Görünən dağa nə bələdçi?

1676

 

Cabir Məmmədov alpan.az
Cabir Məmmədov alpan.az

     Səmimiyyəti, təvazökarlığı və böyüklüyü ilə insanların qəlbinə yol tapa bilmiş bir insan barədə yazmaq istərdim. Sadaladıqlarım onun yeganə müsbət cəhətləri deyil. O, eyni zamanda gözəl insan, qayğıkeş ailə başçısı və ən əsası da ona pənah gətirmişlərin sağlamlıq durumunu normal hala salan tanınmış həkimdir. Hər bir kəs öz sağlamlığını qeyd-şərtsiz ona etibar edir. Öz sağlamlığınının qorunmasını ona etibar edən şəxslərdən  onun barədə heç kim mənfi fikir eşitməyib bu günədək. O, çoxdan bir kəndin həkimi olmaq, bir kənddə tanınmaq dövrünü keçmiş, onu nəinki Quba və ətraf rayonların sakinləri tanıyr, onu bütün Azərbaycanda tanıyırlar desək yanlışlığa yol verməmiş olardıq. O, indiki vəziyyətinə çatmaq üçün, insanların etibarını qazanmaq üçün və öz şəfalı əlləri ilə ona pənah gətirənləri sağaltmaq üçün çox çalışmışdır. Qubada böyükdən kiçiyə kimdən xəbər alsanız  onu tanıyacaqlar. O, bu böyüklüyü özünə haqq etmiş həmkəndlimiz Cabir həkimdir.

     Cabir həkim (Məmmədov Cabir İsrafil oğlu) 12 iyun 1950-ci ildə Quba rayonunun Alpan kəndində anadan olmuşdur. Uşaqlığı kəndimizdə keçən Cabir həkim bir çox həmkəndlimizə və bir neçə qonşu kəndin insanlarına elm,təhsil, tərbiyə vermiş  Alpan kənd  məktəbinin tanınmış şagirdlərindən biri olmuşdur. O,1966-cı ildə Alpan kənd məktəbini Medalla bitirən ilk və sonuncu məzun olumuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna qəbul olunan Cabir Məmmədov 1972-ci ildə  oranın Müalicə-Profilaktika Fakültəsini əla qiymətlərlə bitirərək Alpan kəndindən ali təhsilli ilk həkim olaraq adını məşhur həmkəndlilərimiz sırasına yazdırmışdır.

     Ali təhsilini başa vurduqdan sonra Ordu sıralarında xidmət etmiş, 1972-1975-ci illər aralığında Əlahiddə Hərbi Batalyonda tibbi xidmət rəisi vəzifəsində çalışmışdır.

     Hərbi xidmətdən sonra əmək fəaliyyətini 1975-1980-ci illərdə təcili yardım stansiyasında həkim, sahə terapevti kimi davam etdirmişdir. Cabir həkim 1980-1984-cü illər aralığında Quba Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışmışdır.

 

Cabir Məmmədov alpan.az
Cabir Məmmədov alpan.az

     Cabir həkim əmək fəaliyyətinə başladığı ilk illərdən doğma kəndinə və həmkəndlilərinə , onların sağlamlıq durumuna biganə qalmamışdır. Quba Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışdığı dövrlərdə, ondan əvvəlki və sonrakı illərdə də Alpan kəndindəki Xəstəxanaya yaxından köməklik etmiş və 1984-1985-ci illərdə Alpan kənd Xəstəxanasının baş həkimi vəzifəsində çalışmışdır.

     Daha sonrakı illərdə, 1985-1996-cı illərdə Cabir həkim Quba RMX-da həkim-kardioloq vəzifəsində çalışmışdır. 1996-cı ildən bu günədək (22 il) Quba RMX-da Ümumi Terapiya (Nevrologiya, Kardiologiya, Terapiya) Şöbəsinin Müdiridir.

     Cabir həkim iş fəaliyyəti dövründə qabaqcıl həkimlərdən olmuş, Respublikamızda və ölkəmizdən xaricdə təşkil edilmiş konfranslarda iştirak etmişdir. O, 1988-ci ildə Respublikamızı Moskvada keçirilən Həkimlərin Ümumittifaq Qurultayında təmsil etmişdir.

     Cabir həkim fəaliyyətlərinə görə həmişə yüksək qiymətləndirilmişdir. Ali ixtisas dərəcəsi almış, “SSRİ səyiyyə əlaçısı” döş nişanı ilə təltif edilmişdir. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

 

Cabir Məmmədov alpan.az
Cabir Məmmədov alpan.az

     Cabir həkimin uğurlarının davamı olaraq 23 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə o “Əməkdar həkim” fəxri adına layiq görülmüşdür.

     Qırx beş  ildən çox iş təcrübəsinə malik olan Cabir həkim əmək veteranıdır. Rayonun ictimai həyatında fəal iştirak edir. O, partiya təşkilat katibi, Quba Rayon Tibb İşçiləri Həmkarlar İttifaqının sədri, komitə üzvü, dəfələrlə Məntəqə Seçki Komissiyasının üzvü, sədri, Dairə Seçki Komissiyaslnın üzvü, rayon sovetinin deputatı olmuşdur. Hal-Hazırda Quba Rayon Ağsaqqallar Şurasının üzvüdür. YAP-ın üzvüdür. İki qızı, bir oğlu, altı nəvəsi var.

Müəllif:İlkin R. Balayev