Venera

392

Natiq Bayramovun həyat hekayəsi

    Avtobus dayanacağının yanından keçəndə çürüməkdə olan inək leşinin kəskin qoxusunu azaltmaq üçün köynəyimin yaxasını burnumun üstünə qaldırdım. Leşin üstündəki iri yaşıl milçəkləri görməmək üçün üzümü yana tutub addımlarımı yeyinləşdirdim. Azca aralanmışdıq ki, təqribən iki-üç metr qədər yaxınlığımda qəfil bir səslə birlikdə yolun tozu havaya qalxdı və üstümə dolu kimi yağan daş-kəsəyin küt ağrılarını hiss etdim bədənimin müxtəlif yerlərində. Dostumla bir-birimizə baxdıq. Üzünə işıq tutulmuş dovşanlar kimi yerimizdə donub qalmışdıq. Dedim ki, deyəsən quş idi, birdən necə qanadlandısa, bu qədər toz-torpağı qaldırdı üstümüzə. Dostumun üzündəki ifadə və məsafə ölçürmüş kimi gözlərini uzağa zilləməyi başqa fikirdə olduğunu büruzə verirdi. Nə isə demək üçün ağzını açmışdı ki, cümlə qurmağına ehtiyac qalmadı artıq. Bu dəfə güllə bir az daha yaxınımızda yolun çınqılına iri bir deşik açıb, vıyıltı ilə istiqamətini dəyişdi. Dostum “snayper” deyib, üzünü dayanacağa tərəf tutub qaçmağa başladı. Arxasıyca götürüldüm. Dayanacağın çox hissəsi dağılmış beton divarının arxasına atdıq özümüzü eyni anda. Yerə çoməlib oturduq. Dostum indicə dediyi “snayper” sözünü təngənəfəs şəkildə üzümə baxaraq bir də təkrar etdi. Başımla dediyini təsdiq elədim. Beynim donmuşdu elə bil, heç nə fikirləşə bilmirdim. Belə anlarda dostumun planları işə düşərdi adətən. O daha soyuqqanlı və qətiyyətli olurdu çətin anlarda. İndi isə qərar verə biləcək halda görünmürdü qətiyyən. Kürəyimizi divara söykəyib oturduq quru torpağın üstündə. Bədənimizin çox yerində sıyrıqlar vardı. Divarın arxasına qaçarkən, özümüzü quru torpağa necə çırpmışdıqsa, dizlərimiz qanayırdı. Sıyrıqları bir-bir yoxlamaq lazım idi, güllə dəymədiyinə əmin olmaq üçün. Ancaq oturuşumuzu dəyişmək üçün çox yerimiz yox idi. Divarın bütöv qalmış hissəsi bir metrə qədər olardı haradasa. Əlimizlə sıyrıqlarımızı bir-bir yoxladıq. Əlimizdə çox qan görəndə, bir-birimizə baxdırırdıq ki, görək yara çoxmu dərindir. Bir az arxayınlaşıb dinməzcə oturduq. Saatlarla beləcə oturduq. Dərindən nəfəs alıb, fikrimi toplamağa çalışırdım. Çürümüş inək leşinin iyrənc qoxusu gedərək daha dözülməz olurdu. Burnumun belə iyrənc qoxuya öyrəşə bilməyi mümkün deyildi. Tərpənməyə başqa yer isə yox idi qətiyyən. Önümüz də açıq düzənlik idi. Hərdən başımı divardan yana çıxarıb baxmaq istəyi oyanırdı. Cürət edə bilmirdim, açığı. Nə bilmək olar, bəlkə də snayper yerində uzanıb səbrlə elə bu anı gözləyir. Baxsam da, nə görəcəkdim ki, sanki. Allah bilir, neçə kilometr uzaqda, hansı deşikdə gizlənib. Görməkmi olardı onu. Üstəlik artıq hava da qaralırdı getgedə, bəlkə bir azdan gecənin qaranlığında bizi görə bilməyəcəkdi. Artıq dəfələrlə nişan aldığı istiqamətə yenə də təsadüfi atəş aça bilərdi, halbuki. Yaxud ulduzların işıqlandırdığı yay gecəsində qaraltı şəklində hərəkətlənmə hiss edib güllələrini yağdıra bilərdi yenə də. Bəlkə də qaranlıqda görmə cihazı vardı snayperin, nə bilmək olar. Hərçənd belə uzaq məsafədən qaranlıqda görmə alətinin ola biləcəyini zənn eləmirdim, yenə də nə bilmək olar?!
    Özüm-özümlə danışırdım bunları. Danışırdım deyəndə ki, düşünürdüm daha doğrusu. Bəlkə də hər ikisi. Gərgin anlarımda düşüncələrimi dodaqlarımla tələffüz edirəm adətən. Bəzən səs çıxardığım da olur. Narahatlıqlarıma qarşı özümə təskinlik verərkən, sanki təsəlli düşüncələrim daha inandırıcı hal alır, təsirini artırır belə edəndə. Bu isə həyatımın ən gərgin anı idi, şübhəsiz ki. Bəlkə də danışmışdım özüm-özümlə fərqində olmadan. Dostum o qədər də söhbətcil deyildi. Qısa və konkret danışmağı vardı. Səssiz düşünər, nadir hallarda həyəcanlanar, narahatlıqlarını biruzə verməməyi məndən yaxşı bacarardı. Gərginliyini başqa cür göstərirdi. Məndən çox fərqli tərzi vardı. Bu səfər o da qorxmuşdu. Təbii olaraq. O da indiyə qədər ölümün bu qədər yaxınlığına gəlməmişdi. Həmişə gördüyüm qorxu əlamətlərinin min qatı vardı üzündə. Bəlkə də buna görə özüm-özümlə danışmağıma heç məhəl qoymamışdı. Öz dərdində idi. Bəlkə də heç səs çıxartmadan düşünmüşəm bu dəfə.
    Elə bil bu gecə bir az kinayəli baxırdı. “Hə, necədir, yaxşıdırmı belə? Zövq alırsanmı halından?” pıçıldayırdı sanki. Bu gecə ondan qurtula bilməyəcəkdim. Ölümlə aramdakı birmetrəlik divarın arxasına qısılıb qalmışdım. Başımı azacıq qaldıranda yalnız o vardı qarşımda. Onun gur işığından başqa hər şeyi örtüb gizlədə bilmişdi gecənin qaranlığı. Saatlarla eyni vəziyyətdə qalmaqdan ayaqlarım keyimişdi. Bədənimin çox yerində açılmış yaralar, dərin sıyrıqlar göynəməyə başlamışdı. O sıyrıqların ki, hər biri üçün ayrıca sevinmişdim bir neçə saat qabaq güllə yarası olmadığına görə. Ona sarı boylanıb qalmaq, bəlkə də onunla danışıb ürəyimi boşaltmaqdan başqa çarəm qalmamışdı. Kürəyim divara, üzüm ona sarı oturdum beləcə saatlarla. Çox aydın görünürdü bu gecə. Par-par yanırdı. Snayperdən milyardlarca kilometr daha uzaqda olsa da, yerini heç gizlətməzdi. Azacıq başımı qaldıran kimi oradadır. Hər gün, hər gecə. Günəşin gözyandıran aydınlığı onu üstələsə, buludlar onu gizlətsə belə, yerini dəqiq bilirdim həmişə. Barmağımı düz üstünə tuşlaya bilərdim hər an, hər mövsümdə, hər yerdən. Ölüm duyğusunun zülmət qaranlığını heç vaxt sönməyəcək gur işığı ilə parladırdı. Sözün açığı, çox da əmin deyildim ölümdənmi daha çox qorxurdum, yoxsa anamın bu xəbəri alandan sonra düşəcəyi haldanmı. Öz ölümümü təsəvvürümdə milyon dəfələrlə canlandırmışdım bu günə qədər, anamın bu xəbərdən sonrakı halını düşünməyə isə heç vaxt cəsarətim çatmamışdı.
    Lap balaca olardım onda. Eyvana çıxanda gördüm ki, anam pəncərədən səmaya baxır. Məni görüb, gözlərini sildi. Ağlayırdı. Sənaye çirklənməsindən uzaqda olduğu üçün yay gecələri çox aydın olurdu kəndimizdə. Ulduzlar o qədər sıx və parlaq, ay o qədər yaxın olurdu ki, elə bilərdin, əlini uzatsan toxuna bilərsən. Hətta böyük və kiçik ayı burclərini, saman yolu deyilən galaktikalar sistemini də aydın görmək olurdu. Üfüqün bir ucundan o biri ucuna ağ zolaq tək uzanırdı saman yolu. Yaxınlaşıb anamla birlikdə səmaya boylandım. Barmağını göyə uzadıb, bax, o ulduz mənim ulduzumdur, sirdaşımdır, dedi. Kefim pis olanda onunla söhbət eləyirəm, dərdimi-sərimi bölüşürəm. Köməyi olurmu barı, deyə soruşdum kinayəli əda ilə. Dedi, olur, sən də danış onunla. Anam ən parlağını, ən gözəlini seçmişdi ulduzların. Dan ulduzunu. Sonradan coğrafiya dərsində öyrəndim ki, heç ulduz da deyilmiş o. Planetmiş – adını sevgi və gözəllik ilahəsindən almış Venera planeti.
    On altı yaşıma girmişdim. Uşaqlıq dostumla fikrimiz qəti idi. Evdən qaçıb müharibəyə gedəcəkdik…

    Dünyadan bixəbərdik. Müharibə nədir, necə olur, niyə başlayır, haçan bitir – xəbərsizdik hər şeydən. Sadəcə bir şeyi bilirdik, müharibə var, biz də gedirik. Dostumla səbəblərimiz fərqliydi bu yola çıxmaq üçün, bircə ortaq səbəbimiz vardı. Dostumun öz səbəbləri nə idi, onu heç indi də bilmirəm. Danışmamışıq heç vaxt bu haqda. Özümünkülər isə, o qədər böyük görünmür gözümə indi düşünəndə. Halbuki o yaşda… həyat mənə qarşı böyük haqsızlıq eləmişdi. Çox böyük haqsızlıq. Başqaları ilə danışmağı hələ öyrənməmişdim. Anamın məsləhətilə mühakimə etmədən, darıxıb-bezmədən, kirimişcə dinləyə bilən Venerayla danışmağı da sınamamışdım hələ ki. Düzünü desəm, acizlik kimi görünürdü mənə cansız bir şeylə danışmaq. Dünyada o qədər insan var ikən, niyə bir ulduz, ya da planet?! Yaxud da hər nədirsə o. Ümumiyyətlə, kiminləsə danışmağın özü nəyə lazımdır axı. Fikirlərimi, sirlərimi saxlaram ürəyimdə. Gərəkdir ki, elə danışım?! Çox sıxılaramsa, özümə nə gəlib ki, danışaram elə özüm-özümlə, deyə düşünürdüm özüm-özümə. Özüm-özümlə danışdıqca içimdəki dərd böyüyür, böyüdükcə qəzəbə, qisas arzusuna çevrilirdi. Yox, qürurumu əzib ürəyimi açdığım ilk qızdan “yox” cavabı almamışdım. Ancaq ən azı o boyda bir haqsızlıq edilmişdi. Cavabı verilməliydi. Əgər kimlərisə cəzalandırmaq, hayıf çıxmaq, elədiklərinə peşman etmək fikrindəsənsə, camaatın gözündə səni qəhrəmanlaşdıracaq bir hərəkətlə bunu etmək, təbii ki, ağla ilk gələn, ürəyə ən çox yatan olur. Dostumla ortaq olan yeganə səbəbimiz də elə bu idi. O vaxtlar sənə qarşı haqsızlıq eləyənləri birdəfəlik və nümayişkəranə tərk edəcəksənsə, gediləcək yeganə yer müharibə idi. Hər kəsin həm lənətləyib, həm də müqəddəs saydığı bir yer idi müharibə.
Ölkənin hər yerində hökm sürürdü müharibə əhvalı. Hər yerdə əsgər geyimində adamlar görmək olurdu. Hətta mülki şəxslərdən də geyinənlər olurdu əsgər uniformasını. Hansısa yolla ordudan gətirilmiş kamuflajlı gödəkçəni geyinib bağ-bağat işləri ilə məşğul olanlara çox rast gəlinirdi kənd yerlərində. Televiziyada tez-tez cəbhədən xəbərlər, reportajlar verilirdi. Coşqulu əsgər marşı çalınırdı gündə bir neçə dəfə. ABŞ istehsalı olan qəhrəmanlıq filmlərinin də zirzəmi videozallarında yeni nümayişə çıxdığı illər idi. Hər kəsin özünü filmin ölümsüz qəhrəmanının yerinə qoyduğu, təsadüfi güllə yağışına tuş gələnləri özünə yaraşdırmadığı o yalançı filmlər tüğyan edirdi keçmiş sovet respublikalarının şəhər və kəndlərində. Bir yanda bu qəhrəmanlıq filmləri, o biri yanda gerçək müharibə, üstəlik, yeniyetməliyin gətirdiyi seçilib-sevilmək arzusu. O dövrün yeniyetmə oğlanları üçün bu nöqtələri birləşdirmək an məsələsiydi, açığı.
    Bunlar o yaşımda anladığım, özüm-özümlə danışa bildiyim şeylər idi. Ancaq bilib özümdən gizlətdiyim şeylər də vardı. Misal üçün, ölümlə aramın heç də yaxşı olmamağı. Qəhrəmanlıq ölümsüz olardımı? Ölümü unuda bilməyən birisi üçün, bu nə qəhrəmanlıq həvəsi idi, hardan çıxmışdı axı bu?

Alpan Məscidi

    Evimizin düz qabağında kəndin məsçidi yerləşirdi. Məsçidin düz qabağında qocaman bir armud ağacı vardı. Bu ağacın meyvələrindən heç kəs yeməzdi. Ağaca “məfə” adlandırdığımız dördqollu cənazə daşımaq üçün istifadə edilən bir alət söykədilərdi. Kənddə dünyasını dəyişən hər kəs bu məfədə aparılardı son mənzilə. Məfə yerində deyildisə, kənddə rəhmətə gedən var demək idi. Sonra yenidən məfə geri gətirilər, bizim eyvanın pəncərəsindən ovcumun içi kimi görünən o armud ağacına söykədilərdi. Eyvandan hər boylandığımda orada olurdu məfə. Harasa aparılıbsa da, günəşin batdığı saatlarda mütləq qaytarılıb yerinə söykədilmiş olardı. Axşam saatlarında həyatın sönməyini xatırladan havanın ağırlığını min qat artırardı bu ölüm daşıyıcısı alət. Armud ağacının ən iri budağından isə ağacın dibində kəsilən danaları asardılar ayağından. Kənd camaatının ən çox toplaşdığı yer olduğu üçün, hər kəsim mütləq burada olardı. Camaat toplanar, dananın kəsilməyinə tamaşa edər, yaşlı kişilər kəsilmə qaydalarına dair məsləhətlərini əsirgəməz, sonra gözləri önündə kəsilmiş halal və sağlam dananın ətindən satın alıb gedərdilər. Arada sümüklü hissələrin çox qoyulmağına dair zərərsiz mübahisələr də düşərdi. Evimizin düz qarşısı olduğu üçün, özümdən qat-qat böyük və güclü olan bir canlının böyürdülə-böyürdülə kəsilməyinə ilk dəfə, gərək ki, dörd-beş yaşlarımda şahid olmuşdum. O armud ağacının dibindən yarıqurumuş qan gölməçəsi və üstündə üçüşan iri yaşıl milçəklər heç vaxt əskik olmazdı. Evdən çıxanda yolumu oradan salmamamağa çalışardım buna görə. Eyvanın pəncərəsindən hər boylandığımda isə məfə… Ona görə də gündüz saatlarında xoşlamazdım eyvandan çölə baxmağı. Gecə düşəndə Venera, ürəyimi oxumuş kimi, öz parlaq işığı ilə armud ağacının siluetini parladar, görmək istəmədiyim məfəni gecənin zülmətinə qərq edərdi. Gündüzlər ölüm daşıyıcısına açılan o pəncərə gecələr Veneranın heç vaxt sönməyəcək kimi parlayan işığı ilə aydınlanırdı. Yay gecələrində daha aydın görünürdü. Par-par yanırdı. Yerini heç gizlətməzdi. Azacıq başımı qaldıran kimi oradadır. Hər gün, hər gecə. Günəşin gözyandıran aydınlığı onu üstələsə, buludlar onu gizlətsə belə, yerini dəqiq bilirdim həmişə. Barmağımı düz üstünə tuşlaya bilərdim hər an, hər mövsümdə, hər yerdən.
    Qonağımız olanda, anam həyətdəki toyuqlardan birini seçib, qovalayıb tutmağımı istəyəri. Bu vəzifəmi çox xoşlayırdım. Toyuq qaçar, uçmağa çalışar, mən isə onu havaya saçılan tükləri arasında gözlərimi qıyaraq tutmağa çalışardım. Əgər atam evdə olmazdısa, qucağımda toyuq qonşuların evinə yollanardım, kimin atası evdədirsə, o kəsib verərdi toyuğu. Bu səfər kəsilmiş toyuğu ayağından yapışıb boğazından axan qanını üstümə sıçratmamağa diqqət edərək, geri dönərdim. Yeniyetməliyin başlarında artıq qonşulara toyuq aparmaq işini dayandırmalı oldum. Axırıncı səfər qonşuya toyuq aparanda, qonşu qadın ərini yox, məndən yaşca kiçik oğlunu çağırdı toyuğu kəsməyə. Yuxudan təzə oyanan oğlu isə, gündə üç öyün etdiyi bir işi görürmüş kimi, haradasa gözünün biri yumulu toyuğun başını üzüb, atlayıb-düşməkdə olan bədənini mənə sarı tulazladı. Gözlərdəki istehzanı görməməzliyə vurdum. Ancaq toyuq da kəsmədim. Heç vaxt. Heç nəyi kəsmədim. Daha doğrusu, kəsə bilmədim.
    Gününü və saatını razılaşdıq, əlimizə keçənləri – çörək, mürəbbə, alma – doldurduq çantaya, hərəmiz bir qulpundan tutub getdik. Görənlər anama belə də demişdilər: “Əllərində iri bir çanta vardı. Hərəsi bir qulpundan tutub, getdilər”.
O gün haradan niyə getdiyimizi bilirdik, hara getdiyimizə dair isə heç bir fikrimiz yox idi. Ölkənin müharibəyə ən uzaq bölgəsindən gedirdik müharibəyə.
    Dostumla mən şimal bölgəmizin səfalı bir kəndində birlikdə böyümüşük. Çox şeyi bir yerdə öyrənmişik, bir-birimizə öyrətmişik. Dostum mütaliəni çox sevirdi. Mənə də aşılamışdı bunu. Mən isə ona üzməyi öyrətmişəm, misal üçün. Deyirdim ki, dünyanın üçdə ikisi sudur. Necə ola bilər ki, dünyadakı hərəkət qabiliyyətini üçdə birə məhkum etməklə razılaşa bilirsən. Kəndimizdən bir neçə kilometr aralıda bir göl vardı. “Şimi” gölü deyirdik. Göl deyəndə ki, baxımsız, gilli-palçıqlı bir nohur idi əslində. Düzünü deyim ki, çox təhlükəli idi orada üzmək. Bir dəfə dostum az qala batırdı. Güclə xilas elədim onu. Nəfəsi kəsilib, tamamilə itirmişdi özünü. Saçımdan elə bərk yapışmışdı ki, əlindən çıxıb, sahilə tərəf itələyə bilmirdim. Güc-bəla ilə çıxartdım sudan. Xeyli su udmuşduq ikimiz də. Sudan çıxdıqdan xeyli sonra üz-gözümün göynədiyini hiss elədim, qanadığını gördüm. Cırmaqlarının izləri hələ də qalır üzümdə. Təhlükəli göl idi ancaq, nə bilim, gedib üzürdük hər gün. Anam icazə vermirdi qəti. Kimsə anama demişdi – guya məni tərifləyirmiş kimi – yaxşı üzməyim varmış filan, gölü dəfələrlə o baş bu başa üzüb keçirəmmiş. Anamın kabusu olmuşdu bu göl məsələsi. Tez-tez yuxuda görürdü göldə boğulduğum xəbəri gəldiyini. Çox and-aman eləyirdi ki, getmə ora, get, çayda üz. Nə çay e, dizdən gələn yerdə necə üzüm?! On beş yaş – qolumun gücünü təzəcə hiss eləməyə başladığım, adrenalinə ehtiyacımın zirvədə olduğu çağlarım. Gedib adı kimi quru olan çayda çapalamayacaqdım, hər halda. Dərinlik lazım idi, böyüklük lazım idi, uzaqlıq, müəmma, qorxu, həyəcan lazım idi.
    Bir kəlmə söz demədən, iki sətir yazıb qoymadan, çıxıb getdim. Görənlərin anama dediyi kimi, “hərəsi çantanın bir qulpundan tutub, getdilər”. Bunu da kəndə xəbər yayılandan sonra deyiblər. Nə yaxşı ki, deyiblər. Anam o vaxta qədər gölə gedib qayıtmadığımızı sanırmış. Qabaqkı gün gərginliyimi hiss eləmişdi əslində. Əla səhər yeməyi hazırlamışdı mənim üçün. Ən sevdiyim – kərə yağında qayğanaq. Yeməkdən sonra isə belə bir söhbət olmuşdu aramızda:
– Gəl, səninlə bir şərt bağlayaq. Bu gündən sən hər gün mənə yarım
saat ingilis dili dərsi keçirsən, mən də əvəzində sənə ən çox
xoşladığın səhər yeməyini – qayğanaq – bişirirəm.
Zarafata salıb, söhbəti ötüşdürməyə çalışdım. Zarafatımın keyfiyyəti isə yöndəmsiz yeniyetmə farmazonluğundan o tərəfə keçə bilmədi:
– İngilis dilini səndən öyrənməyə başlamışam. İndi isə, tərsinə, sən
məndən öyrənmək istəyirsən?
– Hə, burda deyirlər, buynuz qulağı keçib…
    Anamın fikri qəti idi. Dəftərini, qələmini gətirdi. Bir neçə dəqiqədə masanın üstünü təmizləyib, lazımlı şəraiti yaratdı. İlk dərsimizi elədik. İndiki zamanla indiki davamedici zaman formaları arasındakı fərqi öyrətdim ona və növbəti günkü dərsə hazırlaşmağı üçün bir neçə çalışma da verdim. Hiss edirdim ki, bunu mənim üçün edir, özümü lazımlı hiss eləməyim üçün. Gərginliyimi gizlədə bilməmişdim. Darıxdığımı, özümü boşluqda hiss elədiyimi düşünmüşdü, güman ki. Yoxsa neyləyirdi ingilis dilini o yaşda?! Özü də kənd yerində…
    Cəbhə xəttinə getmək üçün gərək əvvəl Bakı vağzalından qatarla Yevlaxa gedəydik. Kassanın açılmağını gözləyirdik…

    3-cü hissə
    Növbəsiz, topa şəklində dayanmış bir dəstə adam vardı qabağında. Bir qədər sonra kassa açıldı, açılmağı ilə də bağlanmağı bir oldu. Bir neçə dəqiqədən sonra yenidən açıldı. Yaxınlaşıb bilet istədim, satıcı elə tərzdə “bilet nə gəzir” dedi ki, ikinci sualı verməyə cəsarətim çatmadı. Kassadan aralanan kimi bir tülkü sifətli kişi bizə yaxınlaşıb bilet lazım olub-olmadığını soruşdu. İki yüz manatlıq bileti iki min manata satdı bizə. Kassanın bir neçə dəqiqəlik açılmağı, filan – hamısı oyun imiş. Belə bir tamaşa qurub, on qat bahasına satırdılar biletləri alverçilər vasitəsilə. Bir az aralıda isə başqa bir tamaşa vardı – üskük oynadanlar. Yeniyetmələr və gənclər onların da ən asan şikarı idi. Çox qəzəbləndi dostum bu vəziyyətə. Olduqca dürüst adam idi. Həyatında bu cür açıq-aşkar edilən əyriliklərlə rastlaşmamışdı hələ. İnana bilmirdi belə insanların varlığına. Eyni zamanda soyuqqanlıydı. Hirsli olanda belə özünü cəsarətlə və təmkinlə ifadə edə bilirdi. Cırtqozluq eləyəndə məni də cilovlamağı bacarırdı. Mühakimələrinə çox güvənirdim buna görə. Cəmi 6 min pulumuz vardı. Onun iki minini dostum yığdığı böyürtkənləri satıb qazanmışdı. Dörd minini isə babam on beş yaşım olanda ad günü hədiyyəsi kimi vermişdi mənə. Ad günü hədiyyəsi vermək adəti yoxuydu kənd yerində. Yüngülvari məclis eləyərdilər bəzən, hədiyyəni isə yalnız babam verərdi. Ya pul verərdi, ya da cibindəki bahalı mürəkkəbli qələmini. Bu adətini çox sevirdim rəhmətliyin.
Altı min pulun dörd minini Yevlax qatarına verməli olduq. Fikirləşdik ki, iki mini də cəbhə xəttinə getmək üçün çatar, güman ki. Qayıtmaq üçün isə, kim bilir, sağlıq olsun…
    Cəbhə xəttinin yaxınlığındakı kəndə çatanda sürücü elə yolun kənarındaca saxladı. Düşdük. Ölü bir sükunət vardı. Kənddə həyat çoxdan bitmişdi. Müharibənin xarabalığı idi hər yan. Divarında güllə izləri olan dağıdılmış avtobus dayanacağı, yol boyunca bir neçə dəfə qarşılaşdığımız, üstündəki güllə deşiklərinin ətrafında milçəklər uçuşan mal-qara leşləri… Şübhəsiz ki, ağır bir hekayəsi vardı buraların. Hərbi hissənin qabağına çatdıq. Üç əsgər durmuşdu qapıda, əllərində avtomat silahları vardı. Gəlişimizin səbəbi birbaşa dedik onlara. Gülüşdülər. Başqa bir neçə əsgəri də çağırdılar içəridən. Onlar da güldülər. Aralarında ən yaşlı görünəni məni bir az kənara çəkdi, belə bir söhbət oldu aramızda:
– Qardaşım, gəlməyinə gəlmisiz, sağ olasız, hər oğlanın eləyəcəyi şey deyil. Amma bir balaca gecikmisiz, elə bil. Müharibə qurtarıb.
– Necə yəni? Haçan qurtarıb ki?
– Atəşkəs imzalanıb da. Televizora zada baxmırsız?
Başqa bir əsgər aralıdan dilləndi:
– Əşi, deyirlər də, nəsə imzalanıb, nə bilim, nə olub. Bizimçün burda qurtaran bir şey yoxdu hələ ki. Elə hər gün atışmadı.
Dostum da bir az yaxınlaşıb söhbətə qoşuldu:
– Hə də, biz də sizə kömək eləyərik. Güllə, mərmi zad daşıyarıq. Nə köməklik lazımdı eləyərik.
Yaşlı əsgər təmkinini pozmadı.
– Mümkün deyil. Uşaqsız hələ. Neçə yaşınız var sizin?
İkimiz də sualı eşitməməzliyə vurduq. Üzümü yaşlı əsgərə tutdum:
– Kimə demək lazımdır. Komandirlə danışa bilərik?
– Ştaba getmək lazımdı. Ancaq… Xeyri yoxdur e. Götürməyəcəklər, onsuz da. Artıq könüllü götürmürlər.
– Hardadır ki ştab? Necə gedək ora?
– İndi “pozisiya”dadır hamı. Axşamüstü qayıdacaqlar.
– Gözləyək də onda.
Yaşlı əsgər çöməlib oturduğu yerdə əlindəki çubuqla torpağı eşirdi. Elə bil nəsə axtarırdı orda. Başını qaldırmadan:
– Neçə yaşın var dedin?
– On beş.
Gülümsəyib, başını yellədi.
– Ağıl yiyəsi deyilsiz e siz. Mən indi sizin yaşınıza qayıda bilmək üçün nələr verərdim. Burdan canını qurtarmaq üçün camaat nələr eləyir, bilirsən? Ə milyonum olsa, verib canımı qurtarardım e burdan. Üstünə taxta qoyub baldırından vuranlar var özünü, sizsə durub öz ayağınızla gəlmisiz bura. Ə ağıl var bunlarda?!
Üzünü o biri əsgərlərə tutdu. Əsgərlər qayğılı gülümsəyişlə təsdiq elədilər yaşlı əsgərin tənələrini.
– Hardan gəlmişdiz dediniz?
– Qubadan.
– A bala, Quba hara, bura hara?
    Söhbət uzandı. Qubanın filan kəndini tanıyıb-tanımadığımı soruşdu. Bizim kəndi soruşurdu. Elə o kənddən olduğumu dedim. İki ad da çəkdi, soruşdu tanıyırammı. İkisini də tanıyırdım. Birincisinə “salamımı çatdırın” dedi, birlikdə xidmət eləyiblərmiş. O birini isə… məktəbdən apamışdılar bizi dəfn mərasiminə. Atası müəllimim olub.
    – Çox ürəkli oğlan idi. Düz yanımda vurdular. Snayper vurdu. Başından. Çox savadlı da oğlan idi, sənə deyim, belə mədəni oğlan idi. Belə başqa cür danışırdı e. O birilər kimi yox, başa düşdün? Həm də ürəkli idi. Çox mədəni oğlan idi. Müharibə onluq deyildi. Düz yanımda vurdular.
    Atamın əmisi oğlunu da müharibədə itirmişik. Aramızda 5 yaş fərq olsa da, yaxın dost idik. Tez-tez onlara gedərdim. Həmişə iş başında görürdüm onu. Qardaşları ilə birlikdə ot tayası yığırdılar, odun xarası düzürdülər. Kömək eləməyə çalışardım. İstəyirdim, işlərini tez qurtarsın, “babanın bağı”na gedib, karate öyrənək birlikdə. Yenicə baxdığımız amerikan döyüş filmlərində görüb öyrəndiklərimizi göstərməyə çalışırdıq bir-birimizə. Böyük faciə idi onun ölüm xəbəri. Ölüm xəbəri qırxına bir gün qala gəlmişdi ailəsinə. Bakıdan qayıdan bir həmkəndlimiz rayon avtobusunda təsadüfən eşitmişdi xəbəri. Bir əsgər bizim kənddən birinin olub-olmadığını soruşubmuş avtobusda hamıdan. Həmkəndlimiz oralı olduğunu deyəndə, atamın əmisi oğlu ilə birlikdə xidmət elədiyini, sabahısı gün onun qırx mərasiminə gəlmək istədiyini deyibmiş əsgər. Halbuki kənddə heç kəs bilmirdi hələ əmioğlunun öldüyünü. Bütün qohum-əqrəba bizim evdə toplaşmışdı o gecə. Oğlunun ölüm xəbərini bir neçə saat əvvəl almış atamın əmisi də bizdəydi. Həmin həmkəndlini də çağırdılar bizə. Əsgərin danışdıqlarını bizə dəfələrdə danışdı, kəlmə-kəlmə təkrarladı. Qubadlıda bir yüksəklik uğrunda gedən döyüşlərin birində minaatan mərmisi düşübmüş yanına. Ayağının birini qopardıb tamamilə. Əsgər yoldaşları kürəklərində endiriblər onu dağdan. Dağdan enənə qədər artıq dünyasını dəyişib. Atam, əmiləri, əmisioğlanları uyğunsuzluqlar tapmağa çalışırdılar əsgərin danışdıqlarında. “Düz gəlmir axı, bu cür ola bilməz axı” deyib puç çıxartmağa çalışırdılar hadisənin təfsilatlarını. İstəmirdilər əsgərin dediklərinə inanmaq. İstəyirdilər, yalan çıxsın bu xəbər. Səhv salmış olsun o əsgər. Nə bilim, adını səhv salsın, kəndi, nəyisə səhv desin, düz çıxmasın, axır ki, bu söhbət. Atası heç danışmırdı. Hər dəfə bir uyğunsuzluq çıxanda ümidlə bir müddət zillənib, başını yenidən aşağı salırdı. Atamın başqa bir əmisi və əmisi oğlu getdilər Qubadlıya bu xəbərdən sonra. İç üzündə adını yazdığı əsgər kəmərini mənə vermişdilər dəfnindən sonra.
    Yaşlı əsgər ağzını qulağıma yaxınlaşdırdı:
– Mənə bax, gör nə deyirəm. Həyatdan kam almısan?
– Necə yəni?
– Dil bilməzdi ə bu. Adaxlın zadın varmı barı?
Utancaq sifət elədim ki, bu söhbəti çox uzatmasın. Cavab gözləyənə oxşamırdı heç o da.
– Kam almadan gedəcəksiniz bu həyatdan, ay yazıqlar. Bunu istəyirsiz? Ağlınızı yığın başınıza, çıxın gedin, evinizə-eşiyinizə. Sizlik deyil buralar. Belə oturmağımıza baxmayın e. Elə srağagün oturmuşduq belə, düz başımızın üstündən “qrad” atdılar. Çaya düşdü. Bizim tankı vurmaq istəyirdilər.
    Hava qaralmağa başlayırdı. Əsgərlərlə xeyli söhbət eləmişdik. Hər söhbətin axırı da eyni yerə gəlirdi. “Gedin burdan, sizlik deyil buralar.” Batalyonun dəstələri “pozisiya”dan qayıdırdılar bölük-bölük. Bir “Ural” maşını da gəlib hərbi hissəyə girdi. Hərbi hissənin iri darvazası içəridən bağlanmağa başlandı. Yaşlı əsgər də o birilərin ardınca içəriyə üz tutdu. Darvazaya çatanda dayanıb üzünü bizə sarı çevirdi. Bayaqdan dəfələrlə eşitdiyimiz sözləri yenə də təkrar etdi: “Çıxın gedin evinizə, bura sizlik deyil”. Necə gedəcəkdik evə? Pulumuz qalmamışdı. On kilometrə qədər yolu piyada qayıtmalıydıq rayon mərkəzinə qədər. Hava da qaralmaq üzrəydi. Hərçənd qaranlıq vahimə yox, əksinə rahatlıq hissi verirdi mənə. Bu yol hər şeyin tərsinə olduğu bir yol idi, onsuz da. Tikililər sökük, canlılar ölü idi. Hislərimin də tərsinə olmağı qəribə gəlmirdi, açığı. Gülləbaran edilmiş inək leşlərini, üstündəki güllə deşikləri ətrafında uçuşan milçək topalarını, raket zərbələri ilə dağıdılmış tikililəri aydın görməyəcəkdik, heç olmasa, gecənin qaranlığında. Keyimişdim sanki. Hislərim körəlmişdi. Heç nə hiss eləmirdim – qorxu, narahatlıq, həyəcan – heç nə. Bu rahatlığımı yalnız üstümə yağdırılan güllələr poza bilərdi…

    Özümüzü vahimə içində dayanacağın arxasına atmağımızdan altı-yeddi saat olardı ki, keçmişdi. Sıyrıqlarımın ağrısı da, hislərim kimi keyimişdi artıq. Qorxu, narahatlıq, həyəcan yox olub getmişdi yenə də. Gecənin qaranlığında snayperin bizi görmək ehtimalı qalmadığına dair gümanımı başı-ayağı məlum olmayan bir cümələyə yığıb dostuma dedim. Razılaşdı. Bu razılıq keyləşməyimin üstünə bir az cəsarət də verdi sanki. Qərarımızı və taleyimizi bölüşməyin verdiyi arxayınlıq ilə ayağa qalxıb, bayaqdan heç nə baş verməmiş kimi yola doğru ağır-ağır addımlağa başladıq.
    Səhərə yaxın Tərtər avtovağzalına gəlib çatdıq. Sürücüyə əhvalatımızı danışdıq, pulumuzun qalmadığını dedik. “Qurbandır, o nə deməkdir?!” dedi. İçimizdəki nisgil üzümüzə vurmuşdu, hamı bunu görə bilirdi elə bil. Hekayəmiz sehirli çubuq olmuşdu. Toxundurduğumuz anda hər kəs bizə kömək eləmək istəyirdi. Bakının qatar vağzalındakı kimi pul istəmirdi heç kim bizdən. Aldatmaq, fırıldaqla pulumuzu almaq iştahı ilə baxan tülkü sifətli heç kim yox idi buralarda. Hekayəmizin bir neçə sətrini eşidən kimi bizi ciddiyə alır, hörmət göstərirdilər. Sanki böyümüşdük bir gecənin içində, uşaq deyildik artıq. Yevlaxın qatar stansiyasına qədər getdik beləcə. Kassalardan bir az aralıda bir dəstə əsgər pilləkənlərdə oturub söhbət eləyirdi. Stansiyaya nəzarət edirdilər, güman ki. Danışdıq onlara da dərdimizi. Əsgərlər komadirə baxdılar. Dodaqları arasındakı siqaretin, tüstüsünü çəkdikcə, qızaran közündən gözünü ayırmırdı komandir.
– Gedin minin qatara. Dispetçerə tapşıracam.
– Çox sağ olun.
– Haralıyam dedin?
– Qubalı.
– Heç bilirsən Qubada nə olub?
– Yox. Nə olub ki?
Közərən siqaretindən gözünü ayırıb, çiynimin üstündən qatara tərəf zillədi.
– Yaxşı. Gedin, minin ta. Tərpənəcək indi.
    Tələm-tələsik qaçıb qatara mindik. Komandirin sözü ürəyimə xəncər kimi batdı elə bil. Nə olub ki, Qubada?! Xəbərlərdə nəsə göstərməyiblər, görəsən? Nə bilim, bəlkə anama nəsə olub?! İnsan təbiətidir, içində qanayan bir yara, danışıb bölüşə bilmədiyi bir sirr varsa, hər müəmmanı ona bağlayır, hər qaranlıqda onu görürsən. Gecə boyunca ürəyimi “görəsən, nə olub ki?” fikri gəmirə-gəmirə qayıdıb gəldik Bakıya.
    Buradan sonra hekayəmiz öz sehrini itirdi artıq. Buradan sonrası üçün müharibə filmlərdə olurdu. Bakıda yaşayan qohumumgilə getməli, rayona qayıtmaq üçün pul götürməliydik. Metroya turniketləri əllə sıxıb keçəsiydik. Dostum çox saf və dürüst adam idi. Bu səfərimiz də onun Bakıya ilk gəlişi idi. Gələn baş metro səfərimiz əylənəcəli olmuşdu, açığı. Qatar stansiyaya daxil olanda çıxardığı bərk səsdən gözlərinin necə böyüdüyünə xüsusilə diqqət yetirmişdim. Eskalatorla qalxanda da əvvəlcədən xəbərdar eləmişdim onu ki, çatanda hazır olsun atlamağa, ayağı ilişib yıxılmasın. İlk atlayışı olduğuna görəmi, yoxsa mənmi barıtı bir az çox qoymuş ola bilərdim ki, dostumun atlayışı ətrafın diqqətini gərəyindən bir az çox cəlb eləmişdi. Bu dəfə isə onun metroya cəmi ikinci girişi olacaqdı. Qismətinə isə bu cür girmək düşmüşdü, neynək. Onu turniketləri əllə sıxıb girməyə razı salmaq o qədər asan olmadı. Amma başqa çarəmi qalmışdı. “28 May” stansiyasından “Neftçilər”ə gəldik. Qohumumgilə girdim. Xəbərləri vardı, təbii ki, axtarıldığımızdan. Həyəcanlandılar. Tez kəndə zəng eləməyə çalışdılar. Düşə bilmədilər. Yemək təklif elədilər bizə. Acından ölürdük. “Çox sağ olun, aclığımız yoxdu” dedim. Elə dediyim anda da dostumun acıqlı baxışlarına tuş gəldim. Aclığa dözümü məndən az idi. Açığı, niyə belə dedim, onu da bilmirəm. Yəqin, ağzım öyrəşmişdi. Belə öyrənmişdik kənd yerində. Nə təklif olunsa, “sağ ol, istəmirəm” deməliydik. Yalnız çox təkid olunsa, götürərdik. Pulu götürüb metroya qayıtdıq. Bu dəfə də qaçaq keçməli olduq. Çünki qohumumdan götürdüyümüz pul ancaq rayona avtobus biletimizin xərci idi. Nə olardı, üç-beş manat artıq istəsəydim. Dostum çox hirsliydi mənə buna görə. Taqəti qalmamışdı, dözə bilmirdi artıq aclığa. Qatar “Nərimanov” stansiyasında dayananda “qatarı boşaldın” elanı verildi. Ardınca, stansiyanı da boşaltmağa başladılar. Metrodan çıxdıq. Tramvaya mindik. Tramvay tərpənmirdi, nəyisə gözləyirdi. Bir azdan bir kişini gətirib mindirdilər tramvaya. Mindiyi anda da tramvayda ağlaşma qopdu. Qolu sarıqlıydı, sarıqdan qan axırdı. Pencəyi cırıq-cırıq idi, üz-gözündə yanıqlar vardı, ağzı-burnu tüstüdən qaralmışdı. Öyrəndik ki, metronun “Gənclik” və “28 May” stansiyaları arasında qatar partladılıb. Xeyli insan ölüb və yaralanıb. Bir neçə dəqiqə əvvəl keçmişdik oradan. İndi də oradan qayıdacaqdıq. Qatar o arada partladılmışdı. Müharibə burada da film deyildi artıq, bizi addımbaaddım izləyən bir lənət idi.
    Avtovağzala gəldik. Acından ayaq üstə durmağa halımız qalmamışdı. Yeməyə bir şey almağa isə pulumuz. Avtobusumuz yarıaçıq balaca bir şirniyyat dükanının düz yanında dayanmışdı. Pəncərədən gözümüzü zilləmişdik ləzzətli qoğallara. İkimiz də eyni şeyi fikirləşirdik. Dostumu əyri yola razı salmaq bu dəfə uzun sürmədi. Qoğal oğurlayacaqdıq. Dükanın qabağı bir az basırıq idi. Çırpışdırmaq o qədər də çətin olmayacaqdı. Dükanın qabağında dayanıb müştəri gözüylə qoğallara baxmağa başladıq. Sonra isə fikrindən daşınmış müştəri görkəmi alıb qayıtdıq avtobusa. İri bir qoğal çırpışdırmışdım. Yarısını kəsib dostuma verdim. “Üstündən də sənin çırpışdırdığını yeyərik” dedim iştahla. Dostum bir az duruxdu. Üzündə aydın sezilən tərəddüdlə cibindən balaca bir saqqız çıxarıb mənə uzatdı. Acından öldüyümüz bir vaxtda dostum saqqız oğurlamışdı.
    Rayona çatdıq. Kənd avtobusunda hamı bizi gözləyirdi sanki. Sualların ardı-arası kəsilmirdi. “Hardaydız”, neyləyirdiz, niyə getmişdiz? Nəyiniz əskik olmuşdu, nəyiniz çatmırdı?!” Mənimsə, bircə sualım vardı – anam necədir.
    Evə gəldim. Bacımdan savayı heç kim qarşılamadı məni, heç kim bir kəlmə də danışmırdı mənlə. Anamla atam razılaşmışdılar sanki bir-birilə. Sadəcə içəri girdiyim anda gizli-gizli gözlərini üzümdə, bədənimdə gəzdirdilər. Əmin olmaq istəyirdilər, güman ki, əlim-ayağım yerindədirmi, yaram-xoram varmı-yoxmu. Sonra isə bir həftə sürən adam yerinə qoyulmamaq mərhələsi başlandı. Bacım orada olmadığım vaxtda baş verənlərdən danışdı. Bizdən xəbər gəlməyən ikinci gecə anamın halının pisləşdiyini, təcili yardım çağırdıqlarını dedi. Vicdanım sızlayırdı, ancaq nə eləyə bilərdim, danışmağı, üzr istəməyi, “bağışla” deməyi bacarırdımmı ki?! Sadəcə anamın gözünə görsənmədim o həftələrdə. Atamın hirsi daha tez soyudu. Otağıma gəlib, pəncərənin pərdəsini araladı və küçədə dairə qurub söhbətləşən bir dəstə kənd cayılını göstərib təxminən belə bir qəzəbli monoloq söylədi: “Bax, əsgərlik yaşındadır bunların hamısı. Hansı birisi gedib? Hərəsi bir “kağız” alıb oturub. “Oblava” gələndə isə qaçıb gizlənirlər. Sənin indi əsgərlik yaşındır bəyəm?! Sən məktəblisən. Sənin Vətənə xidmətin bu kitablardır, dərslərindir.” Anamın da otağıma gəlib məni bu cür danlamağını, üstümə saatlarca qışqırıb ürəyini boşaltmağını çox arzulayırdım. Hərçənd bunu eləməyəcəyini də bilirdim. Otağımın qabağından hər dəfə keçəndə az da olsa ümidlənirdim yenə də. Hər dəfə də ümidim puç olurdu. Artıq həftələr keçmişdi. Otağımın qabağından keçirdi yenə. Dayandı. Geri qayıtdı. İçəri girmədən “mən o gün qayğanağını bişirmişdim, ingilis dili dərsi üçün verdiyin tapşırıqların da hamısını eləmişdim” dedi. Möhkəm durmağa çalışırdım. Alınmadı. Gözümdən yaş sel kimi axmağa başladı. Ağladım. Hönkürə-hönkürə…
    Səhərisi, bacım gəlib yeməyə çağırdı. Anam qayğanaq bişirmişdi. Həmin günün gecəsi cəsarətimi yığıb eyvana çıxdım. Ordaydı. Veneraya baxırdı. Yanında durdum. Veneraya sarı boylandım. Danışmağa başladım…

Müəllif: Natiq Bayramov
PS:“Venera” hekayəsindəki hadisələr İyul 1994-cü ildə baş verib.