Ordumuzu 44 günlük Zəfər zirvəsinə ucaldan komandirlərdən birinin 44 yaşı

119
Emil Balayev
Emil Balayev

    Polkovnik Balayev Emil Malik oğlu 1978-ci il avqustun 22-də Quba rayonunun Alpan kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1985/95-ci illərdə Alpan kənd orta məktəbində təhsil almış, 1996-cı ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə qəbul olmuş və 2000-ci ildə oranı leytenant hərbi rütbəsində “yerüstü artilleriya” ixtisası üzrə bitirmişdir.

    E.Balayev 2000-ci ildən zabit kimi hərbi xidmətini düşmənlə bilavasitə təmas xəttində yerləşən hərbi hissələrin birində başlamışdır. O, 2018-ci ilədək müxtəlif hərbi hissələrdə komandir və qərargah zabiti vəzifələrində xidmətini davam etdirmişdir. Emil komutan cəbhə xəttinə yaxın bölgələrdə xidmətinə görə komandalıq tərəfindən daima nümunə göstərilmiş və vəzifə borcunu bacarıqla yerinə yetirdiyinə görə gənc yaşlarından yüksək vəzifələrə təyin edilmişdir.

Emil Balayev
Emil Balayev

    O, hərbi biliklərinin artırılması məqsədilə xarici ölkələrin hərbi akademiyalarında təhsilini davam etdirmiş və müxtəlif yönümlü kurslarda, seminarlarında iştirak etmişdir. O cümlədən 2007-ci ildə “NATO Standardization Programme (STANAG-2001)” kursunu Macarıstan Respublikası Zrinyi Mikloş adına Milli Müdafiə Universitetində, Budapeşt şəhərində fərqlənmə sertifikatı ilə, 2008-ci ildə “Əməliyyat ixtisası (Briqada-Diviziya)” üzrə Çin Respublikasının Baş Qərargah Akademiyasında-Nankin şəhərində fərqlənmə diplomu ilə bitirmişdi.

    Polkovnik E.Balayev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını Hərbi “Magistr” dərəcəsi ilə başa vurmuşdur və hazırda Akademiyanın Hərbi “Doktrantura”sında təhsil alır. Elmi işləri arasında “Müasir döyüşlərdə taktiki qrupların tətbiqinin inkişaf tendensiyaları”, “Qərar qəbul etmə prosesində komandir və qərargahların ərazidə işi”, “Düşmənə atəşlə zərərvurmanın yeni forma və metodları” və s. vardır. Tərcümə və təhqiqatları içərisində “Müxtəlif artilleriya sistemlərinin” texniki təsvir və istismar təlimatları və b. dərsliklər də yer alır.

    O, 2018-ci ildən, hərbi xidmətdə əldə etdiyi nailiyyətlərə, təcrübəyə, yüksək hərbi biliyə və xidmətinin çox hissəsini müharibə şəraitindəki ərazilərdə keçirdiyinə görə Silahlı Qüvvələrin Baş Qərargahında müvafiq vəzifəyə təyin edilmişdir.

    Vətən Müharibəsinin “Dəmir Yumruq” əməliyyatının planlaşdırlması və idarə edilməsində xüsusi vəzifəsi çərçivəsində Mərkəzi Komanda məntəqəsinin aparıcı zabitlərindən biri kimi Ali Baş Komandanın məsul tapşırıqlarını layiqincə yerinə yetirmişdir.

Emil və atası Malik müəllim
Emil və atası Malik müəllim

    Bir çox özəl xidmətlərini burada yazmaq imkansız olsa da, demək lazımdır ki, kəndimizin sayılıb-seçilən ziyalılarından biri olmuş rəhmətlik Malik müəllimin ailəsində böyüyüb yetişən, hərb elminin bilicisi olan belə igid oğul ilə nəinki doğma Alpan kəndi, Quba rayonu, bütün ölkəmiz fəxr edəcəkdir. Emil komandirin anası Reyhan bacının əmisi oğlu, Milli Qəhrəman Rafiq Nəsrəddinovla fəxr edib qürür duyduğumuz kimi…

    Fəaliyyət dairəsi geniş və yüksək missiyalı Polkovnik Emil Balayev xidmət etdiyi 23 il ərzində aşağıdakı medallarla təltif edilmişdir: “Hərbi xidmətlərə görə”, 1-ci, 2-ci, 3-cü dərəcəli “Qüsursuz xidmətlərə görə, 2-ci, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, “…95 illiyi”,“…100 illiyi” yubiley medalları, habelə “AR Silahlı Qüvvələri Veteranı”, “Hərbi təhsildə fərqlənməyə” görə medalları və Ordu rəhbərliyi tərəfindən verilən Fəxri Fərmanlar, qiymətli hədiyyələr.

    2004-cü ildə ailə həyatı qurub 2 oğul atası olan, hal-hazırda Milli Ordu Baş Qərargahından tərxis olunub Ali Hərbi məktəbdə zabit kadrlarının hazırlanmasında iştirak edir.

Qələmə aldı və təbrik etdi C.A.Albantürk