Zarafatından qalmayan kişi

1422

    Nə gizlədim, son illər kəndimizə yolum tez-tez düşmür. Amma çalışıram ki, xeyirdən-şərdən qalmayım. Belə məqamlarda da kəndimizin içi ilə öz xəyallar aləmimə qapılaraq rəhmətlik atamın mülkünə qədər piyada getməyə çalışıram ki, oradan həmin məclislərə gedim. Bir neçə ay öncə də ənənəvi adətimdən qalmadım. Kamil müəllimgilin evinin yanına çatanda istər-istəməz ayaq saxlamalı oldum: Şıxhəsən kişi yadıma düşdü. O Şıxhəsən kişi ki, uşaqla uşaq idi, böyüklə böyük. O Şıxhəsən kişi ki, dünyaya öz gözləri ilə deyil, könülü ilə baxardı. Mənə elə gəlirdi ki, o, başından ayağınadək nur içində olan bir kişi idi. O Şıxhəsən kişi ki, həmişə adamla gülərüzlə, çox mehribanlıqla salamlaşardı. Mənə elə gələrdi ki, o, kəndimizin simasıdır, üzüdür. Mənə elə gələrdi ki, bu sima, bu üz kəndə hirsli gələnin də ovqatına məlhəm qatmağa qadirdir. O Şıxhəsən kişi ki, o, kəndimizin mollalarından biri kimi tanınardı və icra etdiyi ayinlərə görə kimsədən heç nə ummazdı. Onun mollalığı yalnız ölü basdırmaqdan ibarət deyildi. O həm də dini söhbətləri ilə məclisi ələ ala bilirdi.

 

Şıxhəsən Qədirov

    Yeri gəlmişkən, qeyd edək ki, 1900-cü ildə kəndimizdə dünyaya göz açmış bu şəxs (Qədirov Şıxhəsən Qəhdiran oğlu) kəndimizin baş mollasından ərəb dilində təhsil almışdı. Quranı çox yaxşı oxuya bilirdi. Hətta İrandan kəndimizə qonaq gəlmiş bir nəfər onun bu məharətini yüksək qiymətləndirərək demişdir: “Şimal zonasında çox məclislərdə olmuşam, amma Şıxhəsən kişi kimi Quranı səlis oxuyana rast gəlməmişəm”.

    O Şıxhəsən kişi ki, hələ sovet dönəmində Qafqaz İslam Ordusu, onun komandiri Nuru paşa, eləcə də Osmanlı dövlətinin hərbiyyə naziri Ənvər Paşa haqqında danışardı. Mən məhz türklərin bizi ermənilərin cəngindən xilas etməsini də ilk dəfə ondan eşitmişdim. Hə, o hətta Nuru Paşaya aid şeirləri elə avazla oxuyardı ki… Nə yazıq ki, onları indi tam xatırlamıram. Xatırladığım ancaq bu misralardır:

İrəli, irəli ər paşam Nuru!

Ər paşam Nuru,

Ər paşam Nuru,

Turanın Aslanı,

Nər Paşam Nuru!

Hə, bir də Şıxhəsən kişi qoca yaşlarında belə Sovet hökumətilə barışmadı. Bununla bağlı da o, müəyyən misralar da səsləndirərdi:

Yaman günə qoydu bizi bu bolşeviklər ,

Tülkü kimi soydu bizi bu bolşeviklər.

Tanımadığı kiçik qızlara isə belə müraciət edərdi:

Ay qız kimin qızısan,

Almadan qırmızısan…

Elə şirin bir avazla ifa etdiyi bu mahnının sözləri ilə də onların kimlərin övladları olduğunu müəyyənləşdirərdi. Bir sözlə, onun sinəsi, hekayətlərlə, şeirlərlə dolu idi.

    Hərdən mənə elə gəlirdi ki, bu kişi həm də şairdir. Bununla bağlı atama sual verəndə: “Şair olmasa da, onun şair ürəyi var”, – cavabını vermişdi.

    Şıxhəsən kişi həm də cəsarətli, öz sözünü yerində deməyə qadir olan bir insan idi. Bu yerdə kəndimizin tanınmış ziyalıları – Rahib Sədullayevdən, Neman Qədirbəylidən eşitdiyim bir hekayəti nəql etsəm, yerinə düşər: “Bir gün sovxoz sədri Bədrəddin Talıbov o dövrün vəzifəli adamları üçün dəb olan “Kazbek” siqaretini tüstülədərək Quru çayın kənarında var-gəl edirmiş. Bu vaxt Şıxhəsən kişi də çöllərdən Allahın verdiyindən toplayıb gəlirmiş. Sovxozun direktoru çəkdiyi zəhmətin qiymətini nə qədər hökumətdən almış olsa da, bir də kəndin ağsaqqalının dilindən camaat arasında lazımı tərif eşidəcəyinə ümid edərək soruşur:

-Ağsaqqal, necədi?

    O cənnətməkan bağların, meşələrin güclü traktorların ağzına yem olub getdiyindən içi qəzəblə dolub daşan Şıxhəsən kişi baş barmağını qaldrıb, çox əla mənasında “Belə!” deyir, qəzəbini də gizlətməyə cəhd etmədən dədə-baba bağlarının kütəlvi şəkildə kökündən çıxarılıb yerində yeni, cırtdan boylu ağaclardan ibarət bağların salındığına işarə edərək deyir:

Yaxşı gedirsən, yoldaş Talıbov, lap ağıllı iş görürsən. Çalış özündən hündür bir dənə də ağac qalmasın bu mahalda.

    Ağsaqqalın sözü bəstəboy direktora güllə kimi dəyir, heç bir qarşılıq vermədən, “Kazbek”-ni dişlərinin arasında bərk-bərk sıxaraq, yerin bağrını dələcəkmiş kimi iti addımlarla uzaqlaşır.

    Bəli, elə bu hekayətdən göründüyü kimi, Şıxhəsən kişi həm də baməzə bir insan idi. Üstəlik, onun həyat yoldaşı Qızxanım xanım da baməzilikdə ərindən geri qalmırdı. Atalar əbəs yerə deməyiblər ki, ərlə arvadın torpağı bir yerdən götürülüb…Günlərin bir günü qadın məclislərinin birində deyirlər ki, bəs gün gələcək, insanlar çoxalacaq, cəsədləri basdırmağa yer belə olmayacaq, odur ki, həttə 7-sini bir qəbirdə basdırmalı olacaqlar. Bu zaman Qızxanım xanım deyir: “Vay, onda lap altdakının halına”.

    Bu yerdə daha bir əhvalatı da qeyd etsəm, məncə, yerinə düşər. Bir dəfə Qızxanım xanım bağda paxla rəflərini sulayırmış. Birdən su kəsilir. Ərinə deyir ki, bəs su kəsildi, get, aç gəl. Şıxhəsən kişi arvadının bu sözlərindən sonra əlinə bel (lopatka) alıb problemi həll etməyə yola düşür. Amma kəndin mərkəzindəki Nəsir kişinin çayxanasanın yanından keçəndə cavanlar onu söbhətə tuturlar. Şıxhəsən kişinin söhbətə başı elə qarışır ki…Bir də görür ki, artıq qaş qaralır. Bundan sonra su dalınca getməyin heç bir əhəmiyyət kəsb etməyəcəyini düşünən Şıxhəsən kişi evə geri qayıdır. Su gözləməkdən yorulan Qızxanım xanım onun gəlişindən az sonra soruşur:

-A kişi, özün gəlib çıxdın, su gəlmədi çıxmadı axı.

Şıxhəsən kişi halını pozmadan deyir:

-Arvad, bənd olma, o da gələr, görünür, mən bu dəfə sudan tez gəlmişəm.

    …Deyilənlərə görə, Şıxhəsən kişi xəstəliyinin onuncu günündə oğlu Kamilə deyib: “Get, molla Seyfəddini çağır”. Molla Seyfəddin gələn kimi Şıxhəsən kişi ona deyib ki, ay molla, məni qibləyə çevir. Molla Seyfəddin: “A, a kişi, sən nə danışırsan? Maşallah, bülbül kimi cəh-cəh vurursan. Sən hələ yaşayacaqsan”, – deyib. Amma Şıxhəsən kişi israr edib. Deyib ki, mən artıq özümdə ölümün əlamətlərini hiss edirəm. Molla Seyfəddin onun bu sözlərini əvvəlcə bir zarafat kimi qəbul etsə də az sonra bu fikrindən daşınıb. Odur ki, Molla Seyfəddin onunla razılaşıb. Az sonra isə Şıxhəsən kişi mollaya deyib ki, indi də başla “Yasin”i oxumağa. Molla Seyfəddin “Yasin” surəsinin axırıncı ayəsini oxuyanda Şıxhəsən kişi gözlərini əbədi yumub.

    Yadımdadı… Kənddə onun ölümü bir nəfərin, bir kişinin ölümü kimi qəbul edilmədi. Hamı bir nəfər kimi onun ruhuna dualar oxudu. Bəli, o çəkilib bu dünyadan getdi. Bilmrirəm, Şıxhəsən kişi 1985-ci ildə bu dünyadan doyub getdi, ya yox.. Amma bildiyim budur ki, itirən biz olduq; onun sinəsini bugünkü nəsil üçün boşalda bilmədik.

    …Bu xəyallarımdan ayrılanda istədim ki, Kamil müəllimi haraylayıb, on övlad atası olan Şıxhəsən kişi (Eşitdiyimə görə, övladları atalarına “Səsən” deyə muraciət edirlərmiş) ilə bağlı yeni məlumatlar əldə edim. Amma birdən bu kəlam yadıma düşdü: “Görünən dağa nə bələdçi?”

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)