Ümid çırağı parlayan əsirimiz

363

    Birinci Qarabağ müharibəsi neçə oğulları aldı əlimizdən. Şəhid olanlar, itkin düşənlər və əsirlikdə əzab çəkənlər. Müharibənin acısını dadan yüzlərlə ailə var ölkəmizdə. Yüzlərlə uşağın bugün də gözü yoldadır. Onlar əsirlikdə olan atalarının qayıdacağı günü gözləyir. Onlar arzu edirlər ki, bir səhər açılacaq və onların ataları geri dönəcək. Müharibədə əsir düşən igidlərdən biri də bizim həmkəndlimiz Əzizov Nadir Sultanməcid oğludur.

Həyatı haqqında.

Əzizov Nadir Sultanməcid
Əzizov Nadir Sultanməcid

    Əzizov Nadir Sultanməcid oğlu 1966-cı ildə Quba rayonunun Alpan kəndində anadan olub. 1984-cü ildə Alpan kənd məktəbini bitirdikdən sonra Sovet ordusunda iki il xidmət edib. 1986-cı ildə hərbi xidmətini başa vurduqdan sonra Alpana qayıdıb. Bir müddət Quba şəhərində ticarətlə məşğul olub. Daha sonra tikintidə fəaliyyət göstərib. Birinci Qarabağ müharibəsi başlayan ilk günlərdə könüllü olaraq döyüşə getmək istəyini bildirsə də onu 1993-cü ilin noyabr ayında döyüşlərə cəlb edirlər. O, Quba-Qusar könüllülər taborunun tərkibində cəbhəyə yollanır. Gərgin döyüşlərin iştirakçısı olan Nadir 1 fevral 1994-cü ildə Beyləqan-Xocəvənd rayonları istiqamətində yerləşən Kaftartəpə adlanan ərazidə döyüş tapşırığını icra edən zaman ermənilərin atdıqları minomyot mərmisindən ağır yaralanır. Yaralı vəziyyətdə əsir götürülüb, əvvəlcə Dağlıq Qarabağda, sonra isə Ermənistanın Noyemberyan rayonunda saxlanılıb. Sonra ondan heç bir xəbər almaq mümkün olmamışdır.

Şahidlərin dediklərindən: Döyüş yoldaşları və həmyerliləri olan Quba rayonunun Alpan kənd sakinləri Quliyev İslam Canmirzə oğlu, Əhmədov İlqar Əlibaba oğlu və Güliyev Elman Niftulla oğlunun dediyinə görə, ermənilər 1 fevral 1994-cü il tarixdə dumanlı bir vaxtda, saat 11-12 radələrində Kaftartəpə adlanan əraziyə qəfil hücum edərək mövqeləri güclü atəşə tutublar. Həmin vaxt Əzizov Nadir atılan minomyot mərmisindən ağır

Əzizov Nadir Sultanməcid
Əzizov Nadir Sultanməcid

yaralanıb. İlqarla İslam ona yaxınlaşıb, sürüyə-sürüyə döyüş meydanından çıxarmaq istəyiblər. Lakin Nadir uca boylu və ağır çəkili olduğu üçün gücləri çatmayıb. Ermənilərlə təxminən 70-100 metrlik məsafədə, güllə yağışı altında onu göyəm kollarının arxasında gizlədib, atışa-atışa geri çəkilə biliblər. Ermənilər geri çəkildikdən sonra elə həmin gecə saat 1-2 radələrində bölük komandiri İsmət Cəfərovun əmri ilə döyüşçülər əraziyə baxış keçirib, yaralıları və meyitləri götürmək istəyən zaman orada nə yaralı nə də meyit tapıblar. Ermənilər geri çəkilən zaman Əzizov Nadir də daxil olmaqla, yaralıları və meyitləri özləri ilə aparıblar.

    Keçmiş döyüşçü,ehtiyatda olan zabit Sadıqov Mirkazım Loğman oğlu izahatında bildirir ki, 1994-cü ildə Əzizov Nadir bir neçə azərbaycanlı hərbi əsirlə birlikdə Noyemberyan rayonunda yerləşən ciddi rejimli islah-əmək koloniyasında saxlanılıb, ağır fiziki işlərə cəlb edilib. Ermənilər onları kərpic zavodunda işlədiblər.

    Oğlu Nicatın dediklərindən: “Nənəm danışardı ki, atam döyüşə könüllü gedəndə nənəm və babam onu bu fikrindən döndərməyə çalışıb. Onda atam cavab verib deyib: “Sən qaç, mən qaçım. Onda bizim ailələrimizi, ana-bacılarımızı kim qorusun?!” Bu sözləri deyib və əlavə edib ki,inşallah şəhid olub geri dönərəm. Atam evdən çıxanda mənim və bacımın birlikdə olan şəklimizi götürüb qoyub cibinə. Sonra necə olmuşdusa həmin şəkili onun döyüş yoldaşı bizə gətirmişdi. İndiki kimi yadımdadı o şəkil. Bacımla mənim birlikdə sralmış və deşilmiş bir şəkil idi. Şəkilin hansı şəraitdə atamdan götürüldüyü və yaxud atamın bəlkə də bir xatirə olaraq geri qaytarması üçün döyüş yoldaşına verməsi haqqında məlumatsızam. Təəssüf edirəm ki, o şəkil də yoxa çıxdı. Atam könüllü olaraq döyüşə yollananda mən yaş yarımlıq körpə uşaq, bacım isə üç yaşında idi.

Əzizov Nadir Sultanməcid
Əzizov Nadir Sultanməcid

    Mən bir müddət Vəlvələçay kəndində yaşamışam. Orada mənim hərbi hazırlıq müəllimim Şamo müəllim mənə danışırdı ki, sənin atanı tanıyırdım: “Atan mənim döyüş yoldaşım olub. O, qorxmaz adam idi. Düşmənin üstünə qartal kimi şığıyırdı. Bizə də deyirdi ki, qorxmaq lazım deyil. Komandirlər vəziyyətin gərgin olduğunu görüb, gücümüzün çatmayacağını zənn edib geri çəkilməyimizi əmr edəndə, sənin atan geri çəkilmirdi. Deyirdi ki, döyüşdə geri çəkilməzlər. Biz də ona dedik ki, Nadir, geri çəkilək, qaçaq. O, isə cavab verdi ki, siz gedin mən də gəlirəm. O, ciddi yaralanmasına baxmayaraq geri çəkilmədi. Hamımız başımızı götürüb qaçdıq. Daha sonra Nadirin nə ölüsündən nə də dirisindən xəbərimiz oldu.”

    Mən fəxr edirəm ki, mənim belə igid və qorxmaz atam olub. Onu tanıyan hər kəs onun igidliyindən danışır mənə. Onu körpə yaşlarımda görsəm də elə bilirəm ki, çox yaxşı xatırlayıram. Uzun illər o mənim yuxularımdan çəkilmirdi. Hər gün onu fikirləşirdim. Nə etmək olar?! Mənim də taleyimə əsirlikdə əzab çəkən mərd, vətənpərvər bir kişinin oğlu olmaq yazılıb”.

Sinif yoldaşı Aqil Murtuzovun dediklərindən: “Nadir çox etibarlı dost idi. O, dostları yolunda ölümə belə getməyə hazır idi. Müharibəyə getməmişdən əvvəl onunla tikintidə çalışırdıq. Çox işgüzar və vətənpərvər oğul idi Nadir. Bir neçə dəfə döyüşlərə könüllü getmək istəyini bildirmişdi. Sonda buna nail oldu. O, deyirdi ki, Vətəni qorumaq və lazım gələrsə Şəhid olmaq lazımdı. Bax o belə mərd və qorxmaz oğul idi.”

Son

    Nicatın arzusu atasını görmək və onun boynuna sarılmaqdır. O, ümidlə yaşayır. Onun ümidini artıran səbəblərdən biri də iki il əvvəl onu  “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”ndan  DNT analizi götürmək məqsədilə dəvət etmələri olub. Ona başqa məlumat verməsələr də o ümid edir ki, atasının boynuna sarılacağı gün yaxındadır. Bəlkə də illərdir şəkillərinə baxaraq göz yaşı axıtdığı, ata həsrəti ilə yaşayan Nicatın atasını görəcəyi gün çox da uzaqda deyil.

Müəllif: İlkin R. Balayev.

PS:Şahidlərin ifadələri “Bizi əsirlikdən qurtarın” kitabından götürülüb.