Alpanda türk şəhid məzarları varmı?

71
Subaba türbəsi, tarix, Alpan kəndi, alpan.az Quba rayonu
Subaba türbəsi, tarix, Alpan kəndi, alpan.az

    Tarixi mənbələrə istinadən qeyd edək ki, 1918-ci ildə Qafqaz İslam Ordusunun əsgərləri bizim Alpan camaatını da erməni daşnaklarından xilas ediblər. O zaman kəndimizin ərazisində amansız döyüşlər də gedib. Subaba qəbirsitanlığındakı bəzi məzarların baş daşlarının üzərində güllə izlərinin indiyədək qalması bu faktı bir daha təsdiq edir. Kəndimizdə gedən döyüşlərdə türk əsgərlərindən şəhidlik zirvəsinə yüksələnlər və kəndimizdə dəfn olunanlar barədə yaşlı adamlardan bəzi söhbətlər eşitmişdim. Tarixçi Zabit Babayev, eləcə də kəndimizlə bağlı yazılarla çıxış edənlər – Fərhad Babayev, Cabir Albantürk, Neman Qədirbəyli, həmçinin kəndimizin tarixini yaxşı bilən İsmayıl Süleymanov da eşitdiklərinə əsasən, Subaba qəbiristanlığında kəndimizə köməyə gələn xilaskar türk ordusunun 3 əsgəri uyuduğunu bildirirlər. Hətta Cabir Albantürk onların Subaba türbəsinin yaxınlığındakı qocaman palıd ağacının yaxınlığında dəfn olunduqlarını qeyd edir. Yeri gəlmişkən, Neman Qədirbəyli vaxtilə bir həmkəndlimizin Türkiyədə təsadüfən görüşdüyü bir yaşlı adamdan eşitdiyi materiallar əsasında qələmə aldığı “Subaba şəhidləri” yazısında 3 türk əsgərinin həmin ərazidə torpağa tapşırıldığını vurğulayır.

    Bir neçə gün öncə həmsöhbət olduğum Süleyman kişinin oğlu Niyaz Məlikov da qayınatası Nəcməddin Ömərovdan eşitdiklərinə istinadən Subaba qəbirsitanlığında türk əsgərlərinin məzalarının olduğunun həqiqət olduğunu bildirdi. Üstəlik, əlavə etdi ki, həmin qəbirlərin sayı 3 deyil, ikidir. Onun sözlərinə görə, Nəcməddin kişi deyərdi ki, həmin qəbirlər Subaba qəbirsitanlığının Ağababa müəllimin evi ilə üzbəüz olan hissəsindədir. Amma sonradan həmin məzarlar it-bata düşüb, yəni yerləri bilinməyib. (Yaşlı adamlar “Toyuqluq” adlanan ərazinin aşağı hissəsindəki dərədə (Əhməd dərə tərəfdə) bir qəbirin baş daşında ay-ulduz şəkili olduğunu və onun da türklərə məxsusluğunu, lakin sonradan it-bata düşdüyünü də danışardılar).

Subaba
Subaba

    Yeri gəlmişkən, Subaba qəbiristanlığında it-bata düşən təkcə türk məzarları deyildir. Belə ki, rəhmətlik atamdan eşitdiyimə görə, kəndimizin respublika miqyasında sayılıb-seçilən bəylərindən biri olan Bəybala bəy Alpanski (Qayıbov) ötən əsrin 20-ci illərinin ortalarında Alpan kəndində dünyasını dəyişib. Özü də onun cəsədi kəndin “Yuxarıbaş” adlanan hissəsindəki qəbiristanlıqda, yəni Subabada torpağa tapşırılıb. (Bəzi mənbələrə görə, o, Bakıda dəfn olunub). Lakin sonradan sovetlər onun məzarının yerini itirməyə çalışıblar və buna nail olublar. Çox güman ki, o zamanlar türk məzarlarına qarşı da belə bir addım atılıb. Odur ki, indi onların məzarlarının yerini tapmaq müşkülə çevrilib. Təbii ki, bu məsələdə kənd camaatını qınamaq doğru deyil. Belə ki, bu, sovet rejiminin təbliğatından irəli gəlirdi. Şübhəsiz, kəndimizdəki türk şəhidlərinin məzarları da bu səbəbdən it-bata salınıb. Amma mənə elə gəlir ki, bu istiqamətdə araşdırmalar davam etdirilsə, onların ruhları qarşısında vəfa borcumuzu yerinə yetirmiş olarıq. Fikrimcə, vəhşi, qudurğan daşnak tör-töküntülərindən camaatımızı qorumaq məqsədilə canlarını belə əsirgəməmiş türk əsgərlərinin məzarları tapılacaq və abadlaşdırılacaqdır.

 

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)