Xətt savadın göstəricisidir.

428
alpan.az-Xəttat Müzafəddin Əzizov

          Müdriklərdən biri demişdir ki, xəttini göstər sənin kim olduğunu deyim. Bu deyimdə bir həqiqət var. Gözəl xətt sahibinin bir çox üstün cəhətləri  olur. Savadı və səbri isə ən əsas cəhətlərdəndir. Gözəl xətt ilə yaza bilənləri Xəttat adlandırırlar. Xəttatlıq incəsənətin bir növü olmasa da o qədim el sənətidir. Buna əlyazma sənəti də deyirlər. Hazırda bu sənətin davamçıları azdır. Texnologiyanın inkişafı bu sənətə marağı azaltmışdır. Buna baxmayaraq bu sənətin sahiblərinin gördüyü işlərə tarix boyu maraq olmuşdur. Keçmiş dövrlərdə Xəttatların yaratdığı sənət nümunələri tarixin əngəllərinə sinə gərərək dövrümüzə qədər gəlib çatmış və müasir insan keçmiş barədə bəzi məlumatları bu sənət nümunələrindən əldə etmişdir.

alpan.az-Xəttat Müzafəddin Əzizov

          Xətt sənətinin layiqli nümayəndələrindən biri də bizim həmkəndlimiz Hacı Müzafəddin Əzizovdur.  Müzafəddin Sultanməcid oğlu Əzizov 10.11.1948-ci ildə Quba rayonunun Alpan kəndində anadan olmuşdur. 1966-cı ildə kənd məktəbini müvəffəqiyyətlə  bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin(indiki BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olmuş və 1971-ci ildə oranı bitirmişdir. Dəfələrlə ərəb ölkələrində (Misir,Liviya,Cənubi Yəmən və Şimali Yəmən) hərbi tərcüməçi (ərəb rus dilləri üzrə) kimi işləmişdir. 1974-cü ildən təqaüdə çıxanadək Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitunda çalışmışdır.

alpan.az-Xəttat Müzafəddin Əzizov

          Dövrünün tanınmış xəttatı olan Müzafəddin müəllimlə səmimi bir görüşümüz oldu. Əvvəlcə telefonla danışdıq və məni öz evinə dəvət etdi. İlk dəfə idi ki, onunla üz-üzə söhbət edirdik. Təvazökar,səbrli və təmkinli bir insan olduğu ilk dəqiqədən hiss olunurdu. Sənətinə olan sevgisini gözlərinin parıltısından sezmək olurdu. Xətt sənəti haqqında danışan zaman onun sözünü kəsmədim. O,aramla və tam səlist bu sənətin incəliklərindən danışır, elə bil ağ vərəq üzərində mürəkkəbli qələm ilə mirvari kəlmələr həkk edirdi. Mən eşitmişdim ki, bu sənətin nümayəndələri çox səbrli olurlar və bu səbrin şahidi oldum.

alpan.az-Xəttat Müzafəddin Əzizov

          Müzafəddin müəllim öz sənəti haqqında danışanda onu da qeyd etdi ki, əgər Xəttatlıq və Xəttatlar olmasaydı indi bizə nə Füzuli, nə Nizami, nə Nəsimi, nə də ki, digər klassiklər tanış idi. Biz bu klassikləri tanımaq üçün xəttatların gecələrini gündüzlərinə qatıb şam işığında səbrlə üzünü köçürdüyü əsərlərini oxumuşuq. Quran da xəttatlar tərəfindən yazılıb. O, qeyd etdi ki, İslam dini meydana gələndə peyğəmbərimizin 16 katibi olub və onlar xətt elmini gözəl bilirlərmiş və peyğəmbər onlara tapşırıb ki, Allahdan gələn vəhyləri köçürsünlər.

alpan.az-Xəttat Müzafəddin Əzizov

          Sözünün burasında ayağa qalxdı və öz əlyazmalarını gətirmək üçün otaqdan çıxdı və bir neçə əlyazması ilə geri qayıtdı. O, Füzulinin və Nizaminin əsərlərindən yaratdığı xəttatlıq nümunələrini mənə göstərdi. Muncuq kimi düzülmüş hərflər və bu hərflərin harmoniyası Ərəb əlifbasını bilməsəm də məndə gözəl hisslər yaratdı.

          Onun ərəb qrafikasında yaratdığı xəttatlıq nümunələri daş kitabələr şəklində bir neçə məsçidin divarlarını bəzəyir. Onlardan “Təzəpir” məsçidindəki dekorativ yazıları, “Heydər” məsçidindəki dekorativ kalliqrafik yazıları, “Əjdər bəy”(Göy məsçid) məsçidindəki nümunələri, “Şamaxı” məsçidindəki bir çox yazıları, Gəncədəki “İmamzadə” türbəsindəki yazıların bir qismini, İçəri

alpan.az-Xəttat Müzafəddin Əzizov

şəhərdəki “Cümə” məsçidindəki yazıların bir qismini və bir çox digər işləri misal göstərmək olar. “Nardaran” məsçidi və “Hüseyniyyə” binasının dekorativ yazı və naxışları isə sənətkarların rəyinə əsasən “məktəb” kimi qəbul edilir. Bunlardan başqa xalçalar üzərində kaliqqrafik yazı nümunələri o cümlədən xalçaçı rəssam K. Əliyevin işlədiyi və Prezident tərəfindən mərhum Səudiyyə kralı Fəhd bin Əbdüləzizə təqdim edilmiş portret  xalça üçün kufi xətti ilə “Fatihə” surəsini qeyd etmək olar.

alpan.az-Xəttat Müzafəddin Əzizov
alpan.az-Xəttat Müzafəddin Əzizov

          Müzafəddin müəllim bir xəttat olaraq kitab tərtibatı işində də səriştəli sənətkarlardandır. O, bir çox kitablara və hətta ərəb dilli dərsliklərə bədii tərtibatlar vermiş, həmin kitablar onun kalliqrafikq yazıları ilə gözəlləşdirilmişdir.

          Müzafəddin müəllim fəaliyyətə başladığı dövrdən etibarən mütamadi olaraq beynəlxalq sərgilərdə ölkəmizi uğurla təmsil etmişdir. Onun işlərinə görə onu dəfələrlə təltif etmişlər. Mütamadi olaraq mətbuatda  onun xətt elmi və sənətin incəliklərindən bəhs edən yazıları dərc edilmişdir.Müzafəddin müəllim haqqında nüfuzlu insanların müsbət rəyləri olmuşdur. Onun ustadı olmuş Qulam Azəri Drabadi şagirdinin onu ötdüyünü vurğulamışdır. Şeyxül-İslam Hacı Allahşükür Paşazadə, akademiklər Vasim Məmmədəliyev, Ziya Bünyadov, Rafael Hüseynov, Möhsün Nağısoylu, Bəkir Nəbiyev, xalq rəssamları Kamil Əliyev və Mikayıl Abdullayev onun sənəti barədə xoş sözlər demişlər.

alpan.az-Xəttat Müzafəddin Əzizov

          Müzafəddin müəllimin kitab tərcüməsi sahəsində də dəyərli işləri vardır. Onun ərəb dilindən dilimizə tərcümə etdiyi kitablardan XIII yüz illiyin musiqi nəzəriyyəçisi,not sisteminin yaradıcısı, mahir ud ifaçısı Əbdülmömin Urməvinin “Şərəfiyyə risaləsi” , XIII əsrin sonları XIV əsrin əvvəllərində fəaliyyət göstərmiş azərbaycanlı məşhur həkim Mahmud ibn İlyasın “Tibb elmi və müalicə üsullarına dair hərşeyi əhatə edən kitab”(840 səh), XIV əsrin məşhur həkimi Şamaxılı Məhəmməd ibn Mahmud ibn Hacı Şirvaninin “Ravdatül-itr”(“Ətriyyat bağı”) əsəri (640 səh),

alpan.az-Xəttat Müzafəddin Əzizov

IX-X əsrlərin şöhrətli təbibi Əbu Bəkir ər-Razinin “Tibb Mənsuri”(“Mənsur təbabəti”) adlı sanballı əsəri(500 səh) və həmin müəllifin “Müxtəsər tibb kitabı”, IX əsrdə fəaliyyət göstərmiş məşhur tərcüməçi və təbib İshaq ibn Hüseynin “Sadə dərmanlar” adlı əsərini misal göstərmək olar.

          Müzafəddin müəllim fəxrlə qeyd edir ki, o Əcəmi Naxçıvani ənənələrini xəttatlıq sahəsində inkişaf etdirib. “Xətt elmin yarısıdır” deyən və  bu günlərdə  71 yaşını qeyd edəcək Müzafəddin müəllimlə fəxr edir və ona layiq olduğu yeri arzu edirik.

Müəllif:İlkin R.Balayev.