Gələcəyin Olimpiya Çempionu-Nərgiz Süleymanova.

1298
Nərgiz Süleymanova-alpan.az
Nərgiz Süleymanova-alpan.az

     Fiqurlu konkisürmə-musiqinin müşayətilə buz üzərində rəqs,amma çətin elementlərlə zəng bir rəqs nümunəsi. Əslində fiqurlu konkisürmə bir idman növüdür, olimpiya idman növlərinə aiddir. İdmançının həm musiqi duyumu çox güclü olmalı və həm də fiziki hazırlığı yüksək səviyyədə olmalıdır ki, çətin rəqs hərəkətlərini buz üzərində konki ilə nümayiş etdirməyi bacarsın. Bizim ölkəmizdə qış idman növləri bir o qədər populyar olmadığından, bu idman növünə də maraq bir qədər azdır.Elə bu səbəbdəndir ki, qış idman növlərində bizi təmsil edən idmançılar legionerlərdir. Son günlər Nərgiz Süleymanova haqqında eşitdikdən və onun barəsində yazılmış yazıları oxuduqdan sonra çox sevindim.

     Azərbaycanlı idmançı Nərgizlə tanış olun. O, həm də mənim həmkəndlimdir. Həmkəndlilərim üçün qısa bir arayış verim. Nərgiz Vələd müəllimin nəticəsidir. O, Arif bəylə Elmira xanımın (hər üçünə Allah rəhmət eləsin) oğlu Elmar Süleymanovun qızıdır.Onun ailəsi 2001-ci ildən Almaniyada yaşayır.  Nərgiz 6 sentyabr 2004-cü ildə Kölndə anadan olub. O, altı yaşından fiqurlu konkisürmə ilə məşqul olur.

Nərgiz Süleymanova-alpan.az
Nərgiz Süleymanova-alpan.az

     Nərgizin səkkiz illik peşəkar idman karyerasında çox uğurları olub. O, iki dəfə Almaniya çempionu olub. Nərgizin 40-dan çox kuboku var. O, iştirak etdiyi yarışlarda 42 dəfə 1-ci yer, 12 dəfə 2-ci yer, 7 dəfə isə 3-cü yer  tutub. Noyabrın əvvəlində Berlin kubokunda 1-ci yeri tutmuşdur. Son illər yarışlardan ancaq qızıl medal və kubokla qayıdan Nərgiz 2018-ci ilin əvvəlində Belçikanın Hasselt şəhərində, ondan öncə Almaniyanın Hamburq şəhərində beynəlxalq yarışlarda iştirak edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ardıcıl iki ildir ki, regionun ən vacib yarışlarından NRW Trophy-nin qalibi olur. Köln qəzetlərindən birində onun bu uğuru barədə məqalə də yazılıb və onu gələcəyin istedadlı konkisürmə ulduzu adlandırırlar. Ötən il Riqada, özündən azı 2-3 yaş böyüklərin qatıldığı  beynəlxalq yarışda 6-cı olmuşdur. Almaniyada hər iki aydan bir müxtəlif şəhərlərin, regionların açıq birincilikləri keçirilir. Nərgiz onların çoxuna qatılır və qızıl medalla qələbə qazanır.Nərgiz gənclər arasında Almaniya çempionatında da ilk dəfə çıxış edib və əsas yığma komandanın üzvlərinin qatıldığı bu çempionatda 20 nəfər arasında 10-cu yerə sahib çıxıb ki, bu nailiyyət də onun istedadından xəbər verir.

Nərgiz Süleymanova-alpan.az
Nərgiz Süleymanova-alpan.az

     Yarışlardakı yüksək nəticələri sayəsində Nərgiz bu il idman ustası adına layiq görülmüşdür. 14 yaşlı qızın belə nəticəsi idman bilicilərinin də nəzərindən yayınmamışdır. Onunla maraqlanmağa başlamışdılar. Almaniya qış idman oyunları federasiyası Nərgizlə maraqlanır və onu çox güman ki, Almaniyanın əsas yığmasına qəbul edəcəklər. Bu yaxşı xəbər olmaqla yanaşı həm də pis xəbərdir. Yaxşı  olardı ki, Nərgiz beynəlxalq yarışlarda Azərbaycanı təmsil edərdi.

     Növbəti beynəlxalq yarış İstanbulda bu gün, 24.11.2018-ci iltarixində baş tutacaq və Nərgiz o yarışda iddialılar sırasındadır. Nərgizə uğurlar arzu edirik. Arzu edirik ki, qış Olimpiya oyunlarında  fiqurlu konkisürmə üzrə ilk azərbaycanlı olimpiya çempionu olsun.

Müəllif:İlkin R.Balayev