Vətən müharibəsi qazisi Quba rayonu Alpan kəndindən olan
XTQ giziri Cavad Babayev
Qısa məlumat

1990-cı il təvəllüdlü Babayev Cavad Nasir oğlu 2012-ci ilin noyabr ayında Azərbaycan Silahlı Qüvvələri TTM gizir hazırlıq kursuna daxil olub. Altı aylıq kursu keçdikdən sonra Lənkəranda gizir hərbi rütbəsini alıb və kəşfiyyat tağım komandirinin müavini vəzifəsində çalışıb. Buradakı dörd aylıq xidmətindən sonra XTQ kursunu da müvəffəqiyyətlə bitirən C. Babayev 2014-cü ildən bu günə qədər kəşfiyyatçı kimi fəaliyyət göstərir. Xidmətə başladıqdan çox qısa vaxt sonra bir neçə uğurlu hərbi əməliyyatda, o cümlədən 2016-cı ilin aprel ayında Lələtəpə uğrunda gedən döyüşlərdə gizir C. Babayevin mühüm xidmətləri olub.
Qazimiz Gizir Cavad Babayevin keçdiyi şərəfli hərb yolunu öz dilindən eşidək:
Aktiv təlimlər
İlin əvvəlindən ciddi hərbi təlimlərə cəlb edilmişdik. Real döyüş şəraitində qarşılaşa biləcəyimiz bütün əməliyyatları bu təlimlərdə öyrəndik. Bu müddət ərzində çətin relyefə malik ərazilərdə yüksək səviyyəli döyüş hazırlığı keçdik. Vətən üçün hər şeyə hazır idik…
Gözlənilən an: əks-hücüm əməliyyatları başlayır
2020-ci il senytabrın 27-si əks-hücüm əməliyyatları başlayan kimi Araz çayı kənarından düşmən mövqelərini məhv etmək tapşırığı aldıq. Ayrı-ayrı qruplar halında hərəkət edərək düşmənə məxsus çoxlu sayda canlı qüvvə və avtomobil texnikalarını, minaatan qurğularını məhv etdik. Oktyabr ayının üçündən dördünə keçən gecə Cəbrayıl istiqamətinə yaxınlaşdıq. Yüksək dağlıq ərazidən düşmən bölmələri bizə atəş açmağa başladı.
Strateji yüksəkliyi ələ keçirdik
Gecəni gözləyərək onlara hücum etdik, yerləşdikləri strateji yüksəkliyimizi azad etdik. Burada onların 8 nəfər canlı qüvvəsini və Televiziya qülləsini qoruyan tankını məhv etdik, digər qüvvələr isə qaçmağa başladı. Buranı 3 gün qorumalı idik. Əldə etdiyimiz yüksəkliyi quru qoşunlarımıza təhvil verdikdən sonra qızğın döyüşlərin getdiyi Füzuli istiqamətinə yönəldik. Bu ərazidə düşmən 18-ci MAD, 1-ci, 2-ci və 9-cu alay, 41-ci artilleriya alayı, radioelektron mübarizə və digər müxtəlif bölmələrdən istifadə edərək güclü şəkildə qorunmağa çalışırdı. Füzulidə yerləşən mövqelərinə çoxlu sayda texnika və hərbi qüvvə yığan düşmən 27 km-lik tuneldən də aktiv istifadə edərək ağır texnikalardan atəş açırdı.
Füzuli-Hadrut yolu
Oktyabrın 7-si gecə saatlarında Füzuli-Hadrut yolunu tutmalı idik. Hərəkət yolumuz üzərində düşmən snayperləri ( bir birindən 5-6 m aralı) və onların arxasındakı təpəlikdə 15 nəfərlik bölmə bizi gözləyirmiş. Burada əsl möcüzə yaşandı. Öncü nəzarətçi qrupumuz əraziyə uyğun olmayan görüntü sezir və bunların yerdə uzanmış snayperçilər olduğunu öyrənirlər. Bu snayperlərdən (ikisi yatıbmış ) ikisini məhv etdik, üçüncüsü isə oyanaraq qumbara atarkən vuruldu, lakin partlayış səsindən duyuq düşən digər erməni bölməsi bizə atəş açmağa başladı. Arxada yerləşmiş həmin düşmən bölməsi üzərinə hərəkət edərək onların 5-ni məhv etdik. Digərləri isə qaçaraq kəndi tərk etdilər.
“Təmizləmə” əməliyyatı
Gecə ilə meşənin içərisində mövqeləndik. Növbəti tapşırığı gözləməyə başladıq. Ayın 10-u səhər saat 11-də Gorazıllı kəndinə girmək üçün əmr gəldi: Kəndi almaq və Horadiz-Füzul-Hadrut yolunu tutaraq buradan keçmək istəyən düşmən bölmələrini pusqu yolu ilə məhv etmək. Yaşayış məntəqəsinə girərkən iki erməni mülkü şəxs bizə tərəf atəş açmağa başladı, onları da zərərsizləşdirərək Gorazıllıya daxil olduq. Ayın 11-i günorta saatlarınadək düşmənin 10-a yaxın yüngül texnikasını pusqu ilə zərərsizləşdirərək yolu “təmizlədik”.
Texnika bizə tərəf yönəldi
Yerə döşənmiş tank və piyada əleyhinə minalardan duyuq düşən düşmən qüvvələri istiqamətini dəyişərək 3 kamazla bizim olduğumuz kəndə tərəf döndü. Həmin vaxt şəxsi heyətimiz (133 nəfərdən şəhid və yaralılarımızı çıxdıqdan sonra) cəmi 63 nəfər qalmışdıq. Tabor komandirinin əmri ilə kamazlar vurulmalı idi. RPG-7 ilə dərhal kamazlardan biri vuruldu, lakin digər iki maşın isə heyətlə birlikdə meşəyə girməyə imkan tapa bildi. Üç istiqamətdən hərəkət edərək düşməni məhv etmək əmri verildi. Onları meşənin çıxacağına sıxışdırdıq ki, açıq əraziyə çıxsınlar və orada məhv edək. Elə də oldu. Onlar bir təpənin arxasına sıxışıb qaldılar.
Başını itirmiş düşmən
Mərkəz istiqamətdən arxı keçərək düşmənə 10-15 m məsafə qədər yaxınlaşmışdıq. Yoldaşlarıma xəbərdarlıq edərək F1 əl qumbaralarından istifadə etməyə başladım. Atılan qəlpəli əl qumbaraları düşmənin canlı qüvvəsinin tam ortasına düşür, haradan gəldiyini bilməyən düşmən vahimə və qorxudan pərən-pərən olurdu. Dərhal avtomatdan istifadə edərək başını itirmiş düşmənə atəş açmağa başladıq. Daha yaxşı mövqedə olduğumuz üçün mən və döyüş yoldaşım gizir R.Məmmədov bizə ötürülən qumbaraları növbə ilə düşmənin toplaşdığı əraziyə atırdıq. Biz altı nəfər şərəfsiz erməni dığalarının 30-40 nəfərini məhv etmiş olduq. Qarşı tərəfdə aləm bir-birinə dəymişdi. 11-ci qumbaranı əlimə götürərkən işarə edildi ki, bu artıq sonuncudur. Gözyaşardıcı qaz bombasından istifadə etdim…
Gizli snayper gülləsi…
Əlimdəki sonuncu qumbaranı atdıqdan sonra kaskama bir güllə dəydi və dərhal bunun uzaqdan bizi nişan almış snayper olduğunu anladım.Qulağımın sol üst tərəfindən dəyən güllə kaskanın kənarını parçaladı. Tez özümü aşağı, arxın içinə atdım və yoldaşlarıma snayperin işlədiyi haqqında məlumat verdim. Bir neçə saniyə sonra həmin istiqmətdən gənc leytenentımız B. İslamov şəhid edildi. Sən demə məndən sonra snayper onu nişan alıbmış. Yaxınlaşdım, elə bilirdim ki, yaralıdır (məkanı cənnət olsun). Onun mərmilərini düşmənə qarşı istifadə etməyə başladım. Üzərindən 3-4 dəqiqə vaxt keçdi, qəfil ayağımdan dəyən güllə, bütün bədənimi silkələdi. Ağrının şiddəti çox güclü idi. Topuqdan yuxarı hissədən güllə ayağımı parçalamışdı, həmin nayihədə hissiyatım tamamilə itmişdi. Bu haqda yoldaşlarıma məlumat verdim, ilkin tibbi yardım göstərildi. Təəssüf ki, ilk köməyimə çatan mərd tibb işçisi S.Ağayev də qısa müddət sonra xain düşmən gülləsinə hədəf oldu (məkanı cənnət olsun).
Döyüş yoldaşlarımızın çevikliyi sayəsində xilas olduq
Təxminən 40 dəqiqə ərzində düşmən snayperi bizə olduğumuz yerdən çıxmağa imkan vermədi. Yaralı və şəhidlərimizlə orada gözləməli olduq. Döyüş fəaliyyətimizi itirmişdik. Lakin sağ və sol cinahdan digər döyüş yoldaşlarımız düşmən üzərinə mərmi yağdırır, əl qumbaralarından istifadə edirdilər. Yoldaşlarımzın çevik əks həmləsi ilə düşmən ciddi itkilərə məruz qaldı. Biz də bu fürsətdən istifadə etdik : Düşmənin başı qarışan kimi 30 metrlik məsafəni sürünə-sürünə keçib meşəyə girə bildik. Bizm tərəfdən dörd şəhid (onlardan biri də qonşum, gözəl dost kapitan İ.Səmədov idi, məkanı cənnət olsun) verdik, düşmənin isə 100-dən artıq canlı qüvvəsini məhv etdik, xeyli miqdarda silah-sursatını ələ keçirdik.
Bu gün sevincli və qürurluyuq
Ali Baş komandanımızın uğurlu xarici və daxili siyasəti, ordu-xalq birliyi nəticəsində şükür ki, 30 ilə yaxın mənfur düşmənin işğalı altında qalmış torpaqlarımızı son qarışına qədər azad etdik. Gələcək nəsillərə bu ağrı-acılı məsələni deyil, şərəfli zəfər tariximizi miras qoyuruq. Ona görə də biz qazilər hamımız sevincli və qürurluyuq. Xalqımızı qələbə münasibətilə təbrik edirəm!!!
Bütün Azərbaycan xalqı şərəfli döyüş yolu keçmiş, sizin kimi mərd oğulları ilə fəxr edir, əziz qazimiz!!!
Müəllif: Rəşad Alpanlı (Sədullayev)