Zərifə müəllimə: Kəndimizin birinci xanımı

367

    İnsan var ki, sağlığında da yeri görünmür, kölgə kimi dolaşır, elə kölgə kimi də izsiz itir. Mənalı ömür sürənlər isə həyatda, nəinki doğmalarının, eləcə də mənsub olduğu kənd, şəhər sakinlərinin qəlbində və hafizəsində silinməz izlər qoyur, gəlimli-gedimli dünyada ölümsüzlük zirvəsinə yüksəlirlər. Bu sözləri bütövlükdə bir ailənin başçılarına – Əziz kişiyə də, Zərifə müəlliməyə də şamil etmək olar.

Nümunəvi ailə

Zərifə müəllimə

    Kəndimizdə özəyi möhkəm təməl üzərində qurulmuş ailələrdən söz düşəndə yadıma ilk düşən qonşumuz Əziz kişinin ailəsi olur. Bu ailədə vəziyyətdən asılı olmayaraq hər kəs bir-birinə “can” deyib “can” eşidərdi. Odur ki, kənddə ailədən söz düşəndə həmin ailə həmişə nümunə kimi təqdim olunardı.

    Ailənin başçısı Əziz Əlibala oğlu Bayramov olduqca sadə bir insan idi. O, müxtəlif işlərdə çalışardı. Hətta bir müddət mağazada satıcı kimi fəaliyyət göstərib. Mənim yaddaşıma o, həm də televizor-radio ustası kimi həkk olunub. O illərdə Əziz kişinin dilini bilmədiyi heç bir radio, televizor olmazdı. Bu mənada o, televizorlu, radiolu hər evə sevinc bəxş edərdi. O illərdə məhz Əziz kişinin bacarığı sayəsində sevdiyim hər bir verilişi izləyə bilirdim. Bir dəfə axşam televizorumuzdakı problemi aradan qaldırmağa çalışan Əziz kişi, o illərin təbirincə desək, televizorun şəkil lampasının sıradan çıxdığını dedi. Elə bil başıma qaynar su tökdülər. Çünki o zamanlar axşamlar rayon mərkəzinə gedib onu gətirmək müşkül məsələ idi. Əziz kişi pərtliyimi görüb tez evinə yollandı və lazım olan lampanı gətirdi. Ertəsi gün uşaqlarından öyrəndim ki, sən demə, o, həmin lampanı mənə görə öz televizorundan söküb gətiribmiş.

    Hə, texnikanın dilini yaxşı bilən Əziz kişi bizə əmək fənnindən də bir müddət dərs deyib. O bizə olduqca maraqlı məlumatlar da verərdi. Bir dəfə ona belə bir sualla müraciət etdim: “Axı niyə gərginlikli elektrik məftillərinin üstünə qonmuş quşları cərəyan vurmur?” O izah etdi ki, quşlar bir naqildə oturarkən qanadları, dimdik və ya digər bədən hissəsi ilə ikinci naqilə və ya yerlə əlaqəli olan elektrik dirəyinə toxunsalar, onda onlar təhlükə ilə üzləşə, yəni ölə bilərlər.

Fəal qadın

Zərifə müəllimə şagirdləri ilə

    Əziz kişinin həyat yoldaşı Zərifə müəllimə isə botanika, biologiya, zoologiya fənlərini tədris edərdi. Elə o illərdə o, dərslərin daha maraqlı alınması məqsədi ilə əyani vəsaitdən daha çox istifadə edərdi. Uzun illər pedaqoji sahədə çalışan, oturuşu, duruşu, rəftarı ilə seçilən, hər bir kənd sakininin rəğbətini qazanan Zərifə müəllimə həm də kəndimizin ən fəal qadınlarından biri idi. Hətta problem yaşanan ailələrə onu dəvət edər və məsləhətlərinə önəm verilərdi. O, haqsızlığa məruz qalmış qadınların dayağı idi. Məhz onun sayəsində neçə-neçə ailə dağılmaqdan qurtulmuşdu. O uzun müddət kəndimizin Qadınlar şurasına da rəhbərlik edirid. Zəhmətsevərlik, məsuliyyət, üzərinə düşən işi yüksək səviyyədə yerinə yetirmək, ümumiyyətlə, bütün digər müsbət keyfiyyətlər onun mənəvi zənginliyindən xəbər verirdi. Bu mənada o, kəndimizin birinci xanımı idi desəm, səhv etmərəm. Bütün bu kimi üstünlüklərinə baxmayaraq, o, evdə özünü lider kimi aparmazdı. Həmişə deyərdi ki, mənim aləmimdə kişi elə kişidir. Qadının qadın hüququ var, kişinin kişi. O, həyat yoldaşına böyük dəyər verərdi. Bu mənada ailələrdə özlərini kişilərlə bərabər, hətta bir pillə üstün görmək istəyən qadınları xoşlamazdı. Öz fikrini də hədislərdən misallar gətirməklə əməlli-başlı əsaslandırardı.

    İşinin çox olmasına baxmayaraq, Zərifə xanım ev-eşiyinin təmizliyinə ciddi fikir verərdi. Mən dəfələrlə onu ev, həyət süpürməsini, paltar yumasını, evin divarlarına şirə ( xüsusi gil növü və divarlara çəkmək üçün ondan hazırlanan məhlul) çəkməsini görmüşəm. Hə, bir də imkanı olmasına baxmayarq, Zərifə xanım heç zaman moda dalınca qaçmazdı: çox sadə geyinərdi. Yeri gəlmişkən qeyd edək ki, elə bu kimi xüsusiyyətlərinə görə, Zərifə xanım yalnız kollektivdə deyil, qohum- əqrəba arasında da sevimli bir qadın olub.

Eşitdiklərimdən

    Hüsü kişinin ailəsində dünyaya göz açmış Zərifə xanım 3 yaşında ikən anası Gülcamal vəfat edib. Qızcığazı qardaşı Kamal böyüdüb. Zərifə xanım Tibb texnikumuna qəbul olunsa da, Alpan kənd məktəbində uşaq çatışmazlığı ucbatından ona həmin məktəbdə oxumağa icazə verilməyib. Buna görə göz yaşları axıdan Zərifə xanıma o zamanlar riyaziyyat fənnini tədris edən Sadıq müəllim (Qasımov) ürək-dirək verərək deyib: “Bala, ağlama. Ağlamaq sənin kimi qıza yaraşmır. Yaxşı oxuyub, ali məktəbə qəbul olunmaqla sənə bu məsələdə mane olanlara nələrə qadir olduğunu sübut edərsən”. Sonradan Zərifə xanım Quba Müəllimlər İnistitutuna daxil olur.

Zərifə müəllimə

    Hə, bir də eşitmişəm ki, sən demə, Əziz kişi Zərifə xanımı lap çox sevibmiş. Hətta Məcnun onun yanında yalan olub.

Biz mehriban ailə idik

    Bu cütlüyün 5 övladı (Zöhrə, Mehinbanu, Dürdanə, Tərlan və Seyran) olub. Yeri gəlmişkən, mənim uşaqlıq illərim elə onlarla birgə keçib. Belə ki, biz birgə böyürtkən yığmağa, başaq toplamağa gedərdik. Hərdən evimizin 5-10 metrliyində olan “Babayın bağı” deyilən yerdə voleybol oynayardıq. Axşamlar kinoya, toylara gedəndə isə Zərifə xanım və Əziz kişi qızlarını mənə və qardaşım Tapdığa (Allah rəhmət eləsin) əmanət edərdilər. Bəzən elə olurdu ki, qızların xahişini nəzərə alaraq onlar üçün Əziz dayıdan biz icazə alardıq.

    Yazını hazırlayarkən bu ailənin böyük övladı, Quba şəhər 1 saylı məktəbdə ingilis dili fənnini tədris edən Zöhrə xanımla da əlaqə saxladıq. O dedi: “Hərdən xəyallarımda atalı-analı günlərimə baş vururam. İnandırım sizi, xoş xatirələrlə dolu o illər məni elə kövrəldir ki… Onu da deyim ki, mən müəllimliyin incəliklərini anamdan öyrənmişəm. O, mənim üçün elə bir örnək olub ki… Bir sözlə, mən özümdə olan bütün müsbət xüsusiyyətlərə görə, atama-anama borcluyam. Bu borcu isə onların ruhlarına dualar oxutdurmaqla ödəməyə çalışıram”.

Zərifə müəllimə şagirdlərilə-1992

Son

…Hərdən kəndə – evimizə yolum düşəndə elə bilirəm ki, indicə qoltuğunda dəftər-kitab, hazırladığı əyani vəsaitlərlə məktəbə sarı gedən Zərifə müəllimə qarşıma çıxacaq. Və evlərindən 50-70 metr aralanan kimi onu müşayiət edən itə adəti üzrə bu sözləri deyəcək: “Toplan, daha bəsdir, qayıt evə…”

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)

P.S.Bu yazını isə uşaqlıq illərimdə Zərifə xanıma yazdığım, amma kirayə qaldığım evlərin birində it-bata düşmüş şeirimdəki iki misra ilə tamamlamaq istərdim:

Qoy məndən inciməsin qonşumuz Əziz kişi

Əzizdən də əzizdir mənə Zərifə xanım