbaycanlıların milli kimliyinə aydınlıq gətirir.

    Gəlin əvvəlcə türklərin köçəri yox, Azərbaycan, Anadolu və Balkanların ilkin sakinləri olduqlarını sübut etməyə çalışaq.

Subaba türbəsi XVI əsr

    Mən tarixçi deyiləm və düşüncələrimi tarixçilərin fikirlərinə əsasında izah etməyə çalışacağam. Bəri başdan deyək ki, türklərin köçəri olması barədə səslənən fikirləri Azərbaycan tarixçiləri qətiyyətlə rədd edir və Türkiyə tarixçilərinin cavan nəslinin bəzi nümayəndələri də onlarla həmrəy olduqlarını bildirirlər. Azərbaycan, Anadolu və Balkanlarda bizim eradan çox əvvəllər türklərin yaşadığına dair sübutlar var.

    Alman alimi Fon Ditsin verdiyi məlumata görə bizim eradan 3000 il əvvəl Qara dəniz və Aralıq dənizi sahillərində türk tayfaları yaşayırdılar. Onun bu fikrini yazılı yəhudi mənbələri də təsdiq edir.

    “-Homerin İlliadasında təsvir olunan tayfaların çoxu türk tayfalarıdır,”-fikri isə hörmətli şairimiz Sabir Rüstəmxanlıya aiddir.

    Hörmətli akademik, böyük tarixçi alim Yaqub Mahmudovun avropalıların türkləri köçəri adlandırmasına münasibəti belədir: -“Onların məqsədi türkləri vəhşi və işğalçı kimi göstərib şərqdən qərbə köç edən bir xalq kimi qələmə verməkdir.”

    Tarixçi və dilçi alim, görkəmli professor Firudin Ağasıoğlu isə Orta Asiyanı türklərin ikinci vətəni adlandırır. O, göstərir ki, türklərin ilk vətəni Urmiya gölü ətrafı (Cənubi Azərbaycan) və Anadoludur. Yaqub Mahmudov, Yunus Oğuz, Bəxtiyar Tuncay kimi tarixçilər də onun bu fikrini təsdiq edirlər.

Hunlar-Attila

    Azərbaycan tarixçisi Əkbər N. Nəcəf 2015-ci ildə Bakıda nəşr olunmuş özünün “Hun Minilliyi” kitabında çinlilərin “junq”, yunanların isə “massaget” adlandırdığı türk tayfalarından söz açır və qeyd edir ki, həmin tayfalar özlərini “alplar” adlandırırdılar.

    Bizim eradan əvvəl 6-cı əsrdə Alp süvarilərinin bir qolu Orta Asiyadan hərəkət edərək Ural və Volqa çaylarını keçərək Qafqaza daxil olub Azərbaycan torpaqlarını ələ keçirdilər. Burada İşğuz tayfalarını öz hakimiyyətləri altına aldılar və türk əsilli tayfalar ittifaqı təsis etdilər. Alpların qalan hissəsi isə Orta Asiyada həyatlarını davam etdirdilər, Qafqaz Alban dövlətindən 6 əsr sonra Orta Asiya Alban dövlətini qurdular. (mənbə: Əkbər N.Nəcəf, “Hun minilliyi”, Bakı, 2015) Bu da Alban adlanan “alpanlar”ın milli kimliyinə daha bir sübutdur.

    Görkəmli rus alimi akademik Marın fikri isə daha maraqlıdır. O, qeyd edir ki, Aralıq dənizi sahillərində yaşayan türklərin varlığı yunan və Roma dünyasının əmələ gəlməsindən çox qədimdir. Hörmətli akademik kimin yerli, kimin isə gəlmə olduğunu açıq-aşkar izah edir.

    Azərbaycan xalqının yazılı abidəsi “Kitabi Dədəm Qorqud” dastanının Drezden nüsxəsində isə dövlətin və xalqın adı olduğu kimi göstərilir: “Məgər Başı acuq Tatyan qələsindən, Aqsəqa qələsindən kafərin casusı vardı. Bunları görüb təkura gəldi. Aydır: “Hay, nə oturarsan, itüni ulatmıyan, cətüginün molatmıyan! Alpanlar başı Qazan oğlancuq ilə sərxoş olub, yaturlar”-dedi.” (Kitab-i Dədəm Qorqud, Drezden nüsxəsi, 69-cu səhifə)

Alpan kəndi,Alpançay(Quru çay),Şahdağ

    Xalqımızın mənşəyinin öyrənilməsi baxımından əvəzsiz tutumu olan “Alpanlar” sözünü V. V. Bartold (s. 50, 74), O. Ş. Gökyay (s. 61, 100) kimi görkəmli qorqudşünaslar yanlış olaraq “alplar” oxumuşlar. Əslində isə yeddinci boydakı parçada bu sözlər eyni bir cümlədə yanaşı, lakin ayrı-ayrı semantika yükü ilə çıxış etməkdədirlər: “Ağ boz atlar çapdırır alpanlar gördüm. Ağ işıqlı alpları yanıma saldım”.

    5000 il bundan əvvəl türklərin əcdadlarından sayılan şumerlərin Dəclə-Fərat çayları arasında yaratdıqları dövləti də qeyd etməmək olmur. O şumerlər ki, o vaxtki elmləri, xüsusiylə də riyazi bilikləri ilə indi də dünyanı təəccübləndirməkdədirlər.

    Azərbaycanda aparılan qazıntılar zamanı üzə çıxan, 5-6 min illik tarixə malik Kür-Araz mədəniyyəti abidələri 4000 il tarixi olduğu söylənilən Sibir kurqan mədəniyyəti ilə eynidir. Kurqan qəbir mədəniyyətinin isə türklərə aid olduğu hamıya məlumdur. Bu onu göstərir ki, kurqan mədəniyyəti şəqrdən qərbə yox, əksinə qərbdən şərqə aparılmışdır.

    Deyilənlərdən tam anlaşılır ki, türklər əvvəlcə Qərbdən Şərqə hərəkət etmişdirlər. Bu fikri daha iki alimin qeydləri ilə əsaslandırmağa çalışacağam.

    BDU-nun dosenti, hörmətli tarixçi alim Kərəm Məmmədli qeyd edir ki, buzlaşma dövrü başa çatdıqca, yəni şimalda buzlar əridikcə daha isti yerdə, cənubda yaşayan türk tayfaları həmin torpaqlara köçərək oralarda daimi məskən salırdılar.

    Dünyada məşhur okeanoloq Tur Heyerdal da öz həmvətənləri norveçlilərin əcdadlarının Azər adlı bir xanın rəhbərliyi ilə Azərbaycandan köçüb gəldiklərini söyləmişdir.

    Bir neçə minillikdən sonra isə Azərbaycan və Anadoludan dünyaya, xüsusən də şərqə yayılmış türklərin bir hissəsi geriyə, ana yurdlarına qayıtmışdırlar. Həmin tayfalardan biri də hunların bir qolu olan Alpanlardır ki, qədim Azərbaycan ərazisində Alpaniya dövlətini qurmuşdular. Bugün də Göyçay, Goranboy, Ucar, Qazax rayonlarında həmin dövlətin yadigarı olan Alpout kəndləri mövcuddur. Türkiyənin Sinop şəhərinin Durağan rayonunda da Alpan kəndi mövcuddur. Doğma kəndimiz Alpan və Alpançay isə həmin dövlətin adının Albaniya yox məhz Alpaniya olduğuna daha çox aydınlıq gətirir.

    Maraqlıdır ki, Azərbaycan ərazisində Alban adını özündə yaşadan bircə dənə də toponim yoxdur. Türk dünyasının kiçik bir nöqtəsi olan kəndimizin tarixinə az da olsa aydınlıq gətirməyə çalışdım. Məndən əvvəl kəndimizin hörmətli ziyalıları Zabit BabayevCabir Ağaoğlu da bu işə öz töhfələrini vermişdirlər. Fürsətdən istifadə edərək onların hər ikisinə bir alpanlı kimi öz təşəkkürümü bildirir və “əllərinizə sağlıq” deyirəm. Kəndimizin digər ziyalılarını da bu müzakirələrə qatılmağa çağırıram.

 

Müəllif:Neman Qədirbəyli