Yeddi para kənddə Novruz

250

Quba bölgəsinin Alpan və bir neçə ətraf kənd camaatının adət- ənənəsi Şərq tipologiyasına mənsub olub; türklük- müslümanlıq- atəşpərəstlik- bütpərəstlik elementləri toplusudur. Araşdırdığım qədərincə Alpan (Alban) türklərinin gələnəklərinin türk boylarından daha çox Axıska (Ağ saka) türklərinin (qədim buntürklərin) adət-ənənələrinə oxşarlığı bilinməkdədir. Bəşəriyyətə məlum olduğuna görə, dünya həyatına məna və yaşam bəxş edən dörd əsas təməl ünsür olaraq; hava- inam, su-ədalət, od- eşq, torpaq- elm timsalında yaradılışın cövhərlərini təşkil edirlər…

alpan.az-Novruz Bayramı
alpan.az-Novruz Bayramı

Novruzqabağı çərşənbələr “yel” (əzəl), “sel”, “kül”, “gül” (axır)- əsasən bu ilaxır çərşənbə bizim kəndlərdə bayram təmtərağı ilə keçirilərdi. Buradan göründüyü və fars, kürd təsirindən kənarda qalan alban- türk boylarında olduğu kimi, Alpan ətrafı 7 para kənddə çərşənbələrin özlərinə məxsus adları və ardıcıllığı vardır. Həmyerlimiz, mərhum prof. Azad Nəbiyevin Novruz, çərşənbələr haqqında mülahizələri qarışıq, nöqsanlı, tədqiqatçı- jurnalist Güllü Yoloğlunun təqdim etdiyi araşdırmanın isə hansı xalqın, bölgənin gələnəkləri ilə bağlılığı aydın deyildir.
Birincisi əzəl-yel-hava çərşənbəsidir ki, öncə havanın mövcudluğuna və ya yaradılmasına (el dilində “yellər əsməsə sellər daşmaz”) əsaslanır, belə ki, yaradılmış hər bir canlı varlığa yaşaması üçün ilk növbədə hava lazım olur və insan da uca göylərə- göy Tanrıya inamsız insan kimi yaşaya bilmir. Bu çərşənbə çillə çıxdı , yellər əsdi, boz atlı Xızır gəldi, bozqurd uladı, boz ay girdi deyimləri ilə anılar, boş çərşənbə sayıldığı üçün məxsusi qeyd olunmaz, ev-eşikdə təmizlik işləri görülər, xalça- palaz qar üstə çırpılıb havaya verilər, “qarı ayaz qonmasın” deyə kiçik qızlara qırmızılı don geyindirər və ya biləklərinə qırmızı sap bağlayarlar və s.

alpan.az-Novruz Bayramı
alpan.az-Novruz Bayramı

İkinci sel -su çərşənbəsidir ki, suyun havadan sonra ikinci yaradılmış və ya gərəkli nemət sayılmasına (el dilində “hava su təki gərəkli”) və ədalətsiz (susuz) cəmiyyətin bar verməyəcəyi düşüncəsinə əsaslanır. Bu çərşənbə su bulanan, qan qaynayan, səməni qoyulan, kirli yuyulan və s. kimi anılar. Gəlinlər, qızlar obaşdan suya gedər, “ağırlığımı- bağırlığımı sular alsın, axarlığım- baxarlığım məndə qalsın”, “azarımı- bezarımı su aparsın, sağ canımı bəy evinə toy aparsın və ya atıl-batıl su çərşənbə, bəxtim açıl bu çərşənbə” deyib üç dəfə axar su üstündən atlanar, bulaqdan təzə su gətirib “təzə ildə işlərimiz su kimi axsın”, “azar- bezarımız canımızdan bu su ilə çıxsın” niyyətləri ilə hərəyə üç qurtumdan ev əhlinə içirərlər.
Üçüncü kül- od çərşənbəsidir ki, Günəşin-işığın yaradılmasına, odun- çaxmaq daşının tapılmasına və ya istiliyin- hərarətin- nurun üçüncü gərəkli, həyati əhəmiyətli nemət olaraq təsirinin artmasına (el dilində “tonqal çatılmasa güllər açmaz”) və eşqsiz (odsuz- işıqsız) dünyanın dəyəri yoxdur düşüncəsinə əsaslanır. Bu çərşənbə tonqal qalanan, baca təmizlənən, hədik qaynadılan, qovurğa qovrulan və s. kimi anılar. Çərşənbə axşamı şər vaxtı evdə üzərlik tüstülədib “cin şeytanı, bəd ruhları, nəfsləri evdən çıxarıram” niyyətilə ocaqlardan közlü kül götürüb Bismillahla yerə tökərək üzərində tonqal qalayar, içinə üzərlik atar və kişilər növbə ilə üstündən “ağırlığım-bağırlığım, azar-bezarım odlara, dərin-dərin qatlara, donuzlara, itlərə. Topağın, odun gücü, ağacın, otun gücü, dizlərimə, qollarıma, qəlbimə” deyib 3 dəfə atlanar. Tonqaldan qalan külün bir qismi də həmən pis ruhların, nəfslərin geri qayıtmasının qarşısını almaq üçün evlərin, qapıların qənşərinə səpilərdi.

alpan.az-Novruz Bayramı
alpan.az-Novruz Bayramı

Dördüncü ilaxır -gül- yer çərşənbəsidir ki, torpağ üstündə təbiətin yaradılışına və ya canlanmasına, oyanmasına (el dilində “gün qalxmasa buğ düşməz”) və elmsiz (torpaqla, təbiətlə təmassız) aləmlər bulunmaz, qovuşmaz düşüncəsinə əsaslanır. Bu çərşənbə şam qoyulan, novruz gülü, muraz günü, bayram gəzilən, buğ düşən və s. adlarda anılır. Pirlərdə, həyətlərdə, evlərdə adambaşına niyyət tutub, dua oxuyub şam yandırır, şirniyyat, plov, səməni bişirirlər. Oğul- uşaq qaranlıq düşəndən bayram gəzib (“həcələr- hücələr, bayram gəzər gecələr, qapınızı döyməsin ağrı-acılar” deyərək qapı taqqıldatmaqla ) şirniyyat üçün, qoz-fındıq üçün qurşaq tullayar, torba, çanta atar, böyüklərsə gündüzdən qonum-qonşuya, yoldan ötənə şirni paylayar. Çərşənbə günü səhər tezdən “pislik getsin, yaxşılıq gəlsin”, “qıtlıq getsin, bolluq gəlsin” niyyətləri, duaları ilə evin dörd tərəfini süpürüb təmizləyər, su çiləyər və buğda səpərlər, yeddi çəpərdən çöp yığıb üzərliklə birlikdə yandıraraq tüstüsünü evə və əhlinə, ev heyvanlarına verərlər, habelə od və su çərşənbələrinin bəzi əməlləri təkrarlanan mərasimlər, şənliklər keçirməklə bayram edərlər.

alpan.az-Novruz Bayramı
alpan.az-Novruz Bayramı

Novruz günü isə Günəşin- işığın, odun- hərarətin üstünlük qazandığı və ilk insanın gildən yaradıldığı və ya Adəmlə Həvvanın bağışlanaraq qovuşduğu, habelə Nuhun gəmisinin nicat tapdığı gün və s. olaraq təsəvvür edilir. Bayram axşamı ocaqlarda yağ dağlamaqla, evdən sədəqə çıxarmaqla, uşaqlara təzə nəsə almaqla, qəbirləri ziyarət etməklə, təpə torpaq altından lağım atıb hazırladığları dizboyu dəlikdən sürünərək keçməklə (“torpaqdan keçdim, qada- bəladan sıyrıldım”, “dəlikdən keçdim, darlıqdan qurtuldum” deyərək) yola verilər. Bayram günləri isə kasıbın olanından 7 lövün səmənili süfrə salaraq qonaq qarşılayar, bayram xonçasıyla nişanlı evinə qonaq gedilər, yelləncək asmaqla, at çapmaqla, beldən aşdı, keçəl- kosa, qurşaq tutdu oynamaqla, yumurta döyüşdürməklə, sim pəhləvanı oynatmaqla, “dəli dərviş” oxutmaqla, “qoşalülə” guruldatmaqla, küsülü barışdırmaqla və s. əməllərlə, oyunlarla qeyd edilirdi.
Novruzla başlayan yeni Günəş ilinin ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü qış fəslindən sayılmaqla bu ildə bu fəsillərin necə keçəcəyinin göstəricisi olduğuna inanılmaqdadır. Yazın, Novruzun “mart çıxdı-dərd çıxdı” deyilən bir gün də vardır ki, adətən yazın ikinci çərşənbəsində səmənini süfrədən götürüb axar, gur suya ataraq, torpağa toxumu, şuma şitili həmin gün və ya həmin günün səhəri əkməklə onun bərəkətli, məhsuldar olacağına inanılmış, deyilənlərə inansaq hətta sınanılmışdır.
Bu əlamətlər, Şumerdən başlayan bu bayramın İslam- Quran bilgilərinə, dünyagörüşünə nisbətən fərqliliyini, Zərdüştilik (maq) və Şamanlıqla (qam) bağlılığını bir daha təsdiq etməklə yanaşı, keçmişimizin Gök Tanrı inancından günümüzün Tək Tanrı inancına, Tufandan sonra Türkün dağlardan enərək Yer üzünə yayılmasına- Ergənəkona (Erkən akına), köçəriliyimizdən oturaqlığımıza qədər bir çox gələnəkləri əhatə etdiyini göstərir. Nə yazıq ki, bu yazdıqlarımın və yazmadıqlarımın az qala yarıya qədəri indi ancaq yaşlıların yaddaşlarında yaşayır, həyatımızda tətbiq edilərək gələcək nəsillərə ötürülmür…

Qələmə aldı: Cabir Alpoğlu Albantürk