Xoş müjdəli Həcər xala

606

    Həcər xala ilə görüşməli idik. İlk dəfə onunla danışanda sağlamlıq problemlərinin olduğunu bildirdi və həkim nəzarətində olduğu üçün görüşə bilmədik. Son günlərdə görüşümüzə pandemiya mane oldu. Belə qərara gəldik ki, telefonla danışaq.

    Ömrünün 64 ilini poçtalyon kimi çalışan Həcər xalanı tanımırdım.(Niyə Həcər xala? Onu birazdan yazaram.) Onu mənə təsadüfən onun qardaşı oğlu Eldar bəy tanıtdı. İlk məlumatları Eldar bəydən eşitdim və Həcər xala haqqında yazmaq qərarına gəldim.

    Həcər İsababyeva 1938-ci ildə Bakıda anadan olub. Bakıda anadan olmasına baxmayaraq o alpanlıdır. Atası Muştaq kişi və anası Fatma xanım o dövrlərdə Bakıda yaşayırdı. O, 7 yaşınadək Alpanda Hacıağa dayısının himayəsində qalıb. Həcər xalanın uşaqlığı çox pis keçib. Bir yaşı tamam olmamış atası Muştaq kişi 1939-cu ildə müharibəyə yollanır. O, Fin müharibəsinin iştirakçısı da olub və uzun illər onun sağ olması barədə məlumatları olmur. Çünki,onun ölümü barədə məktub almışdılar. 1946-cı ildə gözlənilmədən atası müharibədən qayıdır.Həcər atasını xatırlaya bilməzdi,çünki o müharibəyə gedəndə qızcığazın heç bir yaşı da yox idi. O günləri xatırlayan Həcər xala deyir ki, inana bilmirdim ki, o mənim atamdır. Ona deyirdim ki, axı sən ölmüşdün. Balaca Həcərə atasını çox görmək  qismət olmur. Müharibənin fəsadları və ailənin normal durumda olmaması səbəbindən ciddi xəstələnən atasını tez itirir. Atası rəhmətə gedəndə 57 yaşı var imiş. Kiçik qızcığaz bacı və qardaşlarını anası ilə birgə saxlamalı olurlar. Anası Fatma xanım tramvayda konduktor işləyirdi.

    Haşiyə çıxaraq bildirim ki, Həcər xalanın atası Muştaq İsababyevin atasının adı Cəbi olub. Anası Fatma xanımın atasının adı Pələng Xəlilov. Həcər xala danışığı zamanı qeyd etdi ki, o vaxt atamdan soruşdum ki, sənin soyadın niyə İsababayevdir? Cavab verdi ki, atamı tez itirmişəm peşə məktəbində soyadımı yazanda İsababayev yazıblar. Mən də hazırda atamın soyadını daşıyıram. Hamı məni rəsmi sənədlərdə Həcər Müştaq qızı İsababayeva kimi tanıyır. Amma, el-oba mənə Həcər xala deyə müraciət edir. Sən də mənə xanım demə, xala de.

    Həcər xalanın danışığını kəsmədən onu dinləyirəm. “Kasıblıq üzündən yeniyetmə yaşlarımda poçta gəldim. Başımı bağlamışdım ki, heç kim uşaq olduğumu bilməsin, tanımasınlar. Onda uzun, gözəl saçlarım vardı. Saçlarımı yığır, başıma yaylıq örtürdüm. Ata-anam tez öldü deyə, bacı və qardaşlarıma mən baxmalı oldum. Poçtalyon işləyə-işləyə onları böyütdüm. Anam da xəstə olduğundan onu da tez itirdim.”

     Həcər xala davam edir:”Ailəmizin vəziyyəti çox acınacaqlı idi. Elə günlər olurdu ki, yeməyə çörək belə tapmırdıq. Müharibədən sonrakı vəziyyət ailəmizə də təsirsiz ötüşməmişdi.” Həcər xala uşaqlıq illərindən danışarkən qeyd etdi ki, bir dəfə çörək üçün verilmiş talonları itirdiklərindən bir ay çörəksiz qalmışdılar. Belə bir vəziyyətdə yeniyətmə qız olan Həcər ailənin yükünü öz üzərinə götürmək qərarına gəlir. On beş yaşlı qız uşağı üçün iş tapmaq çətin idi. O, poçtalyon kimi işləmək istəsə də yaşının az olması səbəbindən onu işə götürmürdülər. Sonda onu yəhudi əsilli bir nəfərin yerinə qeydiyyatsız olaraq işə götürürlər və iki ildən sonra o əməkdaş Rusiyaya getdikdən sonra Həcəri rəsmən işə qəbul edirlər. Qeydiyyatsız işlədiyi iki il ərzində Həcər xala poçtalyon kimi yaxşı çalışdığı üçün onun bu sahədə gələcəyin ulduzu olacağı heç kimdə şübhə doğurmurdu.

    15 yaşından “Azərpoçt”un 2 saylı filialının 9 saylı poçt şöbəsində poçtalyon kimi fəaliyyətə başlayan Həcər xala ömrünün tam 64 ilini bu işə həsr edib. Qabaqcıl poçtalyon olan Həcər xalanı 1972-ci ildə əmək nailiyyətlərinə görə “Lenin” ordeni və 1977-ci il mayın 13-də Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif ediblər. Həcər xala xatirələrini danışarkən qeyd etdi ki, təltifetmə zamanı 1977-ci il avqustun 28-də onu Heydər Əliyev qəbul edib və ona 4 otaqlı mənzilin açarlarını da təqdim edib. Həcər xala qabaqcıl işçi kimi 15 il ərzində  Azərbaycan SSR Ali Sovetinin deputatı da olub. Bir sıra ölkələrdə – Almaniya, Türkiyə, İsveçrə, İtaliya, Fransada Azərbaycanı təmsil edib. Bu ölkələrdə keçirilən tədbirlərdə çıxış edib.

    Xatirələrindən danışan Həcər xala qeyd  etdi ki, o poçtalyon işlədiyi dövrlərdə tez-tez məşhurların evlərinə məktublar aparardı. Onlardan biri də tarzən Bəhram Mansurov idi. Həcər xala deyir ki, Bəhram Mansurov məni qızı kimi qəbul etmişdi. Oğlu Edar Mansurov mənə bacım deyirdi. O ailə ilə dostluğunun nəticəsində Eldar Mansurov onun şərəfinə “Xoş müjdəli Həcərim” mahnısını yazıb.

    Həcər xala 1960-ci ildə ailə həyatı qurub. Onun bir oğlu 1993-cü ildə Füzuli rayonunun Seyid Əhmədli kəndində şəhid olub və Alpan kəndində dəfn edilib.

 

Müəllif: İlkin R. Balayev

 

 

PS:Şəkillər azvision.az saytından götürülüb

Paylaş
Əvvəlki məqaləXan Çoban
Növbəti məqaləAlpanlılar da vuruşublar