Kəndin ingilis çobanı

324

(Həyatın içindən)

Əslin danan hramzadadır. (Azərbaycan atalar sözü)

    Həyatda ən çətin məqamlardan biri də “Olduğun kimi görün və ya göründüyün kimi ol” dilemmasıdır. Görkəmli filosof Diogen günün günorta çağı əlindəki çırağı insanların üzünə tutataraq nə isə axtarardı. Niyə belə etdiyini soruşanlara əsl insan axtardığını bildirərdi. Diogenə görə, insanlar əsl simalarını gizlədir, göründükləri kimi olmurlar.
***
    Rəhmətlik Xıdır müəllim öz mədəniyyəti, intellektual səviyyəsi, təəssübkeşliyi ilə kəndimizin sayılıb seçilən ziyalılarından idi. Onun mənə qarşı ayrı bir münasibəti vardı, hətta mənə “siz” deyərək müraciət edərdi. Dəfələrlə müəyyən məclislərdə mənim çobanlığıma və müəllimliyimə heyran olduğunu bildirmişdi. Dediyinə görə, mən çoban kimi növbəyə gedəndə əsl çobandan fərqlənmirmişəm. Deyirdim ki, Ay Xıdır müəllim, mən çoban oğluyam, başqa cür ola bilmərəm axı. Gülümsəyərək etiraz edər və deyərdi ki, dərsə gedəndə sənin dünüənki çoban olduğuna inanmaq qətiyyən mümkün deyil.
***
    Uzun illər bundan əvvəlin söhbətidir. Naxır növbəsi bizə çatmışdı. Necə deyərlər, əlimdə pulumla növbəyə göndərməyə adam tapa bilmədim. Gündüz yağan aramsız yağış qorxutmuşdu deyəsən həmişə növbəyə gedənləri. Çarəsiz qalıb oğlum Rəşadla (O, indi ADU-nun müəllimidir.) növbəyə özümüz getməyi qərara aldıq. Səhər tezdən geyinib-kecinib ata-bala naxır növbəsinə yollandıq. İşin yaxşı tərəfi bu oldu ki, yağış ara vermiş, gündüz axşama kimi ağır iş görüb evlərinə dönən fəhlələr kimi yorğun düşmüş buludlar kəndimizin səmasından uzaqlaşmağa başlamışdılar.
    Naxırı fermanın üstündən örüşlərə gedən yola yönəldib yavaş-yavaş işimizə başladıq. Tərəkəmələrin məşhur bir məsəlində deyilir: – Sürünü otarmağın iki yolu var. Birincisi, otu sürüdən keçirmək, o birisi də sürünü otdan keçirmək. Əsl çoban birncisinə əməl edər, otu sürüdən keçirər. Otu sürüdən keçirmək üçün gərək sürünü özbaşına buraxmayasan, tez-tez qabağını yavaşıdaraq onu otlamağa məcbur edəsən. Yoxsa sürü daha yaxşı ot axtarmaq, “xam qovmaq” üçün hər şeyi tapdayıb çıxıb gedəcək, həm özü ac qalacaq, həm də arxasınca yüyürməli olan çobanı haldan salacaq. Mən də tələsib önə can atanları yavaşıdaraq naxırı otlamağa məcbur edir, heyvanlar da naşı birisinin nəzarətində olmadıqlarını anlayıb ahəstə-ahəstə qarınlarını doyururdular.
    Günortaya yaxın idi. Naxır yamacın yaxasında sakitcə otlayır, arabir buludların arxasından boylanan günəşin istisi sərt qışdan çıxmış heyvanların canına yayılırdı. Bir zamanlar qaranlıq olduğundan içərisinə girməyə gündüz belə hər adamın cəsarət eləmədiyi qalın meşə kolluqlara, mal-qara örüşünə cevrilmişdi. Bu zaman yamacın ətəyindən gümüşü rəngli bir Jeep-in özünəməxsus vızıltı ilə yoxuşa dirmandığını gördüm. Nə qədər güclü olsa da, islanmış torpaq yolda dərsə yaxşı hazırlaşmayan şagird kimi əziyyət çəkdiyi bəlli idi Jeep-in. Əvvəlcə təəccübləndim ki, bu adam görəsən nə axtarır buralarda. Sonradan başa düşdüm ki, o, buraya telefon siqnalına görə gələ bilərdi. O vaxtlar ötürücü stansiya olmadığından dünyaya yenicə göz açmış mobil telefonlarla danışmaq üçün adamlar yüksəkliklərə çıxmağa məcbur olurdular. Gümüşü rəngli Jeep də çox güman ki, Uzunmeşə kəndindəki bulaqlarda istirahət zonası yaratmış əcnəbilərin, ingilislərin idi. Yadıma rəhmətlik Azay bəy haqqında eşitdiyim söhbətlərdən biri düşdü. Eşitmişdim ki, rəhmətlik çöx ötkəm kişi olubmuş. Kəndə gələn qonaq üç gündən artıq qala bilməzdimiş onun qorxusundan. Deyərmiş ki, qonaq birinci gün qızıldı, ikinci gün misdi, üçüncü gün pisdi. Üç gündən artıq qalan qonaq düz adam deyil, kəndə onun ziyanı dəyə bilər. “Ziyan” sözünün altında bizlər üçün qəribə səslənəcək çox mətləblər gizlənirdi.
***
    Jeep yoxuşun ən yüksək yerinəcən qalxdı. Bir nəfər bəstəboy, kök adam düşüb bir az aralandı və telefonla danışmağa başladı. Bir azdan maşın arxayın-arxayın enməyə üz tutdu, elə bil ki, bayaq iməkləyən o deyildi. Hər işi düz adamlar kimi məğrurluq yağırdı yerişindən. Oğluma dedim ki, bu qonaqla bir az zarafatlaşacağam. O da fikrimə qüvvət verdi. Yolun kənarına yaxınlaşdım. Qonaq məqsədimi – onunla həmsöhbət olmaq istəyimi – duymuşdu deyəsən; məsafə çox olsa da, sürəti azaltdı, mən də etika naminə əlimlə maşını saxlamasını işarə etdim. Lap yanıma çatanda Jeep dayandı və içəridən göy gözləri maraqla dolu keçəl bir baş boylandı. İngiliscə “Günortanız xeyir! Bağışlayın, fikirləşdim ki, bəlkə sizə kömək lazımdır”,- deməyim qonağın marağnı birə-beş artırdı. Gözləri bu vaxtacan bəlkə heç bu qədər böyüməmişdi; ucqar bir kəndin çobanı (Rəhmətlik Xıdır müəllimin dediyi kimi əsl çoban) onunla ingiliscə danışırdı.
O, salamlaşıb özünü Fill Pristric kimi təqdim etdi. “Long Forest” istirahət zonasının investorlarından biri olduğunu, siqnal zəif oluğu üçün buraya çıxdığını bildirib, marağından zərrə qədər də azaltmadan mənimlə maraqlandı.
    Mən də oğluma verdiyim sözü tutaraq: – Gördüyünüz kimi, mən də Rahib Sədullayev adlı bir çobanam, – dedim.
Qonağın təəccübü bir az da artdı: – Ola bilməz. İngilis dilini necə öyrənmisiniz?
Daha zarafatı uzatmağın yeri olmadığını görüb, ingilis dili müəllimi olduğumu bildirdim.
İndi də müəllim olmağıma inanmadı: – Axı, siz çobansınız.
Mən kənddə artıq çoban peşəsinin olmadığını, hər kəsin növbə ilə çobanlıq edərək mal-qaranı otardığını izah elədim. Oğlumu göstərərək onun da müəllim olduğunu dedim. O, məndən harada təhsil aldığımı, dili bu səviyyədə necə öyrənə bilməyim, harada çalışmağımla maraqlandı. Axırda mənim, dediklərimə baxmyaraq, geyimimə görə yenə çoban olmamağıma inana bilmədiyini təkrarladı.
Bir qədər söhbətdən sonra xudahafizləşib ayrıldı.
***
    “Long Forest” -ə qayıdan əcnəbi qonaq bu əhvalatı orada çalışanlara danışaraq gülürmüş. İşçilərdən biri (Səhv etmirəmsə Hidistandan olan aşpaz dilimizi bilirmiş.) Fill Pristicin dediklərini bizimkilərə danışır, onları da maraq bürüyür.
Bunları mənə sonralar onlardan biri danışıb, həmin “ingilis çobanın” mən olduğumu təxmin etdiklərini bildirdi. Bax belə.
***
    Bu əhvalatı niyə qələmə aldım? O vaxt eşidib bilənlər, həmkarlarım, hətta keçmiş şagirdlərim belə tez-tez bunu danışmağımı xahiş edir, dinləyib gülürlər. Yazdım ki, bilməyənlər də bilsinlər və doyunca gülsünlər, həm də əcnəbi dil bilməyin nə qədər əhəmiyyətli olduğunu görsünlər. Rəhmətlik S. Ə. Şirvani demişkən:
Öyrən rusca, almanca,
Möhtac olma dilmanca.

Müəllif:Rahib Alpanlı (Sədullayev),
ADPU Quba filialının baş müəllimi,
qabaqcıl təhsil işçisi

Paylaş
Əvvəlki məqaləOradan-buradan
Növbəti məqaləSonuncu qonşu