Rəqs insanın hisslərini, düşüncələrini və ruh halını sözlərdən kənar ifadə edən ən qədim sənət formalarından biridir. Hər bir rəqs özündə yarandığı elin-obanın həyat tərzini, dünyagörüşünü və duyğularını daşıyır. Bu baxımdan rəqs yalnız musiqi sədaları altında edilən hərəkətlər deyil, nəsildən-nəslə ötürülən canlı bir mədəniyyət və yaddaşdır.
Bəzən bir kəndin tarixini yalnız yazılı sənədlərdə, qədim daşlarda və yaddaşlarda deyil, bir musiqinin sədalarında da tapmaq mümkündür.
“Alpanı”-Kəndimizin adını daşıyan bir rəqs. Kimlər onu oynayıb? Bu günə necə gəlib çatıb?
“Alpanı” rəqsinin mövcudluğundan xəbər tutmağım təsadüfi bir hadisə ilə başladı. Bir müddət öncə “106.3 FM” radio dalğasında yayımlanan Səhər verilişində “Rəqsin dili” rubrikasını dinləyərkən Alpan kəndinin adı ilə bağlı qədim bir rəqs havasının -“Alpanı”nın olduğu barədə məlumat eşitdim. Bu məlumat illərdir kəndimiz haqqında məlumat toplayan biri kimi mənim xüsusi marağıma səbəb oldu. Kəndimizin tarixi və mədəni irsi ilə bağlı uzun müddətdir apardığım araşdırmalar çərçivəsində bu rəqsin mənbəyini öyrənmək üçün Səhər verilişinin yaradıcı heyəti ilə əlaqə saxladım və verilişdə istifadə olunan məlumatın mənbəyini əldə etdim.

Beləliklə, “Alpanı” haqqında daha ətraflı məlumatın yer aldığı mənbəni – 2021-ci ildə “Şərq-Qərb” nəşriyyatında çap olunmuş Rauf Bəhmənlinin “Azərbaycan qədim rəqs havaları” adlı kitabı əldə etdim. Kitabda qeyd olunur ki, qədim tarixi ərazinin adını daşıyan oyun havası ilk dəfə 2018-ci ildə klarnet ifasından nota alınıb.

Bu mənim üçün olduqca qiymətli tapıntı idi. Çünki söhbət sadəcə Alpan adını daşıyan bir musiqidən deyil, vaxtilə xalq arasında ifa olunmuş və sonradan nota köçürülərək yazılı musiqi irsinə daxil edilmiş qədim rəqs nümunəsindən gedir.
“Alpanı”nın tarixçəsi bizi düşündürən maraqlı bir sual ortaya qoyur: bu rəqs nə vaxt yaranıb, kimlər tərəfindən ifa olunub və Alpan kəndinin həyatında hansı yeri tutub?
Bu sualların cavabını tam şəkildə müəyyənləşdirmək, rəqsin məhz hansı dövrdə və hansı şəraitdə yarandığını, Alpan kəndinin həyatında hansı mərasim və ya hadisələrlə bağlı olduğunu bugün əldə olan məlumatlarla dəqiq söyləmək mümkün deyil. Bu suallar ayrıca folklor və musiqişünaslıq araşdırmasının mövzusudur.
Lakin bəzən tarixi irsi qorumaq üçün ilk növbədə onun mövcudluğunu üzə çıxarmaq lazımdır. “Alpanı” də məhz belə bir tapıntıdır.
“Alpanı”nın musiqi quruluşu
Mənbədə göstərildiyinə görə, rəqsin melodiyası “re” mayəli Şur məqamındadır. Rəqs 6/8 və 3/4 vəzn ölçülərində, allegro tempində təqdim olunub.
Məcmuədə rəqsin not yazısı da verilir. Beləliklə, illər ərzində yalnız yaddaşlarda və ifaçılıq ənənəsində yaşadığı ehtimal olunan bu musiqinin melodiyası nota köçürülərək gələcək nəsillər üçün qorunub.

Mən də həmin not materialını əldə etdikdən sonra qərara gəldim ki, onu yenidən səsləndirmək lazımdır. Onu uzun illərdir tanıdığım, əsgərlik yoldaşım olan bəstəkar Firudin Allahverdi ilə paylaşdım. Ondan “Alpanı” rəqsini səsləndirməsini xahiş etdim. Not materialı əsasında rəqsi səsləndirən Firudin canlı olaraq tarda ifa etməklə rəqs havasını daha da zənginləşdirdi.
Beləliklə, uzun illər əvvəl Alpan adı ilə bağlı yaranmış və unudulan, bir klarnetin səsində ifa edilən musiqi parçası, not səhifələrindən keçərək bu gün yenidən səsləndi. Və bu səsi dinləyərkən insanın ağlına istər-istəməz bir sual gəlir: Görəsən, bu havanı neçə il əvvəl Alpanın hansısa məclisində, toyunda, bayramında insanlar rəqs edərək dinləyiblər? Bəlkə də bu musiqinin sədaları altında bizim babalarımızın, nənələrimizin babaları rəqs edib. Bunu artıq bilmirik. Amma musiqi yaşayır.
Bugün Alpan kəndinin tarixi və mədəni irsi haqqında toplanılan məlumatlara “Alpanı” rəqsi də əlavə olunur. Ən böyük arzumuz isə bu musiqinin yalnız kitab səhifələrində və arxiv materiallarında qalmaması, yenidən ifa olunması, tanınması və Alpanın mədəni irsinin bir parçası kimi gələcək nəsillərə çatdırılması olmalıdır.
Dinləyin… Bu, “Alpanı”dır
Bu səs yazısına sadəcə bir musiqi nümunəsi kimi qulaq asmayaq. Onu Alpanın keçmişindən bu günə gəlib çatan bir səs kimi dinləyək. Bu parçanı toylarımızda ifa etsinlər, qol qaldırıb oynayaq. “Alpanı” rəqsi sanki, bir bəy havasıdır. İgid oğullarımızın və gözəl qızlarımızın birlikdə iştirak etdiyi toylarımızın, el məclislərinin olmazsa olmaz ifalarından olmuş yəqin. Babalarımız, xanım-xatın nənələrimiz qol qladıraraq süzüblər bu rəqsin sədalarında.
“Alpanı” rəqsi bəlkə də uzun illər susduqdan sonra Alpan haqqında bizə danışmağa başlayan səslərdən biridir.
Sizə “Alpanı” rəqsinin səsyazısını dinləməyi və şad günlərinizdə bu rəqsin ecazkar sədaları altında rəqs etməyi tövsiyyə edirəm.
Qeyd: Rəqs haqqında əsas məlumatlar 2021-ci ildə “Şərq-Qərb” nəşriyyatında çap olunmuş Rauf Bəhmənlinin “Azərbaycan qədim rəqs havaları” məcmuəsində dərc olunmuşdur. Rəqsin not yazısının altında onun 2018-ci ildə Quba rayonunun Talabıqışlaq kəndində klarnet ifaçısı Sifayəddin Nuru oğlu Balayevin ifasından nota alındığı göstərilir.
Bəlkə də itmiş hesab edilən bir yaddaşın izi
“Alpanı”nın ortaya çıxması bizə bir daha göstərdi ki, kəndimizin keçmişi hələ tam öyrənilməyib.
Bəlkə də müxtəlif kitabxanalarda, şəxsi arxivlərdə, köhnə lent yazılarında, yaddaşlarda və başqa mənbələrdə Alpan haqqında bilmədiyimiz daha neçə belə qiymətli məlumat gizlənir. Bu dəfə həmin məlumat qarşıma bir radio verilişində çıxdı. Bir neçə dəqiqəlik radio dinləməsi məni kitabxanaya, kitabdan nota, notdan isə yenidən musiqiyə gətirdi.Bu iz bəlkə də itmiş hesab edilən bir yaddaşın izzidir.
Hekayəmiz hələ bitməyib
Bu “Alpanı” haqqında ilk araşdırmadır. Rəqsin yaranma tarixi, Alpan kəndində nə vaxt və hansı mərasimlərdə ifa olunması, onu ifa edən musiqiçilər və rəqsin kəndin folklor ənənəsindəki yeri barədə yeni məlumatlar əldə edə bilsəm, onları da paylaşacağam. Əgər ailə arxivlərində “Alpanı” ilə bağlı foto, səs yazısı, video, köhnə yazılı məlumat və ya bu rəqsin Alpan kəndində ifa edilməsi barədə yaddaşlarda qalan bir məlumat varsa, mənimlə paylaşmağınızı xahiş edirəm. Bəlkə də bu gün axtardığım cavab hansısa Alpan ailəsinin yaddaşında yaşayır.






