(Xatirələr)

Sovet dönəmində kəndimizdə işıqlar tez-tez sönərdi. Elə bu səbəbdən kənd camaatı yuxarılara şikayətlər edərdi. Belə şikayətlərdən biri də “Şəfəq” qəzetinə olunmuşdu. Qəzet də bu şikayətə belə reaksiya vermişdi:
Danışmaqdan danışmamaq yaxşıdır,
O işıqdan hisli çıraq yaxşıdır.
Hisli çıraq demişkən, elə bu səbəbdən o illərdə kənd camaatı özünün ağ nöyüt ehtiyatını da görərdi. O vaxtlar məscidin arxa hissəsində bir nöyüt çəni də vardı və Fazil kişi (Mustafayev) günün müəyyən edilmiş vaxtlarında nöyüt satardı. Ağ neft, eləcə də lampa şüşəsi də əksər hallarda defisit olardı.
Yəqin Qubadandır
Hə, bir də sövet dönəmində kəndimizdə işıqlar sönəndə camaat bir qayda olaraq əvvəlcə ya montyor Kamal Balayevə, ya da montyor Şahsəddin Əlibəyova müraciət edərdilər. Onlar da məsələni araşdırardılar. Əksər hallarda işıqların sönməsininin kəndin elektrik sistemi ilə heç bir əlaqəsi olmadığını bildirərək deyərdilər: “Mərkəzdəndir, yəni Qubadandır”. Sonradan bu deyimlə bağlı bir lətifə də dillər əzbəri olmuşdu. Həmin lətifə də belə idi. Bir gecə meşə yolu ilə tarladan qayıdan DT-75 traktorlarından birinin işıqları sönür. Traktorçunun cəhdlərinə baxmayaraq, bir nəticə hasil olmur ki olmur. Onun imdadına yetişən iş yoldaşları da traktorda yaranan nasazlığı aradan qaldırmaqda çətinlik çəkirlər. Odur ki, onlardan biri həmin traktorçuya deyir:
– Əbəs yerə əlləşmə, yəqin Qubadandır.
O qədər baməzə olurdu ki…

O zamanlar kəndimizə pəhləvanlar gələrdilər. Özü də onlara kəndimizdə sim pəhləvan deyərdilər. Şübhəsiz, bu onların musiqi sədaları altında sim üzərində məharətlərini göstərmələrindən qaynaqlanardı. Onlar Yuxarı məktəbin həyətində, ya da Daşlıq deyilən ərazidə öz məharətlərini göstərərdilər. Onlar sim üstündə elə nömrələr (stulun üstündə, teştin, ləyənin içində, başında yerləşdirdiyi məcməyinin içində su dolu stəkanlarla yerimək və s.) göstərərdilər ki, adam həyacanlanmaya bilmirdi. Onlar ayaqlarına yük, daha doğrusu, uşaqları bağlayıb sim üstündə yeridikdə isə bu mənzərə bir qədər məzəli alındığından doyunca gülərdik. Bir yandan da yerdə yüz cür hoqqadan çıxan, kənd sakinləri ilə ünsiyyət qurmağa çalışan Kosa bu mənzərəyə özgə bir rəng qatardı. Onun hərəkətləri o qədər baməzə olurdu ki… Gülmək demişkən… Bunu isə Tərlan Nəzirin söylədiyi bir söhbətlə davam etdirmək istəyirəm: “Bir dəfə Kosa oynaya-oynaya bizə tərəf gəldi. Əlibala kişinin oğlu Ələkbər onun ovucuna pul basdı. Kosa pəhləvana Ələkbərin şəninə oynamağı sifariş verib müəllimlər olan cərgəyə yaxınlaşdı. Onların qarşısında yüz hoqqadan çıxdı. Amma müəllimlərdən kimsə bəxşiş vermədi. Kosa da cibindən bir ovuc un çıxarıb onlara tərəfə atdı. Həmin un da ağır təbiətli Məmməd müəllimin üzünə tuş gəldi”.
İlk kommersant
Sovet dönəmində bizim kənddə bu və ya digər məişət əşyaları, eləcə də ərzaq məhsulları bir qayda olaraq mağazalarda satılardı. Bir sözlə, o illərdə kimsə cəsarət edib bu kimi malların alış-verişi etməzdi. Çünki yaxşı bilirdilər ki, buna görə onları müəyyən cəzalar gözləyir. O illərdə, daha doğrusu, ötən əsrin 70-ci illərində kəndimizdə bu qaydaya məhəl qoymayan bir şəxs peyda olmuşdu. O də Qırmızı qəsəbə sakini, yəni əslən yəhudi olan Zulpa adlı qadın idi. Belə ki, o, gətirdiyi ağ saqqızı, həmçinin şarları satardı. Uşaqlar da həvəslə onları alardılar. Bu mənada Zulpa mənim yaddaşıma kəndimizdə görünən ilk kommersant kimi həkk olunub. Zulpa yalnız bu kimi xırda-xuruşlar satmaqla kifayətlənməzdi. Camaatla, xüsusilə qadınlarla yaxşı ünsiyyət qurmağı bacaran Zulpa eyni zamanda kəndimizin gözəgəlimli tarixi xalçalarını, eləcə də qadınlara məxsus bəzək əşyalarını da dəyər-dəyməzinə alardı. Bu mənada Zulpa kəndimizin mədəni irsinə qənim kəsilmişdi desək, yanılmarıq.
Sonradan kəndimizdə Səmyar kişi, Məleykə xanım da yarıgizli, yarıaçıq sahibkarlıq fəaliyyətlərinə başladılar. Onlar, bir qayda olaraq yalnız araq satırdılar.
Kəndimizə aid ilk şeir

Bizim qədim kəndlə bağlı bir sıra tarixi mənbələrdə məlumatlar var. Bu, danılmazdır. Lakin bu dəfə mən həmin tarixi mənbələrdən söz açmaq istəmirəm. Günlərin bir günü rəhmətlik Etibar müəllimdən soruşdum ki, niyə indiyədək kəndimizlə bağlı sırf şeir, hekayə yoxdur. O, gülərək dilləlndi:
-Niyə yoxdur, var… Hətta dövrü mətbuatda da dərc olunub. Özü də səhv etmirəmsə, ötən əsrin 60-cı illərində… Mən ona kəndimizə həsr olunmuş ilk şeir də deyərdim.
O, fikrini cəmləşdirib həmin şeiri əzbərdən söylədi:
-Hər fəsildə laləzarsan,
Gülür yazın, qışın, Alpan.
Aşıb-daşır bol məhsulun,
Hey ucalır başın, Alpan.
Bağça-bağın açır çiçək,
Camalından doymur ürək.
Vüqarlısan Şah dağı tək
Bilinməyir yaşın, Alpan…
Mən heyrətlə bu şeirin müəllifi ilə maraqlananda o gülərək dedi:
-“Alpan” adlı bu şeirin müəllifi sənin atandır – Məhəbbət Rəsulovdur.
Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)