Kəndimizin Vahidi

784
Proloq
    Quba-Qusar yolundan kəndimizə tərəf istiqamət götürəndə bir qayda olaraq, həmişə Vahid müəllim yadıma düşür. Təbii ki, belə məqamlarda onun rununa dualar da oxuyuram. Bu da səbəbsiz deyil. Axı ötən əsrin yetmişinci illərində kəndimizin daşlı-kəsəkli, tozlu-torpaqlı yolunu Quba-Qusar yolu ilə eyni səviyyəyə çatdıran, daha doğrusu, asfaltlaşdıran, bununla da ona müasirlik bəxş edən məhz o kişi olub. Odur ki, mən həmin yoldan söz düşəndə onu elə “Vahid yolu” kimi dəyərləndirirəm.
Ərköyünlüyə son qoyan qəza
alpan.az-Vahid Qubatov

    …1938-ci ildə Xalı kişinin ailəsində göz açıb Vahid Qubatov. Özü də o, dünyaya gələndə atasının 60-dan çox yaşı olub. Elə bu səbəbdən Xalı kişı 2 qız övladından sonra Tanrının bəxş etdiyi bu varlığa tək, yeganə mənalarını verən, həm də Ulu Tanrının adlarından biri olan “Vahid” adını verib, onu daha çox sevib, ona daha çox meylini salıb. İki bacının bir qardaşı olduğundan, ata-ana onu ailədə ərköyün saxlayıb. Elə Vahid bu ərköyünlüyünün, nadincliyinin də bəlasına tuş gəlib. Belə ki, o, 12 yaşında evlərinin qarşısından keçən maşının təkəri altına düşüb və zədələnib. O zaman Qubada çalışan tanınmış cərrah İbrahim Topçubaşovun sayəsində Vahid öz sağlamlığını bərpa edə bilib.

    Alpan kənd orta məktəbinin direktoru, Vahid Qubatovun qızı Mehparə Rüstəmovanın sözlərinə görə, məhz elə bu hadisə atasının ərköyünlüyünə son qoyub: “Atam elə bu səbəbdən bir il məktəbə gedə bilməyib. Məktəbə getmədiyi günlərdə isə o özünü, əgər belə demək mümkünsə, möhkəm tənbeh edib. Atam həmin günləri belə xatırlayardı: “Hər gün özüm özümə suallar verərdim: mən neyləyirəm, niyə bu ərköyünlüyümə son qoymuram? Qoca atam, qoca anam, mən də bu vəziyyətdə…” Elə bu kimi suallardan sonra atam özünə söz verir ki, yaxşı oxuyub, bir mənsəb sahibi olsun, bununla da valideynlərinə, yaxınlarına yaşatdığı acıları unutdursun”.
Sözünə əməl edən oğlan
alpan.az-Vahid Qubatov

    Vahid Qubatov sözünə əməl edib. Belə ki, o, bu hadisədən sonra orta məktəbin ən fəal şagirdlərindən biri olub. Üstəlik, ictimai işlərdə də fərqlənib. Hətta məktəbdə səhnələşdirilən Səməd Vurğunun “Vaqif” dramında Vaqif rolunda da çıxış edib. Orta məktəbi qızıl medalla başa vurmaq istəyi isə baş tutmayıb. Belə ki, rus dili fənnindən yazılan bir “4” onun bu arzusunun reallaşmasına mane olub. Nə isə…

Orta məktəbi bitirəndən sonra Vahid Qubatov Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olub. İki il bu fakültənin əyani şöbəsində oxuduqdan sonra ailə vəziyyətini nəzərə alaraq təhsilini qiyabi formada davam etdirib. Həm də Qubanın Talabıqışlaq kənd məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. Qısa zaman kəsiyində kollektivin, həm də rayon maarif şöbəsinin rəğbətini qazanan Vahid müəllim 21 yaşında elə həmin məktəbə direktor təyin olunub. Elə həmin illərdə də partiya sıralarına qəbul edilib. 1968-ci ildə Partiyanın XXII

alpan.az-Vahid Qubatov

qurultayı sovxozunda partiya təşkilatı katibi, 1969-cu ildə Quba Rayon Partiya Komitəsində təlimatçı, daha sonra Quba rayon Partiya Komitəsinin III katibi vəzifələrində çalışıb. 1970-ci ildə o, Heydər Əliyevin xeyir-duası ilə Quba rayon Partiya Komitəsinə II katib təyin olunub.

Bir qəza və
Vahid Qubatov bu vəzifədə 5 il çalışıb. Səmərəli fəaliyyinə görə, müxtəlif fəxri fərmanalara layiq görülüb. Elə o illərdə də kəndimizin yoluna asfalt döşənməsinə nail olub. O, bu vəzifədə daha çox illər fəaliyyət göstərə bilərdi. Amma xidməti maşınında qəzaya düşməsindən əleydarları kifayət qədər yararlanırlar və Vahid müəllim vəzifəsindən uzaqlaşdırılır.
    1975-77-ci illərdə Quba RXMŞ-də müdir vəzifəsində çalışan Vahid Qubatov daha sonra fəaliyyətini Alpan kənd orta məktəbində tarix müəllimi kimi davam etdirib. 1995-98-ci illərdə isə Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunun Quba İstinad Məntəqəsində müdiri təyin olunub. O zaman elə bu müəssisədə çalışan Şıxəmməd Seyidməmmədov Vahid müəllimlə çalışdığı günləri xatırlayarkən dedi: “Qəddi-qamətli bir insan idi o. Qara saçları, qonur gözləri vardı onun. Astadan danışardı. Səbri və təmkini elə bil onun özü idi. Adama elə gəlirdi ki, o heç zaman əsəbiləşmir. Əslində o da əsəbiləşirdi. Daxilən o da sarsılırdı insanlardan etibarsızlıq görəndə, dəyanətsizlik hiss eləyəndə. İnamı qırılanda. Nahaq haqqı boğanda. Vicdanı qırıqlar kürsüdən başqalarına ittihamlar yağdıranda. Saf, təmiz ruha zərbə endirəndə. Lap belə hallarda çəkinmədən utanmadan tərəf-müqabilinin düz gözlərinin içinə baxardı. Qəribə idi dilinə gətirə bilmədiyi, həm də gətirmək istəmədiyi sözləri o baxışlarında deyirdi. Kimsənin qəlbini qırmazdı. Kimsənin arxasınca danışmazdı. İnsanların kədərinə də sevincinə də şərik çıxmağı bacarardı. Varına qane olan idi”.
Qeyd edək ki, 1998-2000-ci illərdə Quba rayon İHB-nin Alpan kəndi üzrə İƏV nümayəndəsi vəzifələrində fəaliyyət göstərən Vahid Qubatov 2005-ci ildə dünyasını dəyişib.
alpan.az-Vahid Qubatov
Epiloq
    Vahid Qubatovun qızı Mehparə Rüstəmovanın sözlərinə görə, Vahid müəllim kəndimizin tarixini də yaxşı bilirmiş: “Atam babalarından daha çox söz açardı. Təəssüf ki, onların hamısını xatırlamıram. Xatırladığım, Ağgöz ləqəbi ilə tanınan Pənah babası ilə bağlı söylədikləridir. Atam nəql edərdi ki, onun Pənah babasına belə bir ləqəbin verilməsinin müəyyən anlamı vardı. Deyərdi ki, o, çox qorxmaz bir adam olub. Hətta birinin qızına, həyat yoldaşına söz deyən olanda onu Ağgöz Pənahla qorxudarlarmış. Ümumiyyətlə, o, namusla bağlı məsələlərdə heç kimə güzəştə getməzmiş”.

Müəllif:Qvami Məhəbbətoğlu(Rəsulov).