“Alpan etüdləri” Alpan məktəbində təqdim edildi.

132
Alpan etüdləri
Alpan etüdləri

    Doğma məktəbimizdə kəndimiz üçün çox doğma olan “Alpan etüdləri” kitabının təqdimatı baş tutmuşdur. Kitab kəndimizin tarixi, etnoqrafiyası və insanları haqqında mükəmməl bir topludur. Nəfis tərtibatda çap edilmiş kitab artıq bir ildir ki, oxucuların rəğbətini qazanmış və mükəmməl toplu olaraq qiymətləndirilmişdir.

 

    Təqdimat mərasimini məktəbimizin direktoru Mehparə xanım açıq elan etdikdən sonra kitab və müəllifi haqqında ətraflı danışıb digər yazarlarımız və ziyalılarımız haqqında da məlumat vermişdir. Son zamanlar məktəbimizdə gedən işlərdən, təlim-tərbiyə prosesindən və mütamadi keçirilən görüşlərdən danışan Mehparə xanım belə görüşlərin şagirdlər üçün xüsusi əhəmiyyəti olmasını vurğuladı. Sonra tədbir iştirakçılarına kitab və müəllifi haqqında fikirlərini səsləndirmələri üçün söz verdi.

    İlk söz alan Rayon təhsil şöbəsinin şöbə müdiri, həmkəndlimiz Namik Hümbətov Qvami müəllim və kitabı haqqında xoş sözlər deməklə yanaşı alpanlıların rayon miqyasında çox tanınmış insanlar olmasını və onlarla qürur duymasından danışdı. Qeyd etdi ki, Qəçrəş kəndində müəllim işlədiyi zaman kəndlilərin  sovet dövründə bir neçə il orada müəllim işləmiş həmkəndlimiz Ələkbər müəllimi hörmətlə xatırlamaları onu həmişə sevindirib.

    “Şəfəq” qəzetinin redaktoru Qəhrəman müəllim kitabın müəllifi Qvami müəllimlə olan uzun illərin dostluğundan danışıb müəllifə uğurlar arzulamaqla yanaşı alpanlıların Qvami müəllim kimi bir dəyərə sahib olduqları üçün şanslı olduğunu öz fikirləri ilə əsaslandırdı.

 

    Qubamızın ilk müfəssəl tarixini yazmış hörmətli ziyalımız Zabit Babayev təqdimatı keçirilən kitabın kəndimizin tarixində çox önəmli bir mənbə olduğunu vurğuladı. Xüsusilə qeyd etdi ki, bu kitab 100 ildən sonra daha dəyərli mənbə olacaq. Sözünə davam edən Zabit müəllim kəndimizin digər ziyalılarını və yazarlarını da təqdirəlayiq işlər gördükləri üçün alqışlayaraq Cabir Albantürkün son nəşr edilmiş “Alpan-türk yurdu” kitabını elmi monoqrafiya adlandırdı.

    “Alpan etüdləri” kitabının maliyyə yardımçısı olan dəyərli həkimimiz Cabir Məmmədov kəndimiz və insanları haqqında danışıb qeyd etdi ki, mən və övladlarım “haradansan?”  sualına ilk olaraq “Alpanlıyam” cavabı veririk. Qvami müəllimin kitabını xüsus vurğulayan həkim, onunla şəxsi tanışlığının son üç ilə təsadüf etməsinə baxmayaraq müəllifi “Zaman” qəzetindən, onun “Qəmiş” köşə yazılarından tanıdığını və satirik yazılarını səbirsizliklə gözlədiyini qeyd etdi.

    Kəndimizin dəyərli müəllimlərindən olan Neman müəllim kitab və Qvami müəllim haqqında ətraflı danışdı. Kitabın ərsəyə gəlməsində ilk gündən Qvami müəllimin yanında olmasından bəhs etdi. Kəndimizin igid oğullarının olmasını, Qarabağın azad edilməsində onların əməyini vurğulamaqla yanaşı hazırda Qarabağın yenidən qurulmasında iştirak edən alpanlılarımızdan Rəşad Cabirlinin və Əli Qədirbəylinin hazırda Şuşada olmasını xüsusilə qeyd etdi. Bir məsələni də qeyd edim ki, Mehparə xanım çıxışında tədbirin təşkilində Neman müəllimin ideyasının olmasını xüsusi vurğuladı.

    Cabir Albantürk kəndimiz, ziyalıları və Qvami müəllimin kitabı haqqında danışmaqla yanaşı kəndimizin hazırda mövcud olan problemlərini ön plana çıxarmaqla tədbir iştirakçılarının alqışlarını qazandı. O sözünə davam edərək hazırda kəndimizin ciddi su problemi olmasını və bunun gələcək nəsillərin sağlamlığı üçün mənfi fəsadlarının olmasından bəhs etdi. Daha sonra Şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksi və orada olan çatışmazlıqlara diqqət yetirməklə belə məslələrin tezliklə həllinin zəruriliyini məclis iştirakçılarının diqqətinə çatdırdı.

    Nizami müəllim söz alaraq kitab oxumağın, savadlı və məlumatlı olmağın müsbət xüsusiyyətlər olmasından bəhs edərək sözlərini Quran ayələri ilə davam etdirdi. Qvami müəllimə və digər yazarlara, ziyalılara uğurlar arzu edən Nizami müəllim bu tədbirdə yeni insanlarla tanış olduğunu, uzun illərdən sonra məktəbimizdə iştirakdan məmnun qaldığını sözlərinə əlavə etməklə yanaşı yaşadığı bu günün onun həyatında xüsusi gün olduğunu vurğuladı.

    Kəndimizin şairə xanımı Firəngiz Əhmədova Qvami müəllimin təqdim edilən kitabı haqqında fikirlərini bildirdi. Evində bu kitabdan üç ədəd olduğunu vurğuladı və son illərin ən maraqlı və məlumat dolu kitab olduğunu tədbir iştirakçılarına çatdırmaqla yanaşı Qvami müəllimin digər kitabları haqqında da bir qədər danışdı.

    Zöhrə müəllimə Qvami müəllimlə bağlı olan uşaqlıq xatirələrindən danışıb tədbir iştirakçılarını nostalji hisslərə kökləməklə yanaşı hamımızın sevimli müəllimi olmuş anası Zərifə müəllimi də yada saldı. Qvami müəllimə uğurlar arzulamaqla yanaşı yeni kitablarını da səbirsizliklə gözlədiyini vurğuladı.

 

    Maraqlı tədbirdə iştirak edən digər ziyalılarımız tədbir iştirakçıları olan şagirdlərimizə dəyərli məsləhətlərini verməklə yanaşı təqdim edilən kitabın və kəndimizlə bağlı digər kitab və mənbələrin oxunulması istədilər. Məktəbimizin son illər inkişaf yolunda olduğunu vurğulayan tədbir iştirakçıları qədim tarixi olan məktəbimizin hələ çox məşhur insanlar yetişdirəcəyinə əminliklərini bildirdilər.

    Tədbirdə iştirak etməklə yanaşı Qvami müəllimlə olan tanışlığımdan və kitabın ərsəyə gəlməsində müəllifin hansı çətinliklərə sinə gərməsinin şahidi olmağımdan tədbir iştirakçılarını məlumatlandırdım. Qvami müəllimin bir dəyər olmasını, onu qorumağımızı tədbir iştirakçılarından təvəqqe etdim. Onun yazdığı hər məqalədə az da olsa kəndimizin tarixindən nəsə var. Onun kitabı kəndimizin hər evində olmalıdır. Kəndimizn bütün yazarlarını çıxışımda xatırlatmaqla yanaşı yaxın günlərdə Bakı Dövlət Universitetində “Azərbaycan düşüncə tarixi adlı” kitabı təqdim edilən həmkəndlimiz Ələskər bəyi də tədbir iştirakşılarına xatırlatdım.

    Son olaraq söz kitabın müəllifinə verildi. Qvami müəllim tədbir təşkilatçıları və iştirakçılarına  minnətdarlığını bildirdi. Gördüyü iş haqqında ətraflı danışıldığından o gələcək işlərindən danışdı. Yeni çapa hazırlanan kitabından bəhs etdi. Qeyd etdi ki, kəndimizlə bağlı kitabda Alpanımızla bağlı yeni məlumatlar təqdim ediləcək. O, son aylar Tarix arxiv idarəsində kəndimizlə bağlı arxiv sənədləri  ilə tanış olduğunu və yeni sənədləri aşkarladığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

    Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra görüş çay süfrəsi arxasında səmimi tandemdə davam etdi. Ümumi fikir mübadiləsi, kəndimizin problemləri və onların həlli yolları haqqında söhbət etdik.

 

 

    Fəxri Aydəmirov kəndimiz və insanları haqqında danışdı, Qvami müəllimə minnətdarlığını bildirməklə yanaşı gələcəkdə görüləcək işlərdə imkanları daxilində yardımçı olacağını bildirdi.

 

 

    Fərhad müəllim kitabın kəndimizin tarixində xüsusi önəmini vurğuladı. Qvami müəllimə uğurlar arzulayan həmkəndlimiz kəndimizin problemlərinin həllində birliyimizin olmasını istədi.

 

 

    Tədbir iştirakçıları “Alpan Cəmiyyəti”nin yaradılmasını və  bu məsələ ətrafında işlərin görülməsinin zəruriliyindən danışdılar.

Maarif Əmikişiyev kitab və Qvami müəllim haqqında danışıb kəndimizin problemlərinə biganə qalınmamasını dilə gətirdi. Son olaraq qeyd etdi ki, bizim görüşlərimiz haqqında  “yığışdılar, danışdılar, dağılışdılar” deməsinlər.

    Ümimilikdə tədbir çox gözəl təşkil edilmişdi. Mehparə xanımın təşkilatçılaq qabiliyyəti göz qabağında idi. Tədbir iştirakçıları ilə səmimi söhbətlər və vaxtaşırı məktəb zənginin çalınması insanı məktəb illərinə qaytarmaya bilməzdi. Tədbirə gözəllik qatan məqamlardan biri isə şairə Firəngiz xanımın və şair Cabir Albantürkün gözəl şeirlərini səsləndirmələri oldu.

Müəllif: İlkin R.Balayev.