Kəndimizin ilk “Pobeda”sı və Zeynəb Xanlarovanın sinif yoldaşı

153
Xəmməd kişi

    Bu dəfə sizə kəndimizdə ilk dəfə gördüyüm minik avtomobili, daha doğrusu, indi tarixin yaddaşına qovuşan “Pobeda, həmçinin onun sahibi və ailəsi barədə söz açmaq istəyirəm. Bəri başdan deyim ki, Xəmməd Dövlət oğlu Zülfüqarova məxsus bu maşın yalnız kəndimizdə deyil, ümumiyyətlə, respublikamızda peyda olan ilk “Pobeda” olub.

    Xəmməd Zülfüqarovun həyat yoldaşı Sara xanımın sözlərinə görə, rus dilini mükəmməl bilən Xəmməd kişi müharibə illərində Leninqradda (Sankt Peterburqda) təyyarə mexaniki kimi (sonradan onun çalışdığı müəssisə Kazan şəhərinə köçürülüb) fəaliyyət göstərib: “Səhv etmirəmsə, Xəmməd kişi Leninqradda peşə təhsili də alıb. Oradan qayıdanda özü ilə bir “nemetski” motosiklet də gətirmişdi. “Pobeda”ya gəldikdə isə… Onu sonradan, təxminən ötən əsrin əvvəllərində elə Leninqraddan alıb gətirib. Xəmməd kişi müharibədən sonra Bakıda süd zavodunda sürücü işləməklə yanaşı, ticarətlə də məşğul olub. Yəni Rusiyaya alma, eləcə də meyvə qurusu aparıb satardı. Elə “Pobeda”nı da bu yolla əldə etdiyi vəsaitlə alıb. Onu da deyim ki, o illərdə respublikamızda minik maşınları cəmi 3 nəfərdə olub: Biri Mircəfər Bağırovda, bir də hansısa yüksək vəzifəli şəxsdə. Amma onların markaları başqa idi”.

Xəmməd kişi

    O zamanlar bu maşının dilini yaxşı bilən olmadığı üçün Xəmməd kişi “Pobeda”ya özü qulluq edərdi. Yəni onu göz bəbəyi kimi qorumağa çalışardı. Bu səbəbdən satmağı, hansısa maşınla dəyişdirməyi ağlına belə gətirməzdi. Lakin Xəmməd kişi 66 yaşında, yəni 1984-cü ildə rəhmətə gedəndən sonra, qızı Elnarə xanım Əskərovanın təbirincə desək, baxımsızlıq ucbatından “Pobeda” hissə-hissə yoxa çıxıb. Ondan xatirə kimi isə yalnız kapotu qalıb.

    Elnarə xanım, həmçinin atasına istinadən bu sözləri də dedi: “Böyük Vətən müharibəsindən sonra istehsalına başlanılan bu maşına “Vətən” anlamını verən “Rodina” adı vermək istəyiblər. Lakin İosif Stalinin: “Belə çıxır ki, alıcılar “Vətən neçəyədir” ifadəsini işlədəcəklər?!” sözlərindən sonra ona “Qələbə” mənasını verən “Pobeda” adı veriblər. Özü də atam bu hekayəti elə həvəslə nəql edərdi ki…”

    Xəmməd kişinin texnikaya marağı olduğu kimi, arıçılıqda, meyvəçilikdə də kifayət qədər təcrübəsi olub. Hətta o, kəndimizdə istixana-parnik şəraitində limon, mandarin yetişdirib satardı. O, üstündə meyvəsi olan ağacları da satışa çıxarardı. Xəmməd kişi kəndimizdə bir neçə nəfərə də həmin ağaclardan hədiyyə etdib. Xəmməd kişi limon ağaclarını oğlu Dövlətlə birgə Gürcüstanın Supsa şəhərində olarkən Valiko adlı bir şəxsdən alıb.

    Günlərin bir günü Neft daşlarında çalışan bir nəfər onun bu işi ilə maraqlanır. Nəticədə həmin adam Xəmməd kişini Neft daşlarında bir bağ salmağı məsləhət görür. Xəmməd kişi onun təklifini məmuniyyətlə qəbul edir və qısa zaman kəsiyində Neft daşlarında bağ salmağa nail olur. Sara xanımın sözlərinə görə, hətta o vaxt “Bakinskiy raboçiy” qəzetində bununla bağlı bir məqalə də dərc olunub.

Xəmməd kişi

    Xəmməd kişi kəndin Kostroma məhəlləsində geniş bir mağaza da tikdirib və camaata mədəni xidmət göstərib. O zamanlar isə yalnız kəndimizin mərkəzindəki ikimərtəbəli binanın birinci mərtəbəsində (kənd kitabxanasının altında) kiçik bir dükan olub.

Yeri gəlmişkən, qeyd edək ki, Xəmməd kişi Zülfüqar bəyin nəvəsi olub. O, 6 aylıq uşaq olanda anası, iki yaşında isə atası haqq dünyasına qovuşublar. O, Hürzad adlı xanımın himayəsində böyüyüb.

Zeynəb xanımın sinif yoldaşı

    Bu yazını elə buradaca tamamlamaq olardı. Lakin Mövsüm kişinin qızı Sara xanımın digər məlumatlarından sonra yazını bir qədər genişləndirmək fikrinə düşdüm.

    Sara xanım bəy nəslindəndir: o,Şıxrza bəyin qız nəvəsidir. (Yeri gəlmişkən qeyd edək ki, Şıxrza bəyin Kəlbəli adlı oğlu o zamanlar Səmərqənddə təhsil alıb). Özü də Sovetskidə doğulub, orada boya-başa çatıb. 161 saylı məktəbdə sonradan Xalq artisti adına layiq görülmüş Zeynəb Xanlarova ilə eyni sinifdə təhsil alıb. Dediyinə görə, Zeynəb xanım elə sinifdə də zümzümə edərdi. Yaxşı səsi var idi. Sonra o, özfəaliyyətə cəlb olunub.

Sara xanım

    Sara xanım 13 yaşında 7-ci sinfi bitirib. O zamanlar qızları bu yaşda ərə verərdilər. Elə onu da ərə vermək istəyiblər. Hətta atası Saranı yerlilərindən, yəni Alpandan olan bir oğlanla ailə qurmasını tezləşdirmək fikrinə də düşüb. Sara xanım atasına təhsilini davam etdirmək, bir sənət sahibi olmaq istəyini bildirib. Atası qızının bu arzusunun reallaşmasına imkan yaradıb. Amma şərt qoyub: məktəbə daxil ola bilməsən, ailə quracaqsan. İş elə gətirib ki, Tibb məktəbinə sənəd verən Sara xanım tarix imtahınında zəif nəticə göstərib. Buna görə elə imtahan otağında ağlamağa başlayan Sara xanımı müəllim kiritməyə çalışıb. Sara xanımın göz yaşları içində: “Müəllim, sən heç bilirsən, bu məktəbə daxil ola bilməsəm, məni nələr gözləyir? Atam məni ərə verəcək”,- sözlərindən sonra müəllimə, necə deyərlər, daşı ətəyindən töküb. Beləcə, Sara xanım Tibb məktəbinə qəbul olunub və feldşer-akuşerka ixtisasına yiyələnib. 1951-ci ildə Xəmməd kişi ilə ailə qurub. Onların toy məclisi Bakıda keçirilib. Özü də Mircəfər Bağırova məxsus maşınla ər evinə yola salınıb: “Biz Bakıda Mircəfər Bağırovun bacısıgillə qonşu olmuşuq. Eyni rayondan olduqlarına görə valideynlərimlə onların yaxşı münasibəti var idi. Hə, bir də mənim toy məclisimi Xalq artisti Tükəzban İsmayılovanın iştirak etdiyi ansambl idarə edib. Onda Tükəzban xanım qarmon ifaçısı idi”.

    Bir müddət Bakıda yaşadıqdan sonra Xəmməd kişi kənddə Sara xanıma daha çox ehtiyac olduğunu əsas gətirib və nəticədə onlar Alpana üz tutublar. Sara xanım kənd xəstəxanasında işə düzəlib. Elə həmin illərdə də Xarmanlarda Sara xanımın babasına məxsus ərazidə ev tikiblər. Sara xanımın sözlərinə görə, hazırda kənddə onun yaşadığı ev Xarmanlar məhəlləsinin ilk evi olub. Xarmanlar adlanan ərazi də babası Şıxrza kişinin xırmanı olubmuş.

Sara xanım və iş yoldaşları

    O illəri xatırlayan Sara xanım daha sonra dedi: “O illərdə qadınlar doğuşa ev şəraitində üstünlük verərdilər. Odur ki, mən bu ənənəni pozmağa, daha doğrusu, hamilə qadınları xəstəxanaya cəlb etməyə başladım və istəyimə də nail oldum. Yeri gəmişkən, onu da deyim ki, mən tibb bacısı kimi fəaliyyət göstərmirdim, feldşer-akuşerka vəzifəsində çalışırdım. O illərdə feldşerlər də həkim sayılırdılar. Hətta onların xəstələr üçün resept yazmaq səlahiyyətləri də vardı. Hə, yadıma düşmüşkən, o illərdə indiki kənd xəstəxanasında Şəfiyev soyadlı bir həkim, bir də iranlı bir qız çalışırdı”.

Elnarə xanımın atası ilə bağlı xatirəsi

    Altıncı sinifdə oxuyurdum. Günlərin bir günü haradansa əlimə “Kirpi” jurnalı düşdü. Onu acgözlüklə oxudum və bir çox mətləblərdən hali oldum. Öz-özümə dedim ki, madam ki, bu jurnal rayonların da problemlərindən söz açır, elə isə mən də kəndimizin müşküllərindən yazacağam, qoy tədbir görsünlər. Fikrimi anama bildirdim. Anam yarızarafat, yarıgerçək dedi ki, yazanlardan balaca deyilsən ki, sən də yaz. Mən də onun bu sözlərindən sonra “Fərmanın doqqazı” deyilən ərazidəki hər dəfə min bir əziyyətlə keçdiyimiz nohurla bağlı bir yazı yazıb “Kirpi”yə göndərdim. Hə, yazımı da təxmini bu sözlərlə bitirdim: “Bəs rayon icra komitəsi katibinin gözləri hara baxır, görəsən?” Bir müddət sonra “Kirpi”dən cavab gəldi ki, bəs tezliklə tədbir görüləcək. İnsafən, tədbir də görüldü. Belə ki, çınqıl tökməklə həmin yolu sahmana saldılar.

    Amma günlərin bir günü məni kənd sovetinə dəvət etdilər. Soruşdular ki, a bala, bu məktubu sənin üçün kim yazıb, bəlkə, səni öyrədən olub? Dedim ki, yox, bu işdə kimsə mənə yardımçı olmayıb. Sadəcə, gördüklərimi qələmə almışam. Nə isə… Bu məsələdən xəbərdar olan atam məni möhkəm danladı. Dedi ki, gərək sən əvvəlcə həmin yolla bağlı kənd sovetinə şikayət edərdin. Onlar baxmasaydılar, rayon icra hakimiyyətinə…Sən isə onların heç birinə məhəl qoymadan birbaşa yuxarılara şikayət etmisən. Belə olmaz. Atamın bu iradlarından sonra mən, demək olar ki, bütün işlərimi mərhələli həll etməyə üstünlük verməyə başladım”.

Qeyd edək ki, bu ailənin 7 övladı (4 oğlan, 3 qız) olub.

Qvami Məhəbbətoğlu (Rəsulov)

P.S. Yazının ərsəyə gəlməsində öz köməyini məndən əsirgəməyən Elnarə xanıma təşəkkürümü bildirirəm.