Qardaşı ilə çiyin çiyinə vuruşan şəhidimiz.

824
Əlixanov Vaqif Saleh
Əlixanov Vaqif Saleh

    Kəndimizdə haqqında yazacağım şəhid haqqında az adamın xəbəri olmasından əminəm. Çünki onun atası Əlixanov Saleh Əlibaba oğlu atasını uşaqkən itirdiyi üçün Şuşadakı uşaq evində böyüyüb və sonra Bakıya gəlib.
    Həyatı haqqında: Əlixanov Vaqif Saleh oğlu 10.12.1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası və anası əslən alpanlıdır. Vaqif 1981-ci ildə Nizami rayon 10 saylı məktəbin birinci sinfinə qəbul edilmiş və 8 il orada təhsil aldıqdan sonra 19 saylı Bakı Texniki peşə məktəbinin dülgərlik ixtisasına qəbul edilmişdir.
Vaqif peşə məktəbini bitirdikdən sonra 1992-ci ildə Nizami RHK-dan hərbi xidmətə çağırılmışdır. İlk 3 ay müddətində Qusarda xidmət edən Vaqif daha sonra döyüş bölgəsinə aparılır. Əvvəlcə Beyləqanda xidmət edir. Sonra onu Tərtərə aparırlar. O, Tərtərdə 130-cu briqadada gərgin döyüşlərdə iştirak edir. Bir il ərzində müxtəlif döyüşlərdə iştirak etdikdən sonra Vaqif yenidən Tərtər istiqamətində döyüşlərə cəlb edilir.

Əlixanov Vaqif Saleh
Əlixanov Vaqif Saleh

    Talış kəndi uğrunda gedən döyüşlər Vaqifin son döyüşü olur. 366-cı rus alayının kəskin hücumu nəticəsində Talış kəndində döyüşən 118 əsgərdən 7-8 əsgər sağ qalır ki, onlardan biri də Vaqif olur. Amma minomyot mərmisi onu ağır yaralayır. 24 aprel 1994-cü ildə ağır yaralanan Vaqifi hospitala aparırlar. Həkimlərin səylərinə baxmayaraq Vaqif 3 may 1994-cü ildə gözlərini əbədi yumur. Ertəsi gün onu Bakıda ikinci Şəhidlər xiyabanında dəfn edirlər.
    Qardaşı Nizaminin dediklərindən: “Vaqif məndən 3 yaş kiçikdir. Həyat elə gətirib ki, biz həm qardaş, həm də döyüş yoldaşı olmuşuq. İki qardaş Tərtərdə birlikdə vuruşmuşuq. Qardaşım mərd oğul idi. Gözündə qorxu yox idi onun. Yağış kimi güllə yağır Vaqif sinəsini qabağa verib irəliyə gedirdi. Çox vətənpərvər oğlan idi. Döyüşdə ağır yaralandı. Qollarımın üstündə ağrıdan qovrulurdu. O səhnə indi də gözlərim önündədir. Vaqifin gözlərində bir həyat eşqi, yaşamaq sevgisi var idi. Onu hospitala apardılar. Mən onun şəhid olmasını gec bildim. Artıq döyüşlər dayanmaq üzrə idi. Deyirdilər ki, yaxın günlərdə atəşkəs olacaq (12 may 1994-cü il atəşkəsi nəzərdə tutulur). Mən evə getmək üçün icazə istədim və nədənsə icazə verdilər. Sən demə qardaşımın şəhid olmasını məndən gizlədirdilər. Mən evə gələndə qardaşımın “yeddi”(dini mərasim) mərasimi qeyd edilirdi.

Əlixanov Vaqif Saleh
Əlixanov Vaqif Saleh

    Təəssüf ki, mən qardaşımı itirdim. Amma Vətənin tam olması üçün Şəhidləri də olmalıdır. Biz onun qisasını ala bilməmişdik. Ürəyimizdə bir nisgil var idi. Sağ olsun bizim ordumuz. Birinci Qarabağ müharibəsində şəhid olmuş oğullarımızın qisasını ikinci Qarabağ savaşında aldılar. Mən də bu illər ərzində qardaşımın xatirəsini həmişə yaşatmışam. Binamızın qarşısında onun xartirəsini əbədiləşdirmək məqsədilə Şəhid bulağı tikmişəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”

Müəllif: İlkin R. Balayev