Zaman… nələr söyləyir

549

    İnsafən, son illər kəndimiz haqqında dəyərli məlumatlar toplanılıb və kitablar halına salınaraq nəşr olunub. Bu işdə zəhməti olan hər kəsə öz təşəkkürümü bildirirəm. Onu da deyim ki, həmin məlumatların virtual aləmdə yayımlanmasında ixtisasca riyaziyyatçı olan İlkin Balayevin xidmətləri böyükdür. Elə bu səbəbdən mən onu həmişə kəndimizin “ilk virtual “Əkinçi”si” kimi təqdim etməyə çalışıram. Və artıq 10 ilə yaxındır ki, o, kəndimizlə bağlı dolğun məlumatları saytına yerləşdirməklə bu missiyanı uğurla yerinə yetirir. Özünün dediyinə görə, internetdə doğma kəndi Alpan haqqında sayt yerləşdirmək onun arzusu olub. Arzusuna da qovuşub… Bu prosesdə İlkin bəyə uğurlar diləyirəm. İnanıram ki, o, bu işi davam etdirməklə bizləri hələ çox məsələlərdən hali edəcək və hələ çox sevindirəcək. Bu kiçik girişdən sonra əsas mətləbə keçmək istəyirəm.

Zaman Qayıbov
Zaman Qayıbov

    Kəndimizlə bağlı toplanan bəzi materiallarda müəyyən yanlışlıqlar da özünü göstərir. Məsələn, kəndimizin məktəbi ilə bağlı materiallarda deyilir: ”Alpan kəndində 1910-cu ildə ilk məktəb açılana qədər 1808-ci ildə inşa edilmiş Alpan məscidində bəy uşaqlarına dini təhsil verilmişdir. XX əsrin başlanğıcında da Alpanda savadlı bəy uşaqları məktəb açıb tədris işi ilə məşğul olmuşlar. Zaman bəy Qayıbov 1910-cu ildə öz evində bir sinifli ibtidai məktəb açmışdır. 12 şagirddən ibarət həmin məktəbin ilk müəllimi Mariya Timofeyevna olmuşdur. Getdikcə şagirdlərin sayı artmış və 1915-ci ildə Alpan kəndində ilk məktəb inşa edilmişdir”. Amma ortaya heç bir dəlil, yəni sənəd-filan qoyulmayıb. Sənədlər, faktlar isə hamımızın bildiyi kimi yaman tərs olur. Odur ki, mən bu məsələnin bəzi məqamları üzərində konkret fakt-sənəd əsasında dayanmaq və bəzi tarixlərə diqqətinizi cəlb etmək istəyirəm. Bəri başdan onu da qeyd edim ki, araşdırmalarda müəyyən səhvlərə yol verilməsini təbii qəbul edirəm. Yəni iş olan yerdə səhvlərin olması labüddür. Amma onu da bilirəm ki, buna baxmayaraq, yazdıqlarım müəyyən polemikalara da səbəb olacaq. Qoy olsun… Fikrimcə, elə həqiqət də belə polemikalar nəticəsində ortaya çıxır. Bəri başdan polemikaya girənlərə də öz səmimi təşəkkürümü bildirirəm.

Tərcümeyi hal Zaman bəy Qayıbov
Tərcümeyi hal Zaman bəy Qayıbov

    …Həmin dediyim fakt-sənəd isə bu yaxınlarda Qəzənfər müəllimin (Butayev) arxivindən oğlu Ceyhun bəyin (buna görə ona təşəkkürümü bildirirəm) köməkliyi ilə əldə etdiyim kəndimizin tanınmış simalarından olan Zaman Qayıbovun öz əli ilə yazdığı “Tərcümeyi-hal”ıdır. Həmin sənəddə yazılır: “Mən anamın (Mələk xanım nəzərdə tutulur-Q.M) himayəsində yaşayaraq 1910-cu ilə kimi öz kəndimiz olan Alpanda yaşayıb və həmin kənddəki ibtidai məktəbdə oxumuşam. 1910-cu ildə Dağıstan oblasti, Dərbənd şəhərindəki realnı adlanan rus orta məktəbinə daxil olmuşam. 1918-ci ildə həmin məktəbi bitirib öz kəndimiz olan Alpana qayıtmışam”.

Alpan ibtidai məktəbi-1932

    Buradan belə anlaşılır ki, 1910-cu ilə kimi kəndimizdə məktəb olub, özü də Zaman müəllimin qeyd etdiyi kimi, ibtidai məktəb… Belə olan təqdirdə “Alpan kəndində 1910-cu ildə ilk məktəb açılana qədər 1808-ci ildə inşa edilmiş Alpan məscidində bəy uşaqlarına dini təhsil verilmişdir” fikri ilə razılaşmaq əsla mümkün deyil. Yəni 1910-cu ildən əvvəl kəndimizdə məktəb olub. Digər tərəfdən, iddia olunur ki, Zaman bəy Qayıbov 1910-cu ildə öz evində birsinifli ibtidai məktəb açmışdır. Halbuki 1898-cu ildə Bakı quberniyası, Quba qəzası, Qusar nahiyəsi, Alpan kəndində dünyaya göz açmış Zaman müəllimin o zaman vur-tut 12 yaşı olub. Elə bu mənada bu  fakt əsla özünü doğrultmur.

    Digər tərəfdən,Zaman müəllim yazır ki, 1910-1918-ci illərdə Dərbənd şəhərindəki realnı adlanan rus orta məktəbində təhsil alırdı. Bu aspektdən çıxış etsək, digər irəli sürülmüş iddianın da şübhə altında düşdüyü açıq-aydın görünür. Həmin sənəddə digər faktlar da var. Belə ki, Zaman müəllim yazır: “1918-ci ildə həmin məktəbi bitirib öz kəndimiz olan Alpana qayıtmışam. Bir il kənd təsərrüfatı ilə məşğul olduqdan sonra 1919-cu ilin yayında Qusarda açılmış 3 aylıq müəllimlər hazırlayan kurslara daxil olmuşam. Kursları 15 sentyabr 1919-cu ildə bitirib müəllim təyin edilmişəm. 1919-cu ildən 1925-ci ilə kimi Çiçi kəndində müəllim, 1925-ci ildən 1926-cı ilə kimi Maarif şöbəsi nəzdində siyasi maarif şöbə müdiri,1926-cı ildən 1941-ci ilə kimi Alpan kənd yeddillik məktəbində müəllim, 1941-ci ildən 1943-cü ilə kimi Küpçal kəndində müəllim və 1943-cü ildən hal-hazıra kimi Alpan kənd orta məktəbində müəllim vəzifəsində çalışıram”. (Qeyd edək ki, “Tərcümeyi-hal” 12 fevral 1954-cü ildə yazılıb).

    Burada bir məqam da diqqət çəkir. Belə ki, bəzi ararşdırmalarda göstərilir ki, 1915-ci ildə tikilmiş bu məktəb binası 1926-cı ildə yanğın nəticəsində fəaliyyətini dayandırmışdır. Amma Zaman müəllim bildirir ki, o, 1926-cı ildən Alpan kənd orta məktəbində müəllim kimi fəaliyyət göstərib. Firimizcə, bu sənəd digər yeni araşdırmalara yol açmaqda da vəsilə ola bilər.

Alpan kənd orta məktəbi-1969

    Bu sənədlə tanışlıqdan sonra gəldiyim qənaətlərdən biri də budur ki, kəndimizdə dini təhsilin tarixini 1808-ci ildə deyil, daha öncəki illərdə axtarmaq lazımdır. Fikrimizcə, bu tarix sadəcə olaraq kəndimizdəki məscidin tarixinə uyğunlaşdırmaqdan başqa bir nəsnə deyil. Mənə elə gəlir ki, məscidin inşasından sonra burada dini təhsil, sadəcə, davam etdirilib. Bir sözlə, bəzi araşdırmalarda bir məsələ, daha doğrusu qədim tarixi olan Alpan kəndinin əhalisinin dini inanclarının tarixən çox möhkəm olması nəzərdən qaçırılıb. Halbuki məscid kəndimizin sakinlərinin dini etiqadlarının daha möhkəm olmasının əyani sübutu kimi ucaldılıb. Belə bir qənaətə gəlmək üçün kəndimizdəki müqəddəsləşdirilmiş məkanların sayının çoxluğu da vəsilə ola bilər.

Alpan kənd orta məktəbi-1969

    Bu yazıda kəndimizdəki məscidlə bağlı bir məqama da toxunmaq istərdim. Məlum olduğu kimi, gözəl memarlıq abidəsinin nümunəsi hesab olunan kənd məscidimizin minarəsi (azan vermək üçün məscidlərin yanında və ya üstündə ucalan qüllə) yoxdur. Minarənin olmaması da müxtəlif şəkildə izah olunur. Amma bu məsələdə qəti bir qərara gəlmək üçün kəndimizin relyefinə (yer səthində olan müxtəlif kələ-kötürlük, dərə-təpə, dağ və düzənlik və s.) fikir vermək kifayətdir. Belə ki, məhz kəndimizin relyefi məscidin minarəsiz inşasına rəvac verib. Çünki bu məsciddə verilən azan o zamanlar kəndin, demək olar ki, hər yerindən eşidilərdi. Odur ki, minarəyə ehtiyac duyulmayıb.

 

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)